Sevgim Mənim

0
2908
Sevgim Mənim

 

Gözlərimi açdım ilk, anamın uzun qara saçların SEVDİM.
 
Hətta bu saçları o qədər sevdim ki, bu saçlardan məni qoparmaq çox çətin oldu. Başımın üstündə lay-lay deyən anamın yumşaq saçlarını sığallayıb yuxuya gedirdim. SEVGİNİN  ƏN MÖHTƏŞƏMİ SƏNSƏN, ANAM MƏNİM!!!
 
İllər keçdi atamın əllərini SEVDİM. “Nənəş qızım” deyib başımı sığallayan, o tütün qoxulu əlləri  unutmamişam hələ də. Bu əlləri tutub ilk addımlarımı atdım. Aşağıdan yuxarıya baxdıqca Atamı çox uca gördüm. SEVGİNİN ƏN UCASI SƏNSƏN, ATAM MƏNİM!!!
 
Addım atdiqca, hər addımda torpağın qoxusunu hiss etdim. Oy, necə gözəl qoxudu. Sevdim, Torpağımın  ətrini, Vətənimin ətrini! Mənim üçun Vətən, gilas və alma qoxulu bağımızdan başladı. Çəmənliklərdə çərpələng uçuranda  lalələrin qoxusundan başladı. Daşların üzərindən əlimizə xına qoyarkən xınanın ətrindən başladı. Gül-çicək ətirli SEVGİNİN ƏN BÖYÜYÜ SƏNSƏN, VƏTƏNİM MƏNİM!!!
 
Zaman keçdi, məndən öndə və məndən arxada gedən qardaşlarımın güclü qollarını sevdim. Atama oxşayan bu ikiliyi necə sevməyə bilərdim ki... Məktəbdə yaraşıqlı qardaşların bacısı olmaq necə gözəl idi, ilahi... Sevdim sizi, SEVGİNİN ƏN GÜCLÜSÜ SİZSİNİZ, QARDAŞLARIM MƏNİM!!!
Dünyada ən gözəl pilləkənlər mənim məktəbimdə idi. Sevdim bu pilləkənləri - 1, 2, 3, 4, 5.  Pillə-pillə addımladım, hər gün bir addım.
Uzun qara saçlı, qoşa hörüklü qızcığaz  hələ də səni unutmayıb təbaşir qoxulu məktəbim mənim . Səni necə sevməyim? Sən hər gün bir pillə məni ucaltdın.Sevginin en KAMİLİ sənsən məktəbim mənim..
 
Addımlarim məni gətirdi xatirə dolu  Universitetimə .
İlk dəfə paltomun cibində tapdığım  bir kağız parçasında “Səni Sevirəm, Qoşa hörüklü qız” cümləsini oxuyanda yanaqlarımın qızartısından, ürəyimin çırpıntısından, gözlərimə doğan ulduzlardan sordum “bu sənsən?” “Bəli, mənəm...” deyə səsələndin. Sevgim, səni duydum və Sevdim! Gözlər axtarır, sən kimsən? Bəlkə yanımdasan? Ya da uzaqda? Amma sən varsan.
 
Bir gün cibimdə kağıza bükülmüş bir çiçək tapdım. Çiçəkli kağızda “Sənə yaxınlaşmaq cəsarət istəyir, Qoşa hörüklü qız... Mən səni sevirəm” yazılmışdı. Necə ətirlisən, kiçik, incə çiçəyim... Ilk çiçəyim, sevdim səni...  
Və o gün arxadan səs gəldi, “Qoşa hörüklü qız”.. Döndüm. 
Axır  ki, tanıdım səni. Bir  ildən sonra. Universititemizin ən ucaboy, ən vətənpərvər oğlu. “Müharibəyə gedirəm, cəsarət bundan gəldi” söylədin. “Məni gözləyərsənmi?” Utancaq baxışlar hardasa bir anda toqquşdu. Bir qığılcım kimi... Böyük bir sükut. Yalnız baxışlar danışdı. Baxışlar “Gözlərəm” dedi. ...
 
Zaman kecdi..Universitetdə divardan asılan qara lentli  şəklin mənə hər zaman dedi “Səni sevirəm, qoşa hörüklü qız”. Qara torpağın belə mənə dedi “Səni sevirəm, qoşa hörüklü qız”. Səni necə sevdim. SEVGİNİN ƏN ÜLVİSİ SƏNSƏN, ŞƏHİDİM MƏNİM!!! 
 
Sevgini dörd tərəfimdə hər zaman gördüm. Addımladım, mənimlə addımladın. Durdum, “İrəli, daim irəli, dayanma” deyən sən oldun. Ağlayanda göz yaşlarımı sən sildin. “Sayıram göz yaşlarını, etmə belə” deyən sən oldun. Hər gecə həmsöhbətim, yollarımı pisliklərdən təmizləyən sən oldun. Qəlbimdə sevgini,  mərhəməti hər zaman var edən sən oldun, ALLAHIM mənim! Sevginin ən böyüyünü, ən ülvisini, ən möhtəşəmini, ən ucasını, ən güclüsünü sən verdin mənə... Səni sevdim hər zaman, Allahım mənim! SEVGİNİN ƏN BÖYÜK VƏ YENİLMƏZ ÜNVANI SƏNSƏN, QİBLƏGAHIM MƏNİM!!! 
 
ARZUMSAN... RƏĞBƏTİMSƏN... AMALIMSAN...  ZƏFƏRİMSƏN... SEVİNCİMSƏN... SEVGİMSƏN, ALLAHIM MƏNİM!!!
 
 
Könül Əliyeva

ŞƏRH YAZIN