Siz Hansı Tipsiniz?

0
3199
Siz Hansı Tipsiniz?

Müasir həyatda insanlar xarakterlərinə görə, 3 tipə bölünür. Ekstravert, introvert və ambivert.

Ekstravert -Aqressiv davranışa malik, ünsiyyətcildirlər. Ekstravert tipə aid olanlar başqa insanlarla ünsiyyətdən və yeni təəssüratlardan enerji alırlar. Ekstravertlər diqqət mərkəzində olmağı xoşlayır, ictimai çıxışlara can atır, çoxlu insanların iştirak etdiyi şənliklər və mərasimlərdə özünü çox rahat hiss edir. Ekstravert insanlar yaxşı təşkilatçı, rəhbər işçi və ya aktyor ola bilərlər. Onlar optimist olur, lətifə danışmağı və dinləməyi sevir, çox vaxt şən olurlar. Lakin öz hiss və emosiyalarını cilovlaya bilmir, aqressiv olur və özlərindən çıxırlar. Ekstravert tipə daha çox xolerik və sanqvinik temperament tipləri aiddir. Ekstravertlər riskə meylli olur, anidən, hansısa bir hadisənin təsirindən qərar verə bilərlər. Dəyişkənliyi sevirlər. Həyatdan adrenalini yüksəldən güclü təəssüratlar gözləyirlər. Ekstravertlər öz daxili aləmlərinə nəzərən hərəkət etmirlər, onları ətrafdakı insanlar və əşyalar maraqlandırır. Ekstravertlər ətrafdakıların onlardan gözlədiklərini edir, başqalarının təsir altına tez düşürlər. Onları tez inandırmaq olur. Belə insanlar özlərini tez-tez başqalarına görə qurban verirlər. 

İntrovert-İntrovert tipə aid olanlar tənhalığa qapılır, kitab oxuyur, sakitlik və rahat həyata üstünlük verir. Bu tiplər rahat yaşamağa, tənha qalmağa üstünlük verirlər. Onlar daxili fikir və həyəcanlarına qapılır, yaradıcılıqla məşğul olur və ya hansısa prosesi müşahidə edirlər. İntrovertlər yaxşı alim, ixtiraçı, yazıçı və ya sahibkar ola bilərlər. Onlar emosiyalarını cilovlayır, utancaq və qapalır olur, real ünsiyyətdənsə kitab oxumağa üstünlük verirlər. İntrovertlər yad insanlarla ünsiyyətə meylli deyillər, yaxınları ilə ünsiyyət qururlar. Onlarda insanlara qarşı qəfildən inamsızlıq da yarana bilər. İntrovertlər qərar qəbuluna həmişə ciddi yanaşır, öz hərəkətlərinə, davranışına nəzarət edirlər. Nadir hallarda konfliktə girir və başqalarına qarşı aqressiv davranırlar. Hər şeydə qayda xoşlayırlar. Pessimist olur və insanın əxlaqını, etik davranışını yüksək qiymətləndirirlər. Bu tipə fleqmatik və melanxolik temperament tiplərini aid etmək olar. Sakitliyi sevən introvertlər planlaşdırırlar. Onlar öz prinsiplərinə zidd gedə bilmirlər. Bunu etdikdə belə özlərini çox narahat hiss edir və həyəcan keçirirlər. Onlar cəmiyyətdə formalaşmış qaydaları nadir hallarda pozurlar. İntrovertlər xarici aləmdən bacardıqca özlərini qoruyurlar. İntrovertlər ləng əlaqə və ünsiyyət qurur və başqalarının emosional dünyalarına çətinliklə girə bilirlər. Onların hadisələrə subyektiv baxış tərzləri obyektiv baxış tərzindən güclüdür. 

Ambivert-Onlar nə ekstravert, nə də introvertdirlər. Hadisələrdən, vəziyyətdən asılı olaraq dəyişə bilirlər. Tənhalığa qapılıb kitab oxumağı sevsələr də, ictimai çıxışlardan, insanlar arasında məntiqli söhbətdən qaçmırlar. Hər iki tipə də aid ola bildikləri üçün istənilən insanlarla dil tapırlar. Hesab olunur ki, ambivert tip ekstravert və introvert tipin bir növ arasında yerləşir. İntrovertlər həyat fəaliyyətlərini daxili aləminə istinad edərək, ekstravertlər xarici amillərin təsiri altında yaşayırlarsa, ambivertlərdə harmoniya qorunur. Həm daxili, həm də xarici amillərin təsiri altında fəaliyyətlərini istiqamətləndirirlər. Onlar üçün qurduğu sosial əlaqələrin çoxluğu deyil, möhkəmliyi əsasdır. Bu da onların ən güclü tərəfidir. Ümumiyyətlə, müasir həyatda daha çox bu tip insanlar dəyişkən, hər kəsə uyğunlaşan xasiyyətinə görə uğurlu olurlar. 

Həyatda tam introvertlərə və ya ekstravertlərə nadir hallarda rast gəlinir. İnsanlarda çox vaxt müəyyən qədər hər iki tipin xüsusiyyətləri olur. Sadəcə bəzilərində bir tipin xüsusiyyətləri o birisinə nisbətən çoxluq təşkil edir.

Ekstravert və introvert tipin xüsusiyyətlərinin üstünlük və ya azlıq təşkil etməsi şəxsin cinsindən də asılıdır. Qadınlarda ekstravert xüsusiyyətlər daha çox olur. Bu baxımdan da hesab olunur ki, qadınlar daha çox düşünülməmiş hərəkətlər edirlər. Kişilər isə dərhal qərar vermək əvəzinə ətraflı düşünməyə üstünlük verirlər. Qadın üçün adi görünən bir şey, kişi üçün qəliz gələ bilər. Əksinə kişi üçün normal bir şeyi qadın çətin qəbul edə bilər. Bu səbəbdən də ailə məsələlərinin həllində hər iki tərəfin qərarı nəzərə alınmalıdır. Bununla qadının düşünülməmiş hərəkətlərindən, kişilərin isə hədsiz ehtiyatlı və qərarsız olmağından qorunmaq olar. 

 

 

Redaktor:Əliyeva Zeynəb

ŞƏRH YAZIN