Faydalı bacarıqlar uğurlu insanların əsas fərqləndirici xüsusiyyətidir.

0
4917
Faydalı bacarıqlar uğurlu insanların əsas fərqləndirici xüsusiyyətidir.

Mən məktəbdə təcrübə keçəndə şagirdlərim çox vaxt onlara verdiyim sinifdənxaric oxudan şikayətlənirdi. Fikirlər əsasən belə idi: “Bunu oxumaq nəyimizə lazımdır? Mən stilist olmağa hazırlaşıram. Bu mənasız hekayə mənə gələcək peşəmdə nə ilə kömək edəcək?” 

Mən çox vaxt bu suala yaxşı cavab verə bilmirdim. Halbuki yaxşıca cavab vermək olardı. Belə fikirləşək: əgər siz mühasibsinizsə, aydındır ki, mühasibat uçotu üzrə nə qədər çox seminar və məşğələlərə getsəniz, bir o qədər yaxşı mütəxəssis olacaqsınız. Gəlin peşə üçün lazım olan bacarıqları “əsas bacarıqlar” adlandıraq. Hər bir rəhbər istər ki, onun mühasib, vəkil və ya avtomexaniki öz sahəsi üzrə bilik və bacarıqlarını möhkəmləndirsin. 

Bəs mühasib (stilist və başqaları) niyə öz vaxtını “faydalı bacarıqlar” (eləcə də, həyati bacarıqlar və ya insanlarla iş bacarığı kimi məlumdur) qazanmaq üçün sərf etsin? Mühasiblər nə üçün Şekspiri oxumalıdır? Vəkillər nə üçün düzgün davranışın vacibliyi haqqında audioyazıya qulaq asmalıdır? Mexaniklər nə üçün münasibətlərin qurulması ilə bağlı seminarlara getməlidir? Nə üçün stomatoloqlar öyrənməlidir ki, münaqişələri düzgün şəkildə necə yoluna qoymaq olar? Bütün bu suallara cavab vermək üçün ən yaxşı üsul – qaranquş kimi balaca bir quşun miqrasiya vərdişi haqqında danışmaqdır. 

Yəqin ki, siz “Kapistrano qaranquşunun möcüzəsi” haqqında eşitmisiniz. Hər il qaranquşlar Buenos Ayresdən 6000 mil məsafədə yerləşən Kaliforniyanın kiçik şəhərciyi Kapistranoya uçurlar. Maraqlıdır ki, uçuşun əksəriyyəti su üzərindən həyata keçirilir. Balaca bir quşun belə uzun səyahəti necə etməsini illərlə heç kim müəyyən edə bilməyib. Qaranquşlar üzməyi bacarmır. Onlar dayanmadan 6 min mil uçurlar. Onlar belə bir məsafəni necə qət edə bilirlər? 

Tədqiqatçılar müəyyən ediblər ki, qaranquş özü ilə balaca bir budaq götürür və onu dimdiyində tutaraq uçur – bu, balaca bir quş üçün böyük yükdür. Qaranquş yorulduğu zaman o budağı suyun üzərinə buraxır və dincini alana qədər budağın üzərində suda üzür. Daha sonra onlar sahilə çatana qədər yenidən uçmağa başlayır. Qaranquşlar kimi insanları da uzunmüddətli miqrasiya yorur. Bizim miqrasiyamız həyat adlanır. “Faydalı bacarıqlar” bizə qaranquşa budağın lazım olduğu qədər lazımdır. Əgər siz yalnız “əsas bacarıqlara” yiyələnmisinizsə, onda çox ehtimal ki, suda batacaqsınız. Əgər siz peycer təmir edərək, həyatınızı təmin edirsinizsə, onda sizin bacarıqlarınız mobil telefonlar epoxasında nə üçün lazım olardı? Lakin əgər “faydalı bacarıqlarınız” yaxşı inkişaf edibsə, onda siz asanlıqla başqa karyeraya keçid edə bilərsiniz. 

Bu bacarıqları istənilən ixtisasda istifadə edə bilərsiniz, bu bacarıqları bir işdən digərinə, bir sosial vəzifədən digərinə, bir həyat dövründən digərinə daşımaq olar. Onlar sizə işdə olduğu kimi evdə də kömək edir. “Faydalı bacarıqlar” uğurlu insanların əsas fərqləndirici xüsusiyyətidir.

 

ŞƏRH YAZIN