ŞİRİN HƏYAT.

0
7117
ŞİRİN HƏYAT.

Atamın niyə bu qədər fikirli olması məni narahat edirdi, amma alacağım kişmişlərin həvəsi bu narahatlığı bulandırıb silirdi. Gölün kənarında oturub onları tək-tək, dadını çıxararaq yeyəcəkdim. Beləcə istirahətim də uzun çəkərdi... Atam otağa niyə gəldiyimi anlamışdı. Üzümə baxıb sakitcə gülümsədi. Əlimi əlinin içinə alıb ovcumu kişmişlə doldurduqda dəhşətə gəldim. Bir ovuc! İlahi, bu kimə bəs edər axı? Həmin an onun dünyadakı ən xəsis ata olduğunu düşünüb dişlərimi qıcadım. "Kaş ki əllərim çox böyük olardı. Lap bu otaq qədər. Onda, görüm, ovcumu necə doldurardın"- deyə düşündüm. Atam düşündünlərimi anlamış kimi yanımda çöməlib oturdu və əlimi buraxmadan dedi:

-Bax, oğlum... Həyat da sənin çox sevdiyin bu kişmişlər kimidir. Unutma, bircə dəfə və əlində tuta biləcəyin qədər verilir. Nə az, nə çox. Ondan doymazsan, amma başqalarıyla bölüşmək də istəyəcəksən. Ona görə də düzgün insanları seçməlisən. Elə insanlar ki, həyatından bir parça qoparıb verdiyinə dəysin.
Sözlər o qədər sakit və ürəkdən deyilirdi ki, bir anlıq hər şeyi unudub var gücümlə atamın dediklərinə qapıldım. Amma başımı aşağı salıb ovcuma baxanda hər şey pozuldu:
-Aaa! Qurd! Sən mənə qurdlu kişmiş vermisən!
-Yox, Əli, bu qurd deyil, üzümün çöpləridir.
Atam səsimdən diskinmişdi. Mən isə artıq susmurdum:
-Mən tanıyıram üzümün çöpünü. Bu qurddu, qurd.
Nəhayət, kişmişlərin arasındakı balaca qurdu görüb kənara atdı. Artıq nə ciddiliyi qalmışdı, nə də fikirləri. Alnını ovuşdurub sakitcə gülməyə başladı. Dodağının altında "lənət şeytana" dediyini eşitdim:
-Çoxumuz da elə sənin kimi edirik, Əli. Həyatın bir az çətinliyini, qurdunu görən kimi onu atıb qaçmaq istəyirik. Amma belə olmaz. Onu təmizləmək lazımdır. Sevmək lazımdır, Əli.
Onun gülüşündən həvəslənib söhbətə başladım: 
-Ata, mənim həyatım qurdlansa, onu sənə, anama, ya da dostlarıma vermərəm. Ən xoşlamadığım adamlara verərəm, özü də demərəm ki bu qurdludur.
-Yox, belə etmə.
-Edərəm. Özüm də təzəsini götürərəm. Sənin üçün də alaram. Bir ovuc yox, lap çox.
-Nəyi alarsan, Əli? Biz ki həyatdan danışırıq və mən sənə izah etdim ki bu bizə bircə ovuc verilir. Bundan artıq götürə bilməzsən. Ona görə də seçimlərini düzgün etməlisən.
-Bəs başqaları da bizə öz kişmiş həyatlarından verəcək?
-Hə.
-Bəs onlar qurdlusunu versə?
-Qurdlusunu versə, alma.
-Bəs məni inandırsalar? Alsam, amma sonra bilsəm ki qurdludur?
-Yemədiyin müddətcə çətinlik yaratmaz.
-Bəs...
Bu söhbət təqribən yarım saat beləcə davam etdi. Həyat haqqında nə qədər çox şey öyrəndiyimin fərqində deyildim. Yaşa dolduqca atamın necə haqlı olduğunu anladım. Həyatın şirinliyini, əlimizdə tuta bilməsək bizdən uzaqlaşacağını, onu sevib, təmizləyib dadını çıxarmağın özümüzdən asılı olduğunu daha yaxşı başa düşdüm. Biz atamla filmlərdəki, kitablardakı kimi qısa və göstərişli dialoqlar qura bilmədik bəlkə də, amma birlikdə çox şey öyrəndik.
 
Müəllif : Zümrüd Əliyeva 

ŞƏRH YAZIN