Fermer oğlu necə Milyonçu oldu

0
2974
Fermer oğlu necə Milyonçu oldu

Adi bir fermer oğlu idi. Amma atasının yolu ilə getmək istəmədi. Arzuları böyük idi. Uğuru uğur üstünə qazandıqca, daha da həvəslənirdi. Bu səbəbdəndir ki, yaratdığı şirkət hazırda dünyanın 72 ölkəsində 16 brend altında 4000-dən çox hotelin idarəçisidir...

İlk qazanc
Uşaqlıq təxəllüsü Bill olan Con Villard Marriott 1900-cü il sentyabrın 17-də dünyaya göz açıb. Atası adi fermer imiş. 10 nəfərlik ailənin (Billin özündən başqa 7 bacı-qardaşı olub)  Marriott soyadı dini icmanın şərəfinə götürülüb. Bill iş təcrübəsinə uşaqlıqdan -13 yaşından başlayıb. Belə ki, şəkər çuğunduru əkir, mal-qara otarırmış: “Atam mənə kişi kimi məsuliyyətli olmağı öyrədirdi. Fermanın əkin üçün istifadə edilməyən hissəsində kahı əkdim. Şəxsən özüm məhsulumu yarmarkaya aparıb orada satdım. İlk qazancım 2000 dollar idi. Pulu gətirib atama verdim. Növbəti il o, mənə daha ciddi iş etibar etdi: 3000 qoyunu qaçaqmalçılıq yolu ilə San-Fransiskoya aparmalıydım. 14 yaşım olsa da, bu çətin işin öhdəsindən gələ bildim”.
 
Fermadakı uğurlarına baxmayaraq, Bill fermerliyin onluq olmadığını anlayır. Missionerliyə başlayır. İki il müddətində dini missiyası ilə bağlı bütün ölkəni gəzir. 1921-ci ildə bu fəaliyyətini başa vurur. Yüksək dərəcəli diplom almaq niyyətilə evlərinə qayıdır. Kolleci bitirir, universitetə daxil olur. Bu vaxt ərzində işgüzarlığından da qalmır, hər işin qulpundan yapışır. Məsələn, dəmir уolu çəkənlərə alt paltarı satır, fermada işləyir. Universiteti bitirən kimi -1927-ci ildə həyat yoldaşı Elis Şiits və dostu Hyu Koltonla birgə biznes qururlar. Vaşinqtonda spirtsiz qazlı içkilərin satışını həyata keçirən kiçik bar açırlar. İşlər yaxşı getdiyindən, ortaqlar 3000 dollar sərmayə ilə Vaşinqtonun daha  9 bölgəsində bu tipdə  kafe açırlar. Obyektlərini  isə “A&W Root Beer” adlandırırlar.
 
Yeri gəlmişkən, ortaqlar kafe üçün yol kənarlarını seçirdilər. Buna görə də onların alveri yaxşı olurdu. Müəyyən müddət sonra Con Villard Marriott  Hyu Koltonla birlikdə  bizneslərini genişləndirib, içkilərin yanında isti yemək də satmaq qərarına gəlirlər. Bu dəfə də kafelərinə “The Hot Shoppe” adını verirlər. Lakin Nyu-York birjasında başlayan böhran və Böyük Depressiya Billin  biznesinə mənfi təsir edir. O, 3 restoranını satmaq məcburiyyətində qalır. Qısa müddət sonra iki restoran açsa da kifayət qədər pul itirir...
 
Böyük biznesə aparan yol...
10 il ərzində Bill “Eastern American”, “United” və “Capital Airlines”lə müqavilə imzalayır. Onun kafesi bu hava şirkətlərini hazır yeməklə təmin edən ilk obyekt olur.1950-ci ildə o, ofisini tikmək məqsədilə böyük bir ərazi satın alır. Lakin 1957-ci ildə orada hotel tikməyə qərar verir. Və kondisioner, radio, telefonla təchiz olunmuş  365 otaqdan ibarət motel tikdirir. Gecəsi 9 dollar olan moteli isə “Twin-Bridges Marriott Motor Hotel” adlandırır. İşlər tezliklə yağ kimi getməyə başlayır. Belə ki, ər və arvad dünyanın başqa ölkələrində də hotel biznesi ilə məşğul olmağa həvəslənirlər. Xarici dövlətlərdə  hotel açırlar. Maraqlıdır ki, Billin xaricdəki hotelləri ana adla deyil, “Marriott Inns” adı ilə fəaliyyət göstərir. Belə vəziyyət 1978-ci ilədək davam edir. Bundan sonra şirkət özü otel tikib satmağa başlayır. Bu o şərtlə edilirdi ki, hotelin idarəçiliyinə Marriottlar özləri nəzarət edirdilər...
1985-ci ildə iş adamı vəfat edir. Ailə biznesinin başına oğlu Con Villard Marriott keçir. “Marriott International”ın Direktorlar Şurasının sədri olan kiçik Con Amerikanın 400 varlı iş adamının siyahısında yer alır.
 
Billin yaratdığı şirkətin hazırkı vəziyyətinə gəlincə, 1993-cü ilə “Marriott Corp” iki yerə - “Marriott International” və “Host Marriott Corporation” ( hazırda “Host Hotels & Resorts”) bölünür.  Hazırda dünyanın 72 ölkəsində 16 brend altında 4000-dən çox hotelləri var. Şirkətin ştab-ofisi ABŞ-da yerləşir.
 
Uğurların arxasındakı qadın...
Con Villard Marriott  öz qrup yoldaşı ilə evlənib. Deyilənlərə görə, Elis Şiits zəngin ailənin qızı imiş. Məhz bu səbəbdən də Marriott ciddi iş adamına çevrilir. Biznesmenin bu evlilikdən Bill Marriott adlı yeganə övladı var.
 
Ata Con ömrünün sonunadək mormon kilsəsinə maddi kömək edib. O, Vaşinqtonda mormon ehramının, eləcə də universitetin tikintisinə milyonlar xərcləyib. İş adamı, həmçinin, Amerikada keçirilən iki prezident seçkisinin inaqurasiya komitəsinə rəhbərliyi həyata keçirib. Prezident Niksonun xahişi ilə 1970-ci ildə Amerikanın Şərəf Gününü təşkil edib.
 
Bill 1985-ci il avqustun 13-də ürəktutmasından dünyasını dəyişib. Əlbəttə ki, özündən sonra ailəsinə milyardlar qoyub...
 
“Marriott” Azərbaycanda
Azərbaycanda gedən inkişaf, beynəlxalq iş dünyasının ölkəmizə marağı “Marriott International”ın da dıqqətini cəlb edib. Belə ki, şirkət Bakıda köhnə “Abşeron” mehmanxanasının yerində yeni “JW Marriott Absheron” hotelini tikib. Bu möhtəşəm hotelin açılışını 2012-ci il aprelin 1-də Azərbaycan Prezidenti İlham Əliyev edib.
 
Beşulduzlu “JW Marriott Absheron” dünya şöhrətli “Marriott International”ın ölkəmizdəki ilk hotelidir. Bundan sonra isə şirkət ölkəmizdə daha 4 hotel açıb.
 
Leyla Əliyeva
 

ŞƏRH YAZIN