Lider Və Onun Komandası

0
3008
Lider Və Onun Komandası

Təşkilat və müəssisələrdə kollektiv düşüncəyə malik olan vahid komandanın formalaşdırılması çox çətin və mürəkkəb bir prosesdir. Bunun üçün ilk növbədə qarşıya qoyulmuş ümumi məqsəd, yəni missiya bütün komanda üzvləri tərəfindən qəbul edilməlidir. Komanda daxilindəki üzvlərdən hər hansı biri öz şəxsi mənafeyini ümumi mənafedən üstün tutduğu anda onun maraqları artıq kollektivin məramı ilə uzlaşmamağa başlayır və o, birgə fəaliyyətdən yavaş-yavaş təcrid olunur.

“Birgə fəaliyyət” üçün ümumi iş hamı tərəfindən qəbul olunmuş müəyyən plan və proqram çərçivəsində icra edilməlidir. Komanda öz məqsədlərinə nail olmaq üçün prinsiplərini müəyyən etməlidir. Yəni nəzərdə tutulmuş işlər qrupun missiyasına xələl gətirməyən vasitə və yollarla həyata keçirilməlidir. İşlərə ayrılan vaxt sərfini minimuma endirmək üçün komanda üzvlərindən kimin hansı işlə məşğul olacağı dəqiq müəyyənləşdirilməlidir. Hamının bir-biri ilə əlaqə saxlaya bilməsi, ümumi işin vəziyyəti barədə işçilərin məlumatlandırılması üçün mütəmadi olaraq yığıncaqlar keçirilməlidir. Amma bu iclaslarda da əsas məqsəddən yayınmaq lazım deyil. Yəni bəzən elə olur ki, üzvlər yeni ideya vermək, şirkətin inkişafı üçün fikir mübadiləsi aparmaq əvəzinə “kor kora kor deməsə…” məsəlinə uyğun olaraq bir-birlərini tənqid atəşinə tuturlar. İclaslara hazırlıqsız gələn, ideya verməyən, yalnız problem saymaqla məşğul olan, ortaya çıxartdığı problemlər üçün heç bir alternativ həll yolu təklif etməyən, liderin bütün təkilflərinə “hə, əla fikirdir” deyən şəxslərin komandada tutduğu mövqe bir daha nəzərdən keçirilməli, mümkünsə, onlara başqa iş həvalə olunmalıdır.

“Ümumi məqsəd”dən yayınma hallarının aradan qaldırılması və “birgə fəaliyyət”də qayda-qanunların tətbiq edilməsi üçün səlahiyyətləri digər komanda üzvlərindən artıq olan bir başçıya, liderə ehtiyac vardır. Komandanın liderinin vəzifələri arasına “ümumi məqsəd”in formalaşdırılması, “birgə fəaliyyət”in təşkili və davam etdirilməsi daxildir. Əgər o bunların öhdəsindən gələ bilmirsə, deməli bəzi məsələlərdə ciddi səhvə yol verir. Elə qrup üzvləri olur ki, onlar – haqlı və ya haqsız olmalarına baxmayaraq – liderin göstərişlərinə tabe olmaqdan boyun qaçırırlar. Belə məqamlarda lider ona verilmiş səlahiyyətlər daxilində və öz şəxsi keyfiyyətləri sayəsində komandada ədalət prinsipini təmin etməlidir. Müharibədə qələbə əsgərlərin, məğlubiyyət isə generalların adına yazıldığı kimi qrup fəaliyətində də yazılmamış bir qanun var: “Uğur bütün qrupun, uğursuzluq isə liderindir”. Buna görə də lider istənilən məğlubiyyətə görə məsuliyyətin onun üzərinə atılacağını nəzərə almalıdır.

Lider həm daxili, həm də xarici mühitdə komandanı təmsil etdiyi üçün böyük məsuliyyət daşıyır. Məsələnin bir tərəfi də var ki, lider gərək öz komandası ilə sıx işləsin, onların problemləri ilə maraqlanıb, yeni və alternativ həll yollarını tapıb, tətbiq etsin. Xarizmatik liderin ardınca getmək üçün insanlara təzyiq göstərməyə ehtiyac qalmır. Amma diktator rəhbərin komandanın üzvləri tərəfindən qəbul edilməsı üçün qrupa müəyyən təsir göstərilir ki, bu da gec-tez əks-təsirlə nəticələnir. Məsələn; əgər siz öz komandanız ilə məşğul olmadan, onlardan sadəcə sizin üçün işləmələrini tələb etsəniz, onlar ya sizinlə işləməyəcək, ya da onlarda öz öhdəçiliyində olan insanlara eyni rəftar göstərərək, gec-tez sizin biznesinizi dağıdacaqlar.

Lider ümumi məqsədə doğru irəliləmək üçün görüləcək bütün işlər barədə ümumi məlumata malik olmalıdır. Bundan daha vacib olanı isə ümumi, ortaq məqsədlərə bağlı olmaq mövzusunda da komandanın lideri sıravi üzvlər üçün nümunə təşkil etməlidir. Lider komanda daxilində qayda-qanuna, nizam-intizama riayət edilməsində ayrıseçkiliyə yol verməməli, qrup üzvlərinə iş tapşırarkən hamıya eyni gözlə baxmalıdır. Lider komanda daxilində tarazlığı qoruyub saxlamalı, ədalətli iş bölgüsü aparmalı və şəxsi münasibətlərin iş həyatına daxil olmasının qarşısını almalıdır.

Dahi şəxsiyyətlərin təkbaşına irəlilədikləri dövr artıq geridə qalıb. Müasir zəmanə kollektiv şüurun ön planda olmasını tələb edir. Buna görədir ki, indi “ağıllı lider” dedikdə “təkbaşına qərar vermək bacarığı olduğu halda bütün komanda üzvlərinin fikirlərini öyrənməyə çalışan” insanlar başa düşülür. “Ağıllı lider” müxtəlif xarakterlərə malik olan insanların öz istedadlarını üzə çıxarmalarına şərait yaratmaqla, onların kiçik qruplar halında birləşmələrini təmin edir. Məhz bu halda o, adi insandan liderlik mövqeyinə yüksəlmək imkanı əldə edəcəkdir.

Beləliklə, təşkilat və müəssisələrdə komanda ruhunun (əhval-ruhiyyəsinin) hakim olması üçün falçıları həmin quruma dəvət edərək ruh, cin çağırmaqlarını istəməkdənsə, ciddi və peşəkar işlə məşğul olmaq lazımdır. Komanda ruhunu qazanmamış bir təşkilatın olmayan ruhuna fatihə belə oxumağa dəyməz. Amma yaddan çıxarmayın ki, ruhsuz təşkilatın halvası rəqiblər üçün çox dadlı olur.

 Korrektor redaktor: Salmanlı Ayna

ŞƏRH YAZIN