İstəkli Kürəkən - Əsmər Yusifzadə (Səkkizinci Bölüm)

0
1698
İstəkli Kürəkən - Əsmər Yusifzadə (Səkkizinci Bölüm)

Bölüm iştirakçıları:
 
Zərif – gənc qızdır
Çimnaz – anası
Vasif – atası
Şölə - Vasifin sevgilisi
Jalə - Şölənin bacısı
Ləman – Çimnazın bacısı
Nərgiz – Zərifin rəfiqəsi
Camal – Vasifin sürücüsü
Maral – Zərifin qaynanası
Ağoppa – Zərifin əri
 
XXX
 
1/ Şölənin mənzili.
Şölə-Jalə. Bacılar söhbət edirlər.
Jalə - Qulaqlarıma inana bilmirəm. Sənin başqa planların da var?
Şölə - Niyə də olmasın? Niyə mənə təəccüblə baxırsan? İşdən gəlir, oturur televizorun qabağında. Vasif elə bilir ki, mənim vəzifəm ona qulluq eləməkdir. Xeyr! Mən onun üçün Çimnaz deyiləm. Mən yaxşı yaşamaq istəyirəm!
Jalə - Yaxşı yaşayırsan da. Bundan da yaxşı?!
Şölə - Sən buna yaxşı deyirsən? Camaat hər axşam restoranlarda kefdədir. Mən də oturub gözləyirəm ki, Vasif gəlsin, onun yeməyini verim. Bu, mənlik deyil.
 
XXX
 
2/ Maralın mənzili. Zərif-Ağoppa.
Hər ikisi narazı və əsəbidir.
Ağa – Siz məni aldatmısınız!
Zərif – Biz səni aldatmışıq, yoxsa sən bizi? Bu qədər yalandan sonra hələ üzün də var danışırsan? Heç utanmırsan?
Ağa – Siz utanmalısınız! Toydan qabaq verdiyiniz vədlər nə oldu?
Zərif – Kim sənə nə vəd edib?
Ağa – Anan, atan.
Zərif – Mənim ata-anam? Sən dəli olmusan?
Ağa – Get soruş! Vasif dayı hamının yanında dedi ki, mənə atalıq edəcək. Atalıq belə olur? Məni bir yerə işə düzəltmir. Mən kimdən əskiyəm?
Zərif – Bəs sən “perevodçik” idin? Nədi o, “amerikanski-anqliyski” firmada işləyirdin?
Ağa – Firmanı bağladılar da. Məndə günah var? Bir də elə hökmən “perevodçik” işləməliyəm? O qədər iş var ki. Atan istəsə bir günə düzəldər.
Zərif – Sən haranı oxumusan? Haranı bitirmisən? Nə bacarırsan?
Ağa – Çox iş bacarıram. Bəyəm indi adamı bacarığına görə işə götürürlər? Adamı var, qurtardı getdi. Elə bilirsən, avara-avara gəzməkdən mənim xoşum gəlir? Mən istəyirəm işləyəm, qazanam, sənə nə istəsən alam.
 
XXX
 
3/ Şölənin mənzili.
Şölə-Vasif.
Televizora baxırlar. Şölənin əl telefonuna mesaj gəlir. Şölə oxuyub dərhal mesajı pozur.
Vasif – Kimdən gəlib mesaj?
Şölə - Heç... Jalədən idi.
Vasif – Bəs niyə mesajı pozdun?
Şölə - Pozdum? Doğrudan a... Bu telefonun dilini hələ bilmirəm (narahatçılığı hiss olunur). Təzə çay dəmləyim içək. Bu saat dəmləyib gətirərəm (otaqdan çıxır).
(Şölə həyəcandan telefonunu götürməyi unudur. Yenə mesaj gəlir. Vasif telefonu götürür, mesajı oxuyur: “Kaş indi sənin yanında olaydım. Səndən ötrü çox darıxmışam. Nə vaxt görüşürük?”. Şölə çayla otağa daxil olur).
Vasif – Bu nədir? Bunu kim yazıb?
Şölə - Nə bilim? Məndən niyə soruşursan?
Vasif – Bu telefon sənin deyil?
Şölə - Mənimdir. Amma onu mənə sən almısan (çayı Vasifin qabağına qoyur). Yəqin, səhv düşüblər də. Boş-bekar o qədər adam var ki. Hər şeyə görə qanımızı qaraltmayacağıq ki... Gəl çayımızı içək. Gül mürəbbəsi də gətirmişəm.
(Vasif şübhələnsə də, üzə vurmur).
 
XXX
 
4/ Bağ və ya kafe.
Vasiflə Zərif oturub söhbət edirlər.
Zərif – Papa, qayıt evə. Bu yaşda ayrı yaşamaq yaxşı deyil.
Vasif – Yox qızım, alınmır. Mən cəhd etmişəm. Çimnazla danışmaq alınmır. O dəqiqə başlayır qışqırmağa. Dava-şavadan təngə gəlmişəm.
Zərif – Pap, axı sən də onu başa düş. O, sənə çox inanırdı. Səndən belə hərəkət gözləmirdi.
Vasif – (başını aşağı salır, sonra astadan) Sənə də danışıb? Amma hər şey siz fikirləşdiyiniz kimi deyil. Bir anlaşılmazlıq olub. Kimsə, nəsə uydurub, Çimnaz da inanıb.
Zərif – Papa, heç kəs, heç nə uydurmayıb. Mən öz qulağımla eşitmişəm. Mama səndən narahat idi...
Vasif – (sözünü kəsir) Nahaq narahat idi. Ona demişdim ki, gedirəm ezamiyyətə.
Zərif – Bilmək istəyirdik ki, nə vaxt qayıdacaqsan. Katibən mənə dedi ki, Vasif müəllim xanımı ilə Qubada dincəlir.
 
XXX
 
5/ Bağ və ya kafe. Vasif-Zərif.
Vasif – Düzələr, fikir eləmə, sən özündən danış. De görüm necəsən? Necə yaşayırsan? Öz evinə öyrəşmisən?
(İndi də Zərif başını aşağı salır. Hiss olunur ki, nə deyəcəyini götür-qoy edir. Sonra astadan:)
Zərif – Ağa işləmir. Ona görə də əsəbidir.
Vasif – De, gəlsin yanıma. Görək harda işləmək istəyir. Onun fikrini eləmə, özündən muğayat ol. Dərslərin necədir?
Zərif – Oxuyuram. Çalışıram.
Vasif – Sən mənim ağıllı qızımsan. Səndən rahatam. Nə çətinliyin olsa, mənə de.
 
XXX
 
6/ Vasifin kabineti.
Vasif-sürücü Camal.
Vasif – Camal, gəl, keç otur. Sənə bir işim düşüb, gərək mənə kömək edəsən.
Camal – O nə sözdür, Vasif müəllim, nə kömək lazımdı, mən hazır. Hara istəyirsiniz, sizi aparım.
Vasif – Yox, heç yerə getmirəm (aramla danışır). Bir adam var, onu izləmək lazımdır... (Camal təəccüblə ona baxır). Yox, narahat olma, kriminal-zad deyil. Səninlə açıq danışacağam, istəyirəm ki, Şölə xanım barədə mənə məlumat gətirəsən. Yəni, hara getdi, kiminlə görüşdü.
Camal – Hə, başa düşdüm (gülümsünür).
Vasif – Amma elə et ki, səni görməsin. Gərək detektiv kimi işləyəsən. Bacararsan? (Vasifin telefonu zəng çalır. Şölədir). Bax, özü də zəng vurdu (telefonu açır).
- Hə, əzizim, yaxşıyam. İşim çoxdur, bəlkə evə də gec gəldim... Sən get, işində ol. Evə qayıdanda zəng elə ki, mən də rahat olum (telefonu söndürür).
Dur, tez elə, Şölə xanım deyir ki, şəhərə gedir, alış-verişə. Onun hər addımını izlə, mənlə əlaqə saxla.
 
XXX
 
7/ Şölənin mənzili.
Şölə-Jalə.
Şölə - Dur getdik.
Jalə - Hara?
Şölə - Necə hara? Şəhərə, alış-verişə. Görmədin, Vasif müəllimdən icazə də aldım.
Jalə - Vallah, mən səni başa düşə bilmirəm. Dünən bir cür danışırdın, bu gün başqa cür danışırsan. Şölə olsun, Vasifdən icazə alsın? İnanılası deyil.
Şölə - Vəziyyət dəyişib, dur getdik, yolda danışaram.
 
XXX
 
8/ Şölənin mənzili.
Şölə-Jalə.
Otağa daxil olurlar. Şölə əlindəkiləri divanın üstünə atır. Əl telefonunu götürüb zəng vurmaq istəyir. Fikrini dəyişir.
Şölə - Yox, şəhər telefonu ilə danışsam yaxşıdır (Vasifə zəng vurur).
 
XXX
 
9/ Vasifin kabineti.
Vasif təkdir. Əl telefonu zəng çalır (Camaldır).
Vasif – Eşidirəm, nə gördünsə, söylə. Hə...? Yaxşı, indi evdədir? (Şəhər telefonu zəng çalır. Şölədir).
Eşidirəm, lap yaxşı. Yorulmadın ki? İstəsəydin, Camalı göndərərdim, sizi aparardı.
Şölə - (telefonla danışır) Axşama nə bişirim? Nə istəyirsən?
Vasif – (telefonla) Sən nə bişirsən, yeyəcəm, özünü çox yorma. Sağ ol.
 
XXX
 
10/ Şölənin mənzili.
Şölə-Jalə.
Jalə - Qulaqlarıma inana bilmirəm. Sən ideal qadın rolunu oynayırsan, nə bişirim, nə istəyirsən?..
Şölə - İndi belə lazımdır. Vasif dünən özünü o yerə qoymadı. Amma bilirəm ki, məndən şübhələnib. İndi belə rol mənə çox lazımdır. Bundan sonra çörək almağa gedəndə də Vasifdən icazə alacam.
 
XXX
 
11/ Maralın mənzili. Maral-Zərif.
Maral – Zərif, bu nə səs-küydür? Niyə səhər-səhər ərini hirsləndirirsən?
Zərif – Mən onu hirsləndirirəm, yoxsa o məni? Hər şeyi bəhanə edib dava salır.
Maral – Ərin nə deyir, onu elə. O necə istəyir, elə də olmalıdır. Qayda-qanun var. O kişidir, sən qadın. Yerini bil.
Zərif – Mən bilmirəm, o nə istəyir. Hardasa qanı qaralır, gəlir düşür mənim üstümə.
Maral – Kişinin qanı qaralanda hirsini tökər arvadının üstünə də. Burda nə var ki? Çalış, qanı qaralmasın.
Zərif – Neyləyim? Siz məni təəccübləndirirsiniz?
Maral – Niyə təəccüblənirsən? İşləməyən, qazanmayan kişinin kefi necə olar? Əgər onun da bir işi, qulluğu olsaydı, kefi kök olardı. Sənə də yaxşı olardı.
Zərif – Atam neçə dəfə ona iş təklif edib. Gedib işləmir axı?
Maral – İş düzəldib? O da işdir bəyəm? Heç ona layiqdir o işlər? Gündə səhərdən axşamacan çalışıb-vuruşsun ki, nə var-nə var, 3-5 manat pul qazanacaq. Ona iş deyirsiz?
Zərif – Bəs necə iş lazımdır sizə?
Maral – Mənə heç nə lazım deyil. Mənim işim var. Allaha şükür, heç kimə möhtac deyiləm. İş sizə lazımdır – yəni sənin ərinə. İş sənin ərinə layiq olmalıdır. Vasif müəllimin kürəkəninə layiq iş olmalıdır.
 
XXX
 
12/ Şölənin mənzili.
Şölə evdə təkdir. Güzgünün qabağında dayanıb özünə baxır. Razı halda gülümsəyir. Telefonu götürür, zəng edir.
Vasifin kabineti.
Telefon zəng çalır. Vasif dəstəyi qaldırır.
Vasif – Hə, eşidirəm. Şəkər almağa gedirsən? Əlbəttə, gedə bilərsən. Hara istəsən get, amma mənə de ki, səndən nigaran qalmayım.
 
XXX
 
13/ Maralın mənzili. Maral-Zərif.
Zərif – Atam onu çağırmışdı. Soruşub ki, harda işləyə bilərsən, deyib ki, vəzifə istəyirəm.
Maral – Düz deyib də. Gərək Vasif müəllimin kürəkəninin qapısına səhər maşın gəlsin, o da ağayana oturub getsin işə. Axşam da o cür qayıtsın. Onda ərinin kefi olacaq saz. Bunun sənə ziyanı var?
Zərif – Axı onun təhsili...
Maral – Kiri! Təhsili... guya vəzifədə olanların hamısının təhsili var? Adamları var, gedib oturublar kabinetlərdə.
 
XXX
 
14/ Şölənin mənzili.
Vasif-Şölə.
Şölə - O günkü mesaj məni də çox əsəbiləşdirib. Başqa kişi olsaydı, dünyanı dağıdardı. Sənə afərin! Özünü əsl kişi kimi apardın. Mən bilirəm, bu mesajı kim göndərib?
Vasif – Kim göndərib? Onu tanıyırsan?
Şölə - Onu sən də tanıyırsan. Bizim xoşbəxt olmağımız kimə xoş gəlmir? Elə bilirsən, Çimnaz sakit oturacaq?
Vasif – Boş-boş danışma. Çimnaz belə iş tutmaz. Onda siyasət yoxdu, istədiyini düz adamın üzünə deyir.
Şölə - Vəziyyət adamı dəyişir. Elə bilirsən o, rahat oturacaq? Səni qaytarmağa çalışmayacaq? Sənə zəng vurub deməyəcək ki, qayıt evinə. Belə mesajlarla məni sənin gözündən salmaq istəyir. Mənim bəxtim gətirib ki, sən ağıllı adamsan. Yaxşını pisdən seçə bilirsən.
 
XXX
 
15/ Vasifin kabineti.
Vasif Camala zəng vurur.
Vasif – Camal, hardasan? Bizim binanın qabağında? Daha bəsdir. Şölə xanım evdə olacaq. Daha güdməyə ehtiyac yoxdur (Üzünün ifadəsi dəyişir). Nə? Yaxşı bax. Özüdür? Gözünü ondan çəkmə (Şəhər telefonu ilə evə zəng edir. Götürən yoxdur. Əl telefonuna zəng vurur).
Şölə - Yox, evdə deyiləm, həyətdəyəm, gedirəm çörək almağa. Göy-göyərti də lazımdır. Bir az bazarlıq edib qayıdacam evə. Evə gələn kimi sənə zəng vuraram. Sən də gec qalma, evə tez gəl.
Vasif – İşim bu gün çoxdur, gec gələcəm. Elə ona görə zəng vurmuşam. Dedim, sonra nigaran qalarsan. Sən evdə nə edəcəksən?
Şölə - Darıxacam səndən ötrü. Yolunu gözləyəcəm. Öpürəm.
Vasif – Mən də (telefonu söndürür. Camala zəng edir). Sən qayıt, Şölə çörək almağa gedir. Nə? Taksiyə oturdu? Onu gözdən qoyma. Məni hər an xəbərdar elə.
 
XXX
 
16/ Maral-Zərif.
Maral – Biz də dedik bəxtəvər olmuşuq. Vasif müəllimlə qohum olmuşuq. Bilsəydik, heç sizin qapınıza gələrdik?
Zərif – Bəyəm məni atama görə almısınız?
Maral – Bəs nəyə görə? Bəlkə elə bilirsən ki, sənin gözəlliyinə, qəddi-qamətinə vurulmuşduq? Özünə də bax, mənim oğluma da. O gözəllikdə oğlan sənin nəyinə vurulacaqdı?
(Zərif əlləri ilə üzünü tutub otağına qaçır. Üzü üstə çarpayıya yıxılır).
 
XXX
 
17/ Vasifin kabineti.
Vasif təkdir, otaqda var-gəl edir. Telefon zəng çalır. Camaldır.
Vasif – Taksidən düşdü? Hardasız indi? Avtobus dayanacağında? Çalış, səni görməsin. Maşına mindi? Nə maşındı? Rəngini, markasını de. Nömrəsini görürsən? Hansı tərəfdəsiniz? (Telefonla danışa-danışa otaqdan çıxır).
 
XXX
 
18/ Maralın mənzili.
Qapının zəngi çalınır. Maral açır. Qapıda Nərgiz görünür (Zərifin rəfiqəsi).
Nərgiz – Salam, Maral xala. Gəlmək olar?
Maral – Tanıya bilmədim. Mənim köhnə kliyentim...
Nərgiz – Yox, yox. Mən Zərifin rəfiqəsiyəm – Nərgiz.
Maral – Hə, yadıma düşdü. Gəl içəri. Xoş gəlmisən.
Nərgiz – Zərif evdədi? Bir aydan çox idi ki, burada yox idim. Zərif üçün elə darıxmışam ki... Bu gün onu mütləq görmək qərarına gəldim.
Maral – Yaxşı eləmisən. Sən keç otur, mən onu çağırım. Otağındadır.
Nərgiz – Yox, Maral xala, çağırma. Qoy mən özüm gedim onun yanına. Sürpriz olsun (Nərgiz Zərifin qapısını ehmalca döyür. Cavab gözləmədən qapını açır. Sakitlikdir).
Nərgiz – Burda kim var?
(Cavab gəlmir. Çarpayının üstündə uzanan Zərifi görür. Ona yaxınlaşır). Zərif, oyan. Gəlin də bu qədər yatar?
(Maral mətbəxdə çay dəmləməyə hazırlaşır. Birdən qışqırtı eşidir. Zərifin otağına qaçır).
 
XXX
 
19/ Vasif və Camal ayrı-ayrı maşında Şöləni təqib edirlər. 
Arada öz aralarında telefonla danışırlar. Şölənin olduğu maşın dayanır. Şölə maşından çıxanda Vasifi görür. Çaşqınlıqdan yenidən maşına oturmaq istəyir.
Vasif – Düş, düş, gəlib çatmısan. Çörək almaq istəmirdin? Dükan burdadır?
(Maşının sürücüsü nə baş verdiyini anlamır).
Sürücü – Nə istəyirsən? Nə lazımdır? Sözün var, mənlə danış.
Vasif – (Şöləyə tərəf) Sevgi mesajlarını göndərən budur?
Sürücü – Sən kimsən? Mesaj göndərəndə səndən icazə almalıydım? (Vasifin üstünə gəlir, yaxasından yapışıb, çənəsindən zərbə endirir. Camal onları ayırmağa çalışır. Dava düşür).
 
XXX
 
20/ Xəstəxana.
Dəhliz. Çimnaz, bacısı Ləman, Nərgiz, Maral. Narahatdırlar. Vasif gəlir. Üz-gözü əzilmiş, qızarmış vəziyyətdədir.
Vasif – Zərifə nə olub? Niyə Zərif burdadır? (Marala tərəf) Səndən soruşuram, Zərifə nə etmisiz?
Maral – Vallah, billah, bizim evdə onun gül üzünə uf deyən olmayıb. Nərgiz Allah şahididir. Bizə gəlmişdi. Dedim otur, Zərifi çağırım. Dedi yox, özüm gedim, ona sürpriz edim. Nərgiz getdi Zərifin otağına. Mən də onlara çay dəmləmək istəyirdim, dedim cavandırlar da, qoy söhbət etsinlər. Nərgiz otağa girməklə qışqırtısı bir oldu.
(Həkim görünür. Vasif həkimə doğru gedir)
Vasif – Doktor, qızım necədir?
(Hamı həkimə yaxınlaşır)
Həkim – Siz qohumlarısız?
Vasif – Mən atasıyam.
Həkim – Sizi qorxutmaq istəmirəm. Amma vəziyyəti ağırdır. Gec gətirmisiniz.
(Çimnaz özündən gedir. Onu özünə gətirməyə çalışırlar).
Vasif – Doktor, qızımı xilas elə.
Həkim – Biz əlimizdən gələni edirik. Zəhər qana keçib.
 
XXX
 
21/ Xəstəxana.
Dəhliz. Hamı burdadır. Çimnazın ağlamaqdan gözləri şişib.
Çimnaz – Mənəm günahkar, mənəm, Zərifi başa düşmədim, qızımı qoruya bilmədim.
Ləman – Sən onun xoşbəxtliyini istəyirdin. Nə biləydin ki, belə olacaq.
Çimnaz – Ərə gedəndən Zərifin üzü gülmədi. Deyirdim düzələcək...
Ləman – İstəmirdin ailəsi dağılsın. Daha bundan keçib. Allah Zərifi bizə çox görməsin.
Çimnaz – (Əllərini göyə açır). İlahi, mənim balama kömək ol. Onu məndən alma.
(Həkim gəlir. Qohumlar onu dövrəyə alır)
Həkim – Səhəri gözləmək lazımdır. Siz getsəniz yaxşıdır. Burda dayanmağınızın mənası yoxdur.
Nərgiz – Doktor, Zərif yaşayacaq? Ümid var?
Həkim – Biz nə lazımdırsa, edirik.
Nərgiz – Siz demədiniz, ümid var?
Həkim – Ümid həmişə olmalıdır. Cavan orqanizmdir. Müqavimət göstərə bilməlidir.
 
XXX
 
22/ Xəstəxana.
Zərif. Vasif. Çimnaz.
Zərif çarpayıda uzanıb. Gözlərini açır. Başının üstündə ata-anasını görür. Zorla eşidiləcək səslə:
Zərif – Mən yaşamaq istəyirəm.
(Çimnazla Vasif sevincdən bir-birini qucaqlayıb ağlayırlar).
Çimnaz – (Zərifə tərəf əyilir) Məni bağışla, qızım. Səni gözümdən uzağa qoymayacam.
(Zərif atasına baxır)
Zərif – Sənə nə olub?
Vasif – Heç... Yıxılmışam.
(Çimnaz diqqətlə Vasifə baxır)
Çimnaz – Aaa... heç fikir verməmişəm. Sən niyə bu günə düşmüsən? Üz-gözün niyə bu gündədir?
Vasif – Boş şeydir, keçib gedər. Əsas Zərifdir.
(Palataya tibb bacısı daxil olur)
Tibb bacısı – Zərif xanımın yoldaşı gəlib. Palataya gələ bilərmi?
(Zərif özünü pis hiss edir)
Çimnaz – Zərif, qızım, nə oldu sənə? Həkimi çağırın.
(Tibb bacısı tələsik çıxır)
Vasif – Qızım, necəsən? Haran ağrayır?
Həkim – Otağı tərk edin (Tibb bacısı onları palatadan çıxarır).
 
XXX
 
23/ Xəstəxana.
Dəhliz.Vasif. Çimnaz. Ağoppa.
Ağoppa onlara yaxınlaşır. Çimnaz üzünü yana çevirir.
Ağoppa – Vasif dayı, sizə nə olub? Yıxılmısınız?
Vasif – Yıxılmışdım, indi ayaq üstəyəm.
(Çimnazın qolundan tutub Ağoppadan aralanır)
(Həkim gəlir. Hər üçü həkimə yaxınlaşır)
Həkim – Xəstənin orqanizmi davam gətirdi. Amma psixoloji durumu hələ çox zəifdir. Ehtiyatlı olmaq lazımdır. Yanına ata-anasından başqa heç kəs keçə bilməz.
Ağoppa – Mən əriyəm. Mən Zərifi görmək istəyirəm.
 
XXX
 
24/ Xəstəxana.Palata.
Zərif çarpayıda uzanıb. Ata-anası da burdadır.
Çimnaz – Zərif, necəsən?
Vasif – Qızım, yaxşısan? Ağa burdadır. Səni görmək istəyir.
Zərif – Mən onları görmək istəmirəm.
Çimnaz – Sən sağal, evə gedəcəyik. Öz evimizə.
Zərif – Mən sizinlə yaşamaq istəyirəm.
Vasif – Biz bir yerdə yaşayacağıq. Hamımız (Çimnaza baxır) bir yerdə.
 
 
XXX
 
8-ci bölümün sonu
 
ARDI  VAR
 

ŞƏRH YAZIN