Boşanma Sonrası Ata, Ana Və Övlad Münasibəti...

0
1433
Boşanma Sonrası Ata, Ana Və Övlad Münasibəti...

Boşanma sonrası ata və ananın bir – birinə eləcə də uşaqlara münasibətləri, davranışları necə olmalıdır? 

Heç bir evliliyə boşanmaq üçün başlanılmaz. Hər evliliyə içində az və ya çox dərəcədə yuva qurmaq istəyi, sevgi, qayğı, dostluq və b. münasibətlərlə  başlanılar.  Övlad dünyaya gəldikdən sonra münasibətlər biraz dəyişir. Bəzən çox təəssüf ki, bu nağıl bitməli olur. Çünki davam edərsə artıq əvvəlki kimi xoşbəxt olmayacaqlar. Ata – anasının boşanması hər nə yaşda olursa olsun istənilən uşaq üçün psixoloji travmadır. Hər iki valideyn qarşılıqlı olaraq boşanmağa qərar verdikdə hirs, üzüntü, narahatlıq keçirməklə yanaşı, uşaqların bu çətinliyi nisbətən yüngül keçirmələri üçün də məsuliyyət daşıyırlar. Üstəlik bunu birlikdə etməlidirlər. Bəs bu vəziyyəti tragediya halına gətirmədən necə həll etmək olar? Bunu  üçün duyğularınızı bir tərəfə atın. Həyat “burada və indidən” ibarətdir. Övladınızın burada və indi sizə ehtiyacı var. Əgər siz davamlı olaraq keçmişin neqativ duyğularına köklənsəz, övladınız qarşısında “güclü valideyn” modelini nümayiş etdirə bilməyəcəksiniz. Keçmiş həyat yoldaşınıza qarşı nə qədər mənfi duyğular bəsləsəniz belə uşağınıza bunu göstərməyin. Çünki uşaq həmişə ata – anasına güvənmək istəyər. Bu sizin aranızda olan məsələdir. Uşağa yansıtmayın. Xüsusən kiçik yaşlı uşaqlar bunu özlərinə qarşı güvənsizlik olaraq kodlaşdırırlar. Yəni “mən nə qədər pis uşağam ki, atam, anam belə məni sevmir və mənə bunları yaşatdı”. Həm ailənizdən, həm də çevrənizdən mənfi yönümlü fikirləri uşaqlara yansıtmamaları üçün kömək istəyin.  Tələsik qərarlar verməyin. Boşanma sonrası həyatınıza pozitiv yön verməyə çalışın.  Xüsusən də uşağı qarmaqarışıq bir şəxsi həyatın içinə sürükləməyin. Yeni bir münasibətiniz olsa belə onu övladınızla tanış etmək üçün tələsməyin.  Boşanmağı qəbul etməyə başlamaq vaxtı hər uşaq üçün fərqlidir. Yaxşı olardıkı əgər çətinlik çəkirsizsə bu xəbəri bir mütəxəssislə birlikdə verin. Uşağınızın yaşına görə olduğu sosial mühitlərdə( məktəbdə valideyn iclası, ad günləri, məzuniyyət vəs.) keçmiş həyat yoldaşınızla birlikdə görünməyə çalışın. Bundan başqa bir – birinizin həyatında yer almağınıza ehtiyac yoxdur. Uşağınız o an olmasa belə yaşadığı üzüntü, inkar duyğularının ardından zamanla sizi belə qəbul etməyə başlayacaq. Qəbul etmək lazımdır ki, keçmişdə nə yaşamış olursanız olun, hal – hazırda yoluna ayrı – ayrı davam edən iki insansınız. Hətta bəlkə də bir – birinizə nifrət edirsiniz. Artıq bir – birinizə duyğu axtarmağı bir kənara atıb, uşağınızla necə sağlam münasibət qurmaq lazım olduğunu düşünün. Əvvəllər yolunda getməyən evliliklər üçün uşaq xilasedici bir vasitə kimi idi. Bu yararsız və uşaq üçün uyğunsuz bir haldır. Bitən evliliklərin ardından uşaqla gizli mesajlar göndərmək də təhlükəlidir. Söhbət arasında digər valideyn haqqında keçən xoşagəlməz cümlələr, “ona de ki”, formasında gizli mesajlar və ya övladınız özü danışmadıqca digər valideynin şəxsi həyatı haqqında sorğu – sualın heç kimə faydası yoxdur. Belə vəziyyət övladınızın psixikasına mənfi təsir göstərir, özünü dəyərsiz hiss etməsinə, ata – anası tərəfindən üzüstü buraxılması hissini yaşamasına yol açar. 

 
HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA
 

ŞƏRH YAZIN