Həyatı Gözəl Yaşamaq İstəyənlərə Markezden 13 Sətir

0
20436
Həyatı Gözəl Yaşamaq İstəyənlərə Markezden 13 Sətir

Etdiyimiz hər bir hərəkət qarşımızdakı insana bir mesajdır. Qısacası, bədənimizin psixoloji dili var və bu dili bilən kəs sən susarkən belə səni anlayır, ya da sən danışarkən deyə bilmədiklərini də o mimika və jestlərlə anlaya bilir.

Məsələn, gülən insana baxın. Şübhə yoxdur ki, həmin an o vəziyyətdən razıdır. Qaşqabaqlı adamı nəsə narahat edir, beləsinə "qanı qaradır" deyirik, acıqlı baxan adama isə yaxınlaşmaq belə istəmirsən, "hirsli başda ağıl olmaz" axı. Bədənimiz psixoloji durumumuza uyaraq, şəkildən-şəklə düşür, bəzən dillə deyə bilmədiyimiz məqamları həmsöhbətimizə açır. Bütün dünyada insanlar nəyisə təsdiqləmək üçün başını yırğalayır. Bu jest sanki insanla birgə doğulur, hətta korlar və karlar belə bu jestdən istifadə edirlər. İnkar məqsədi ilə başımızı yelləməmiz də belə universal jestlərdəndir və çox güman ki, uşaqlıq dövründə formalaşır. Doymuş uşaq qaşıqdan "canını qurtarmaq" üçün başını sağa-sola yelləyir, bunun işə yaradığını görən balaca böyüdükcə nəyisə inkar etmək və ya narazılığını bildirmək məqsədilə həmin jestdən istifadə etməyi öyrənir. Biri suala cavab əvəzinə çiyinlərini çəkir. Nə düşündünüz, niyə belə edir? Buna əlavə olaraq qaşlarını dartaraq, ovuclarını göstərir. Bəli o, sualın cavabını bilmir və ya nədən söhbət getdiyini anlamır.

Şüurlu davran!

Yəqin çoxlarınız eşitmisiniz ki, əlləri sinədə çarpazlamaq yaxşı deyil. Bu, belədir. Çünki sinə hissədə ən güclü enerji mərkəzlərindən biri yerləşir. Əlləri bu hissədə çarpaz tutmaqla həmin mərkəzin enerji mübadiləsini kəsmiş oluruq. Belə adam haqqında psixoloq əminliklə deyə bilər ki, bu an insan özünü ətrafa "qapamışdır". Diqqət yetirsək, bunu onun baxışlarından da sezə bilərik. Yalan danışan adamı çox vaxt jestləri və kiçik mimik hərəkətləri "ələ verir". Məsələn, nə qədər əmin səslə yalan söyləsəniz belə üzünüzün pörtməyi, gözlərinizi tez-tez qırpmanız, göz bəbəklərinizin daralması, ya da genəlməsi, alnınızın tərləməsi yalanınızı aşkara çıxardar. Biz yalan danışarkən, əksər hallarda, əllərimizi, xüsusən də ovuclarımızı gizlətməyə çalışırıq. Hətta kiçik uşaq belə yalan deyəndə yumruqlarını arxasında gizlədir.

UPS!

Bəzən eyni jestlər ayrı-ayrı ölkələrdə müxtəlif mənaları bildirir. Məsələn, yuxarı qaldırılmış baş barmaq bizdə və bir çox ölkələrdə "əla" deməkdir. Amerikada, İngiltərədə, Avstraliya və Yeni Zelandiyada bu, yol kənarında maşın saxlamaq üçün bir işarə ola bilər. Yunanlar bu işarə ilə "kəs səsini" deyirlər. İndi təsəvvür edin: amerikalı Yunanıstanda maşın saxlamaq istəyir!

Və ya. Baş barmaqla şəhadət barmağın dairəvi şəkildə birləşdirilməsi əksər ingilisdilli ölkələrdə "hər şey yaxşıdır" anlamına gələrək, "ok" ifadəsini əvəz edir. Lakin Fransada və bir sıra Avropa ölkələrində bu, "sıfır", "boşluq" deməkdir. Yaponlar bu jestlə "pul"u göstərirlər. Aralıq dənizi ölkələrində isə bu jestinizi söyüş kimi qəbul edərlər. Bunlar onu göstərir ki, danışanın milli xüsusiyyətlərini nəzərə almadan onun jestlərini yozmaq necə arzuolunmaz hallara yol aça bilər. Odur ki, söhbət  zamanı ünsiyyətdə olduğunuz insanın milli mənsubiyyətini nəzərdən qaçırmayın.

Bir şeyi də unutmayın!

Jestləri mənalandırmağa çalışarkən, eyni zamanda danışanın sözlərinə, səs tonuna, şəraitə fikir verməyiniz vacibdir. Məsələn, boyunun arxasını qaşıyan insanı kəpək, bit də narahat edə bilər və ya bu jestlə o, özünə inamsızlığını, nəyisə unutduğunu, hətta yalan danışdığını büruzə verər.Tam, dolğun interpretasiya üçün jestlərə onları müşayət edən bir sıra elementlərlə birgə kompleks şəkildə nəzər yetirmək gərəkdir.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN