Ən cox pul qazanan yazarlar

0
2399
Ən cox pul qazanan yazarlar

 ABŞ-ın “Forbes” jurnalı dünyanın gəlirli yazıçlarının adını açıqlayıb. Siyahı 2014-cü ilin iyunundan 2015-ci ilin iyununa qədər yazıçıların çap, elektron və audio kitablarının satışından və əsərlərinin ekranlaşdırılmasından qazandıqları gəlir əsasında hazırlanıb.  Dünyanın ən çox qazanan 15 yazıçısını təqdim edir. 

15.  E.L.Ceyms (Böyük Briyaniya) – 12 milyon dollar

Erotik mövzulu “Bozun 50 çaları” trilogiyasının müəllidi olan Ceyms bu gün də kitablarının satışından gəlir əldə edir. 2013-cü ildə kitabın dünyada 1 nömrəli bestseller olduğu zaman isə yazıçı xanım 95 milyon dollar qazanmışdı. Əsasən elektron versiyalarda yayılan “Bozun 50 çaları” eyniadlı kommersiya filminin çəkilməsinə də rəvac verib. Yazıçı yaxınlarda trilogiyanın yeni hissələrini yazmayağa başladığını elan etmişdi.

14. Rik Riordan (ABŞ) – 13 milyon dollar

Qədim Yunan mifologiyasını müasir həyata daşıyaraq yeniyetmələr üçün Persi Ceksonun sehrli macəralarından bəhs edən romanlar yazan Riordan oxucular arasında populyarlığını saxlaya bilir. Yunan Allahlarından birinin oğlu olduğunu öyrənən 12 yaşlı Persi Cekson Amerkanın uşaq ədəbiyyatında əsas qəhrəmanlardan biridir.

13. Gilian Flin (ABŞ) – 13,5 milyon dollar

İlk dəfə 2014-cü ildə “İtmiş qadın” romanı ilə tənqidçilərin diqqətini özünə cəlb edən Flin təkcə həmin il kitabının 1,8 milyon çap nüsxəsini sata bilib. Romanı əsasında çəkilən “İtmiş Qız” filminin çəkilişi ilə əsərin satış göstəriciləri daha artıb.

12. Syuzan Kollinz (ABŞ) – 13,8 milyon dollar

Əsasən yeniyetmə auditoriyasını əhatə edən “Ac oyunlar” trilogiyasının müəllifi də peşəsindən böyük maliyyə gəliri əldə edir. Təkcə 2012-ci ildə ABŞ-da “Ac oyunlar” silsiləsinin 27,7 milyon nüsxəsi satılıb. “Ac oyunlar” silsiləsinin kino versiyasının da uğurlu alınması yazıçıya əlavə dividendlər gətirir. Hazırda Syuzan Kollinz Qreqor adlı oğlanın sərgüzəştlərindən bəhs edən “Yaralı xronika” kitabının 5-ci cildi üzərində çalışır.

11. Den Braun (ABŞ) – 14 milyon dollar

Ötən il 27 mliyon dollar gəlir qazanmış Braun bu il 13 milyon dollar qazanıb. Professor Lenqdonun macəralarından bəhs edən sonuncu kitabı “İnferno”dur. Yazıçı roman əsasında çəkiləcək növbəti filmdən gəlir əldə etməklə illik gəlirini artırmaq niyyətindədir.

10. Con Qrişem (ABŞ) – 14,5 milyon dollar

1988-ci ildən bəri hər il yeni “ədliyyə trilleri” janrında romanla oxucularının görüşünə gələn Con Qrişem 25 ildir ki, ənənəsinə sadiq qalır. Onun sonuncu kitabı 2008-ci ilin iqtisadi böhranından həbs edən və 2014-cü ilin noyabrında işıq üzü görən “Boz Dağ” romanıdır. Romanın bu günə qədər 620 mindən artıq nüsxəsi satılıb.

9. Nora Roberts (ABŞ) – 18 milyon dollar

Nora Robert yaradıcılığı boyu 220-dən artıq sevgi və detektiv romanı yazıb. Son illərdə populyarlığı azalan yazıçının son əsəri – “Nəsil lənəti” yalnız 298 min nüsxədə satılıb. Buna baxmayaraq, əvvəllər yazdığı çoxsaylı əsərlər ona hər il müntəzəm gəlir gətirir.

8. Stiven Kinq (ABŞ) – 19 milyon dollar

Əsərləri ən çox  Hollivudda ekranlaşdırılan yazıçı kimi tarixə düşən Stiven Kinq karyerası boyu kitab satışlarından 500 milyon dollar gəlir əldə edib. Yazıçının son romanı mistik hadisələrdən bəhs edən “Yuxu həkimi” əsəridir. Əksər yazıçılar kimi son vaxtlar oxucu laqeydliyindən şikayətlənən Kinq buna baxmayaraq 20 ildən artıqdır ki, ən gəlirli yazarların arasında yer ala bilir.

7. Coan Roulinq (Böyük Britaniya) – 19,5 milyon dollar

“Harri Potter” silsiləsinin müəllifi bu əsəri ilə dünyanın aparıcı uşaq ədəbiyyatı yazıçısına çevrilib. Silsilə başa çatdıqdan sonra isə Roulinq daha çox Robert Gelbreyt imzası ilə detektiv romanlar yazır. 2015-cilin payızında xanım yazıçının “Şər karyerası” adlı yeni romanı işıq üzü görəcək. “Harri Potter”in hər il satılan nüsxələri və onun obrazından istifadə Coan Roulinqə hər il böyük gəlir gətirir.

6. Canet İvanoviç (ABŞ) – 21 milyon dollar

Stefani Plam personajının detektiv sərgüzəştlərindən bəhs edən İvanoviç əsərlərinin populyarlığını itirməməsi səbəbindən böyük gəlir əldə edir. Yazıçı etiraf edir ki, əldə etdiyi gəlirinin böyük hissəsini alış-verişə xərcləyir.

5. Ceff Cinni (ABŞ) – 23 milyon dollar

Uşaqlar haqda “Acizin gündəliyi” kitabını yazan Ceff Cinni də yaşının azlığına baxmayaraq ən çox qazanan yazıçılardan biridir. İki məktəblinin macəralarından bəhs edən əsər ötən il 1,4 milyon nüsxə satılıb. “Acizin Gündəliyi” romanı əsasında kino və tamaşa səhnələşdirilib, 45 dilə tərcümə olunub.

4. Daniela Stil (ABŞ) – 25 milyon dollar

40 ildən artıqdır ki, yazıçılıqla məşğul olan Daniela Stil ilk dəfə 1973-cü ildə roman yazıb. Hər il 3 roman yazan xanım müəllif qadın problemləri, uşaqlar və müharibə məsələlərinə xüsusi diqqət ayırır. Dünya üzrə Stilin kitabları 600 mliyondan artıq nüsxədə satılıb.

3. Veronika Rot (ABŞ) – 25,5 milyon dollar

26 yaşının olmasına baxmayaraq, Veronika Rot ABŞ-da çox tələb olunan yazıçılardan biridir. Onun antiutopik “Divergent” romanı təkcə ötən il 349 milyon nüsxədə satılıb. Onun “Divergent” və “İnsurgent” romanları əsasında çəkilən filmləri isə kitabların satışını daha da artırıb. Hazırda gənc müəllif 2 hissəli yeni roman üzərində çalışır.

2. Con Qrin (ABŞ) – 26 milyon dollar

Daha bir gənc amerikalı yazıçı Con Qrin isə gəlirlərinin miqdarına görə 2-ci pillədə qərarlaşıb. Yeniyetmə auditoriya üçün yazan Qrinin ən məşhur əsəri əsasında populyar filmin də çəkildiyi “Ulduzlar günahkardır” romanı olub. Həmin roman 2014-cü ildə 3,5 milyon tirajla satılıb. 2008-ci ildə “Kağız Şəhər” romanını yazan Qrin bu il eyniadlı filmin prokata çıxması ilə populyarlığını daha da artırmağa ümidlidir. Yazıçlı həm də internet məkanında maariflənmə layihələri gerçəkləşdirən videobloggerdir.

1. Ceyms Patterson (ABŞ) – 89 milyon dollar

 

Bütün qələm yoldaşlarını qabaqlayan Patterson təkcə ötən il həmmüəlliflərilə birlikdə 16 kitab yazıb. Həmin kitabların 30 milyon nüsxəsi oxucular tərəfindən əldə olunub. O hər yeni romanı ilə ABŞ-ın bestsellerləri reytinqində ilk pillələri tutur. Müstəntiq Aleks Korss, xəfiyyə Maykl Bennet və “Qətlləri Araşdıran Qadınlar Klubu” silsiləsi ilə Amerika  ədəbiyyatına yeni nəfəs gətirən Ceyms Patterson hər il müstəqil kitab mağazalarına və məktəb kitabxanalarına bir neçə milyonluq yardımlar edir.

ŞƏRH YAZIN