Şirin Həyat: Şokolad

0
2574
Şirin Həyat: Şokolad

Dövrümüzdə əksər insanlar şokolad sevir, şokolad həvəskarı olanlar da az deyil. Şokoladın tarixi qədim zamanlara gedib çıxır.


Onun ilk istehlakçısı və tanınmasına səbəb olan Olmeklər təxminən eramızdan 1500 il əvvəl Meksika körfəzi sahilində Amerikada meydana gəlmişdir.

Ehtimallara əsasən ilk dəfə olaraq “kakao” sözü “kakawa” kimi tələffüz edilərək Olmeklərin mədəniyyətində meydana gəlmişdir.

İnkişaf tarixi isə eramızdan 1000 il əvvəl Mayaların adı ilə bağlıdır. Mayalar kakao adlanan ağacdan istifadə etməyə başladılar və bir müddətdən sonra kakao onların həyatlarının ayrılmaz hissəsinə çevrilməyə başladı. Hətta o səviyyə çatdı ki, Mayalar öz inancları sıralarına kakao Tanrısını da daxil edərək ona sitayiş etməyə başladılar. Bununla da, Mayaların mədəniyyətlərinin inkişafı özünün klassik fazasına daxil oldu. Təxminən bu dövr eramızdan 250 il əvvələ təsadüf edir. Bu isə Mayaların təkcə mədəniyyətinin deyil, həm də iqtisadi inkişafına səbəb oldu. Bizim eranın 600-cü illərində Mayalar ən böyük plantasiyalar yaradaraq öz iqtisadi inkişaflarının ilkin dövrünə qədəm qoydular. Artıq Mayalar gözəl evlərə, böyük qalalara, möhtəşəm saraylara və nəhəng şəhərlərə malik olmuşdurlar. Bu inkişaf onların yaşayış səviyyələrinə müsbət təsir göstərmişdir. Onlar tez-tez məclislər qurur, öz qonaqlarına şokolad içkisini süfrələrinin ən dadlı, müqəddəs təamı kimi təqdim edirdilər. Mayalar tərkibinə müxtəlif ədviyyat və qatqılar qatmaqla, müxtəlif formalardan istifadə etməklə, müxtəlif dadlarda şokolad içkisi hazırlayırdılar. Bu da mayaların bu sahədə nə dərəcədə inkişafından xəbər verirdi. Lakin Mayaların klassik mədəniyyətlərinin inkişafı IX əsrdən sonra tənəzzülə uğradı. Bu zaman təşəbbüsü eramızın 1000-ci illərində Tolteklər ələ aldı. Amma Tolteklərin mədəniyyətləri o qədər də uğur qazana bilmədi və XII əsrdə daxili çəkişmələr bu mədəniyyətin inkişafına son qoydu. XII əsrdən yeni bir mədəniyyətlə Asteklər rəhbərliyi ələ aldılar. Asteklərin mədəniyyətləri 1521-ci ildə İspanların bu torpaqları zəbt etməsi nəticəsində məhv edildi. İspanların işğalına qədər Asteklər şokolad içkisinin dünyada daha da yayılmasına səbəb olmuşdur. Qədim Astek əfsanələrində deyilir ki, kakao bizə cənnətdən göndərilmişdir, kakao ağacından mərdlik və güc təzahür edir. Kakao asteklərin inkişafında mühüm rola malik idi. Kakao paxlaları Astek İmperiyası üçün pul mənasını kəsb edirdi. Hətta, Kral İmperiyasının anbarlarında kakao paxlaları xüsusən qorunurdu. Hər il anbarlarda 4000 kakao kisəsi yığılırmış.

Şokoladı dadan ilk avropalı Xristofor Kolumb olub. Bu hadisə 1502-ci ildə Qayana adası sakinlərinin əziz qonağını böyük təntənə ilə qarşıladıqları zaman baş vermişdir. Sakinlər Kolumbu kakaodan hazırlanmış içkiyə qonaq etmişdilər. Xristofor Kolumb kakao paxlalarını Avropaya – kral Ferdinanda özünün yeni dünyaya dördüncü səfəri zamanı gətirmişdir. Lakin gətirilən digər qiymətli hədiyyələr arasında olan kakao bitkisinə heç kim o qədər də fikir vermədi və bu da avropalıların kakao bitkisi haqqında məlumatsız olmaqlarından irəli gəlirdi. Lakin, Kolumbdan 100 il sonra şokolad Avropada yayılmağa başladı. Bir girvənkəsi 10-15 şillinqə satılırdı. Bu da çox baha olduğu üçün zadəganlara məxsus içki hesab olunurdu. XVI əsrdə ispan tarixçilərindən Oviedo yazırdı “Yalnız varlılar və hörmətli şəxslər özünə şokolad içkisi içməyə icazə verə bilərdi, çünki bunu içmək pulu içmək kimi bir hərəkət idi”. Artıq bütün ölkələr kakao paxlalarını valyuta kimi istifadə edirdilər. O vaxt 100 kakao toxumuna bir yaxşı kölə almaq mümkün idi. Şokolad illər keçdikcə daha da məşhurlaşdı və nəticədə onun tərkibinə əlavələr edilməyə başlanıldı. Bunlara süd, spesifik məhsullar, müxtəlif şirin məmulatlar, içki və hətta pivə də qatıldı. Əgər ilk əvvəl şokolad kişilər üçün içki sayılırdısa, sonrakı dövrlərdə bu xüsusən uşaqlar üçün maraqlı içkiyə çevrildi. 1674-cü ildə şokoladdan müxtəlif şirniyyatların içində də istifadə etməyə başladılar. Bu dövr “yeyilə bilmə” müddəti adlandırılırdı, çünki hazırlanan şokoladları tək içmirdilər, hətta yemək də olurdu. İlk dəfə şokoladın hazırlanması üçün lisenziyanı italyanlar əldə edir. Avropada Meksikadan fərqli olaraq şokoladın tərkibinə şəkər tozu və vanil də əlavə edilir. XIX əsrdə ilk dəfə olaraq şokolad pilitələri yaradılır, Jan Neaus isə ilk içərisi doldurulmuş konfetin yaradıcısı hesab olunur.
 

ŞƏRH YAZIN