Gülümsəmək Ən Gözəl Silahdır!

0
3211
Gülümsəmək Ən Gözəl Silahdır!

Ticarətçinin biri bal satdığı halda o qədər qaşqabaqlı durur ki, onun ətrafında bir nəfər belə müştəri olmur. Ancaq digər satıcı sirkə satsa da, bütün müştərilər onun ətrafında toplaşırlar. Yaxud hər səhər işə gedəndə gördüyümüz qaşqabaqlı sifətlər bizim də elə olmağımıza zəmin yaradır. Bəzən gülsək necə qarşılanarıq deyə düşünür, həmin an bu fikirdən imtina edirik. Amma unuduruq ki, insanlar həqiqətən də, gülər üzə, şirin dilə möhtacdırlar. Bunu istənilən yerdə, istənilən insanla sınaya bilərsiniz. İnsanlara qarşı necə olsanız, mütləq elə qarşılıq görəcəksiniz. Bilmədən ayağını basdığınız biri əsəbi şəkildə sizə doğru çevriləndə üzünüzdəki təbəssümə,dilinizdəki şirinliyə görə cavabınızı verəcək...

Gülərüzlü olmaq insanın özünü gözəlləşdirər, cəmiyyəti rahatlaşdırar. Şirin dilin, gülər üzün açmadığı bir qapı yoxdur. Bir hədisi-şərifdə də deyildiyi kimi, "mallarınızla hər kəsi razı salmaq mümkün deyil. Ancaq gülər üz, şirin dil və gözəl əxlaqla razı sala bilərsiniz”.

Yaxşı deyiblər.. Şirin dil ilanı da yuvasından çıxarmağa qadirdir. Bəli, şirin dil və gülər üz istifadə edə bilənə ən gözəl silahdır. Bir çox insanın kobud və sərtliklə əldə edə bilməyəcəyi şeyləri, bir-iki kəlmə şirin söz, xoş təbəssümlə asanlıqla əldə etmək mümkündür. Necə deyərlər, "Şirin dil ilanı yuvasından çıxarar”. Bir insan nə qədər aqressiv olursa olsun, qarşısında təbəssüm edən üz gördüyü zaman yumşalır.

Gülümsəyən bir üz mimikası, xüsusilə də, ailə münasibətlərində gərgin vəziyyəti aradan qaldırmaq üçün ən gözəl silahdır. İnsanların böyük qisminin üzünə diqqət etsək, üz cizgilərində gərginliyin büruzə verdiyini açıq şəkildə görmüş olarıq. "Bu insanların günümüzdə yaşadığı problemlərlə əlaqəli ola bilərmi?” sualını Elnur Rüstəmov belə cavablandırdı: "Hər dövrdə insanlar problemlərlə qarşılaşırlar. Elə insanı insan edən də onun problemləridir. Ancaq bir şey var ki, hər kəs o problemlərə eyni reaksiya vermir. İnsan gərək qarşılaşdığı problemlər qarşısında ruhdan düşməsin. Unutmamaq lazımdır ki, insan problemi gözündə nə qədər böyütsə, problem o qədər də onun arxasından gələcək”.

Gülmək ən gözəl üz idmanıdır. Heç bir makiyaj üzü gülümsəmək qədər gənc göstərə bilməz. Psixoloqlar bildirirlər ki, gün boyu gülümsəməyin ən gözəl yolu, səhər güzgünün önündə insanın öz-özünə danışmasıdır. Məsələn, "sən gözəl və ağıllı bir insansan, bu günün çox gözəl başlayıb, əminəm ki, hər şeyi bacaracaqsan” və s. bu kimi ifadələri gülümsəyərək, inanaraq, yüksək əhval-ruhiyyə ilə demək, günün istədiyiniz şəkildə keçməsinə böyük təsiri var.

Unutmayın, gün ərzində qaşlarınızı çatsanız, rastınıza çıxan insanlar da çox güman ki, eyni reaksiyanı verəcəklər. Ən azından onlar da gözünüzdə elə olacaqlar. Necə ki, güzgünün qarşısında durduğunuz zaman öz mimikanızı görürsünüz... Gülmək qəhqəhələrlə insanları ələ salmaq üçün istifadə edilməməlidir. Könüldəki gözəl niyyətin, sevginin üzdə əks olunması olmalıdır. Üzünüz gülər, diliniz şirin olsun!
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN