İşin səmərəli keçməsinə mane olan nədir?

0
2372
İşin səmərəli keçməsinə mane olan nədir?

İşin səmərəli keçməsinə mane olan nədir?


Əksəriyyət günün çox hissəsini işdə, ofisdə keçirir. Bu səbəbdən də iş yoldaşları ilə düzgün münasibət qurmaq, çalışqan olmaq, işə, yeniliklərə tez adaptasiya olunmaq vacibdir. Mütəxəssislərin fikrincə, qapalı, insanlarla ünsiyyət qura bilməyən adamlar işə və iş yoldaşlarına çətin uyğunlaşır. 

Sosioloq Yeganə Əliyevanın sözlərinə görə, işə yeni gələnlər daha çox sıxılır. "Adətən, işçilər ilk gündən öz məharətlərini göstərə bilmirlər. Onlara şərait yaratmaq lazımdır ki, özlərini sərbəst hiss etsinlər. Ona görə ki, sıxılan adam işdə özünü sərbəst hiss edənlərə nisbətən daha az nəticə göstərə bilər" deyən Y.Əliyevaya görə, iş yerlərində mübahisələrsiz mümkün deyil. Dediyinə görə, nə qədər çalışsan da, hansısa bir işçi ilə fikrin düzgün gəlməyə bilər. "Bu səbəbdən də çalışmaq lazımdır ki, mübahisəyə girməyəsən. Problemləri sakit həll etmək lazımdır". 

İş yerlərində kollektivə uyğunlaşmayan adamların da olduğunu deyən sosioloq bildirib ki, belələrinə işdə çox çətin olur. "İşçi heyət səmimi və ünsiyyətcil adamları xoşlayır. Özünü dartan adamları heç kəs bəyənmir. Bu səbəbdən də iş yoldaşları ilə sadə və mehriban münasibətlər qurmaq lazımdır. Yox, əgər kimsə kollektivə uyğunlaşa bilmirsə, demək, problem kollektivin özündədir. Kollektiv bu adamı qəbul etmək istəmir. Bir çox hallarda kollektiv belə adamların işdən sıxışdırılmasına nail olur". 

Dediyinə görə, ofisdə təmizliyin, səliqənin gözlənilməsi də vacib amillərdəndir. "İşçilər arasında normal münasibət olan kollektivlərdə bununla bağlı problemlər olmur. Lakin problemli kollektivlərdə səliqənin gözlənilməsi ilə bağlı qrafik tutmaq lazımdır. Qrafikdə növbə ilə səliqəyə baxan işçilərin adları qeyd olunur. Bu üsul işdə ən çox yayılan məişətlə əlaqədar olan mübahisələrə son qoyur. Həm də qrafik işçilərin daha da məsuliyyətli olmasına səbəb olur ki, hər kəs öz növbəsində narazılığa səbəb olmasın deyə səliqəli olmağa çalışır". 

İş yerlərində paxıllıq və rəqabət hissinin olmasına gəlincə, Y.Əliyeva bunu normal hal kimi qiymətləndirir. "Sağlam rəqabət olan kollektivdə işə münasibət daha ciddi olur. Lakin kiminsə çirkin əməllərlə digər işçiləri üstələməsi yaxşı hal deyil və kollektiv bundan xəbərdardırsa, bunun qarşısını almaq üçün birgə tədbirlər görməlidir. Sağlam rəqabət isə işgüzarlığı daha da artırır. Bəzən rəhbərlik özü süni olaraq işçilər arasında rəqabət hissini yaradır. Misal üçün, işçilərdən birinə digərlərinin yanında "görün, nə yaxşı işləyir" deyərək müraciət edir. Bu isə digər işçilərin daha səylə çalışması ilə nəticələnir". 

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, iş ümumilikdə adamı qane etsə də, müəyyən xırdalıqlar insanı narahat edir, işin səmərəli keçməsinə mane olur. "Məsələn, iş yoldaşlarının hərəkətləri, dedikləri sözlər adamı əsəbləşdirə bilər. Həqiqəti isə onlara demək həmişə mümkün olmur. Bunları nəzərə alaraq, insan özü də digərlərini əsəbləşdirməmək üçün iş vaxtı emosiyalarını idarə etməli, davranışına fikir verməlidir. Bəzən insanın adi sandığı ən sadə hərəkətlər belə başqasının nifrətinə səbəb olur. Hətta həmin adam kollektivin qınaq obyektinə də çevrilə bilər". 

Xüsusilə də adamların çox işlədiyi ofislərdə sakitliyin gözlənilməsinin çətin olduğunu deyən müsahibimiz bildirib ki, yaxşı işləmək, fikri cəmləmək üçün sakitliyin olması vacibdir. "Lakin bu, həmişə mümkün olmur. Bəzi iş yerlərində isə misal üçün, telefon zəngləri ilə bağlı işlərdə daim səs-küy olur. Bu, həm diqqəti yayındırır, həm də yorğunluğa, halsızlığa, əsəbiliyə gətirib çıxarır. Lakin işin keyfiyyətli olması üçün sakitlik lazımdır. Sakitliyin isə mümkün olmadığı vaxtlarda və ya sizi əsəbləşdirən söhbətlər zamanı qulaqcıqlar vasitəsilə həzin, sakitləşdirici musiqiyə qulaq asmaq kömək edir. Bu, sizi ümumi söhbətdən uzaqlaşdıra, sakitləşdirə və fikrinizi cəmləməyə kömək edə bilər.
 

ŞƏRH YAZIN