Sürətli Oxuma

0
3203
Sürətli Oxuma

İnsan ömrü indiyə qədər yazılan kitabların 1000-də 1-ni belə oxuyub bitirmək imkanında deyil, ona görə də kitab oxuyan insanlar çalışır mümkün qədər çox kitab seçib oxusunlar. Və yaxud məşğul bir insan oxumağa tutaq ki,günə 1 saat ayıra bilir və istəyir ki,ayırdığı bu zaman ilə aya 2 kitab yox, 4-5 kitab oxuya bilsin. Sürətli oxu da bu deyilənlər üçün lazımdır. Təbii ki, o şərtlə sürətli oxumaq ki, oxu prosesindən alınan informasiya, zövq azalmasın. Sadəcə zaman sərfiyyatı azalsın.

Məsələn bir metod adı çəkək, hansında ki sürətli oxumaq əla alınsa da, öyrəşmək, informasiya qəbulu çətin olur. Metodun adı Spritz metodudur, hansı ki, müəllifləri iddia edir ki, oxu zamanı əsas vaxt sözlər arasındakı boşluğa və yeni sətrə keçidə sərf edilir, göz bir sözdən digər sözə keçərkən o boşluqlarda ləngiyir.
 
Metod müəllifləri iddia edir ki, sözlərin bir-birini eyni yerdə əvəz etməsi ilə kitabı dəfələrlə qısa müddətə oxumaq olar. Yəni bir sətirdə hər bir söz bir-birini növbəylə əvəz etməklə. Şəxsən mən bu metodu sınadım, oxu sürətində bir dəfəyə 2 dəfəyə yaxın(+100%) artım müşahidə etdim, amma oxu prosesinə öyrəşmək mümkün olmadı, üstəlik göz də daha çox yorulurdu. Bəlkə də bu metod üçün ideal app-proqram həlli hələ ki düzəlməyib deyə belədir, gələcək göstərər bu metodun nə dərəcədə praktiki olmasını.
 
İndi isə gəlin ənənəvi oxu qaydamızı saxlayaraq necə sürətli oxuya bilərik, onunla maraqlanaq. Hazırki oxu prosesində bizə daha sürətlə oxumağa nə mane olur? Ən əsas maneənin adı – tələffüzdür. Belə ki, mütləq,əksəriyyət kitab oxuyarkən sözləri fikrində tələffüz edir. Hətta dilini azacıq tərpədərək oxuyanlar da kifayət qədərdir.
 
Gəlin real statistikaya baxaq, durum belədir: Bir insan bir dəqiqədə təxminən 160-170 söz tələffüz edə bilir. Oxumağa gəldikdə insan gözü bir dəqiqədə təxminən 600 sözü oxumaq imkanına malikdir. Fərq az qala 4 dəfəyə yaxındır. Deməli əlimizdə böyük imkan var ki, xətaları, maneələri aradan qaldıraraq bir kitab oxumağa sərf etdiyimiz zamanda 2-4 kitab oxuyaq.
 
Bəs necə? İlk baxışdan çox sadə, kitab oxuyarkən tələffüz etməkdən imtina etməklə.  Amma bu deyildiyi kimi asan və bir dəfəyə reallaşacaq bir şeydirmi? Əsla yox, ciddi praktika lazımdır. Nədən başlamalı? Aşağıda yazacağıq.
 
Təbii ki, yuxarıda da deyildiyi kimi, birdən-birə bu qədər irəliləyiş əldə etmək olmaz, zaman və ciddi məşq lazımdır. Oxuyarkən insan birdən-birə “bundan sonra tələffüz etmədən oxuyacam” deyib buna nail ola bilməz.
 
Başlamaq üçün asan bir metod təklif edilir: “Bir neçə gün ərzində kitab oxuyarkən saqqız çeynəmək”. Belə ki, dayanmadan saqqız çeynəmək insana imkan vermir ki, sözü fikrində də olsa tələffüz eləsin. Saqqız çeynəməyə ara vermədən bir neçə gün kitab oxumaqla tələffüz vərdişini tərgitmək mümkündür, daha sonra isə artıq saqqız olmadan da rahat və sürətli oxumaq olar. Deyilənə görə,təxminən 2 həftəlik belə məşq sürətli və tələffüzsüz oxuma vərdişini insana birdəfəlik qazandırmış olur.
 
Sonda maraq üçün şəxsi sınağın nəticələrini paylaşıram.
 
Frans Kafka – Qəsr romanı üzərində oxu.
 
1-ci sınaq, giriş fəsil, 2 dəqiqə.
 
ənənəvi qaydada oxumaq – 2992 hərf.
 
saqqız istifadə etməklə tələffüzü dayandırmaqla oxumaq – 3882 hərf (+33% irəliləyiş)
 
2-ci sınaq, 2-ci fəsil, 2 dəqiqə.
 
ənənəvi qaydada oxumaq – 3252 hərf.
 
saqqız istifadə etməklə tələffüzü dayandırmaqla oxumaq – 4359 hərf (+30% irəliləyiş)
 
İlk cəhddəcə 30-33%-lik irəliləyiş ciddi nəticədir. Bir neçə məşq ilə sürət artımını 2-3 dəfəyə çıxarmaq mümkün olacağına əmin ola bilərsiniz.
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN