Əmək bazarında mövsümilik: Hansı mövsümdə iş axtarmaq daha yaxşıdır?

0
1910
Əmək bazarında mövsümilik: Hansı mövsümdə iş axtarmaq daha yaxşıdır?

İş axtardığınız müddət ərzində stress hər zaman sizin yanınızda olur. Axtarış, həyəcanlı gözləyişlər və müsahibələr sizi narahat edir və davamlı stress halının yaranmasına səbəb olur. Bəs bütün səyləri səfərbər edib işdən ayrılmaq və karyeranız yolunda yeni imkanlar açmaq üçün ən ideal vaxt nə zamandır?

İnsanlar hətta işə sahib olduqdan sonra belə, hər zaman iş axtarışında olur və daha səmərəli təklifləri zamanında qiymətləndirməyə çalışırlar.

Bəs sözü gedən bu təkliflər ilin bütün mövsümləri üzrə bərabər paylanılıbmı və ya namizədlərə olan tələbin yüksək olduğu hər hansı bir mövsüm mövcuddurmu?

Mövsümilik:

Bəzən əmək bazarında tələbat müəyyən dövrlərdə fərqli göstəricilər nümayiş etdirir. Məsələn, Yeni ildən əvvəlki və sonrakı dövrü iş yerini dəyişmək və ya yeni iş yeri axtarmaq üçün əlverişsiz hesab etmək olar. Səbəb isə olduqca sadədir: hər kəs ona verilən istiahət hüququndan tam şəkildə istifadə etməyə çalışır.

Biznes qurmaq üçün yay - "ölü mövsüm" hesab olunduğu halda, payız - iş ilinin başlanğıcı və əmək bazarının canlanma dövrü hesab olunur. Bununla yanaşı, mütəxəssislərin bəziləri yay mövsümünü yeni iş yeri axtarmaq üçün ideal vaxt hesab edirlər. Belə ki, tətil dövründə iş axtaran namizədlər arasında rəqabət göstəricisi daha aşağı olur. Şirkətin payız mövsümünə - iş ilinin qızğın vaxtına hazırlaşması yeni vakansiyaların açılmasına və namizədlərə daha loyal münasibət göstərilməsinə səbəb olur. Eyni zamanda, bu mövsümdə öz istəyi ilə işdən ayrılan şəxslərin sayı artır. Çünki tətildən qayıdan əməkdaşlar öz həyatlarında yenilik etmək üçün daha çox gücə və istəyə sahib olurlar.

Bu dövrdə yeni işçilər işə və kollektivə daha asan uyğunlaşırlar. Bu isə onlara payız aylarında öz öhdəliklərini tam və dəqiq şəkildə yerinə yetirmək imkanı verir.

Payız mövsümündə şirkətlərin işgüzar həyatında canlanma müşahidə olunduğu kimi, iş axtaran namizədlərin sayında da artım qeydə alınır. Nəticə etibarilə, namizədlərin seçim şərtləri sərtləşdirilir və rəqabət artır.

Fəaliyyət sahələri:

Bazarı daha diqqətli şəkildə nəzərdən keçirdikdə, müəyyən sahələr üzrə fəallıq göstəricilərini qeyd etmək mümkündür. Məsələn, spirtli içkilərin istehsalı və satışı ilə məşğul olan şirkətlərdə bayram öncəsi canlanma müşahidə olunur. Buna səbəb bu dövrdə həmin məhsullara olan tələbatın artmasıdır.

Tikinti sahəsində isə aprel-oktyabr aylarında işçilərə olan tələbat artır.

Bəzən satış üzrə mütəxəssislər Yeni il bayramından sonra öz iş yerini tərk edirlər. Bir qayda olaraq, həmin dövrə qədər onlara illik bonuslar ödənilir.

Bütün bunlarla yanaşı, audit, mühasibat və maliyyə sahələrini xüsusilə vurğulamaq lazımdır. Qeyd edək ki, biznesin mövsümi xarakteri bu sahələrdə öz əksini tapmır. Yəni, sözügedən sahələrdə iş yerlərinə olan tələbat mövsümdən asılı olaraq dəyişmir.


 

ŞƏRH YAZIN