Temperamentin tipləri.

0
4634
Temperamentin tipləri.

Sanqvinik. Bu cür adamlar yüksək reaktivliyə malik olurlar. Aktivliklə reaktivlik müvazinətdə olur. Diqqətini cəlb edən hər şeyə canlı reaksiya verir. Mimikaları və hərəkətləri canlı və ifadəlidir. Yüksək fəallığa malik olduğuna görə çox işgüzar olur, hər bir yeni işə dərhal girişir, həmişə birinci olmağa çalışır, yorulmadan uzun müddət işləyə bilir. Sanqviniklər həddən artıq qayda-qanunlara əməl edən olur. Sürətli hərəkətə, çevik təfəkkürə, sürətli nitq tempinə malik olurlar. Onlarda plastiklik yüksək olur. Hissləri asanlıqla bir-birini əvəz edə bilir. Düşdüyü yeni şəraitə asanlıqla alışır. Rast gəldikləri adamlarla asanlıqla ünsiyyətə girə bilirlər. Onlarda ekstravertlik yüksək olur.

 
Xolerik. Sanqviniklərdə olduğu kimi xoleriklərdə də senzitivlik aşağı, reaktivlik və aktivlik yüksək olur. Lakin xoleriklərdə reaktivlik aktivliyi üstünlük təşkil edir. Ona görə də xoleriklər həddən artıq hövsələsiz, tez özlərindən çıxan olurlar. Onlarda plastiklik zəif, rigidlik yüksək olur. Onlarda öz maraqlarını həyata keçirməyə yüksək cəhd, inadkarlıq, dözümlülük mövcud olur. Başladıqları işi axıra qədər yerinə yetirməyə meylli olurlar. Diqqətlərini keçirməkdə çətinlik çəkirlər. Ekstravertlik yüksəkdir. Müvazinətsiz olurlar.
 
Fleqmatik. Özlərini hər yerdə sakit aparırlar. Həddindən artıq soyuqqanlıdırlar, qaradinməzdirlər. Uğursuzluğa məruz qaldıqda buna əhəmiyyət vermirlər. İşə dərhal girişmirlər, lakin başladıqları işi axıra qədər yerinə yetirirlər. Onlarda plastiklik aşağı, rigidlik yüksək olur. Mimikaları kasıb, ifadəsiz olur. Diqqətlərini çətinliklə keçirə bilirlər, yeni şəraitə çətinliklə alışırlar.
Fleqmatiklərdə daxili əks olunma yüksək olur. Təkliyi sevirlər. Vərdiş və adətlərini olduqca ləng dəyişə bilirlər. Bunlarla yanaşı olduqca işgüzar olurlar. Dözümlü və özlərini ələ ala biləndirlər. Onların asanlıqla özlərindən çıxması halları olmur. Yeni adamlara çətin alışırlar.
 
Melanxolik. Onlarda senzitivlik, həssaslıq həddindən artıq yüksək olur. Kiçik bir işdən, hərəkətdən dərindən təsirlənirlər. Hədsiz dərəcədə küsəyəndilər. Mimika və hərəkətləri dərin və ifadəli deyil. Səsləri zəif, hərəkətləri süstdür. Onlarda özlərinə inam hədsiz dərəcədə aşağı olur. Kiçik uğursuzluq onlarda dərin, bəzən ciddi əhval pozğunluğu yaradır. Həmişə başqalarının onların halına yanmalarını gözləyirlər.
Həddindən artıq təkliyə qapanırlar. Tez ruhdan düşür, bəzən gücü çatan işi belə axıra qədər yerinə yetirmirlər. İntrovertlik yüksək olur.
 

ŞƏRH YAZIN