Bir Stəkan Südün Qarşılığında

0
9637
Bir Stəkan Südün Qarşılığında

Nərgiz yoxsul bir ailənin qızı idi və məktəb xərclərini qarşılamaq üçün qapı-qapı gəzərək müxtəlif əşyalar satırdı.
Bir gün o, heç bir şey sata bilməmişdi və həm də çox acmışdı. Bundan sonra döyəcəyi ilk qapıdan yemək üçün bir şey istəməyə qərar verdi. Qapını açan gülərüz gənc qadını gördükdə utandı və yemək əvəzinə sadəcə: “Bağışlayın, bir stəkan su xahiş edə bilərəmmi?” -deyə bildi.Gənc qadın qızın ac ola biləcəyini düşünərək ona böyük bir stəkan dolusu süd gətirdi.Qızcığaz südü yavaş-yavaş içdikdən sonra:“Çox sağ olun, borcum nə qədərdir?”- deyə soruşdu.Qadın : “Borcunuz yoxdur” - dedi və gülümsəyərək davam etdi :“Böyüklərimiz göstərdiyimiz mehribanlıq və nəzakət üçün heç bir qarşılıq gözləməməyi öyrədib bizə”.
Nərgiz : “Onda sizə ürəkdən təşəkkür edirəm” - dedi. O,  bu evdən uzaqlaşarkən özünü təkcə fiziki olaraq deyil, daxilən də güclü hiss edirdi.
İllər sonra o gənc qadın çox ağır bir xəstəliyə tutulur.Bu xəstəliyi kiçik bir qəsəbədə müalicə etmək mümkün olmadığından qadını şəhərə göndərirlər.Nərgiz həkim müayinə etməsi üçün ona həvalə olunan xəstənin hansı qəsəbədən gəldiyini eşidəndə həyəcanlanır. Artıq gənc olmasa da, illər əvvəl ona qayğıyla yanaşan qadını gördüyü ilk anda tanımışdı və onun həyatını qurtarmaq üçün əlindən gələni edirdi.Uzunmüddətli müalicədən sonra qadın tamamilə sağalır. Nərgiz yoxlanması üçün ona gətirilən hesaba diqqətlə baxır, üstünə nəsə qeyd edərək zərfin içinə qoyur və xəstə qadının otağına göndərir.Qadın əlləri titrəyərək zərfi əlinə alır. Açmağa qorxurdu , çünki  xəstəxana hesabını ödəyə bilməyəcəyini və onu ödəyə bilmək üçün çox işləməli olduğunu bilirdi. Nəhayət, zərfi açır  və içindəki qeyd diqqətini cəlb edir. Kağızda belə yazılmışdı : “Xəstəxana xərclərinin hamısı bir stəkan süd qarşılığında ödənilmişdir”.

Korrektə etdi:Günel İbadova

 

ŞƏRH YAZIN