Dəmir Ledi Əzminin Möhtəşəm Hekayəsi!

0
5483
Dəmir Ledi Əzminin Möhtəşəm Hekayəsi!

O, düz iki il əvvəl aprelin 8-də dünyasını dəyişdi. İngilis siyasətçilərindən biri bu qadın haqqında belə demişdi: "İngiltərənin iki sərvəti var: neft və Marqaret Tetçer".

Təsadüfi deyil ki, bu gün də bütün ingilislər "ən cazibədar siyasətçi kimdir" sualının cavabında yekdilliklə məhz onun adını çəkirlər. Daha bir fakt: Tetçer XX əsrdə hakimiyyət müddətinə görə İngiltərədə yalnız Uinston Çörçilldən geri qalır. 

Baqqal ailəsində anadan olub. Uşaqlığından məqsədyönlülüyü və hətta inadkarlığı ilə seçilib. Doqquz yaşında məktəb yarışında qalib gəlib. Müəlliminin "necə oldu ki, bu xoşbəxtlik sənə qismət oldu" sualına məhz belə cavab verib: "Yox, mən bunu özüm qazandım".

Marqaret - sinif yoldaşları onu Meggi çağırırdılar - oxuduğu məktəbin hokkey komandasının ən gənc kapitanı olub.

Atası Alfred Roberts onu oğlanlarından fərqləndirməyib və beləliklə, qız ciddi, sərt rejimdə böyüyüb. Meggidə qətiyyətli və cəsur xarakter formalaşıb və o, özünü müdafiə etməyi öyrənib.  

Atası sonradan qızı barədə belə deyəcəkdi: "Marqaret mükəmməllik kriteriyasına 99,5% faiz uyğun gəlir, çatışmayan 0,5% isə onun istiqanlı olmaması ilə bağlıdır".

Marqaretin ailəsində siyasətdən danışmağı sevirdilər və yeniyetmə qız çox zaman evlərində toplaşan qonaqların bu mövzuda söhbətlərində iştirak edirdi.  

Şəxsi həyatı

Gənclik illərində Marqaret cavan, gözəl və zəngin bir qrafla əsrarəngiz eşq romanı yaşadı. Amma oğlanın valideynləribaqqal qızını almaq istəmədilər. Qraf kimi eşq də onun həyatını tərk etdi, yerini isə siyasətə verdi...    

Sonra... ikinci sevgi də oldu. Növbəti dəfə Marqaret şotland fermerə vuruldu. Amma münasibətləri təzəcə isinişən anda oğlanın gözü onun bacısını tutdu. Miriel - bacısından fərqli olaraq siyasətlə maraqlanmırdı, əvəzində evdarlığı yaxşı bacarırdı…

Marqaret zəngin ailədən olan Denis Tetçerə ərə getdi. Bunu məntiq evliliyi adlandırmaq olardı. Ortada böyük eşq-filan yox idi. Denisin köməyi ilə Marqaret hüquq təhsili aldı, vəkillik praktikası ilə məşğul oldu və nümayəndələr palatasına seçki kampaniyası üçün lazım olan vəsaiti əldə etdi. Əri ondan on yaş böyük idi.


Gələcək əriylə tanışlıq  ərəfəsində o, ilk dəfə parlament seçkilərinə qatılmağa hazırlaşırdı. Onlar partiya yoldaşı idilər. Bir dəfə Denis onu evə ötürdü və iki il sonra onlar evləndilər. 

Ümumiyyətlə, onların ümumi maraqları az idi. Denis daha çox idmana meyl göstərirdi və səyahət etməyi siyasətdən çox sevirdi. Bununla belə, evdə kişinin sözü keçirdi. Denisdən başqa heç kəs Marqareti gecə saat 3-də işindən ayıra bilməzdi: "Gedək yataq, səhər tez oyanmalısan!". 

Marqaret həmişə onu dinləyirdi.

1953-cü ildə onların əkiz uşaqları - oğlan və qız  dünyaya gəldi. Uşaqların tərbiyəsi ilə əri və dayə məşğul olurdu. Qızı Keroll sonradan çap edəcəyi kitabda Tetçerlərin evini sevgidən məhrum soyuducu-şkaf adlandıracaqdı. Elə rəfiqələri də etiraf edəcəkdilər ki, Marqaret övladları üçün yaxşı ana olmayıb. Amma neyləmək olar, karyera həmişə nəyinsə bahasına başa gəlir. Çox zaman da qurban verilən məhz sevgi olur.

Bununla belə ərlə arvad ömürlərinin 52 ilini bir yerdə yaşadılar. 2003-cü ildə Denis  88 yaşında dünyasını dəyişdi,və "dəmir ledi"ni kütlə ilk və son dəfə yalnız Denis ölərkən gözü yaşlı gördü...

Denis müsahibələrinin birində belə demişdi: "Məndən tez-tez soruşurlar: sizin evdə şalvar geyinən kimdir? Cavab verirəm ki, mən. Amma onları yuyub-ütüləyən də elə mənəm".

Bədxahları isə söyləyirdilər ki, Britaniya kabinetində bircə kişi var, o da Marqaret Tetçerdir.

Denis isə arvadının uğurları ilə qürrələnməyi sevirdi.

Qadın ki qadın!

Çantasında güzgü və dodaq boyası olmasa da, Marqaret qadın olduğunu unutmur, xarici görünüşünə diqqət yetirirdi. Onun qeyri-adi şlyapalara və iri yaxalıqlı donlara aludəçiliyi heç kəsə sirr deyildi.

Marqaret deyirdi: "Mən bəzən gözəl saç düzümünə malik olmaq üçün yarım saatlıq yuxumdan keçirəm".

Bir dəfə ziyafət zamanı Raisa Qorbaçovanın əynində öz paltarının eynisini görən Marqaret möhkəm əsəbiləşmişdi. Qorbaçov haqqında isə Tetçer belə deyirdi: onun hər işi yaxşıdır, bircə arvadından yarımayıb.

"Dəmir ledi" yeməyinə fikir vermir, çox zaman ayaqüstü qidalanırdı. Bir neçə saat yatmaq onun üçün kifayət edirdi, yuxu rejimi normal deyildi.

Övladları

Oğlu Mark gizlicə Afrika ralllisinə çıxanda ana ingilis xüsusi xidmət orqanlarını ayağa qaldırdı. Ümumiyyətlə, Mark öz şıltaqlıqları ilə daim valideynlərinə əzab verirdi. Nəhayət, atası onu firmaya işə düzəltdi və okeanın o biri üzünə göndərdi. Orada Mark ailə qurdu və tezliklə Marqaret nənə oldu.

Keroll isə bütün ömrü boyu anasının kölgəsindən çıxmaq üçün çalışdı. Avstraliyada jurnalist işlədi. Amma ona tez-tez Tetçerin qızı olmasını xatırladırdılar, buna görə də işdən çıxarılan ilk adam həmişə Keroll olurdu. Qızın sevgidə də bəxti gətirmirdi. Kişilər ona siyasi karyera üçün nərdivan kimi baxırdılar. 

Mark anasının hesabına yaşayır, Keroll isə Tetçerin qızı olduğu üçün əzab çəkirdi.

"Lənətə gəlmiş arvad" və  ya "süd oğrusu"

1959-cu ildə Marqaret parlamentə seçildi, iki il sonra təqaüd və dövlət sığortası işləri üzrə nazir oldu. Daha sonra ona təhsil naziri vəzifəsini təklif etdilər. Tetçer 7-11 yaş arası məktəblilərin pulsuz südlə təmin olunması proqramını ləğv etməklə büdcəyə 19 mln. dollar qənaət etmiş oldu. Bundan sonra ona "süd oğrusu" ləqəbini verdilər.

Baş nazir rəsmi ziyafətlərdən qalma yeməkləri evinə aparırdı. Deyirdi ki, bu, qənaətdir, həm də vergi ödəyicilərinin pullarını çölə atmaq olmaz. Bununla belə, çoxları ona nifrət edirdilər. Hətta bir dəfə kimsə baş nazirə tərəf kərpic parçası atmışdı və nəticədə Tetçerin sinəsi göyərmişdi. Parlamentdə isə onu "yenə bu lənətə qalmış arvad" sözləriylə qarşılayırdılar.

Əri təklif edirdi:

- Rədd olsun hamısı. Tüpür və get!

Marqaret doluxsunmuş gözlərini silərək cavab verirdi:

- Heç vaxt. Məni heç vaxt öz arzumun xilafına getməyə məcbur edə bilməyəcəklər.

Leyboristlər yenidən hakimiyyətə gələndə vəziyyət dəyişdi. Onlar kütləyə çoxlu sosial vədlər vermişdilər və bu vədlərin həyata keçirməsi nəticəsində büdcə boşalmışdı. Siyasətçilər nə edəcəklərini bilmirdilər. Belə bir vaxtda baş nazir iqamətgahına gələn Tetçer tarixi çıxış etdi: "Biz ixtilaf olan yerə həmrəylik, yanlışlıq olan yerə həqiqət və məyusluğun hökm sürdüyü yerə ümid gətirəcəyik".

Dünənə qədər ona nifrət edən kütlə bu çıxışı "Bizim simvolumuz göy rəng, liderimiz Meggidir" şüarları ilə qarşıladı.

Marqaretin siyasi karyerasını möhkəmləndirən amil Folklend adalarındakı müharibə oldu. 19 mart 1982-ci ildə qırx argentinalı bu adaya gəldi. Əslində, çox gülməli vəziyyət idi - 750 min qoyun və milyonlarla pinqvin uğrunda mübarizə lətifəni xatırladırdı, amma argentinalılar öz niyyətlərində ciddi idilər. İki ay sonra orada min nəfərə yaxın adam həlak oldu, Tetçerin siyasi durumu da dəyişdi. Rəqibləri "dəmir ledi"nin əsl  gücünü gördülər. O, 1,4 mlrd. argentinalını soyuqdan dondurdu və hərbi eskadra dənizə çıxdı. Böyük Britaniya və Tetçer qalib gəldi. İngiltərə də onu sevməyə başladı.


Etimadsızlıq
Amma siyasətçi üçün meydanı vaxtında tərk etmək vacib cəhətdir. Tetçer bunu bacarmadı. Avropa əleyhinə çıxışlar və baş nazirin kənar rəylərə əhəmiyyət verməməsi britaniyalıların əksəriyyətini, o cümlədən mühafizəkarların böyük bir qismini ona qarşı qaldırdı.  1990-cı ilin noyabrında partiyası ona etimadsızlıq göstərdi. Noyabrın 21-də "dəmir ledi" istefaya getməli oldu. Amma meydanı tərk etmədi, Tetçer fondunu yaratdı, iki il sonra isə baronessa oldu və lordlar palatasına seçildi.

1992-ci ildə Marqaret "Philip Morris" tütün şirkətində geopolitik məsləhətçi vəzifəsində çalışmağa başladı. O, 250.000 dollar maaş alırdı, bundan əlavə şirkət hər il onun fondunun hesabına eyni məbləğdə ianə köçürürdü.

2002-ci ildə Tetçerin vəziyyəti pisləşməyə başladı. O, bir neçə mikroinsult keçirdi, qolu sındı, yaddaşı zəiflədi. 2011-ci ildə şahzadə Uilyamla Kett Middltonun toyuna dəvət alsa da, özünü pis hiss etdiyindən orada iştirak etmədi. "Dəmir ledi" 2013-cü il aprelin 8-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.

Korrektə etdi: Salmanlı Ayna

ŞƏRH YAZIN