Xoşbəxtliyiniz Öz Əllərinizdədir!

0
2433
Xoşbəxtliyiniz Öz Əllərinizdədir!

Mütəxəssislər depressiyanın həlli üçün çox məsləhətlər versə də, bəzən bu məsləhətlər kifayət etməyə bilər. Həmin məsləhətləri diqqətlə oxumuş və ya dinləmişsiniz, əməl edirsiniz amma bir faydası yox. Çünki, görünüşdə bunları etsəniz də, hər şeyin yaxşı olacağına inanmırsınız. Əgər depressiv bir duruma düşmüsünüzsə, ilk öncə özünüz özünüzə yardım edin. Sizə olmuş bir əhvalatdan misal çəkək.

Biri neçə illər bundan əvvəl qəza keçirmişdi və yaxın dostu gözünün qabağında can verərək ölmüşdü. Bu hadisə ona çox pis təsir etmişdi. Hardasa 1 il çox qəmgin olmuşdu. Vaxtını kitab oxumaqla keçirdiyi üçün özü haqda axtarış etməyə başlayır. Artıq bu xəstə düşüncədən və xəstə kimi yaşamaqdan xilas olmalıydı.

Depressiyadan can qurtarmaq üçün öncə həkimə müraciət etməliydi. Həkimə müraciət etdi. Həkimin sözü belə oldu: "Siz özünüz özünüzə kömək etməsəniz, yaxşı ola bilməzsiniz! Dərmanlar sizə bir qədər kömək edər..." Özünə necə kömək edəcəyini bilmirdi. Artıq 1 il idi ki müalicəyə başlamışdı. Hələ özünü yaxşı hiss edə bilmirdi.

Keçmişə dönüb baxdıqda həyatdan qopduğunu görürdü. Halbuki, həyat davam edir. Geridə qalan 1 ilini yaşamadığını başa düşürdü. İndi düz yoldadır. Çünki həkimə müraciət edib. Sonra bir gün güclü insanların xüsusiyyətlərini oxuyanda çox təsirləndiyi bir cümlə gördü: "Güclü insanlar həyatın acı olduğunu daim bilirlər."

Bunu bildikdən sonra ətrafındakı güclü insanları araşdırmağa və insanların həyat hekayələrini oxumağa başladı. Gördü ki, onlar daha çox böyük ağrılar çəkiblər, amma həyatın ipini əllərində saxlayıblar. Bu, özünə gəlməyinə çox kömək etdi.

Əgər kədər və ya çətinlik 3 gündən çox davam etsə, yaxşı olar ki, bir mütəxəssisdən kömək istəyəsiniz. Əgər bir yaxınınızı itirmisinizsə, ən çox 1 il yas tutun, sonra həyata dönməyə çətinlik çəkirsinizsə, psixoloqla məsləhətləşin.

Bir insan fiziki olaraq xəstə olsa da xoşbəxt ola bilər. Ətrafınızda bir çox insan var ki, sağlamlıqları yerində deyil, amma evlənir, uşaq sahibi olur, bir şirkətin müdiri olur, yazıçı olur, tətilə gedir və s. Yəni həyatınızın hər anında bir sıra fiziki çatışmazlıqlar olur. Bunu həyatınızdan çıxarmaq imkanınız yoxdur, ancaq özünüzə yaxşı baxıb sağlamlığınızı qorumalısınız. Bütün bunlara baxmayaraq, xoşbəxt ola bilərsiniz. Halbuki, insan depressiyada olanda hər şeyi olduğu halda özünü bədbəxt hiss edir. Heç bir şey kefini açmır, heç bir şey etmək istəmir.

Əvvəlcə nəsə etmək məcburiyyətindəsiniz. Bədən hərəkəti beyni də məşğul edir və həmin işə qarşı maraq başlayır. Bir müddət sonra çətinliklər yaddan çıxır. Bu, idman və ya hobbiniz ola bilər. Xüsusilə irəliyə qoyulan hədəflər çox daha yaxşıdır.

Artıq yaşanmadan keçəcək bir dəqiqəyə belə icazə verməyin. Həyatınızın hər anını doyunca yaşayın. Depressiyanın və bədbəxtliyin həyatınıza bir daha girməsinə icazə verməyin. Çünki həyat çox gözəldir. Beyninizdə hədəflədiyiniz çox şeylər var.

Uşaqlığınızdakı bayram səhərləri olduğu kimi bütün evdəkilər durub, təzə paltarlarını geyinib, süfrələr bəzənib, siz yata bilərdiniz? Üstəlik, yatağınızın üstündə təzə paltarınız var ikən...

Budur, artıq sizin hər səhər geyinə biləcəyiniz təzə paltarınız var. Yəni hər səhər yataqdan həyəcanla durmağa səbəb var. Bu səbəbləri siz özünüz yaratmalısınız. Səbəblərinizin bitməyinə icazə verməyin. Xoşbəxtliyiniz öz əllərinizdədir.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN