Pul İlə Xoşbəxtlik Mümkünmü?

0
1991
Pul İlə Xoşbəxtlik Mümkünmü?

Lidyalılar xoşbəxtliyin pulda olduğunu düşünürdülər. Pulu kəşf etdikdən sonra, hər kəsin bu pulla xoşbəxtliyə qovuşacağını, daha rahat, daha lüks həyat yaşayacağına ümid edirdilər.  

Pulun kəşf edilməsindən bu yana keçən illər ərzində, sərvət və bol qazanc üçün çox insan müxtəlif yollar və qeyri-qanuni işlər ilə zəngin olmağa çalışıb. Kasıb olduqda bədbəxt olduğunu düşünmüş və hər zaman pulun səadət qapısı olduğuna inanıblar.

Həyat elə bir prosesdir ki, yaşarkən çox hadisələrlə qarşılaşırsan. Bəzi insanlar dünyaya varlı, bəzi insanlar isə kasıb olaraq gəlmiş, yaşadıqları müddətdə bəzən xoşbəxt, bəzən də bədbəxt görünmüşlər.
 
Bunu unutmamalıyıq: bol qazanc, var-dövlət və yüksək maaş həyatımızın yaşam standartlarını artırar, amma heç vaxt tam mənasıyla xoşbəxtlik səviyyəmizi artırmaz. Xoşbəxtlik — pul və sərvətlə qazanılacaq konkret maddə, vəsait deyil. 

Dünyada aclıq və yoxsulluq içində yaşayanların ən bariz nümunəsi Afrika ölkələrindəki insanlardır. Bir afrikalı uşağın xoşbəxt olması üçün gün ərzində bəlkə də bir qarın dolusu yemək yeməsi yetər. Nəzər yetirdikdə, heç bir şeyi olmayan, kasıb, zənginlik bir yana, bir qəpik pulu olmayan insanlar boğazlarından 3-4 loxma çörək keçdiyində xoşbəxt olarkən, dünyanın başqa bir yerində, işlərində müəyyən yüksək mövqe tutanlar və daha çox qazanc əldə etmək, bu mövqedən yuxarı qalxmaq üçün vuruşanlar, o afrikalı uşağın xoşbəxt olacağı qədər xoşbəxt ola bilmirlər. Misal göstərsək: məsələn, uşaqlığından avtomobil sevdası ilə alışıb-yanan bir gəncin avtomobil sahibi olduğundakı xoşbəxtlik, bəlkə də o avtomobili istehsal edən firma sahibində yoxdur. Halbuki, baxsaq, avtomobil firmasının sahibi, o gəncdən daha yaxşı, daha lüks həyat şəraitinə və bol qazanca sahibdir. Amma avtomobili alan gənc ondan daha xoşbəxtdir.

Həyatda xoşbəxtlik — səadət, çoxlu pul və bol qazancla təmin olunmur. Gözəl həyat və xoşbəxtlik yanımızdakı dostlarımızla, ailəmizlə, ətrafımızdakı insanlarla əldə olunur. Yaşam tərzi, həyat standartları içərisində uçurumlar yaşayan insanlar da bu həyatda xoşbəxt olur. 

Kimsə kimsədən daha çox xoşbəxt ola bilməz; hər şeydə bir tarazlıq vardır.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN