Dayı gəldi də, getdi də...

0
10014
Dayı gəldi də, getdi də...

 Sadə geyimli yad bir adam məhəllə dükanına girir. Bir qədər satıcıya, piştaxtaya baxandan sonra deyir:

- Qardaş, mən səndən nisyə çörək çay, yumurta istəsəm, verərsənmi?

- Eləsi var ki, üç aydan bəri pulsuz çörək aparır. Doğrusu, heç onun bu haqqı ödəyəcəyinə də inanmıram. Amma neyləyim, üç yetimə baxır, balalarını ac qoymayacağıqki? Allah Böyükdür, bizim də ruzimizi yetirər. Sənə verdiyim çörəyin də heç haqqını istəmirəm. Götür get, halal xoşun olsun.Yad adamın üz-gözündə təbəssüm dolaşır və deyir:
- Sənin o dəftərində nə qədər borc var?
Satıcı bir qədər təəccüb, bir qədər də əsəbi halda soruşur:
- Neynirsən axı?
Gələn adam rahatlıqla, bir qədər də güvənverici bir tərzdə söhbəti davam etdirir:
- Bax, qardaş, çox xahiş edirəm, əsəbiləşib eləmə. Mən o qədər boş-bekar adam deyiləm ki, gəlib burada sənin əsəblərini korlayım, vaxtını zay edim. Sənin o dəftərini satın alacağam. Xahiş edirəm ki, oradakı bütün borcları elə indicə hesablayıb deyəsən. Satıcı bir qarşısındakı adama, bir də dolub -daşan dəftərə baxır. Deyəsən, daha müqavimət göstərmək istəmir. Yanındakı kalkulyatoru götürüb 1-ci səhifənin başından üzü aşağı hesablamağa başlayır. Məlum olur ki, məhəllə camaatı bu dükana yeni Azərbaycan pulu ilə 2 min 345 manat 80 qəpik borcludur. Gələn adam pencəyinin döş cibindən bir dəstə pul çıxarıb o məbləği satıcının qarşısına qoyur və deyir:
- Qardaş, Allah səndən razı olsun. Sən bu camaata bu qədər güvənirsənsə, Allahı düşünüb yetimi ac qoymursansa, demək, yaxşı adamsan. Mən hər kəsin borcunu ödədim. Bu da mənim bu camaata Ramazan payım olsun. İndi o dəftəri mənə ver. Mən onu aparıb basdıracam və inanıram ki, Qiyamət günündə o siyahı mənim köməyim olacaq. Adam dəftəri götürüb mağazadan çıxır.
Dükançı qarşısındakı pulları sayıb daxılın gözünə qoyanda hələ də baş verənləri tam anlaya bilmirdi. Elə bil ki, onu don vurmuşdu. Dükanın balaca pəncərəsindən çölə baxdı. Yad adam görünmürdü. İftar saatına az qaldığı üçün hər kəs evinə tələsirdi. Bu zaman əri vərəm xəstəliyindən ölmüş Sürəyyanın 7 yaşındakı qızı qapının ağzında göründü və utana - utana:
- Əhməd əmi, anam deyir ki, iftara 1 çörək, 3 yumurta versin. Gələn ay dayım bizə gələndə pulunu verərik. Dükançı qızın sözlərindən elə bil ki, yuxudan ayıldı. Adəti üzrə dəftəri çıxarmaq üçün əlini piştaxtanın altına atdı. Bir an dayandı, gülümsündü və dedi:
- Gəl, ay qızım, yumurta da götür, çörək də, yağ da. Anaya da söylə ki, o dayı gəldi də, getdi də...
 

ŞƏRH YAZIN