İstəkli Kürəkən - Əsmər Yusifzadə (Yeddinci Bölüm)

0
1891
İstəkli Kürəkən - Əsmər Yusifzadə (Yeddinci Bölüm)

Bölüm iştirakçıları:

Zərif – gənc xanımdır
Çimnaz – anası
Vasif – atası
Şölə - Vasifin sevgilisi
Jalə - Şölənin bacısı
Ləman – Çimnazın bacısı
Maral – Zərifin qaynanası
Nazlı – qulluqçu
 
XXX
 
1/ Çimnazın mənzili. 
Çimnaz-bacısı Ləman. Çimnaz kefsizdir. Bacısı gəlir.
Ləman – Gözümə birtəhər dəyirsən. Xəstə deyilsən?
Çimnaz – Yox, xəstə deyiləm.
Ləman – Hə, başa düşdüm. Zərif üçün darıxırsan.
Çimnaz – Zərif burda idi. Elə sənin qabağınca getdi.
Ləman – Bəs nə olub? Vasif ezamiyyət...
Çimnaz – (sözünü yarımçıq kəsir) Vasif ezamiyyətdə deyil. Sevgilisi ilə sanatoriyada dincəlir.
Ləman – Yəni deyirsən ki, Vasif...
Çimnaz – (yenə də sözünü kəsir) Bəli, Vasif kənarda arvad saxlayır.
Ləman – Hardan bilirsən?
Çimnaz – Təsadüfən öyrəndik. Zərif işə zəng vurdu öyrənsin ki, Vasif komandirovkadan (xüsusi vurğu ilə deyir) nə vaxt qayıdacaq. Katibə nə desə yaxşıdır? Vasif müəllim arvadı Çimnaz xanımla Qubada istirahət edir.
Ləman – Yox, bu inanılası deyil. Bəlkə katibə çaşdırıb. Kiminləsə səhv salıb.
Çimnaz – Mən də inanmırdım. Ürəyim narahat idi. Hiss edirdim ki, nəsə var. Amma belə açıq-aşkar... (fikrini bitirmir).
Ləman – Yəni bu qədər əminsən?
Çimnaz – Gündə bir bəhanəynən evə gec gəlirdi. Hər həftənin əvvəli, axırı komandirovkada olurdu. Fil qulağında yatmışdım.
 
XXX
 
2/ Çimnazın mənzili.
Ləman – Yaxşı, özünü ələ al. Belə iş başına gələn təkcə sən deyilsən ki. Hələ üç arvad saxlayanlar da var.
Çimnaz – Bu yaşda? O boyda qızı, kürəkəni olan kişi də belə hərəkət edər?
Ləman – Görən kimdir? Bunu necə öyrənmək olar?
Çimnaz – Gör necə sadəlövh olmuşam. Hələ bəlkə onu toya da gətirib?
Ləman – Bu daha ağ oldu. Vasif belə iş görməz.
Çimnaz – Görər! Ondan hər şey gözləmək olar.
Ləman – Nə danışırsan? Hanı kaset?
(Çimnaz xanım dərhal kaseti salır. Video göstərmir. Heç demə, pult əvəzinə telefon götürüb).
Çimnaz – Pult əvəzinə telefonu götürmüşəm (Toy kasetinə baxırlar). Odur ey, bir bax, gözünü ondan çəkmir. Fikir ver bu ləçərə. 100 faiz budur. Keçən dəfə də gözüm bundan su içmədi. Yadındadır?
Ləman – Bu nədi az? Vasif bunda nə tapıb?
Çimnaz – Gör necə naz satır Vasifə? Fikir ver. Mən axmaq görməmişəm. Onu elə toydaca saçlayardım.
Ləman – Dayan, hirslənmə. Bir az sakitləş. Dava-dalaşla düzələn iş deyil.
Çimnaz – Buna dözmək olar? Onu it kimi qovacam evdən! Rədd olub getsin. Qızını ərə verib. Özü bal ayına çıxıb! Biqeyrət!
 
XXX
 
3/ Çimnazın mənzili. Çimnaz-bacısı Ləman.
Ləman – Çimnaz, bilirəm hirslisən. Heç bilmirəm belə şəraitdə mən nə edərdim. Amma yenə də sakitləş, sonra qərarını ver. Uşaq deyilsiz. Kişi xeylağıdır, səhv edib, bəlkə də o ləçər onu yoldan çıxarıb. Onun geyimini görmədin? Sənə dedim axı, bu özünü kiməsə göstərməyə gəlib. Bir göstərilməli yeri olsaydı, yenə də adamı yandırmazdı.
Çimnaz – Vasifə o da çoxdur! Əxlaqsız! Gör başı necə havalanıb ki, qızının ayaqaçdısına da qalmadı. O, Zərifi gözləyirmiş. Nə qədər ki, Zərif evdə idi, sevgi macəralarını gizlədirdi. Qızını ərə verib azadlığa çıxdı. Kül mənim başıma. Mən onu bir qeyrətli kişi hesab edirdim. Evə gec gəlirdi, narahat olurdum ki, çox işləyir, yorulur. Heç demə, bu öz kefində, damağında imiş. Gör necə təhqir olunmuşam.
Ləman – Çimnaz, bir az ağıllı tərpən. Hirsli başda ağıl olmaz. Sakitləş, soyuq başla fikirləşək, görək nə etmək olar.
 
XXX
 
4/ Çimnazın mənzili. Çimnaz-bacısı Ləman.
Ləman – Sənin iki yolun var. Ya Vasifdən ayrılırsan, ya da onu yanında saxlayırsan.
Çimnaz – Nəyi fikirləşməliyəm? Bu boyda təhqirdən sonra mən onunla yaşaya bilərəm? Onu qapıdan içəri buraxan deyiləm.
Ləman – Yox, sənin hirsin hələ soyumayıb. Vasifi qova bilərsən. Buna nə var ki? Sənin yerində olsam, ondan heyfimi başqa cür alardım.
Çimnaz – Necə?
Ləman – Özünü elə apar ki, guya heç nə olmayıb. Yəni, heç nədən xəbərin yoxdur.
Çimnaz – Sən nə danışırsan? Bu boyda həngaməni yaddan çıxarmaq olar?
Ləman – İstəsən bacararsan. Sən Vasifi yanında saxlaya bilsən, o ləçərin arzusunu ürəyində qoyacaqsan. Bundan yaxşı nə istəyirsən? Vasif ürəyiyumşaqdı. O ləçər bundan istifadə edir.
Çimnaz – Mən Vasifin bu hərəkətlərini bilə-bilə dözməliyəm? Nəyə görə? Kimin xatirinə?
Ləman – Özünə görə. Bu yaşda ayrılmaq asandır? Tək qalmaqdan qorxmursan? Bizim yaşda subay kişi də yoxdur (zarafatla). Zarafat bir yana, dava-dalaşın sənə faydası olmayacaq.
 
XXX
 
5/ Çimnazın mənzili. Çimnaz-bacısı Ləman.
Ləman – Gör neçə ildir bir yerdə yaşayırsınız. Əziyyətlə qurduğun ailəni indi öz əlinlə dağıdacaqsan?
Çimnaz – Bu da mənim bacım. Ailəmi mən dağıdıram? Deməli, mənəm günahkar? Qubada sevgilisi ilə istirahət edən kimdir? Mənəm?
Ləman – Yox, yox. Mən elə demək istəmirəm. Kişidir, bir səhvdir edib. İndi bir səhvə görə öz ailəni dağıdacaqsan? Vasifə nə var? Dava-dalaş salacaqsan, düşəcək əlinə bəhanə. Çıxıb gedəcək evdən.
Çimnaz – Mən onu biabır edəcəyəm, o, qohum-qardaş içinə çıxa bilməyəcək. Onu gedib işdə biabır edəcəm!
Ləman – Sonra? Qalacaqsan tək. Bunu istəyirsən?
Çimnaz – Bəs nə edim? Ərimin bu namərdliyini görə-görə susum? Dözüm? Nə vaxta qədər?
Ləman – Əgər Vasifi itirmək istəmirsənsə, gərək bu hadisəni yaddan çıxarasan. Çətindir, amma bunu eləməlisən. Qoy hər şey necə var, elə də qalsın. Vasif kənarda arvad saxladığını gizlədirsə, deməli ailəsini dağıtmaq istəmir. Deməli, səndən ayrılmaq istəmir. Elə bilirsən kişilərin hamısı məşuqələrinə evlənirlər? Hər 20 kişidən ancaq biri arvadını atıb sevgilisini alır.
Çimnaz – Vasif o 20 kişidən biri olacaq.
 
XXX
 
6/ Çimnazın mənzili. 
Çimnaz təkdir. Qapının zəngi çalınır. Qapının o tayında Vasifdir. Əlində çöl çiçəkləri var. Bir qədər həyəcanlıdır. Qapını adəti üzrə öz açarı ilə açmaq istəyir. Amma fikrini dəyişir. Zəngi basır. Çimnaz qapını açır. Ərini görcək:
Çimnaz – (hirsli-hirsli) Daha qapını da açmağa cürətin çatmır?
Vasif – (heç nə olmamış kimi) Çimnaz, əvvəlcə bu gülü götür. Necədir? Xoşuna gəlir?
Çimnaz – Nə vaxtdan mənə gül bağışlayan olmusan? O dozanqurdu yığıb bu gülləri? Əclaf! (gülü hirslə Vasifin üzünə çırpır) Mənə gül gətirib! Heç utanmırsan?! Mən sənə pis arvad olmuşam? Sənin pulun olmayanda, o qara pıspısa harda idi? Səni Vasif müəllim edən mən olmuşam, mən! İndi məni bəyənmirsən? Mənim başımı aldadıb küçədə qalmışın birini sanatoriyaya aparırsan?
Vasif – Yalandır! Sən nə danışırsan? Bu cəfəngiyyatı kim uydurub?
Çimnaz – Cəfəngiyyat? Qubada sanatoriyada iki həftəlik komandirovkan yalandır? Özü də hansı adla işdən putyovka götürmüsən? Ailənlə istirahətə getdiyini kim uydurub? Sənin neçə ailən var?
 
XXX
 
7/ Çimnazın mənzili. Çimnaz-Vasif.
Vasif – Sakit ol. Sən nəyi isə çaşdırırsan. Bizim qızımız var.
Çimnaz – Doğrudan? Nə yaxşı qızın yadına düşdü? O boyda qızı olan ata da eşqə düşər? Heç utanmırsan?!
Vasif – Daha bəsdir!.. Gəl yaddan çıxaraq. Nə olub olub. Gəl bir yerdə yaşamağa çalışaq. Qızımızın xatirinə...
Çimnaz – Nə? Nə demək istəyirsən? Yəni sən öz kefində olacaqsan, mən də buna dözməliyəm? Bunu deyirsən?
Vasif – Məni cana yığmısan. Evə gələn kimi başlayırsan dava-dalaşa. Belə getsə...
Çimnaz – Nə edəcəksən? Belə getsə nə? Qaradan tünd rəng olar? (hönkürtü ilə ağlayır. Vasif ona yaxınlaşır) Əl vurma mənə! Rədd ol burdan! Get o dozanqurdunu sığalla! Sənin kimisinə o küçədə qalan da çoxdur!
Vasif – Yox, bu daha dözülməzdir (Yataq otağına keçib paltarını çamodana yığır). Daha bəsdir! (evdən çıxıb gedir).
 
XXX
 
8/ Şölənin mənzili. Şölə-Jalə.
Şölə - Çimnaz mən düşündüyümdən də axmaq imiş. Ha, ha, ha,.. (gülür) Bilirsən nə edib? Vasifi elə qapıdan qovub.
Jalə - Bəs neyləyəydi? Kim buna dözər?
Şölə - Anası Vasifi Çimnaza nökər doğub? 25 ildir bu kişini istismar edir, bəs deyil? Elə hər şey onun olmalıdır?
Jalə - Əridir də. Qəribə söz danışırsan.
Şölə - Əri idi. Bu vaxta kimi onlara baxıb, qızını köçürüb, indi özü üçün yaşaya bilməz?
 
XXX
 
9/ Şölənin mənzili. Şölə-Jalə.
Şölə - Elə yaxşı istirahət elədik. Əlacım olsaydı, bütün yayı orda qalardım. Siz niyə getmirsiniz? Teymura de, həftənin axırında 2-3 günlüyə də olsa gedin, dincəlin.
Jalə - Yox, mən deyə bilmərəm, sənin fikrin Vasifə getməsin. O, üzüyola adamdır. Teymur tərsdir. Onun uşaq olmasına baxma. Evdə bütün qərarları o qəbul edir.
Şölə - Teymuru mənə tanıdırsan? Bütün kişilər tərsdirlər. Onların açarını tapmaq lazımdır. Tapdın, sənindir, tapmadın Çimnaz kimi qalacaqsan tək-tənha.
 
XXX
 
10/ Şölənin mənzili. Şölə-Jalə.
Jalə - Vasif həmişəlik sənin yanına gəlib? Çimnazdan ayrılacaq?
Şölə - Vasifdən olsaydı, ayrılmazdı. O nökərçilik etməyi xoşlayır axı. Çimnaz bu kişiyə elə toy tutub ki, Vasif bir də o həndəvərə ayaq qoymaz.
Jalə - Sənin bəxtin açılıb da. Niyə sevinmirsən? Olacaqsan ərli xanım. İstədiyin bu deyildi?
Şölə - Mənə hələ belə də əl verir. Bir də Vasifi hürkütmək istəmirəm. Bilmirsən, kişilərə evlən deyəndə başlarına daş düşür? Mən əsas işimi görüb qurtarmışam. Bir də bilmirəm, şəxsiyyət vəsiqəmdə möhür mənə lazımdır, ya yox. Dünyanın işini bilmək olmaz. Özümü niyə kəndirləyirəm?
 
XXX
 
11/ Çimnazın mənzili.
Çimnaz bacısı Ləmanla söhbət edir.
Çimnaz – Bizə görə Zərifin də üzü heç gülmür. Ha çalışıram ki, dərdimi ondan gizlədim, olmur.
Ləman – Fikirləşirsən ki, Zərif sizə görə kefsizdir? Sizə nə olub ki? Bir az vaxt lazımdır. Vasif Şölənin əsl sifətini görəcək. Sən bir qızınla maraqlan. Evlərinə get, bax, gör necə yaşayırlar? Bəlkə başqa dərdi var?
Çimnaz – Evlərinə getmək istəmirəm. Utanıram. Xəcalət çəkirəm.
Ləman – Onda bir telefonla danış. Maraldan soruş ki, Zərifin kefi niyə yoxdur? Yəni, məsləhətləş, nə edək, necə edək? O da anadır. İstəməz ki, oğluna pis olsun.
Çimnaz – Hə, zəng vuraram. Zəng etsəm, daha yaxşıdır. Heç olmasa, bir az arxayınlaşaram.
Ləman – Daha gecdir, mən gedim. Sən də ürəkli ol. O cür qız vermisən.
 
XXX
 
12/ Çimnazın mənzili. Çimnaz-Maral.
Çimnaz otaqda var-gəl edir. Nə edəcəyini, necə danışacağını müəyyənləşdirməyə çalışır. Telefonu götürüb zəng edir. Xoş-beşdən sonra:
Çimnaz – Zərifin eyni heç açılmır, onu çox fikirli görürəm.
Maral – İstəmirsən fikir çəksin, kömək elə.
Çimnaz – Elə mən də onun üçün zəng vurmuşam. Bir qadın var. Təmizkardır. Mənə də kömək edir. Göndərim onu...
Maral – Yox, yox, lazım deyil. Biz həmişə öz işimizi özümüz görmüşük. Bir də, bizim evimizdə nə iş var ki, onun üçün qulluqçu saxlayaq? Cavan gəlindir, ev işini də görə bilməyəcək?
Çimnaz – Axı, mən sizə demişdim. Zərifə mən ev işlərini gördürməmişəm. O, ancaq oxuyub, mən ona qulluq etmişəm.
Maral – Evdə sən özün bilərsən. Çimnaz xanım, sənə hörmətim var. Qız anasısan, çəkil dur qıraqda. Zərif ərə gəlib. Bəlkə sən elə bilirsən ki, qızını ömürlük 7 ulduzlu otelə istirahətə göndərmisən?!
Çimnaz – Sən nə danışırsan? Mənim demək istədiyim odur ki, Zərif yorulur. Dərs, ev işləri. O, hələ ev işlərinə hazır deyil. Sən axı özün də söz vermişdin ki, Zərifə öz qızın kimi baxacaqsan, onu iş görməyə qoymayacaqsan...
Maral – Sən də çox şey vəd etmişdin. Nə oldu?
 
 
XXX
 
13/ Çimnazın mənzili.
Çimnazla Maralın telefon danışığı.
Çimnaz – Mən vəd etmişəm? Mən sənə nə söz vermişəm?
Maral – Mənim dediklərimi yadında saxlayırsan, bəs öz sözlərinizi niyə yadından çıxarırsan? Toyqabağı Vasif müəllim demədi ki, Ağaya öz oğlu kimi baxacaq? Bu nə cür atalıq-oğulluqdur. Mənim tifil uşağım qalıb işsiz-gücsüz. Atalıq etmək istəyirsə, çağırsın yanına, bir iş təklif eləsin. Özgə deyilik ki? Bir də kürəkəninə kömək elədi, ya qızına, nə fərqi var?
Çimnaz – Axı sənin oğlun işləyirdi? Yaxşı işi vardı. Xaricə getmək istəyirdi...
Maral – Hə, istəyirdi! İstəknən iş düzəlsəydi, nə var idi ki? Biz dedik Vasif müəllimlə qohum oluruq, daha belə problemlərimiz olmayacaq. Nə biləydik ki, Vasif müəllimin başı qarışıb özünə. Qızını başından edib ki, ikinci gənclik yaşasın?
 
XXX
 
14/ Çimnazın mənzili.
Çimnaz kresloda oturub. Çox kədərlidir. Qulluqçu Nazlı da oradadır. Təmizlik işləri görür. Çimnaz xanım sanki onu görmür. Fikri çox uzaqdadır.
Nazlı – Çimnaz xanım, nə olub? Çox fikirlisən?
Çimnaz – Daha nə olsun? Bundan artıq nə olsun?
Nazlı – Hə, Allah bu kişilərə ağıl versin. Sənin kimi qadını qoyub, düşüb o adamaoxşamazın dalına.
Çimnaz – Kimin? Sən hardan bilirsən?
Nazlı – Mən çoxdan bilirəm.
Çimnaz – Bəs indiyə kimi niyə mənə deməmisən?
Nazlı – Məni tanıyırsan da. Mən bir adamın sözünü başqasına danışmağı xoşlamıram. Amma bunu bir dəfə sənə demək istədim. Yadındadı? Zərifin toyu ərəfəsində. Sən fikir vermədin.
Çimnaz – Sən onu (başı ilə işarə edir) hardan tanıyırsan?
Nazlı – Onun da evinə gedirəm də. Əvvəllər ayda bir dəfə çağırardı, indi əlacı olsa, deyər gecə də burda qal. Daha heç çay da dəmləmək istəmir.
Çimnaz – Çayı da sən aparıb qoyursan onun qabağına?
Nazlı – Yox... Vasif müəllim...
Çimnaz – Nə?
Nazlı – Vasif müəllimi orda görəndə, inan ki, od tutub yanıram. Sən dünyanın işinə bax. Əyninə çit paltarı zorla tapan Şölə indi xanım olub. Gündə alış-veriş mağazalarındadı. Əyninə oldu-olmadı alır. Bir yaraşsaydı, dərd yarıydı...
 
XXX
 
15/ Çimnazın mənzili.
Çimnaz-Zərif.
Zərif – Hardan gəlirsən? Nə olub? Mam, niyə kefin yoxdur?
Çimnaz – Məhkəmədən gəlirəm. Ərizə verdim. Atanla boşanıram. Daha bəsdir.
(Zərif anasına yaxınlaşır. Ana-bala qucaqlaşıb ağlayırlar).
 
XXX
 
16/ Şölənin mənzili. 
Şölə-Jalə. (Qulluqçu Nazlı qapının dalından qulaq asır).
Jalə - Məni niyə çağırmısan? “Tez ol, dur gəl, təcili iş var”. Nə olub? Heç olmasa xeyirdi?
Şölə - Bundan sonra məndən ancaq xoş xəbərlər eşidəcəksən. Mən burdan köçürəm.
Jalə - Hara? Xaricə?
Şölə - Təzə mənzilimə.
Jalə - (sevincək Şölənin boynuna sarılır). Təzə ev almısan? Təbrik edirəm. Nə vaxt aldın?
Şölə - Bu Çimnaz mən düşündüyümdən də axmaq imiş. Bilirsən neyləyib? Boşanma ərizəsini yazıb (gülür).
Jalə - Çimnaz xanım bilir də səni necə sevindirmək olar. Bu onların öz işidir. Sən təzə mənzilindən danış. Navastroykadır?
Şölə - Mənim həyatım bundan sonra başlayır. Mən sənə demişdim axı, o ev mənim olacaq. Sən inanmırdın. Jalə, hazırlaş. Çox tezliklə biz ora köçəcəyik (Jalə təəccüblə bacısına baxır). Yenə inanmırsan? Mən sözü bayıra atmıram. Amma insaf naminə deyim ki, Çimnaz özü də istəmədən mənə kömək edir (gülür).
Jalə - Sən Çimnazın evini əlindən almaq istəyirsən?
Şölə - Çimnazla Vasif boşanır.
Jalə - Bunu gözləmək olardı. Bunu başa düşdüm. Evin bura nə dəxli?
Şölə - Yox, sən deyəsən başa düşmürsən nələr baş verir? Boşanmadan sonra əmlak bölgüsü olmayacaq? O mənzil Vasifindir. Çimnaz gör neçə ildir kef çəkib, bəsidir.
Jalə - Bəs Çimnaz? O harda yaşasın?
Şölə - Bu, bizim problemimiz deyil. Özü bilər. Qızını dövlətli oğlana ərə verib. Gedər onlarla yaşayar.
Jalə - Çimnaz qızıgildə yaşamaz. O, öz mənzilindən çıxmayacaq. Məncə sən vaxtından əvvəl sevinirsən.
Şölə - Ona qalsa, əlbəttə çıxmaz. Amma qanun var. O ev kimin puluna alınıb? Çimnaz bir qəpik qazanıb? Yox! Deməli, qanun kimin tərəfində olmalıdır? Bizim! Bilirəm, Vasifin ürəyi yumşaqdır. Uzağı Çimnaza birotaqlı mənzil alar. Neyləyir o boyda evi? Tək adamdır.
 
XXX
 
17/ Qulluqçu Nazlı Şöləgildədir. 
Otağı təmizləyir. Vasifin pencəyi stulun başına keçirilib. Nazlı pencəyi götürür, ora-bura baxır, pencəyin cibindən Vasifin şəxsiyyət vəsiqəsini götürür, cibinə qoyur. Nə edəcəyini bilmir.
Mətbəxə keçir. Şkafları bir-bir açır. Qabların içində gizlətmək istəyir. Şölənin səsini eşidir. Çaşır, əli titrəyir, şəxsiyyət vəsiqəsi mətbəx mebelinin arxasına düşür.
 
XXX
 
18/ Şölənin mənzili.
Vasif otaqdadır. Ciblərini axtarır. Masaya göz gəzdirir. Şölə içəri daxil olur.
Şölə - Hazırsan? Gəl gedək.
Vasif – Sən hara? Yox, ora sən gedən yer deyil.
Şölə - Səni tək buraxmaq istəmirəm. Çimnazı tanımırsan? Səni yenə əsəbiləşdirəcək (Vasif ciblərini axtarır). Nə axtarırsan?
Vasif – Şəxsiyyət vəsiqəmi görməmisən?
Şölə - Yox! Sumkana bax. Bəlkə Camala vermisən?
Vasif – Cibimdə idi. Bəlkə işdə qoymuşam?
Şölə - Onda tələs. Məhkəməyə gecikərsən. Çimnazın əlinə fürsət düşər.
(Vasif otaqdan çıxır. Şölə masanın üstünü axtarır, yerə baxır. Öz-özünə:) Bəlkə də özü bilərəkdən itirib (qulluqçunu səsləyir).
Şölə - Nazlı, sən buranı təmizləyəndə heç nə tapmamısan? Yəni Vasifin şəxsiyyət vəsiqəsini görməmisən?
Nazlı – Yox, tapsaydım gətirib sənə verərdim. Mənim nəyimə lazımdı?
Şölə - Gəl, buralara bir də göz gəzdir. Mətbəxə də bax. Bəlkə qabların içindədi. Tapsan, təcili mənə gətir. Tez elə.
 
XXX
 
19/ Şölənin mənzili.
Şölə kresloda oturub. Kefi yoxdur. Jalə gəlir. Onu bu halda görür.
Jalə - Nə olub? Niyə kefin yoxdur? Məhkəmə oldu? (Şölə cavab vermir) Aaa... başa düşdüm. Çimnaz boşanmaqdan vaz keçib. Hə?
Şölə - Vəziyyət bundan da pisdir. Vasif boşanmaq istəmir.
Jalə - (divanda oturur) Niyə? Nə oldu ki? Özü belə dedi?
Şölə - Hər şeyi sözlə deməzlər ki...
Jalə - Başa düşmürəm. De görüm, məhkəmə oldu, ya yox.
Şölə - Yox.
Jalə - Niyə?
Şölə - Vasif şəxsiyyət vəsiqəsini itirib. Görürsən, nə qədər sadə və aydın.
Jalə - Harda itirib? (Şölə hirslə onun üzünə baxır) Hə, bu o qədər də vacib deyil. Amma çıxış yolu var. Yenisini almaq olar. İndi bu problem deyil. İstəsə, lap bu gün ala bilər – “Asan xidmət mərkəzi”ndən.
 
XXX
 
20/ Şölənin mənzili.
Şölə Vasifə zəng vurur.
Şölə - Vasif, necəsən? Bilirəm, kefin yoxdur. Bu rəsmi sənəddir. Bunu kim götürə bilər? Sənin şəxsiyyət vəsiqən kimə lazım ola bilər? Burda Çimnazın əli var.
Vasif – Çimnazın bura nə dəxli var?
Şölə - O, boşanmamaq üçün...
Vasif – (onun sözünü yarımçıq kəsir) Boşanmaq üçün ərizəni o özü verib, mən yox! Bu mövzunu bağla.
Şölə - Yaxşı, hirslənmə. Mən sənə kömək etmək istəyirəm. İtib-itib də. Yenisini almaq olar.
Vasif – Tapmasam, yenisini alacam. Başqa çarə yoxdu ki?
Şölə - İstəsən, elə bu gün yenisini ala bilərsən – “Asan xidmət”dən. Deyirlər ki, bir neçə saata...
Vasif – Hələ bir dayan da. Bəlkə tapıldı. Bir də sən narahat olma. Mən özüm həll edəcəm (dəstəyi qoyur).
Şölə öz-özünə: bəlkə tapıldı. Bəlkəni əkiblər, bitməyib. Mən özüm həll edəcəm (ironiya ilə). Vasif özü həll edəcək. Mən bilirəm, necə həll edəcəksən. Amma mənə də Şölə deyiblər...
 
XXX
 
21/ Asan xidmət mərkəzi.
Şölə içəri daxil olur. Ətrafa baxır. Boş pəncərəyə yaxınlaşıb oturur.
Şölə - Salam, xanım qız. Necəsiniz?
İşçi – Buyurun.
Şölə - Bizim şəxsiyyət vəsiqəmiz itib.
İşçi – Kimin?
Şölə - Həyat yoldaşımın. Nə qədər axtardıq, tapılmadı. İtib-itib də. Özümüzü öldürməyəcəyik ki? Bu idarəni başbilənlər belə işlər üçün açıblar da.
İşçi – Həyat yoldaşınız özü müraciət etməlidir.
Şölə - O gələ bilməz. O, çox böyük adamdır.
İşçi – Necə böyük?
Şölə - Vəzifəsi də. Onun yerinə mən gəlmişəm. Bizə təcili lazımdır. Puluynan deyil? Nə qədər lazım olsa, ödəyəcəm.
İşçi – Xanım, biz qanunla işləyirik.
Şölə - Mən qanunsuz sənəd istəmirəm ki. Əlbəttə, qanunla.
İşçi – Həyat yoldaşınız bu işi sizə həvalə edib?
Şölə - Hə.
İşçi – Bu, rəsmi olmalıdır. Notariusla təsdiqlənməlidir. Adı, doğulduğu yer və tarix...
Şölə - Mən hamısını dəqiqliklə bilirəm. Qan qrupuna qədər.
İşçi – Bu, sənədlə təsdiq olunmalıdır.
Şölə - (səsini ucaldır) Sənəd mən! Mən boyda adama inanmırsan, bir parça kağıza inanacaqsan? Bu nə süründürməçilikdir!
(Səsə “Asan xidmət”in rəsmi işçisi gəlir)
Nə olub? Nə məsələdir?
(Şölə özünü ələ alır, gülümsünür).
Şölə - Aaa... Mən sizi tanıyıram. Buranın rəhbərisiniz. Anar Həsənov... yox Hüseynov. Anar Hüseynov. Sizi televizorda görmüşəm.
Anar – Mətbuat xidmətinin rəhbəriyəm. Nəsə problem var?
Şölə - (nazlana-nazlana) Anar müəllim, siz buranı niyə açmısınız? Vaxt itkisinin qarşısını almaq üçün, düzdü? Həyat yoldaşımın sənədi itib. İndi bizə təcili lazımdır. Pulunu da verirəm. Bu qız tutub məni sorğu-suala. Məndən o qədər lazımsız kağız-kuğuz tələb edir ki. Onları yığası olsaydım, elə gedərdim Daxili İşlər Nazirliyinə, vəsiqəni birbaşa onlardan alardım. Mən fikirləşdim ki, bura təzə açılıb, xeyri sizə verim. Yəqin bu qızı təzə işə götürmüsünüz. Belə xırdalıqları bilmir (çantasını axtarır). Baxın, bu, mənim şəxsiyyət vəsiqəmdir. Mən sizə yalan danışmayacağam ki?
Anar – (vəsiqəyə diqqətlə baxır) Həyat yoldaşınıza vəsiqə lazımdır? Siz axı evli deyilsiniz?
Şölə - (çaşqınlıqla) Hə... biz evlənmək istəyirik. Elə ZAQS-a gedirdik, ancaq şəxsiyyət vəsiqəsini tapa bilmədik. İndi bir vəsiqəyə görə toyumuzu təxirə salacağıq? Televizorda hər gün deyirsiniz ki, insanlara asan xidmət göstərirsiniz. Süründürməçilik etmirsiniz. Məktəblərə gedirsiniz. Uşaqlara elə məktəblərdə şəxsiyyət vəsiqəsi verirsiniz. Bir uşaq qədər də mənə etibarınız yoxdur?
Anar – (işçi qıza müraciətlə) Kağızı götürün, yazın. (sonra Şöləyə tərəf) Ərinizin.., evlənmək istədiyiniz adamın adı, soyadı, atasının adı.
Şölə - Əmirxanov Vasif Xankişi oğlu.
Anar – Doğulduğu yer və tarix.
Şölə - 47 yaşı var. Bakıda doğulub.
Anar – Evlidir, yoxsa subay?
Şölə - Subaydır... yox evlidir. Boşanmaq istəyir. Yəni əvvəl boşanacaq, sonra evlənəcək.
Anar – Qan qrupu?
Şölə - II qan qrupudur (özündən razı halda işçi qıza baxır). Evdə bir dənə ağcaqanad olsa, gəlir yapışır Vasifə. Bilirsiniz də, ağcaqanadlar II qan qrupu olan adamları dişləyir. O zika ağcaqanadları var ey, Braziliyada, əgər onlar bura gəlsə (gülür), birinci Vasifi dişləyəcək.
Anar – Oooo... bundan da xəbəriniz var?
Şölə - Mən hər gün televizora baxıram. Sizi də ordan tanıyıram. Nə yaxşı ki, belə mədəni xidmət mərkəzi yaratmısınız. Yoxsa bu süründürməçilərin (işçi qıza işarə ilə) əlində qalmışdıq. Get o sənədi gətir, bu sənədi gətir... İnsana inam olmalıdır. Mən yalan danışmayacağam ki?
(İşçi qız təəccüblə Anara baxır).
Anar – Yazın, yazın. Verin baxım.
(Anar kağızı götürür, gözucu baxır, Şöləyə təqdim edir. Şölə kağızı götürür, təəccüblə baxır).
Şölə - Bu nədir? Bunu kimə verim?
Anar – Əmirxanov Vasif Xankişi oğluna.
Şölə - Bu, adi kağızdır. Mənə ... bizə... Vasifə rəsmi sənəd lazımdır. Şəxsiyyət vəsiqəsi...
Anar – Bunun üçün Əmirxanov Vasif Xankişi oğlu özü müraciət etməlidir. Lazımi sənədləri təqdim edib, şəxsiyyət vəsiqəsi ala bilər.
 
XXX
 
7-ci bölümün sonu
 
ARDI  VAR

ŞƏRH YAZIN