Özünü Motivasiya Etməyin Kiçik Sirləri!

0
3667
Özünü Motivasiya Etməyin Kiçik Sirləri!

Əgər sən də özünü motivasiya edə bilməyənlərdənsənsə, o zaman yazımızı diqqətlə oxuyun. Özünü motivasiya etməyin kiçik sirrini sizinlə bölüşəcəyik.

 1-ci addım:
 
Arzuladığınız nəticəni və ona nail olmaq istiqamətində atmalı olduğunuz addımları bir neçə sözlə ifadə edin. Uğurlu satışı həyata keçirmək, ingilis dilində danışmağı öyrənmək, lazımi insanla ünsiyyət qurmaq - bütün bunlar konkret nəticəsi olan bir addım vasitəsilə icra olunmalıdır. Unutmayın ki, insanın beyni mücərrəd istəkləri qəbul etmir. Bu addım özünü motivə etmək mexanizminin necə işlədiyini anlamaq baxımından çox böyük əhəmiyyət kəsb edir. Addımın icra müddəti: 1 dəqiqə.

2-ci addım:
 
Gələcəkdə əldə edəcəyiniz nəticəni təsəvvür edin. Gözlərinizi yumun və artıq arzuladığınız nəticəni əldə etdiyinizi xəyal edin. Təxəyyülünüzdə qısametrajli film canlandırın. Bu filmdə özünüzü baş rol ifaçısı kimi təsəvvür edin. Filmdə baş verən bütün hadisələrə bir izləyici kimi nəzər yetirin. Yolun başından bugünə, yəni nəticəni əldə etdiyiniz günə qədər baş verən bütün hadisələri sanki bir film kimi beyninizdə yenidən canlandırın. Bu, sizə arzuolunan nəticəni əldə etmək üçün tələb olunan addımlar ardıcıllığını görməyə imkan verəcək. Addımın icra müddəti: 5 dəqiqə.

3-cü addım:
 
Hər şeyin necə və nədən başladığını xatırlayın. Sizi məqsədinizə aparan yolda atdığınız ilk addımlarınızı yadınıza salın. Gözlərinizi qapayın və yenidən beyninizdə baş rolunda sizin olduğunuz bir film yaradın. Bütün hadisələri sanki bir film lenti kimi təxəyyülünüzdə canlandırın. Bununla, siz bügunə qədər əldə etdiyiniz uğurları aydın şəkildə görə biləcəksiniz. Bu zaman özünüzə təşəkkür etməyi unutmayın. Çünki yalnız qazandığınız nailiyyətlərlə həyatınıza rəng qata bilərsiniz. Bu addım mahiyyət etibarilə daha öncəki addıma bənzəsə də, burada siz gələcək deyil, keçmiş uğurlarınızı təsəvvür edirsiniz. Addımın icra müddəti: 5 dəqiqə.

4-cü addım:
 
İcra edəcəyiniz bütün addımların siyahısını hazırlayın. Məqsədə nail olmaq üçün tələb olunan bütün addımları siyahı şəklində ayrıca bir vərəqdə qeyd edin. Daha sonra hər bir addımı bir neçə alt-başlığa ayırın. Adətən, istədiyimiz nəticəni əldə etmək üçün biz bir deyil, bir neçə mərhələdən keçməli oluruq. Elə bu səbəbdən də, ən yaxşı variant bütün addımları vahid siyahıda ardıcıl şəkildə qeyd etməkdir. Unutmayın ki, motivasiya səviyyəsinin aşağı olmasının başlıca səbəbi siyahıda mücərrəd və aydın olmayan tapşırıqlara yer verilməsidir. Daha öncə də qeyd etdiyimiz kimi insanın beyni yalnızca konkret tapşırıqları qəbul edir. "İngilis dilinin öyrənilməsi" tapşırığının mücərrədlik dərəcəsi yüksək, tapşırığın özü isə həddindən artıq ümumi və anlaşılmayan olduğuna görə insanda bu məqsədi reallaşdırmaq istəyi tədricən yox olur. Lakin sizin qarşınızda görəcəyiniz işlərin siyahısı olsa, o zaman insan məqsədinə doğru getməyə həvəs göstərəcək, eyni zamanda addımların icrasına sərf olunan zaman nəzərəçarpacaq dərəcədə azalacaq. Yəni işin icrası sürətlənəcək. Addımın icra müddəti: 10 dəqiqədən 1 saata qədər.

5-ci addım:
 
Siyahıda qeyd etdiyiniz hər addım üçün ayrı-ayrılıqda vaxt təyin edin. Zamanın düzgün şəkildə planlaşdırılması qızıl qaydalardan biridir: vaxtı müəyyən etdikdən sonra həmin rəqəmlərin hər birini 2-yə vurun. Əslində hər birimiz öz imkanlarımızı şişirtməyə meylli olduğumuz üçün ilk dəfə gördüyümüz işin icra müddətini dəqiq şəkildə hesablaya bilmirik. Bu səbəbdən, ehtiyatı əldən verməmək üçün həmin rəqəmləri 2-yə vurmaqla, artırın. Unutmayın ki, hər bir işin icrasında həmin işin tamamlanma müddətinin müəyyən olunması əsas şərtlərdən biridir. Əks halda, nəzərdə tutulan işlərin icrasını təxirə salmaq ehtimalı yüksəkdir. Addımın icra müddəti: 5 dəqiqə.

6-cı addım:
 
İcraya başlayın. Planı qeyd etdiyiniz ardıcıllıq üzrə icra edin. Tərtib etdiyiniz siyahıdakı ilk addımı seçin, onun icrası üçün sizə lazım olan vaxtı müəyyən edin (məsələn, 1 saat) və onu həyata keçirməyə başlayın. Fasilə verməyin və işi sona çatdırın. Bu mərhələni tamamladıqdan sonra özünüzü mükafatlandırın. Artıq həmin addımı siyahıdan kənarlaşdırın və növbəti addımları növbə ilə icra edin. 6-cı addımın icrasında əsas məqam seçilmiş işin sona qədər icra olunması və tamamlanmasıdır. Unutmayın ki, təxirə saldığınız hər bir iş sizi məqsədinizdən uzaqlaşdırır. Seçim sizindir: ya məqsədiniz, ya tənbəlliyiniz.
 
Korrektor: Abdullazadə Sevinc

ŞƏRH YAZIN