Nə üçün müraciət etdiyim iş elanlarına cavab ala bilmirəm?

0
1952
Nə üçün müraciət etdiyim iş elanlarına cavab ala bilmirəm?

Yəqin bu sual çoxlarını maraqlandırmaqdadır. Amma təəssüf olsun ki, məsul tərəf kimi özümüzü unutmaqdayıq. Göndərdiyiniz CV-lərə uyğun pozitiv cavab almaq istəyirsinizsə, aşağıda qeyd olunan tövsiyyələri diqqətdən qaçırmayın.


1. Təcrübə və staj proqramları
İlkin etapda bir çoxumuz təcrübə “sindromunu” yaşamaqdayıq. Bu da işəgötürənin prizmasından baxdıqda normal bir hadisədir. Çünki təcrübəli işçi şirkətə qısa müddət ərzində daha çox fayda verə bilər.

Odur ki, ilk öncə şirkətlərin təklif etdiyi staj proqramlarına müraciət və yaxud şirkətlərə staj proqramında iştirak etmə istəyinizlə bağlı fikrinizi bildirmək məqsədə uyğun addım ola bilər.

Aldığınız təhsilə uyğun gələn iş imkanlarına sahib şirkətlərə qısa, səliqəli və məramınızı bildirən gözəl üslublu məktublar da köməyinizə çata bilər.

2. Profilinizə uyğun iş elanları
İxtisasınız, universitet illərində qazandığınız təcrübələr və aldığınız qeyri-formal tədrisə uyğun gələn iş elanlarına müraciət də “yox” cavabının alınmaması istiqamətində vacib şərtlərdəndir. 

Hardan olsa başlayım prinsipi ilə bütün elanlara "hücum" etmək həm vaxtınızı alacaqdır, həm də şirkətlərdən pozitiv cavab gəlmədikdə sizlər periodik stresslərlə üz-üzə qalacaqsınız.

3. CV-niz sizin güzgünüzdür
Təhsiliniz, iştirak etdiyiniz seminar və təlimlər, təcrübələriniz, referanslar, əlaqə vasitələri, şəkliniz və s. CV-lərinizdə səliqəli və aydın üslübda işəgötürənlərə təqdim olunmalıdır.

Unutmayın ki, iş bazarı ən gərgin və ən dinamik sahələrdən biridir. İllik məzunların sayı isə kifayət qədər çoxdur. Şirkətlərin sizin CV-nizi yüzlərlə CV-nin arasından seçə bilməsi üçün fərqlənməniz şərtdir.

+ 1. Yeniliklərin təqib olunması
Əlavədir, lakin yüzlərlə namizədin arasından seçilmək üçün çox əhəmiyyətli bir faktordur. Texnoloji yenilikləri və müasir bilikləri təqib etmək, onlara yiyələnməklə zamanla ayaqlaşmış olacaqsınız ki, bu da şirkətlərə qısa müddətli adaptasiyanı təmin edəcək və seçimlərində sizləri üstün tutması ehtimalı yüksək olacaqdır.

Məsələn, mühasibsinizsə, bu sahəyə müvafiq yeni standartlar, yeni proqramlar haqqında məlumat toplamalı, seminar, təlim və kurslarda iştirak etməklə sertifaktların əldə olunmasını təmin etməlisiniz. Bu amil sizin bu bilikləri əldə etdiyinizi göstərməklə yanaşı aktivliyinizi, yenilikçiliyinizi də biruzə verməkdədir.

+2. “SOS”ial şəbəkələr
Sosial şəbəkələr bizlər haqqında daha dərin və təfərrüatlı məlumatların demək olar ki, hər kəs tərəfindən bilinməsini təmin etməkdədir. Müsbət və mənfi tərəfləri vardır əlbət, lakin bizə məsələnin digər tərəfi maraqlı olduğu üçün bunları sadalamayacağıq.

Vacib olan məqam isə ondan ibarətdir ki, işəgötürənlər bizlər haqda daha dolğun məlumatı sosial şəbəkələrdən də almaqla, onlara göndərdiyimiz CV-də göstərdiyimiz məlumatların uyğunluğunu, həmçinin bizim psixoloji portretimizi müəyyənləşdirə bilməkdədirlər.

İstənilən halda mütəxəssis rəyləri vacibdir. Onların təkliflərini dinləməklə və yaxud müvafiq mənbələrdən təqib etməklə zəif tərəflərinizi müəyyən etməli və peşəkarlaşmağa çalışmalısınız.

Unutmayın ki,  İş axtarmaq da bir İşdir!




 

ŞƏRH YAZIN