Ailə həyatınıza son qayacaq səhvlər!

0
1915
Ailə həyatınıza son qayacaq səhvlər!

 Hər bir ailədə narazılıqlar, mübahisələr yaşana bilər. Bu kiçik söz sözhbəti münasibətin dadı duzu da adlandıra bilərik. Amma bəzi narazılıqlar münasibətlərin tamamilə bitməsinə gətirib çıxarır.


Psixoloqların fikrincə, ailə həyatının ilk ili kritik il, riskli hesab olunur. Fərqli mühitlərdə böyümüş, müxtəlif ailələrin tərbiyəsini görmüş cütlük ilk növbədə bir-birinə uyğunlaşmağa çalışır. Bu məsələdə tərəflər bir-birinə güzəştə getməli və ailənin təməlinin möhkəm əsaslar üzərində qurulmasına çalışmalıdır. Adətən «Mən kişiyəm, o isə bizim ailəyə gəlin gəlib, qoy özü uyğunlaşsın. Nəyə görə mən öz vərdişlərimdən, həmişəki həyatımdan əl çəkməliyəm?» və bu kimi fikirlər məsələni daha da mürəkkəbləşdirir.

Psixoloqlar ailə daxilində problem yaradan əsas 6 səbəbi qeyd edir.

Tənqid
 
Bəzən qadın, yaxud kişi həyat yoldaşının hər hərəkətini tənqid etməklə onun dəyişəcəyinə ümid bəsləyir. Qadınlar, adətən: «Sən həmişə beləsən, elə bil məni incitməkdən zövq alırsan» yaxud «Niyə belə bacarıqsızsan?» ifadələri işlədirlər. Kişilər isə: «Başqasının arvadı sənin kimi deyil. Anam daha yaxşı yemək hazırlayır, layiqincə ev işləri görə bilmirsən», yaxud «Dostumun arvadı heç nədən yemək bişirir, sən çox bacarıqsızsan» və bu kimi tənbehedici ifadələrə üstünlük verirlər. Həyat yoldaşının səylərini nəzərə almamaq, ondan həmişə narazı qalmaq əks tərəfdə sizə qarşı aqressiya yaradır. Tərəflərdən birinin həyat yoldaşını başqaları ilə müqayisə etməyə çalışması, başqalarının həyat tərzindən nümunə gətirməsi ər-arvad arasındakı səmimi münasibəti incikliklə əvəz etməklə yanaşı, onların qəlbində kin-küdurət də yaradır.

Əksər hallarda həyat yoldaşını başqa qadınlarla müqayisə edən kişi qadınında qısqanclıq, həsəd və s. bu kimi mənfi emosiyaların yaranmasına səbəb olur. Zaman keçdikcə bu mənfi emosiyalar üst-üstə yığılaraq ailədaxili münaqişələrə gətirib çıxarır. Bəzi xanımlar ardıcıl olaraq başqalarının dolanışığını nümunə göstərir və özləri də bilmədən həyat yoldaşlarını alçaldırlar. Bu cür tənqid və müqayisələr nəticədə ailədə səmimiyyətin, qarşılıqlı hörmətin aradan getməsinə səbəb olur. Sevimli Peyğəmbərimiz (s.ə.s) buyurub: «Allah-Təalaya ən yaxın olan şəxs həyat yoldaşına mehriban olandır».

«Tərs damarı tutanda»
 
Ailədə problem yaradan digər səbəb cütlüklərdən birinin və ya hər ikisinin əks cins haqqında olan mənfi rəyidir. Məsələn, qadın ərinə «Hamınız eyni bezin qırağısınız. Elə ata-anadan səndən yaxşısı çıxmaz. Bu xasiyyət genində var» deyərək həyat yoldaşını hər kəslə eyniləşdirir. Yaxud əksinə, kişi qadına qarşı: «Qadının ağlı dabanında olar» kimi təhqiredici ifadələr işlətməklə onu özündən uzaqlaşdırır. Bu halda istər qadın, istərsə də kişi ümumiləşdirməklə qarşı tərəfin özünüdəyərləndirmə hissini zəiflədir. Problemi həll etmək əvəzinə insanda «Bax, mən beləyəm, məni olduğum kimi qəbul et» və s. kimi mənfi emosiyalar yaradır.

Dedi-qodu
 
Zaman-zaman hər ailədə müxtəlif problemlər yaşanır. Evlilik «tarixində» ailə münaqişələri, incikliklər, küsüb-barışmalar kimi hallar baş verir. Bu mənfi hadisələri unutmaq və onları xatırlamamağa çalışmaq ailədaxili sabitliyin və mehribanlığın qorunmasının ən gözəl qarantıdır. Bəzən isə kişi və ya qadın həyat yoldaşının illər öncə etdiyi hər hansı bir hərəkətini yada salmaqla ailədə lazımsız söz-söhbət yaradır və mövcud problemləri gücləndirir.

«Səhv və düz» söhbətləri
 
Ailə həyatının növbəti düşməni özünü hər zaman haqlı hesab etməkdir. Ailədaxili münaqişələr zamanı hər iki tərəf özünü haqlı sayır və nə olur-olsun, qarşı tərəfi ittiham edir. Bu da xırda, mənasız söz-söhbəti dönüş nöqtəsi olmayan böyük problemə çevirir və bir çox hallarda ailələrin dağılmasına səbəb olur. Halbuki kənardan özümüzə baxmağı öyrənməli və baş verən hadisələrdə öz «payımızı» görməliyik. Yalnız bu halda qarşı tərəfi ittiham etməkdən çəkinib məsələni «danışıqlar masası arxasında» həll etmək mümkündür. Peyğəmbər (s.ə.s) buyurub: «Sizin ən yaxşınız ailəsi üçün yaxşı olandır».

Məsuliyyət
 
Ailə yükünün tərəflərdən birinin öhdəsinə düşməsi onda stress və gərginliyi artırır. Ailədə baş verən ən xırda detaldan tutmuş, ailə üçün əhəmiyyətli hadisələrə qədər hər şeyə görə məsuliyyətin tək bir tərəfə yüklənməsi insanı çəkə bilməyəcəyi bir yüklə üz-üzə qoyur. Nəticədə damla-damla yığılan sıxıntılar böyük bir «partlayışa» gətirib çıxarır. Buna görə də ailə daxilindəki işləri mümkün qədər ortaq məxrəcə gəlib həll etmək lazımdır.

Məntiqli olun, söhbəti xırdalamayın!
 
«Ya mənə səhv olduğumu sübut et, ya da dediklərimi qəbul et» yanaşması ailə həyatı ilə iş həyatının qarışdırılmasından yaranır. Bəlkə iş həyatımızda uğurlu olan məntiqi yanaşma tərzimiz hisslərin, münasibətlərin daha yaxın və doğma olduğu ailə həyatımız üçün təbii ki, yararsızdır. Məsələləri məntiqlə həll etməyə çalışmağımız öz-özümüzü aldatmaqdan başqa bir şey deyil.

ŞƏRH YAZIN