6-Cı Meymunun Döyülməsinə Səbəb Nə İdi?

0
2419
6-Cı Meymunun Döyülməsinə Səbəb Nə İdi?

Həyata olan baxışımız necə formalaşır?
Bu gün sizinlə “baxış“-dan danışmaq istəyirəm. Bir şeyi etmək və ya etməmək qərarını verərkən nəyə əsaslanırıq? Bir addımı atan kimi nə üçün başqalarından daha çox mənfi reaksiya alırıq? Bütün bu sualları cavablandırmaq üçün bizə ingilis alimləri və onların istifadə etdiyi  6 meymun lazım olacaq.
Test əsnasında 6 meymun içi boş olan bir otağa yerləşdirilir. Otağın bir küncünə nərdivan, nərdivanın sonuna isə içində çoxlu banan olan bir qutu bərkidilir. Meymunlar bananları görən kimi səs-küy qopartmağa başlayır. Onlardan biri sürətlə nərdivana çıxıb əlini banana vurmaq istəyən ki onun üstünə yüksək təzyiqlə su vurulur. Meymun nərdivandan yerə yıxılır. Üstəlik ətrafda olan digər meymunlar da islanırlar.
Çox keçmir ki, 2-ci meymun da nərdivana çıxıb eyni cəhdi təkrarlayır. Lakin bu dəfə ona da su vurulan kimi yıxılaraq ikinci dəfə islanmış meymunların yanına qayıdır. 3-cü və 4-cü meymun da eyni cəhdi təkrarlayır. Həm özləri həm də digər meymunlar islanır. Meymunlar arasında açıq aşkar qorxu və diskomfort thissi yaranır. Ən maraqlı məqam isə 5-ci meymun nərdivana çıxmaq istəyərkən baş verir.Meymun nərdivana əlini vuran kimi digər meymunlar onun üstünə cumub döyürlər. O fikrindən daşınmalı olur.
Bu ərəfədə alimlər meymunların xəbəri olmadan 6-cı meymunu otaqdan çıxarıb əvəzinə başqa meymunu otağa salırlar. Yeni gələn meymun heç nədən xəbərdar deyil və onun gözünə bananlar görünən kimi o da nərdivana sarı gedir. Bunu görən digər beş meymun onu yaxşıca döyür. Nə üçün döyüldüyünü başa düşməyən yeni meymun öz küncünə çəkilir.
Alimlər otaqda olan meymunların birini  də yenisi ilə əvəz edirlər. Şübhəsiz ki, məsələnin nə yerdə olduğunu bilməyən yeni primat nərdivana qalxma cəhdini edir. Bunu görən köhnə meymunlar və 6-cı dəyişdirilən meymun yeni gələni döyürlər.
Alimlər bu prosesi otaqda heç bir köhnə meymun qalmayacaq həddə çatdırırlar .İndi baxıb görürlər ki, otaqda 6 yeni meymun var lakin onlardan heç biri yuxarı çıxıb banana əl vurmur. Otağa yeni meymunlar tək-tək salındıqca və eyni cəhdlər təkrarlandıqca bu maraqlı döyülmə səhnəsi təkrarlanır. Nəticədə heç bir meymun bir də o nərdivana çıxmağa cürət etmir. Bütün meymunlar banansız qalır.
Testi ilk dəfə eşidəndə özümü lap 6-cı dəyişdirilmiş meymunun yerində hiss eləmişdim. Hər hansı bir yeni kollektivə, qrupa və ya cəmiyyətə düşəndə hamımız özümüzü onun kimi hiss edirik. Yeni bir işə cəhd atmaq istəyirik amma hamı az qalır ki, üstümüzə cumsun və bizi döysün.
Olmaz! Təhlükəlidir! Risk var! Alınmayacaq deyib bizi öz uğursuzluğumuza kölə edirlər. Biz bu sözləri o qədər eşidirik ki, sonunda özümüz də buna inanmağa başlayırıq. Adi, sıravi və kütlədən olmuş oluruq. Bu bizə təsəlli verir. Lakin nədənsə ürəyimiz həmişə yaxşı həyat tərzi üçün göynəyir. Kimlərdə belə həyat varsa onlar haqqında saatlarla ağzımızın suyu axa-axa danışırıq. Özümüzə isə belə həyatı bir an belə olsa yaraşdırmırıq. Belə doğulmuşam belə də öləcəm deyib öz aqibətimizə xeyir duamızı veririk.
İllərlə formalaşan və insanlara negativdən başqa heç nə verməyən nə qədər baxışlarımız var? Həyata olan baxışlarımızın necə və nə zaman yarandığını bilməyib kor-koranə onların arxasınca gedərək həm özümüzü həm də öz yaxınlarımızı şikəst edirik. Bircə onu istəyirik ki, attıdığımız addımlar bizi sığortalasın və bizi qorxudan uzaq etsin. Gün keçdikçə tənbəlləşirik,qorxaqlaşırıq və normallaşırıq. Bizim kimi olmayanları qınayırıq və tənqid atəşinə tuturuq.
Gündəlik həyatımıza baxsaq ətraf aləmin “yeşik-yeşik bananlar” dolu olduğunu görürük. Amma əlimizi o yeşiklərə (o xəyallara) vura bilmirik. Niyə? Çünkü olmaz…,çünkü bizdən öncəkilər artıq buna cəhd edib və yıxılıblar. Amma aradan illər və nəsillər keçib. Dövr dəyişib…texnologiya dəyişib…imkanlar çoxalıb və hər yer fürsətlə qaynamağa başlayıb. Dəyişməyən bir tək şey var. O da həyata olan baxışlarımızdır. Uğursuzluq qorxusu bizi bir an belə olsa tərk etmir.
Bundan sonra kasıblıq qismətimdədir deyəndə…ayın axırı nə vaxt gələcək deyəndə…əsas odur ki, ömrümün sonunda məni pensiyam gözləyir deyəndə…biznes riskdir deyəndə…soğan olsun nəğd olsun deyəndə…səndən öncə kimdə alınıb ki, səndə də alınsın deyə özünüzü növbəti dəfə sındıranda…bu 6 meymunu və onlara aşılanan baxış növünü yada salın!
Bir sözlə…həmin nərdivanlara çıxın…həmin uğurları əldə edin…həmin pulları qazanın…həmin həyatı yaşayın…bu yolda sizə yumruq təpik və yağlı sözlər dəysə də onu sona qədər gedin! Nərdivanlardan dəfələrlə yıxılın! Uğur üçün yıxılmaqdan həzz alın! Yıxılma ehtimalı 30 milyonda 1 olanlardan(ömrü divanda, əli pultda, gözü televizorda və cibi həmişə boşluqda olanlardan) olmayın! Kaş ki, deyənlərdən olmayın…elədim və gördüm deyənlərdən olun! Xəyyalarınızı isə hər şeydən üstün tutun…çətin günlərinizdə,ən yaxın dostlarınız belə yanınızda ola bilməyəndə xəyallarınız sizə güc verərək məğlubedilməz edəcəklər! İllərlə ürəyinizdə hamıdan gizli saxladığınız xəyallar sizin yadınıza düşdükcə sizi yandırıb yaxacaq və onları əldə etməyənə qədər təslim olmayacaqsınız. Yalnız bu cür yaşam tərzi sizlərə yaraşır. İçinizdəki mənfi səsləri isə pişik miyoltusundan pələng nəriltisinə keçməmiş boğun! Yoxsa çox gec olar! Bir də ayılıb görərsiz ki, sizin xəyalları başqası gerçəkləşdirib…sizin həyatı başqası yaşayır…siz isə başqası üçün həyat yaşayıb günü-gündən tükənirsiz. Nə isə…Meymunların və alimlərin əməyini yerə vurmamaq ümidi ilə sizləri özünüzlə təkə-tək qoyuram…


Korrektə etdi:
Günel İbadova

 

ŞƏRH YAZIN