Ailənin Neçənci Övladı Olmağınız ...

0
1746
Ailənin Neçənci Övladı Olmağınız ...

Min il düşünsək də ağlımıza gəlməzdi ki, ailədə neçənci uşaq olmağınız münasibətlərinizə təsir edər. Amma məşhur psixoloq Linda Bleyrin yazdığı "Doğum növbəsi" kitabına inansaq, sevgilinizin neçənci uşaq olduğu nəinki sevgi münasibətlərinizi, eləcə də karyeranızı, gələcək planlarınızın da xarakterini təyin edir. Aylarla kiməsə vaxt ayırmaq, SMS yazmaq, görüşmək, danışmağa, əsasən də dalaşmağa enerji sərf etmək, "görəsən bizdə alınacaqmı?" sualları ilə beyninizi yormağa ehtiyac yoxdur. Bleyr sizin yerinizə hər şeyi araşdırıb, qalıb bircə oxuyub, ağlınızdakı şübhələri aydınlaşdırmaq.
Məsələn, ilk görüşdə sevgilinizin hansı bürc olduğunu soruşmaqdansa, ailədə neçənci uşaq olduğunu soruşun. Psixoloq Bleyrə görə, sıra təkcə onun deyil, sizin də xarakterinizi göstərir. Uzun sözün qısası, görün hansı cütlükdənsiniz?
İlk və axırıncı uşaq münasibəti: İlk və son uşaqların münasibəti əks qütblərin bir-birini cəzb etməsinə bənzəyir. Psixoloqun fikrincə, birinci uşaqlar çox vaxt həssas və məsuliyyətli olurlar. Axırıncı uşaqlarsa digərlərinə nisbətən daha sərbəst və məsuliyyətdən qaçan olurlar. Bu fərqlilik cütlüyün bir-birini tamamlamağı baxımından vacibdir. Birinci uşağın onu, həqiqətən, sevəcək, sonuncunun isə onun qayğısına qalacaq birinə ehtiyacı var. Sonuncu uşaq münasibətlərə nə qədər dinamiklik, macəra qatsa da, üsyankarlıq etməyi də unutmur. O qaydaları, ənənələri rahatlıqla dağıda, ilk doğulanın məsuliyyətini görməzdən gələ bilər.
Hər iki tərəf də ilk uşaqdırsa: Ən çətin münasibətlərdən biridir. Hər iki tərəf də rəqabətə meyl göstərsə, söz-söhbət, dava əksik olmayacaq. Münasibət ancaq tərəflərdən birinin daha dözümlü, səbrli olacağı təqdirdə yaxşı nəticələnə bilər.
İlk doğulanla tək uşağın münasibəti: Yola getməkləri elə da asan olmur. Münasibətlərin dözümlü olmağı üçün birinci doğulanın tək uşağın ehtiyaclarına cavab verməsi, hisslərini anlaması vacibdir.
Ortancıl uşaqla birinci uşağın münasibəti: Ortancıl uşaqlarla ilk uşaqlar yaxşı partnyor ola bilirlər. Ümumiyyətlə, evin ortancıl uşağı istənilən adamla normal münasibətdə ola bilir. Çünki o, xaraktercə balans qoruyandır.
Hər iki tərəf də ortancıl uşaqdırsa: Xaraktercə fərqli olsalar da, hər iki tərəf bir-birlərinin istəklərini yerinə yetirməyə çalışacaq. Məsuliyyətli olmaları və problemləri həll etməyə yönəlmiş xarakterləri münasibətlərinin təhlükəyə girməsinin qabağını alacaq.
İki tərəf də son uşaqdırsa: Hər iki tərəf də məntiqli planlar qurmaq barədə zəif olsalar belə, həmrəylik nümayiş etdirdikdə, hər şeyi düzgün şəkildə yoluna qoya bilirlər. Amma həyat bu cütlük üçün bir az xaotik keçəcək...
Axırıncı doğulan və tək uşaq: Əsasən məntiqli və vicdanlı davranan tək uşaq daha plansız hərəkət edən partnyorunun məsuliyyətini də öz üzərinə götürür. Son uşaq bu münasibətdə yaradıcı və macərapərəst rolunu oynayır.
İki tərəf də tək uşaqdırsa: Tək uşaq üçün ən çətin münasibət başqa bir tək uşaqla birlikdə olmaqdır. Bir-birilərini səhv başa düşmə ehtimalı çoxdur. Hər ikisi də lider olmaq istəyir. Qarşı tərəfin qərarlarını qəbul etməyi çox vaxt özlərinə sığışdırmırlar.

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN