Evlilikdə ünsiyyət problemi varsa ...

0
3194
Evlilikdə ünsiyyət problemi varsa ...

 Bəzi kişilər və xanımlar danışmağı çox sevməz. Ailədə də bu adətlərini davam etdirərlər. Amma onlarla ünsiyyətin bir yolu hər zaman var. Əgər sizin də həyat yoldaşınız evə gələndə danışmamağa üstünlük verirsə və ya sizin verdiyiniz suallara başı ilə cavab verirsə, deməli, siz də bu problemi yaşayanlardansınız.


Bəzi xanımlar danışmağı sevmədikləri üçün həyat yoldaşlarının bu “münasibəti” onları çox da narahat etmir. Ancaq həyat yoldaşı ilə danışmaq ehtiyacı hiss edən xanımlar üçün bu, çox ciddi bir problemə çevrilir. Xarakter etibarı ilə ünsiyyətə meyilli olan xanımlarda isə bu problem özünü daha kəskin şəkildə büruzə verir.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu problem təkcə xanımların problemi deyil. Bəzən bəylər də həyat yoldaşları danışmadıqları üçün şikayət edirlər. Təbii ki, bu, ilk növbədə, ailədə tərəflərin təcrid olunmasına gətirib çıxarır. Bu isə evlilikdə ciddi “çatların” meydana gəlməsi ilə nəticələnir.

Çıxış yolları

Hər şeydən əvvəl, problemi tez-tez gündəliyə gətirməməlisiniz. “Heç mənimlə danışmırsan”, “Mənimlə yad kimi hərəkət edirsən” və s. kimi cümlələrlə problemin həllini çətinləşdirməməlisiniz. Digər tərəfdən, bir problemi tez-tez gündəliyə gətirməklə o problemi adiləşdirdiyinizi unutmamalısınız. Çünki bu üsulla həyat yoldaşınızı yola gətirə bilməyəcək, əksinə, onda “özünümüdafiə instinkti” formalaşdıracaqsınız. Ona görə də həyat yoldaşınızı ittiham etmək əvəzinə, öz ehtiyaclarınızdan danışın. Məsələn, “mənimlə niyə danışmırsan” əvəzinə, “mənim ünsiyyətə ehtiyacım var” deyin.

Əgər problem həyat yoldaşınızın xarakteri ilə bağlıdırsa (üstəlik, bütün səylərinə baxmayaraq, problemin qarşısını ala bilmirsə), başqa alternativlər axtarmalısınız. Yox, əgər həyat yoldaşınız sizinlə və ya evliliyinizlə bağlı bir səbəblə danışmırsa, onda səbəbləri bir yerdə araşdırmalısınız. Digər tərəfdən, əgər problem siz düşündüyünüzdən də dərindirsə, bir ailə psixoloquna müraciət edə bilərsiniz.

ŞƏRH YAZIN