Masonlar Haqqında

0
15647
Masonlar Haqqında

"Azad bənna"ların missiyası.Tanınmışları masonluqda birləşdirən cəhətlər:

Masonlar... Bu gün bu sözə tez-tez rast gəlinir. Masonları hər şeydə - SSRI-nin dağılmasında, iqtisadiyyatın çökməsində, insanların müflisləşməsində günahlandırırlar. Ancaq ciddi araşdırmaya başlayanda bütün bu baş verənlərdə "mason fitnələrini” görmək mümkün deyil. Bəs bu masonlar kimdir? Onlar hardan peyda olub, nə işlə məşğul olur və məqsədləri nədir? Nəyə görə masonlar bu qədər dedi-qoduya səbəb olur? Bütün fantastik ittihamlara baxmayaraq masonlar arasında bir çox tanınmış şəxslərin adları çəkilir. 
 
Əslində bu gün dünyada özünü "azad bənna” adlandıran adamların olmadığı ölkə tapmaq çətindir. Avropada, Amerikada, Asiyada, yaxud Afrikada mason məbədlərinə rast gəlmək olar. Burada artıq 300 ildir gözəgörünməz mason işi gedir. Bu evlərdə insanların dərisinin rəngi ağ, ya qara ola bilər, onlar xristianlıq, buddizm, islam, yaxud digər bir dinə etiqad edə bilər, bununla belə onlar özlərini bir vahid hesab edir. Onları mason məbədlərinə nə gətirir və yüzilliklər ərzində nəinki qardaşlığı qoruyub saxlamağa, hətta ideyalarını bütün dünyaya yaymağa onlara nə kömək edib? 
 
Masonluq necə yaranıb?
 
Frankmasonluğun yaranması orta əsrlərdə sənətkarlıq gildiya və qardaşlıqların tarixi ilə sıx bağlıdır. Müasir masonluğun tarixinin gedib çıxdığı İngiltərədə ilk sənətkar dərnəkləri XII əsrdə peyda olub, ancaq dərnək hərəkatının inkişaf dövrü XV əsr sayılır. Həmin dövrdə sənətkarlar birlikləri əvvəl şəhərlərin, daha sonra ölkənin həyatında əhəmiyyətli rol oynamağa başladı. Belə ki, onlar şəhər şuralarına öz nümayəndələrini göndərir və parlament seçkilərində də iştirak edirdilər.
 
Daha möhtərəm dərnəklərin üzvləri mundir geyir və şəhər zadəganları hesab edilirdi. Onlar hüquqlara və imtiyazlara malik olurdu. Bəzən hətta torpaq mülkədarları ilə rəqabət aparırdılar. Bu imtiyazlar bir çox halda şəhər rəhbərliyinin narazılığına da səbəb olurdu.
 
Bənnaların əsas imtiyazı sərbəst hərəkət hüququ ilə bağlı idi. Bunu isə onların peşəsi tələb edirdi. Orta əsrlərdə inşaatçılar qəsr, kilsə və varlılar üçün evlər tikmək məqsədi ilə bir şəhərdən o biri şəhərə getmək məcburiyyətində idilər. O dövrlər oturaqlıq qaydalarına riayət etməli olsa da, bənnalar istisna idi. Frankmason, yəni azad bənna ifadəsi də o zamandan yaranıb.
 
XVI əsrin ikinci yarısından bənna ittifaqlarının həyatı ağır dövr kimi tarixə düşüb. Həmin dövrdə Ingiltərədə yeni memarlıq üslubları dəbə mindi və ölkədə əcnəbi memarların sayı artdı. Reformasiyanın başlanması ilə bütün təşkilatlar kilsə tərəfindən təqib edilməyə başladı. 1547-ci ildə isə Ingiltərə parlamenti bütün təşkilatların fəaliyyətinə qadağa qoydu. Bir çox sənətkar birliyi buna davam gətirmədi. Ancaq mason qardaşlıqları tab gətirdi. Bu qardaşlıqlara üz tutanların sayı da durmadan artırdı. Bəzilərini bu birliklər imtiyaz və güzəştlərə görə cəlb edirdi. Ancaq imtiyazlı təbəqə olan zadəganların da mason qardaşlıqlarına qoşulması halları artmaqda idi. Getdikcə mason lojasına ziyalılar, filosoflar da üzv olurdu. Masonluqda elmi nailiyyət və dərrakə hesabına ədalətli cəmiyyətin yaradıla biləcəyi ilə bağlı utopik ideyalar meydana çıxmağa başlayırdı. Bu ideyaların inkişafına tikinti korporasiyaların heyəti də yardım edirdi. Bu korporasiyalara əsas yaradıcı insanlar - rəssamlar, memarlar, heykəltaraşlar daxil idi.
 
"İlk Böyük Loja”
 
Lojaların sayının artması onların fəaliyyətinin koordinasiya edilməsi zərurəti yaradırdı. Bu səbəbdən də 1717-ci ildə Londonda dörd loja birləşərək nəzarət orqanı rolu oynayacaq Böyük Loja yaratdılar. Böyük Lojanın illik toplantıları cəmiyyətin diqqətini özünə cəlb edir və ordeni dinamik böyüyən hərəkata çevirirdi. 1737-1907-ci illər arası qardaşlıqda on altı şahzadə var idi, onların dördü sonradan kral oldu.
 
Masonluğun sonuncu Böyük Ustası Londonda Müqəddəs Pavel kilsəsini inşa edən ingilis memar Kristofer Ren hesab olunur. Kilsə tikildiyi on səkkiz il ərzində o, yaxınlıqda yerləşən Müqəddəs Pavel lojasına gedirdi. 
 
İllər keçdikcə masonluq öz təşkilatını daha da təkmilləşdirirdi. 1723-cü ildə Ingiltərədə şotland din xadimi Ceyms Andersonun yazdığı "Nizamnamə kitabı” dərc olundu. Bu sənədə görə, müxtəlif dini cərayanların nümayəndələri yeni ideyaları müzakirə etmək üçün lojanın dost atmosferində birləşməyi bacarmalıdır. O zamandan masonlar bu qanunlardan kənara çıxmırlar. Tipoqrafik üsulla "Nizamnamə” 1734-cü ildə Böyuk Ustad Bencamin Franklik tərəfindən Amerikada çap olunub. 
 
Bərabərlik təbliğatı
 
Mason qardaşlıqları qısa zamanda bütün Avropada kök sala bildi. XVIII əsrin 30-cü illərində Belçika, Rusiya, Italiya, Almaniya, İsveçrədə mason lojaları mövcud idi. 1735-ci ildə Parisdə 5 loja fəaliyyət göstərirdi. 1742-ci ildə onların sayı iyirmi ikiyə, qırx beş ildən sonra - Fransa İnqilabı ərəfəsində masonların sayı 100 min nəfərə çatdı.
 
Masonlar insanların rəngindən, dinindən, millətindən, sosial mənşəyindən və ictimai mövqeyindən asılı olmayaraq hər kəsin bərabər olduğunu bəyan edir. Bütün masonlar bu prinsiplərə riayət etməlidir. Lojada bütün irqlərə və millətlərə aid olanlar var. 
 
"Masonlar və kilsə”
 
Katolik kilsə şübhə və ehtiyatla masonluğun sürətlə yayılmasını müşahidə edirdi. Masonlar qısa zamanda rəsmi dinlərinin ayrılmaz hissəsi olan ayinlərini, tarixlərini, əfsanə və iyerarxiyalarını yaratdılar. Artıq 1738-ci ildə XII Kliment masonları ifşa edən çıxış etdi. O, mason qardaşlığına üzvlük ayinləri keçən bütün katolikləri kilsədən uzaqlaşdırmağa çağırdı. Papa elan etdi ki, masonların andları kilsə hakimiyyətinə təhlükə yaradır. Bütün Avropada hakimiyyətlər masonları cərimələyir, hətta onları işgəncələrə məruz qoyurdular.
 
Masonlarla mübarizə katolik kilsə tərəfindən təqiblə bitmirdi. Londonda 1717-ci ildə Böyük Lojanın açılışından dərhal sonra qəzetlərdə masonluğu ifşa edən materiallar dərc edilməyə başladı. Masonlar antixristlərlə ittifaqda günahlandırılırdı. Qardaşlığın ayrı-ayrı üzvlərinin bəzi hərəkətləri antimason əhvalını gücləndirirdi. 1735-ci ildə Hollandiyada lojalar qadağan edildi. Buna səbəb onların siyasi intriqalarda iştirak təhlükəsi idi. Analoji qadağalar 1738-ci ildə Isveçdə və 1745-ci ildə Isveçrədə də oldu. 
 
Ancaq təqiblər qardaşlığın məhvinə gətirib çıxarmadı. Buna səbəb onların nüfuzlu şəxslər tərəfindən himayə olunması idi. Lakin artıq o zamandan ictimai fikir masonluğa qarşı düşmən münasibət bəsləməyə başladı. 
 
Mason lojasının tanınmış üzvləri
 
Bu gün masonların sirləri və fəaliyyət istiqamətləri artıq sirr deyil. Lakin buna baxmayaraq bir neçə əsr əvvəl müəyyən edilən qaydalara indiyə qədər riayət olunur. Bu paradoksun sadə bir izahı var: sirr qoruyub saxlamaq bacarığı - insanlığın dəyərlərindən biridir və bu keyfiyyəti özündə tərbiyə etmək masonların borcudur. Onlar üçün sirr neçə nəfərə məlum olmasından asılı olmayaraq sirdir və o sirri qorumaq masonun öhdəliklərindən biridir. 
 
Ancaq bu sirlər bir çoxlarına rahatlıq vermir və insanlar masonluğu canilərin insanlığa qəsdi kimi görür. Baxmayaraq ki, masonluq artıq 250 ildən çoxdur dünyanın, demək olar, bütün ölkələrində mövcuddur və indiyə qədər heç kim onların "bəd əməllərinin” izini, yaxud nəticəsini görməyib. Əksinə, bir çox tanınmış şəxsiyyətlər Mason Lojasının üzvü olub. Masonlar tarixdə ilk dəfə insan haqlarını dövlətin ali qanunu edən Amerika konstitusiyasını yazıb. Mason qardaşlığına bəstəkarlar Volfqanq Amadey Mosart, Ferens List, Iosef Qaydn, Lüdviq van Bethoven, Nikolo Paqanini, Yakov Sibulius, yazıçılar Iohan Volfqanq Höte, Rabindranat Taqor, Valter Skott, Oskal Uald, Mark Tven, Redyard Kiplirq, şairlər Aleksandr Pop, Robert Berns daxil idi. Teodor Ruzvelt və bir sıra digər ABŞ prezidentləri qardaşlığa üzv idi. Uinston Çörçel mason idi, Ingilis kralı VII Eduard taxta çıxana qədər qardaşlıqda təmsil olunub. Con Ceykob Astor və Henri Ford kimi tanınmış şəxslər, ilk dəfə Atlantika üzərində təkbaşına uçuş həyata keçirən aviator Çarlz Lindenberq, qütb tədqiqatçıları Robert Berd, Metyu Xenson, admiral Riçard Berdla mason olub. 1969-cu ilin iyulun 21-də Ay üzərinə ayaq basan amerikalı astronaft Edvin Oldrin cibində mason emblemləri olan bayraq aparmışdı.
 
Aleksandr Puşkin, Aleksandr Suvorov, Mixail Kutuzov da mason olub. Bu şəxslərin Rusiya üçün etdikləri "masonların pis əməl daşıyıcısı” olması ilə bağlı fikirləri darmadağın edir. Bir sözlə, mason lojaları bütün dünyada tanınmış şəxsləri birləşdirirdi.
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN