Uğurlu təşəbbüskarların inandığı 7 əsas qayda

0
2088
Uğurlu təşəbbüskarların inandığı 7 əsas qayda

Nəyə inandığınız həyatınıza əhəmiyyətli ölçüdə təsir edər. Qərarlarınızı necə verdiyinizi, rastlaşdığınız fərqli situasiyalara necə reaksiya verdiyinizi inanclarınız müəyyənləşdirər. Bu, ətrafınızdakı insanlarla necə münasibət yaratdığınıza belə təsir edə bilər.

Bu, hər növ inancınız üçün söylənə bilər: istər siyasi olsun istərsə də fəlsəfi, fərqi yoxdur. İnandığınız şeylərin həyatınıza, qərarlarınıza və xarakterinizə olan təsirinin fərqində olmalısınız. 
 
İnanclarınız hər şeyə təsir etdiyi  kimi nə qədər uğurlu ola biləcəyinizə də təsir edir. Bu səbəbdən uğurlu olmaq üçün qazanacağınız bir sıra keyfiyyətlər vardır. Motivasiyanızı yüksəltmək, daha çox çalışmaq və daha yaxşı qərarlar verə bilmək üçün bu keyfiyyətlərə sahib olub müəyyən fikirlərə inanaraq, qarşınıza çıxan əngəlləri aşıb özünüzü uğurlu olmağa hazırlaya bilərsiniz.
 
Bu məqaləmizdə sizə güc verən düşüncələrdən bəhs edəcəyik. Uğurlu təşəbbüskarların inandığı 7 əsas qaydanı təqdim edirik:
1) Hər şey mümkündür 
Əgər milyard dollarlıq bir şirkət qura biləcəyinizə inanmasanız, əsla lazım olan gücü sərf etməyəcək və özününzü buna kökləməyəcəksiniz. Əgər qurduğunuz şirkətin sektordakı əsas rəqiblərinizlə rəqabət apara biləcəyinə inanmasanız, bir müddət sonra həvəsinizi itirəcək və stresə məğlub olub vaz keçəcəksiniz.
Bir şeylərin mümkün olmadığına inanmaq əslində özü özünü reallaşdıran bir düşüncədir. Əgər mümkün olmadığına inansanız, həqiqətən də olmaz. Uğurlu təşəbbüskarlar, bunun yerinə hər şeyin mümkün olduğuna inanan bir məntiqlə hərəkət edirlər. Əgər mövzuya kifayət qədər bələd olub, əlinizdən gələni etsəniz və həqiqi əzm nümayiş etdirsəniz, imkansız heç bir şey yoxdur. İrəliləmək üçün ehtiyacınız olan özünəinam yolun yarısıdır, bu özünəinam mənasız bir eqoistliyə çevrilmədiyi təqdirdə, sizi irəli aparacaq və sizə ehtiyacınız olan təcili verəcəkdir. Buna görə də özünüzə güvənməli və hədəflərinizi yüksək tutmalısınız.
 
2) Çox vaxt alsa belə, zəhmət çəkmək hər zaman nəticə verir
Uğurlu təşəbbüskarların digər bir ortaq nöqtəsi də qəlblərinin dərinliklərində zəhmətin mütləq şəkildə nəticə verdiyinə inanmalarıdır. Saatlarla işləməkdən, həftələrini, hətta aylarını da işlərini qaydaya salmaq üçün sərf etməkdən şikayətçi olmazlar. Çünkü, mütləq surətdə bir nəticə qazanacaqlarına inanırlar. Bəzən nəticə əldə etmək üçün aylar, hətta illər tələb olunar, amma inamınızı qoruduğunuz təqdirdə o gerçək olacaqdır.
Buradakı əsl fərq isə uğurlu təşəbbüskarların uzun vədədə reallaşacaq uğur üçün səbr nümayiş etdirməyi bacarmalarıdır. Həzzi təxirə salaraq bu günün keyfi üçün deyil, sabahın nailiyyəti üçün cəhd etmək uğurun açarıdır. Əslində, bizi heyvanlardan ayıran xüsusiyyət də budur.
 
3) Mükəmməl olmaq  məcburiyyətində deyilsiniz
İşinin ustası olan insanlar belə səhv edər, həm də hər zaman. Əgər hər şeyin mükəmməl olmasını gözləyirsinizsə, bu yolçuluqda qarşınıza çıxacaq bir çox şey sizi çətinliyə salacaqdır. Özünüz üçün mənasız yüksək hədəflər qoyacaq, bu hədəflərə çata bilmədiyiniz vaxt özünüzü məğlub və uğursuz hiss edəcək, hər dəfə səhv etdiyinizdə də cəsarətiniz azalacaqdır.
Əgər bir işə başlamazdan əvvəl mükəmməl zamanın gəlməsini, doğru yeri tapmağı, möhtəşəm insanlarla qarşılaşmağı gözləyirsinizsə, sizə bəd xəbərim var: O gün əsla gəlməyəcək. Bu səbəbdən, o günü gözləmək yerinə fəaliyyətə keçə biləcək qədər mənbə tapdığınız an işə başlayın və bu andan etibarən inkişafa köklənin. Səhvlərinizi etiraf edin, qəbul edin və onlanların cəsarətinizi qırmasına icazə verməyin, səhvlərinizdən dərs çıxarın ki, bir daha təkrar etməyəsiniz. Sonrakı addım isə, təxmin etdiyiniz kimi yolunuza davam etməkdir.
 
4) Hər şeyi tək başınıza  edə bilməzsiniz
Hər nə qədər möhtəşəm bir şeyi tək başınıza ərsəyə gətirməyə nail olsanız da, sadəcə sizin öz əməyinizlə gələ biləcəyiniz müəyyən bir yer vardır. Əslində, bu nöqtəyə də həqiqətən tək başına gəlmədiyinizi bilməlisiniz. Bu yerə gəlib çıxana qədər, ailənizin və dostlarınızın dəstəyi sayəsində yüksək əhval-ruhiyyəniz prosesin irəliləməsində düşündüyünüzdən də artıq böyük bir təsirə malikdir. Sıfırdan bir şeyə nail olmaq prosesində tanımadığınız insanlara güvənmək çox asan deyildir, amma əvvəl-axır bir nöqtədə onlara güvənməyiniz labüd olacaqdır. Elə isə bu, nəyə görə indi olmasın ki?
İşin sirri, əlinizdən gəldiyi qədərini özünüz edib, yerdə qalan qismini ətrafınızdakı ən bacarıqlı, ən istedadlı və ən etibarlı insanlara həvalə etməkdir. Əmin olun ki, köməkçi qüvvə cəlb etsəniz, bir çox işiniz daha sürətlə irəliləyəcəkdir.
 
5) Risk etməsəniz bir yerə gələ bilməzsiniz
Bəli, əlbəttə hər risq eyni deyildir. Təbii ki, bütün risklər eyni dəyərdə də deyildir. Amma insanları, risk etməyi bacaranlar və risqdən qaçanlar olaraq iki qrupa ayırsanız, fərqinə varacaqsınız ki, əslində risq etməyi bacaran insanlar daha uğurludurlar və həyatda digərlərindən daha çox irəli gedirlər. Doğrudur ki, uğurlu təşəbbüskarlar, qarşılarına çıxan hər risqə isti münasibət göstərmirlər, amma nəticələrini hesabladıqdan sonra risq etməkdən də qaçmırlar. Elə bunun sayəsində də böyük və uğurlu layihələri həyata keçirmək imkanı əldə edirlər.
 
6) Perspektiv  və  təcrübə çox şeyi  dəyişdirir
Uğurlu təşəbbüskarlar, özlərinin sektordakı ən ağıllı və ən təcrübəli insanlar olmadıqlarının fərəqindədirlər. Buna görə də, digər iş adamlarının da fərqli təcrübələrə malik olduqlarını bildikləri üçün onların prizmasından da hadisələrə baxmaq istəyərlər. Buna görə də, onlardan yardım tələb edərlər.
 
Uğurlu təşəbbüskarlar səmimi insanlardır, yardıma ehtiyacları olduqda, yardım istəməkdən utanmazlar və başqalarının fikirlərinə də hörmətlə yanaşarlar. Atdıqları hər addımda bacardıqları qədər çox şey öyrənməyi hədəf qoyarlar və bunun üçün də bir neçə mənbədən istifadə edərlər.
 
7) Hər zaman öyrənəcəyiniz  bir şeylər vardır
Neçə il təhsil aldığınız, hansı dərsləri oxuduğunuz və ya neçə illik iş təcrübəsinə malik olduğunuzun heç bir əhəmiyyəti yoxdur. Daima, kariyaranız üçün, işiniz və öz fəaliyyət sahənizlə bağlı öyrənə biləcəyiniz yeniliklər vardır. Hər zaman yeni bir şey öyrənmək həvəsinizi və ilham mənbəyinizi qorumaq bacarığınız, sizi illər keçdikcə rəqiblərinizdən irəli çıxaracaqdır.
Bilirəm ki, düşüncə sisteminizi sıfırdan qurmaq və yenidən formalaşdırmaq olduqca çətin bir prosesdir. Üstəlik, əgər düşüncələrini çətin dəyişən biri isəniz. Əgər sadaladığımız bu 7 əsas qaydanı, öz düşüncə tərzinizə uyğunlaşdırmağa nail olsanız, təşəbbüsünüzdə irəliləyər və digərlərindən  önə çıxmaq üçün böyük bir üstünlük əldə edərsiniz.
 
 
Tərcümə etdi: Rəşadət Hidayətov
 
 

ŞƏRH YAZIN