Balaca Tırtılın Kəpənək Olmaq Uğrunda Uğurlu Mübarizəsi.

0
1838
Balaca Tırtılın Kəpənək Olmaq Uğrunda Uğurlu Mübarizəsi.

Dan yeri ağaranda yuxusundan yeni oyanan gül bağçasının ətirli gülləri günəşin ən gözəl rənginə şahid olurdu.Günəş utancaq bir şəkildə kainata gülümsəyirdi.Quşlar,günəşin ilk şəfəqləri ilə ətrafa dağılır,böyük bir sevinc  içərisində bütün gün ərzində davam edəcək oyunlarını oynamağa başlayırdı.Bütün gecəni oxuyan bülbülün səsi artıq cılızlaşmışdı.Qarışqalar sürü halında öz gündəlik ruziləri üçün yola düzülmüşdü.Arılar bir azdan min bir çeşidli,bir-birindən ətirli çiçəklərin dəvətsiz qonaqları olacaqdı.Günün ilk şəfəqləri ilə öz qozasından çıxan kəpənəklər bir günlük həyata sahib olsalar belə,bir ömür yaşamaq arzusu uğrunda qanad çırpacaqdı.Bir gün amma bir ömür,bir ömür amma bir gün…

Balaca tırtıl yaşıl yarpaqların arasında dolaşırdı.Bir gün kəpənək olacağının fərqinə varmayan balaca tırtıl sürünərək öz həyat yolunda santım-santım irəliləyirdi.Kainatda bir heç hesab ediləcək qədər kiçik də olsa,öz halından məmnun idi.Sürünərək yaşasa belə üsyan etməzdi.Gözləri bir gün arzusuna qovuşacağı ümidi ilə parıldayaırdı.Tırtılı belə xoşbəxt və ümidli edən tək xəyalı uçmaq idi.Tırtıl öz-özünə deyərdi və bu kəlimə onun dilindən heç bir zaman düşməzdi:

-İndi sürünsəm də bir gün mən də mütləq uçacağam.Mən bacaracam,bir gün mütləq bacaracam!Bir gün uçacağıma öz varlığım qədər inanıram.

Balaca tırtıl dərin bir düşüncəyə daldı və arzularında hələ heç kəsin kəşf edə bilmədiyi gözəl yerlərə uçdu.Səmada mahnılar oxudu…

Tırtıl nə zaman gözlərini yumsa hər zaman eyni bir xəyalı – uçduğunu görürdü.Hər gün uça biləcəyinə dair olan inamı təzələnir və beləcə içindəki bu uçmaq arzusu bir qat daha artırdı.

Ətrafındakılara deyirdi:

- Bir gün mən də uçacağam.

Heç kim onun bu dediklərini ciddi qəbul etməz və hətta lağa belə qoyardılar.

Tırtıl deyilənlərə fikir vermir və uçmağa cəhd edirdi.Yerdən çox da yüksək olmayan bir yarpağın üzərinə çıxdı və özünü həmin boşluğa buraxdı.Lakin ilk cəhdi uğursuz oldu və öz-özünə dedi:

-Bu dəfə uğurlu alınmadı,ancaq gələn dəfə bunun öhdəsindən gələcəm.

Balaca tırtıl bunu bir neçə dəfə təkrarladı və hər dəfə də eyni şeylə qarşılaşdı.Nəsə yolunda getmirdi.Amma nə?İlk öncə bunun nə olduğunu tapmalı idi və öz-özünə dedi:

- Mən niyə uça bilmirəm?Digər uçanların məndən fərqi nədir?Onlar necə uçur?

Tırtıl bu fikirləri ağlından çıxarmır və bu suallara cavab tapmağa çalışırdı.

Bundan əvvəl mən özümə niyə sual vermədim?Əgər bu sualların cavabını daha öncədən düşünsəydim indi bəlkə də axtardığım şeyə bir addım daha çox yaxınlaşmış olacaqdım.Bəli,mən uçmaq istəyirəm,amma sadəcə bunu istəməyim kifayət etmir.Dəfələrlə buna şahid oldum.Bunu da bilirəm ki,istəmək hər şeyin əvvəlində gəlir.Deməli,hələ yolun başlanğıcındayam.

Tırtıl bu minvalla sürünməyə davam etdi və artıq kainata fərqli nəzərlərlə baxırdı.Bir az irəlidə qabağına üzərində yazısı olan daş çıxdı.Daha da yaxınlaşan zaman bu yazının illər öncə  başqa bir tırtıl tərəfindən cızılmış ola biləcəyini anladı.Daşın üzərində:

- Əgər uğur qazanmaq istəyirsənsə özünü tanı,çatışmazlıqlarını tamamla,yolundakı imkansızlıqları dəf et.

Balaca tırtıl öz-özünə dedi:

- Mən özümü nə qədər tanıyıram ki?

Əlinə iki yarpaq aldı.Birinə müsbət,digərinə mənfi xüsusiyyətlərini yazdı.Sonda qarşısına elə şeylər çıxdı ki,özünə heç bu qədər yönəlmədiyinin fərqinə vardı.

Uğuru əldə etmək istəyirsənsə,özünü tanı və həmin şeyə inamla addımla.

 

 Tərcümə etdi:Nəzrin Məmmədova

ŞƏRH YAZIN