İşdə uğur qazanmaq üçün hansı nöqsanları aşmalı?

0
2036
İşdə uğur qazanmaq üçün hansı nöqsanları aşmalı?

"Uğur" dedikdə, insanın maliyyə vəziyyəti başa düşülür, yəni işində uğur qazanmısansa, özünə çox şey icazə verə bilərsən. İnsan uğuru başqa yöndə də qazana bilər, amma bu dəfə biz iş planında qazanılan uğur barədə danışacağıq.


Psixoterapiya Mərkəzinin psixoloqu Nərgiz Hüseynova uğur qazanmaq istəyən hər kəsin ilk öncə "uğurun" onun üçün hansı məna kəsb etdiyini araşdırmalı olduğunu qeyd edib.

"Uğur hər bir insan üçün müxtəlif məna daşıya bilər. Bəzən başqasının uğurunu təkrar etmək istəyən insanlar səhv hərəkətlər edərək özünə ziyan vura bilər. Uğur qazanmaq istəyən hər bir insan qarşısına konkret məqsədlər qoymalıdır. Çatmaq istədiyiniz məqsəd haqqında fikirləşin. Öz daxili səsinizə və emosiyalarınıza fikir verin. Əgər bu işsizlikdirsə, onda şüuraltı o dəqiqə sizə cavab verəcək. Əgər yox, onda fikirləşin – bəlkə bu yolda əziyyət çəkməyə dəyməz?! Həyat məqsədlərinin düzgün qoyulması artıq uğurun yarısıdır".

Psixoloq qarşınıza reallıqdan uzaq, özünüzə inanılmaz gələn məqsədlərin qoyulmasının düzgün olmadığını vurğulayıb: "Belə məqsədlərə sizin şüuraltınız inanmayacaq və nəticədə həmin məqsədi yarımçıq qoya bilmə ehtimalı yaranacaq".

Məqsədinizə çatmağın yolları:

"Düzgün məqsədi seçən kimi ona yaxınlaşmaq üçün addımlarınızı yaza bilərsiniz və hər gün heç olmasa bir addım yerinə yetirə bilsəniz, öz məqsədinizə hər gün bir az da yaxınlaşmış olarsınız. Addımları keçə-keçə həm özünüzə inamınız artacaq, həm də düzgün yolla gedərək bir gün məqsədinizə çatacağınızı aşkar edəcəksiniz. Bir də onu qeyd etmək istəyirəm ki, uğur qazanmaq istəyən insan bunun üçün çox çalışmalıdır. Siz öz üzərinizə məsuliyyət götürüb hər gün işləməlisiniz. Yalnız bu halda uğur sizin qapınızı döyə bilər. Unutmayın ki, insan daim öz üzərində çalışmaqla, öz məqsədinə çatmaq üçün lazımi biliklər qazanmaqla uğur əldə edir. İndiki zamanda biliklər qazanmaq üçün müxtəlif yollar var. Hər bir sahədə uğur qazanmaq olar. Lazımi biliklər əldə etmək üçün çoxlu sayda kitablar, internet və müxtəlif treninqlər sizə kömək edə bilər". 

Uğura qapı açmaq üçün hansı nöqsanlardan uzaq durmalı:

"Uğur qazanmaq istəyənlər 6 nöqsandan uzaq durmalıdırlar: çox yatmaq, tənbəllik, qorxu, qəzəb, bekarçılıq, qətiyyətsizlik. Tənbəllərə oxşamağa çalışmayın. Təəssüf ki, son zamanlar bizə müraciət edən gənclərdən məqsədlərini soruşanda ancaq “vəzifə istəyirəm” cavabını almaq olur. Amma konkret hansı vəzifə sualı verəndə çətinlik çəkirlər".

Unutmaq olmaz ki, elə insanlar vardır ki, gördüyü işdən maksimum zövq ala bilirlər. Onların əhval-ruhiyyəsi həmişə yerində olur, çox xeyirxah və gülərüz insan təsiri bağışlayırlar. Məhz bu formada işləyərək uğur qazanan insanlar siyahısına daxil olmaq mümkündür.
 

ŞƏRH YAZIN