İstəkli Kürəkən - Əsmər Yusifzadə (İkinci Bölüm)

0
1085
 İstəkli Kürəkən - Əsmər Yusifzadə (İkinci Bölüm)

Bölüm iştirakçıları
Zərif – 21 yaşında, universitetdə oxuyur
Çimnaz – Zərifin anası, 45 yaşında, evdar qadındır
Vasif – Zərifin atası, 47 yaşında, nazirlikdə şöbə müdiridir
Maral – alverçidir, bankrot olub
Ağoppa – Maralın oğlu, 27 yaşında, heç bir işlə məşğul olmur
Nərgiz - 21 yaşında, Zərifin rəfiqəsidir
Ləman – Çimnazın bacısıdır
Şölə - Vasifin sevgilisidir, 40 yaşında, qarabənizdir
Jalə – Şölənin bacısıdır, 25 yaş
Teymur – 25 yaş, Jalənin oğlan dostu
Fuad – 22 yaşında, hündür, yaraşıqlı oğlandır, Zərifi sevir
İlqar – Fuadın dostu, hündür, çox arıq oğlandır
Rəna xala – 75 yaşında
Fuadın ata və anası
 
ХХХ
 
1/Çimnazın mənzili. Eyvan. Səhər çağı.
 
Vasif eyvanda əl telefonu ilə danışır. Çimnaz qapıda dayanıb qulaq asır. Qırıq-qırıq səslər eşidir. Vasif astadan danışır:
Vasif – Hələ evdəyəm, biraz işim var, başım qarışıq idi. 
Birdən üzünü çevirib Çimnazı görür. Danışıq tərzini dəyişir, bir qədər ciddiləşir.
Vasif – İşdə danışarıq, gözlə gələcəm. Telefonu söndürüb, heç nə olmzmış kimi otağa keçir.
 
ХХХ
 
2/ Çimnazın mənzili. Otaq. Səhər çağı.
 
Çimnaz təəccüblə Vasifə baxır. Vasif Çimnaza baxmamağa çalışır
Çimnaz – Kim idi?
Vasif – İşdən zəng vurmuşdular.
Çimnaz – Bəs niyə balkona qaçdın?
Vasif – (Bir an duruxur). Havam çatmır. Hövsələm daralıb.
Gözlərini Çimnazdan yayındırmağa çalışır. Söhbəti dəyişir.
Vasif – Paltarlarım hanı? Mən getməliyəm. Gecikirəm. Yataq otağına keçir.
 
ХХХ
 
3/ Çimnazın mənzili. Yataq otağı. Səhər çağı.
 
Çimnaz da yataq otağına keçir. Vasif əsəbidir. Əlinə gah köynəyini götürür, gah da qalstukunu. Nə geyinəcəyini müəyyənləşdirə bilmir. Çimnaz qapıda dayanıb, ərinin hərəkətlərinə göz qoyur. Vasif pencəyini götürüb, geyinmək istəyir.
Çimnaz – Onu geymə. Bu dünən geydiyin kostyumdur (pencəyi Vasifdən götürür).
Çimnaz – Görmürsən qırış-qırışdır, bax bunu geyin (şifoneri açıb, başqa pencək çıxarır).
Çimnaz – O köynək bu kostyuma yaraşmır. Bu yaxşıdı, gör nə qəşəng tutur. Bu da sənin qalstukun. Daha nə lazımdı? Hə, corab. Bu da corablar. Yaxşı, mən gedim çayı qızdırım.
Vasif – Bir az cəld ol, sürücü gözləyir.
Telefon zəngindən sonra Vasifdə əmələ gələn dəyişiklik Çimnazı şübhələndirir. Lakin üzə vurmur.
 
ХХХ
 
4/ Universitet. Dəhliz. Səhər çağı.
 
Zəriflə Nərgiz dəhlizdə söhbət edə-edə auditoriyaya tərəf gedirlər (Nərgiz – universitet tələbəsi – 21 yaş).
Nərgiz – Bilirsən də, bu gün dərsdən sonra konfrans var.Çox maraqlı olmalıdır. Bilirsən kimlər gələcək? 
Zərif heç nə demir. Nərgiz ona baxıb, söhbəti davam etdirir.
Nərgiz - Fuad prezident seçiləndən “Tələbə Məclisinin” fəaliyyəti çox artıb. 
Zərif yenə dinmir, xəyalı başqa yerdədir. 
Nərgiz- Mənə qulaq asırsan? Niyə fikirlisən?
Zərif – Heç elə-belə, sonra danışaram.
Nərgiz – Yaxşı, konfransda iştirak edəcəksən? 
Fuad mənə tapşırıb ki, səni mütləq ora gətirim.
Zərif – Yox, mənim vaxtım yoxdur. Saat 3-də fransız dili kursunda məşğələm var.
Nərgiz – Özünə iş açmısan da. Ingilis dilini öyrənirsən, bəsindi də. 
Fransız dilini neynirsən? Ona görə konfranslarda iştirak etmirsən, rəqs dərnəyini atmısan, qızlarla gəzməyə çıxmırsan. Bu fransız dilini öyrənmək hardan ağlına gəldi? 
Zərif – Parisə getmək istəyirəm. Magistraturanı orada oxuyacam.
Nərgiz – Evdə razıdırlar? Sən tək qızsan. Anan-atan razı olar?
Zərif – Atam razıdır. Anam isə istəmir. O, məni ancaq ərə vermək barədə düşünür.
Nərgiz – Mənim anam da. Hər gün eyni sözləri eşidirəm. Sənin ərə getmək vaxtındır. Gərək qız uşağı vaxtında ərə getsin. Sonra alan olmaz....
Zərif – Mənimki də belə deyir.
Zərif köks ötürür. Аuditoriyaya daxil olurlar.
 
XXX
 
5/Çimnazin mənzili.
 
Çimnaz  və bacısı Ləman (47 yaş, işgüzar qadındır).İkisi də otağa daxil olurlar.
Çimnaz – Nə yaxşı gəldin, ay Ləman. Ürəyim az qalıb ki, partlasın.
Ləman – Nə? Nə olub? Rəngin qapqaradır. Xəstələnmisən?
Çimnaz başını yelləyir.
Ləman – Zərif imtahandan kəsilib?
Çimnaz – Yox... Zəriflik deyil. Zərif yaxşıdır. İmtahanlarını verir.İyirmi il qəpik-qəpik yığdığım pullarım, daş-qaşım bir dəqiqədə yox oldu. Nəyim var idisə, hər şeyi itirdim.
Ləman (təşvişlə) – Evə oğru gəlib? (ətrafa baxır) Haradan girib?
Çimnaz – Oğru gəlsəydi məni yandırmazdı. Hər şeyi özüm, öz əllərimlə verdim.
Ləman – Kimə verdin, niyə verdin?
Çimnaz danışa bilmir.
Ləman – Vasif burada yoxdur? Ezamiyyətdədir?
Çimnaz – Ox... Vasif. Bu kişi mənim sinəmə dağ çəkdi.
Ləman – Heç nə başa düşə bilmirəm. İyirmi ildir yaxşı yaşamısınız, nə oldu birdən-birə?
Çimnaz – İyirmi ildir səsim çıxmayıb. Daha dğzə bilmirəm. Bu boyda təhqirə dözə bilmirəm.
Ləman – Sakit ol. Özünü belə üzmə. Hər evdə söz olur. Böyütmə.Vasif gələr ayırd edərsiniz. Bir də... Sən puldan danışırdın.Deyirdin pullarını kimə isə vermisən. Vasif nə eyləsin?
 
XXX
 
6/ Şölənin mənzili.
 
Vasif müəllim Şöləgildədir. Divanda uzanıb. Şölə ona qulluq edir(Şölə - Vasifin sevgilisidir, 40 yaşında, qarabəniz, bir qədər kökdür). 
 
Şölə - Bu gecə səhərə qədər yatmamışam. Elə ürəyimə dammışdı ki,sənin başında iş var. Az qalmışdı gecə durub sənə zəng edəm.
Vasif – Mən evdə olanda mənə zəng eləmə. Bu səhərki zəngin də heç yerinə düşmədi. Çimnaz onsuz da məndən şübhələnir. Bir yandan da sənin zəngin. Bir təhər aradan çıxdım.
Şölə - Neyləyim, ürəyim narahat idi. Heç olmasa bir mesaj göndərəydin ki,sağ-salamatsan. Bir də ki, mən bilmirəm bu Çimnaz səndən nə istəyir? Sənin başına bu boyda iş gəlib. O, sənə dayaq olmalı idi. Səni fikir çəkməyə qoymamalı idi. Onun sənə heç yazığı gəlmir. Demir ki, kişi xeylağıdır. Səhərdən axşamacan işdədir. Indi bir işdi də olub. Öz puludu, özü bilər kimə xərcləyər. Düz demirəm, əzizim? (nazlana-nazlana) 
 
XXX
 
7/ Çimnazın mənzili.
 
Çimnaz – Ləman.
Çimnaz – Vasif məni soydu, məni düz yerdə qoydu.
Ləman – Pulları Vasifə vermisən?
Çimnaz – Təkcə pullarımı yox, boyun-boğazımdakı qızıllarımı da, daş-qaçımı da...
(boğazına, qulaqlarına, barmaqlarına işarə edir).
Çimnaz – Hamısını verdim, heç nəyim qalmadı...
Ləman – Vasif işə düşüb? Daha nə ola bilər ki?... Sənin qızılların onun nəyinə lazımdır?
Çimnaz- Təzə sevgilisinə brilyant kolye almaq üçün.
Ləman – Nə?
Çimnaz – Onun arvadbaz olduğunu çoxdan bilirəm. Üzə vurmurdum. Ümid edirdim. Deyirdim düzələr.Ağlıma da gəlməzdi ki, mənim başıma bu oyunu açar.
Ləman – Mən heç nə başa düşmürəm.
 
XXX
 
8/ Şölənin mənzili.
 
Şölə, Vasif.
 
Şölə  - Qəşəng kolye idi? Kaş o xanımın yerinə mən olaydım, mənə də onnan alarsan? Hə? 
(Vasifin keyfi pozulur).
Şölə -  Zarafat edirəm. Mənim qızılım da sənsən, ləlim-cəvahiratım da.Mənə səndən başqa heç nə lazım deyil. 
Vasif belə sözlərdən xoşhal olur. Səhərki narahatçılıqdan əsər-əlamət qamır.
 
XXX
 
9/ Çimnazın mənzili.
 
Çimnaz, Ləman
Çimnaz – İndi başa düşdün?
Ləman – Heç inanmağım gəlmir. İnsan da bu qədər dəyişər? Vasif çox ailəcanlı idi. Səni heç kimin ayağına verməzdi. Yəni Vasif bu boyda yalan uydurur?
Ləman təəccüb və təəssüf hissi ilə bir daha yavaşcadan təkrar edir:
Ləman – Heç inanmağım gəlmir.
Çimnaz – Eh... Ay Ləman... Mən sənə nağıl danışıram? Mən sənə fakt gətirirəm.
Ləman – Bəs indi Vasif hardadır?
Çimnaz – Harada olacaq? Soruşanda deyir işdəyəm.
Ləman – Sürücüsündən xəbər al. Ondan yaxşı heç kim bilməz.
Çimnaz – Camalı deyirsən? Camal mənə salam verəndə də az qalır Vasifdən icazə alsın.
Ləman – Onda özün bir Vasifə zəng vur, gör haradadır.
(Çimnaz həvəssiz telefonu götürüb, nömrələri yığır).
 
XXX
 
10/ Şölənin mənzili.
 
Şölə, Vasif
Vasif – Saat neçədir? Mən getməliyəm.
Şölə - Hara tələsirsən? Bir az da otur.
(Bu arada cib telefonu zəng çalır. Vasif cavab verir. Çimnazdır).
Vasif – İclasdaydım, indi qurtarıb. Gəlirəm, narahat olma. Yaxşıyam. 
 
XXX
 
11/ Çimnazın mənzili.
 
Çimnaz, Ləman.
(Çimnaz dəstəyi yerinə qoyur).
Çimnaz (ironiya ilə) – İclasdadır İclası bu dəqiqə qurtarıb.
Ləman – Gördün? Mən deyirəm də...
Çimnaz – İnanırsan? Sən onu yaxşı tanımırsan.
Ləman – Yaxşı. Tutaq ki, sən deyən düzdür. Daha iyirmi ildən sonra ailəni dağıymayacaqsan ki... Ərə getməli qızın var. Bir Zərifi də fikirləş.
Çimnaz – Elə Zərifə görə qalmışam. Ona görə hər şeyi açıb-ağarda bilmirəm. Yoxsa...
Ləman – Düz eyləyirsən. İnda səndən çox şey asılıdır. İstəsən Vasifin ayağını yığa bilərsən.
Çimnaz – Necə?
Ləman – Elə bil heç nə olmayıb. Hər şeyi yaddan çıxart. Qızılı, brilyantı Vasif almamışdı? Yenə də alar.
Çimnaz – Söz verib.
Ləman – Gördün? Sən ağıllı ol. Nə onun ürəyini üz,nə də özünün. 
 
XXX
 
12/ Şölənin mənzili.
 
Vasif telefonu söndürüb, üzünü Şöləyə çevirir.
Vasif – Saat neçədir? Mən getməliyəm.
Şölə - Hara tələsirsən? Bir badə şərabla aran necədir?
Vasif – Yox, indi spirtli içkinin vaxtı deyil. İclasda spirtli içki içərlər?
Şölə - Onda bir stəkan mürəbbəli çay içək, sonra get.
Vasif – Yox, qoy gedim.
Belə desə də yumşaldığı hiss olunur. Şölə Vasifin pencəyini çıxardır. Onu divanda oturdur.
Şölə - Hara tələsirsən? Çimnaz heç yerə qaçmayacaq, qorxma. Bu günlərin qədrini bil. Bir az da özün üçün yaşa. İndi təzə çay qəmləyib gətirəcəm. İçərik, sonra gedərsən.
Vasif divanda oturur. Bir qədər narahat görünür. Şılə iri kristal stəkanlarda çay gətirir. Mürəbbəni çayın içinə tökür.
Şölə - Evdə səni nə gözləyir? Dava–dalaş, sorğu-sual. Bundan bezməmisən?
Vasif dinmir. Şölə stəkanı götürüb Vasifə uzadır. Əli titrəyir. Guya təsadüfən mürəbbəli çay Vasifin üstünə tökülür. Şölə kağız dəstmalla Vasifin üstünü təmizləmək istəyir. Şirəni bir az da yayır. Vasif əynini dəyişməli olur. Şölə ona təzə köynək gətirir (köynəklərin rəngi fərqli olmalıdır: tutaq ki, Vasifin köynəyi açıq rəngdə idisə, Şölə ona tünd və ya milə-mil köynək verir. Vasif başqa köynəklə evə qayıtmalı olur).
 
XXX
 
13/ Çimnazın mənzili.
 
Vasif evə qayıdır. Çimnaz onu nəvazişlə qarşılayır. Pencəyini çıxartmağa kömək edir.
 
Çimnaz – Yəqin acmısan? Bu qədər də işləmək olar? Gör saat neçədir?
Vasif – Neyləyəsən? Işdi də. Gərək rəis nə deyir, onu edəsən.
Çimnaz – Bəs rəis fikirləşmir ki, bu adamların evi, ailəsi var? Mən də istəyirəm ərimlə gəzməyə gedim. Axırıncı dəfə haçan bir yerdə oturub şam elədiyimiz yadıma gəlmir. Çörəyini harda yeyəcəksən? Mətbəxdə, yoxsa bura gətirim,
Vasif – Heç nə lazım deyil. Ac deyiləm. Işdə bir az yemişəm.
Çimnaz – Yenə də işdə yemisən? Nə yemisən?
Vasif – Camalı göndərdim, dönər aldı.
Çimnaz – Sənin dönər yeyən vaxtındı? 
Birdən gözü ərinin əynindəki köynəyə sataşır. 
Çimnaz - Bu nə köynəkdi? Bu hardandı?
Vasif özünü itirən kimi olur. Amma özünü tez ələ ala bilir. 
Vasif - İşdə üstümə şirə tökülmüşdü. Camal getdi, bu köynəyi alıb gətirdi.
Çimnaz – Bəs o biri köynək nə oldu?
Vasif – Maşında qaldı. Səhər gətirərəm.
(Çimnazın üzünə baxmır. Yataq otağına keçir)
 
XXX
 
14/ Universitetin kafesi. Gündüz.
 
Zərif Nərgizlə oturub şirə içir. Kafeyə yaraşıqlı bir oğlan daxil olur. ( bu Fuaddır: 22 yaş, hündür oğlandır, üzündə nur olmalıdır. Zərifi sevir. Eyni unuversitetdə oxuyurlar). Hiss olunur ki, kimisə axtarır. Zərifi görüb onlara yaxınlaşır. Boş stulu çəkib oturur. Zərif cəld ayağa qalxır.
Zərif – Biz getdik. 
Nərgizi də dartıb aparır.
Nərgiz – Niyə bu oğlanı belə üzürsən? Universitetin bütün qızları ondan ötrü dəli-divanədir.
Zərif – Kim ondan ötrü dəli-divanədir, getsin onunla evlənsin.
Nərgiz – Axı o, səni sevir. Yəni, o, heç sənin xoşuna gəlmir?
Zərif – Söhbət məndən getmir. Anam razı olmaz.
Nərgiz – Anan ona nə irad tuta bilər ki? Gözəl-göyçək, cavan, ağıllı, fakultənin əlaçısı, ailəsi yaxşı...
Auditoriyaya daxil olurlar. Söhbət qurtarır.
 
XXX
 
15/ Küçə. Səki. Gündüz
 
Zərif, Nərgiz, Fuad (22 yaş, hündür oğlandır, üzündə nur olmalıdır).Zəriflə Nərgiz universitetdən küçəyə çıxırlar. Fuad onlara yaxınlaşır. 
Fuad – Mənim də yolum bu istiqamətdədir.Icazə versəydiniz, mən də bu səkidən istifadə edərdim.
Zərif – Görürsən ki, səki dardır. Yan-yana ancaq iki nəfər gedə bilər. Onda sən gərək ya bir-iki addım arxada gedəsən, ya da qabaqda.
Nərgiz –Yaxşı yadıma düşdü. Mən burada anamı gözləməliyəm. Dərziyə gedəcəyik. Burdan yaxındır. Siz gedin, gedin.
 
XXX
 
16/ Küçə. Səki. Gündüz
 
Zəriflə Fuad birlikdə gedirlər. Nə barədəsə danışıb-gülürlər.
 
ХХХ
 
17/ Çimnazın mənzili. Dəhliz. Gündüz.
 
Zərif evlərinə gəlir. Qapını açıb, dəhlizə daxil olur.Qapıya söykənib gözlərini yumur. Birdən mətbəxdən anasının səsini eşidir.
Çimnaz – Zərif sənsən? Bəs səsin niyə çıxmır?
 
XXX
 
18/  Şölənin mənzili. Otaq. Gündüz.
 
Vasif  Şöləgildədi. Şölə günorta yeməyi hazırlayıb. Kiçik masa. Masanın üstündə qab-qacaq, yemək, salat var. Şölə və Vasif yeyirlər, keyfləri yaxşıdır. Vasif kağız dəstmalla əlini silir.
 
Vasif – Çox dadlı idi. Sağol. 
(Saatına baxır).
 
Vasif - Vaxtdı, mən durum gedim. Sənin yanında olanda vaxt elə bil uçur.
Şölə – Bir dəqiqə dayan, indi gəlirəm.
Şölə əlində tort, şamlar, təm-təraqla içəri girir.
 
Vasif – Bu nədi?
Şölə - Bu gün mənim ad günümdür. Vasif müəllim, axşam sizi restorana dəvət edirəm. Qonaqlarıma da artıq dəvətnamə göndərmişəm. (xüsusi əda ilə danışır.)
Şölə əlindəki şamları, tortu masa üzərinə qoyur. 
 
Vasif – Qonaqlar kimdir? Nə danışırsan? Yox, mən yəqin ki,orada iştirak edə bilməyəcəm.
(Vasifin keyfi pozulur).
Şölə - Narahat olma. Zarafat edirəm. Ancaq bacım və nişanlısı gələcək. Bir də biz – sən və mən. (nazlana-nazlana). Yəni mən öz ad günümü evdə tək-tənha keçirməliyəm? 
Şölə Vasifə səliqə ilə bükülmüş köynək uzadır.
Şölə -  Al, bu da sənin köynəyin. Yumuşam, tər-təmizdi,bircə dənə də ləkəsi qalmayıb. Dünən bu köynəyə görə elə narahat oldun ki...
Vasif – Bilirsən ki, niyə narahat idim? Çimnaz...
Şölə - (onun sözünü kəsir). Yaxşı, yaxşı, de görüm bu axşam restorana gedirik, ya yox?
Vasif – Mən heç razı olaram ki, mənim Şöləm belə bir gündə evdə tək qalsın? Camalı göndərərəm, restoranda yer sifariş edər. 
 
Vasif köynəyi götürüb mənzildən çıxır.
 
XXX
 
19/ Çimnazın mənzili. Mətbəx. Günorta.
 
Zəriflə Çimnaz мətbəxdə nə isə hazırlayırlar.
 
Zərif – Bəyəm mənim ərə gedən vaxtımdı? Mən gərək oxuyam,öyrənəm. Kompyüter, ingilis dili, fransız dili, bilirsən nə qədər vaxt aparır? Ərə gedəndən sonra mən ev işlərini görüm, yoxsa dərslərimlə məşğul olum?
Çimnaz – A qızım, mən demirəm ki, get yoxsulun, lütün birisinə ki, gecə-gündüz qab yuyasan, xörək bişirəsən, nə bilim paltar ütüləyəsən.Səni dövlətli adama ərə verəcəyəm. Qabağında qulluqçun işləyəcək, sən də get kef elə. Öyrənmək istədiyini öyrən, geymək istəyini gey, yemək istədiyini də ye.
Zərif – Mama, axı gərək arada sevgi də olsun. Sevmədiyin adamla necə yaşamaq olar?
Çimnaz – Ay qız, bunlar hamısı kitablarda yazılan boş sözlərdi.Həyatda hər şey tamam başqadır.Sənə o qədər misal çəkərəm ki, dəlicəsinə bir-birini sevənlər bir-iki ildən sonra ayrılıblar. Niyə?Çünki, gözəl sözlərlə qarın tox olmaz. Qarın ac olanda nə sevgi, nə məhəbbət? Indiki zamanada sevgi ilə ərə getmək axmaqlıqdı. Gərək ərə rasçotnan gedəsən.
Zərif – Necə yəni rasçotnan?
Çimnaz – Yəni biləsən ki, kimə gedirsən və nəyə görə gedirsən?
(Zərif bir az ürəklənir).
 
Zərif – Mam, bir oğlan var...
Çimnaz onun sözünü kəsir. 
Çimnaz – nəçidir?
Zərif – Mənlə oxuyur.
Çimnaz – Anası-atası nəçidir?
Zərif – Anası həkimdi, poliklinikada işləyir.
Çimnaz – Hə, 250 manat
Zərif – Atası alimdir, bizim universitetdə işləyir.
Çimnaz – Bu da alsın 500 manat.
Zərif – (təəccüblə) 500 manat nədir?
Çimnaz – Maaşlarını deyirəm.
Zərif – Yox ey, maaşları artıb. Bilirsən, indi alimlərin maaşları nə qədər olub? Hələ həkimlərinki də qalxacaq.
Çimnaz – Doğrudan da sən uşaqsan ey. Onların maaşlarından sənə nə? Bu zamanada da tələbəyə ərə gedərlər? Ay qız, o adam olana kimi, səninki sənə dəyəcək. Yadında saxla, mən səni uşaq-muşağa ərə vermərəm.
 
XXX
 
20/ Köhnə binada mənzil. Dəhliz. Gündüz.
 
Burada yaşlı tənha qadın yaşayır. Fuad tez-tez ona baş çəkir. Söhbət edirlər. Bu gün də ona baş çəkməyə gəlib.Çox sadə mənzildir. Amma səliqəlidir. Qapının zəngi çalınır. Yaşlı qaqdın (75 yaş) qapını açır.Fuadı görüb,sevinir.Dəhliz yarıqaranlıqdır.
Rəna xala – Ay xoş gəlmisən. Qapıda dayanma. Keç içəri. Tək gəlmisən? Zərif hanı?
Fuad - (fikri yayındırmaq istəyir). Bura niyə qaranlıqdır? İşıq yanmır?
Rəna xala – Yox yanır, lampa sönüb.
Fuad – Gəldim soruşam ki, evə nə lazımdır alıb gətirəm. Lampanı bildim, indi alıb, gətirəcəm. Başqa nə lazımdır? 
Rəna xala – Lampa varımdır. Dəyişə bilmirəm.
Fuad – Gətir mən dəyişim.
Rəna xala lampanı verir.
Rəna xala – Elə gətirib buraya goymuşam. Bilirdim ki, sən gələcəksən.
(Fuad lampanı dəyişir. İşıq yanır).
Rəna xala – Ay işıqlığa çıxasan. Allah köməyinə çatsın. Sən olmasan mən neyləyərdim?
Fuad – Borcumdur, Rəna xala. Kartof, soğanın var?
Rəna xala – Var, var. Keçən həftə almadın? Tək adamam, nə yeyəcəm?
Fuad – Hava küləkdir, bayıra çıxma, nə lazımdır, mənə de.
Rəna xala – Heç nə lazım deyil. Yaxşı gəlmisən. Sənin üçün qutab bişirmişəm. Keç otağa, çay da gətirim...
Fuad – Tələsirəm, Rəna xala, başqa   vaxta qalsın.
Rəna xala – Yox, getmə, ayaqüstü birini ye.
(Boşqabda qutab gətirir. Fuad birini götürüb yeyir.
Fuad – Dadlıdır.
 
ХХХ
 
21/ İdarə binası. İş otağı. Gündüz.
Vasif iş stolunu arxasında oturub. Keyfi yaxşıdır. Şəhər telefonunu götürür, nömrələri yığır.
 
ХХХ
 
22/ Çimnazın mənzili. Gündüz.
Şəhər telefonunun zəngi çalınır. Çimnaz yaxınlaşıb, dəstəyi götürür.
 
ХХХ
 
23/ Vasifin iş otağı. Gündüz.
Vasif – Bu gün gec gələcəm. Dedim, zəng vurum, səni xəbərdar edim ki, sonra ağlına yüz cür fikir gəlməsin.
(Çimnazın səsi eşidilir). 
Çimnaz – Yenə iclasdı?
Vasif – Yox, restorana gedəcəyik. Rəisin ad günüdü, dəvət edib. Əslində heç halım yoxdur, getmək istəmirəm.
 
ХХХ
 
24/ Çimnazın mənzili.
 
Çimnaz – Getsən yaxşıdı. Özünə fikir ver, çox içmə. Heç olmasa bir-iki saat otur, sonra gəl. Gözləyəcəyəm, tez gəl.
 
ХХХ
 
25/ Vasifin iş otağı. Gündüz.
 
Vasif – Yox, gözləmə məni. Bilmək olmaz, bəlkə gec gəldim. Açarım var. Qapını özüm açaram. Evə nə lazımdı, de Camalnan göndərim.
 
XXX
 
26/ Universitetin həyəti. Günortaçağı.
 
Ağoppa, Zərif. Üz-üzə gəlirlər. Ağoppa özünü elə göstərir ki, guya təsadüfən görüşürlər. Salamlaşırlar.
 
Ağoppa – Məni tanımadınız?
Zərif –   Gərək ki, Maral xanımın oğlusunuz.
Ağoppa – Tamamilə doğrudur. Burda oxuyursunuz?
Zərif – Hə, siz də?
Ağoppa – Yox, mən bura dostumun yanına gəlmişəm.
Zərif –    Yaxşı, sağ olun.
Zərif getmək istəyir.
Ağoppa – Evə gedirsiniz? 
Zərifin ardınca gedir.
Ağoppa –Icazə verin sizi ötürüm. Elə mənim də yolum o tərəflərədi. 
Zərif – Siz gedin (dayanır), mən evə getmirəm. Fransız dili kursuna gedirəm.
Ağoppa – Fransız dilini öyrənirsiniz? Qəribədir, hamı ingilis dilini öyrənir.
Zərif – Mən ingilis dilini pis bilmirəm. Uşaqlıqdan onu öyrənməyə başlamışam.
(Zərif gedir. Ağoppa da onun ardınca gedir) 
Ağoppa – A... Belə de. Mən də bir neçə dil bilirəm. Xarici şirkətdə işləyirəm. Biz bayaqdan danışırıq, amma heç demədiniz adınız nədir?
Zərif – Zərif.
Ağoppa – Mənim adım Ağoppadır.
Zərif – Nə? (dayanır).
 
Ağoppa pərt olur.
Ağoppa –Əslində Ağababadır. Uşaqlıqdan Ağoppa deyiblər, 
elə də qalıb.  Xoşunuza gəlmir?
Zərif – Yox, mən heç belə ad eşitməmişəm.
Ağoppa – Sizin adınız mənim çox xoşuma gəldi.
Zərif – zəriflik, incəlik deməkdir. Özünüz də adınıza yaraşırsınız.
Zərif – Sağ olun. 
 
(Əl telefonu zəng çalır. Zərif Fuadın adını görüb telefonunu söndürür).
 
XXX
 
27/  Park. Gündüz.
 
Fuadla İlqar (Fuadın dostudur, 22 yaş) skamyada oturub söhbət edirlər.
 
Fuad – Mən hiss edirəm ki, Zərif məndən qaçır. Əvvəlki Zərif deyil. Zəng vururam danışmaq istəmir, mesaj göndərirəm, cavab vermir. Heç səbəbini də demir.
İlqar– Səbəbini bilmək istəyirsən?
Fuad – Əlbəttə. Axı nə olub? Neyləmişəm? Məndən niyə qaçır? Mənimlə görüşmək istəmir.
İlqar – Əgər belədirsə, mənə hər şey aydındır. Məsələ səndə deyil.
Fuad – Bəs nə olub?
İlqar – Bu gün-sabah universiteti bitiririk. Sən əsgərliyə gedəcəksən, sonra təhsilini davam etdirməlisən, karyera qurmalısan, uzun işdir. O, qızdır,ərə getməlidir, ailə, uşaq - onun üçün vacib olan bunlardır.
Fuad – Biz bu barədə artıq qərara gəlmişik. Ikimiz də magistraturada oxuyacağıq, bir peşə sahibi olacağıq, sonra ailə quracağıq. O, adi qızlar kimi fikirləşmir. Onun da oxumağa həvəsi böyükdür.
İlqar – Onda əsgərliyi hələlik sal təxirə, dostum. Vacib deyil ki, indi əsgərliyə gedəsən. Magistraturanı qurtar. Sonrasına...
(Fuad onun sözünü qətiyyətlə kəsir).
Fuad – Bu müzakirə olunmur. Mənim fikrim qətidir. Mən əsgərliyimi çəkməliyəm.
 
XXX
 
28/ Restoran. Axşam.
 
Musiqi səsi eşidilir. 
Vasif, Şölə, Jalə, Teymur kiçik masa arxasında oturublar. 
Jalə - Şölənin bacısıdır (23 yaş).
Teymur – Jalənin istədiyi oğlandır (25 yaş), hündür, bir qədər kök olmalıdır, amma üzündə uşaq sifəti var.
Şölə bacısına tərəf dönüb, Teymura işarə edərək pıç-pıçla: 
Şölə - Bu kimdir?
Jalə - Yadından çıxıb? Sənə demişdim axı, adı Teymurdu.
Şölə - Bu ki, lap uşaqdı. Neynirsən bunu? Bir əməlli-başlı adam tapa bilmirdin?
Jalə - Hələlik məni qane edir. Sonrasına baxarıq. (Gülüşürlər)
 
Restoranda Vasifi tanıyırlar. Başqa stolun arxasında oturanlar ona işarə edib, öz aralarında nə isə danışırlar... Vasif pərt olur... Şölə onu zorla oynamağa məcbur edir… 
Vasif tez-tez saatına baxıb artıq getmək vaxtı olduğunu bildirsə də, Şölə onu bir az da oturmağa məcbur edir...
Jalə - Deyəsən arvadından yaman qorxur.
Şölə - Nə bilirsən?
Jalə - Görmürsən, hər dəqiqə saatına baxır?
 
XXX
 
29/  Maralın mənzili. Qonaq otağı. Axşam.
 
Ağoppa içəri daxil olur. Bir qədər narahat görünür.
Ağoppa – Ay ma, bu nə addır ey mənə qoymusan?
Maral əlindəki işini yarımçıq qoyub:
Maral –  Adına nə olub ki? 
Ağoppa – Zərifə adımı deyəndə üzümə elə baxdı ki, özüm də utandım.
Maral – Zərif kimdi? Bir düz-əməlli danış görüm nə deyirsən?
Ağoppa – Sənin kliyentinin qızı. Bu gün onunla tanış oldum axı.
Maral – De mən ölüm.
Ağoppa – Sən öl!
Maral – Harda gördün qızı?
Ağoppa – Neçə gündü izləyirdim. Axır ki, bu gün universitetdən çıxanda kəsdim qabağını. Özümü elə göstərdim ki, guya təsadüfən görüşmüşük.
Maral – Bərəkallah!
Ağoppa – Evlərinə yola salmaq istəyirdim...
Maral – Nə oldu, yola saldın?
Аğоppа  yenə əsəbiləşir.
Ağoppa – Adımı soruşdu. Bu nə addır ey, mənə qoymusan? Başqa ad ağlına gəlmirdi?
Maral – Mən nə biləydim ki, sən yuxarı sferadan qız alacaqsan? Deyirdim, mənim kimi küçədə, bazarda alver edəcəksən. Sonra da adıva nə olub? Xoşu gəlmir, Ağa desin, ya da Aqa desin. Elə şeylərə fikir vermə. Sən bir de görüm, bu qızla daha nə danışdınız?
Ağoppa – Soruşdu ki, harada işləyirəm. Dedim ki, anqliyski-amerikanski firmada.
Maral – Ala başıva! Adə, heç olmasa birinin adını deyərdin də.
Ağoppa – Sənin də dünyadan xəbərin yoxdu ey. Bəs birləşdilər də.
Maral – Kim adə, kim birləşdi?
Ağoppa – Kim yox ey, Amerikaynan anqliyski firma birləşdi.  
(Anası təəccüblə ona baxır).
Аğоppа -  Sənin belə şeylərdən başın çıxmaz. Amma Zərifin xoşuna gəldi. Dedim perevodçikəm. Altı dili bir-birinə çevirirəm. Əslində istəsəm öyrənərəm. Dil öyrənməyə nə var? Bax, elə götürək türk dilini. Düz demirəm, mama? Türk dili bizim dil deyil ki. Birinci dəfə Türkiyəyə gedəndə çaşıb qalmışdım. Indi gör necə konuşuyoram. Olsun lap ərəb dili. Onu öyrənməyə nə var, həbibim?
(Maral təəccüblə oğluna baxır).
 
XXX
 
30/  Fuadın mənzili. Otaq. Axşam.
 
Fuadın ata-anası söhbət edir.
Ana – Neçə gündür ki, Fuad fikirlidi. Soruşuram, bir söz demir. Bilmirəm ona nə olub?
Ata – İndi Fuad hardadı, evdədi?
Ana – Öz otağındadır. Bu gün heç nə yeməyib. İlqar zəng eləmişdi. Heç onunla da danışmadı. Dedi ki, sonra özüm zəng vuraram.
Ata – Necə danışmadı? Onlar ki, çox yaxşı dostular.
Ana – Bəlkə aralarında nə isə olub, küsüblər. 
 
XXX
 
31/  Çimnazın mənzili. Otaq. Axşam.
 
Çimnaz podnosda çay gətirir. Zərifin qarşısındakı stolun üstünə qoyur. Zərif məşğuldur, nə isə oxuyur.
Çimnaz – Bəsdir oxudun, bu qədər də oxumaq olar? Gəl çay içək.
Zərif kitabı kənara qoyub, anasına baxır.
Zərif – İmtahanlarım başlayıb. Elə bilirsən, asandır? Amma çay içərəm.Oo, tort da var... Sağ ol, mam. Sən nə bildin ki, mən çay istəyirəm.
Çimnaz – Sənə nə lazım olduğunu mən yaxşı bilirəm. Sən mən deyənləri eləsən, heç vaxt peşman olmazsan.
Zərif – Mən heç sənin sözündən çıxmışam?
Zarafatyana danışmağa çalışır.
Zərif – Nə deyirsən, onu edirəm. Dedin oxuma, oxumuram. Deyirsən çay iç, içirəm. Tortla içim, o da baş üstə.
(Tortu kəsib, qabağına qoyur. Yeməyə başlayır).
Zərif – Dadlıdır.
 
XXX
 
32/ Fuadın mənzili. Otaq. Axşam.
 
Ata nə isə oxuyur. Ana da məşğuldur. Lakin işi ilə rahat məşğul ola bilmir. Tez-tez qalxıb evdə var-gəl edir.
Ata – Nə olub? Narahatsan?
Ana – Əlbəttə narahatam. Gör saat neçədir, Fuad hələ çörək yeməyib.
Uzanıb yatır. Bu gün heç dərsə də getmədi
Ata – Yaxşı indi mən onunla danışaram.
(Fuadın otağının qapısını ehmalca açır). 
 
XXX
 
33/  Çimnazın mənzili. Otaq. Axşam.
 
Çimnaz- Maral zəng eləmişdi.
Zərif – O alverçini deyirsən?
Çimnaz – Alverçi kimdi ay qız? Adını nə istəyirsən qoy. Onu bilirəm ki, pul da onlardadı, var-dövlət də. Oturanda camaat mənə bəxtəvərlik verir ki, ərim yüksək vəzifədə işləyir. Vəzifədə olmağının nə xeyri? 
Dost-düşmənin yanında özümü sındırmıram. Heç olmasa, səni bir dövlətli adama ərə versəydim.
Zərif – Yenə də başladın.
Çimnaz – Başladın deyəndə ki, ay qızım, gərək hər işi vaxtında görəsən. Odur ey xalan qızı, yaşı 30-u keçib. Bundan sonra onu alan kimdi? Bacıma elə hey deyirdim ki, bu qızı ver ərə, vaxtdır. Deyirdi ər həmişə var, qoy oxusun. Hə, oxudu, qurtardı, alim də oldu. Sonra nə? Bu yaşda kimdi onun üzünə baxan?
 
XXX
 
34/ Fuadın mənzili. Yataq otağı. Axşam.
 
Atası otağın qapısını açır.
Аta- Fuad, gəlmək olar? Yatmısan?
Fuad – Yox, yatmamışam. Elə-belə uzanmışam
Atasını görüb, çarpayıdan qalxır, oturur
Ata – Çoxdandır səninlə şahmat oynamırıq. Bir partiya şahmatla aran necədir?
Fuad – Bu gün həvəsim yoxdur. 
Ata stulu çəkib oturur.
Ata – Mənimlə açıq danışa bilərsən. Nə olub? Sənə kömək lazımdır?
Fuad – Yox, hər şey öz qaydasındadır.
Ata – Sən həmişə bizə bel bağlaya bilərsən. Buna həmişə əmin ol.
Fuad – Sağ ol. Mən bunu bilirəm. Indi tək qalmaq istəyirəm.
Ata – Anan da nigarandır. Əgər sən bu otaqdan çıxmasan, anan səhərə kimi yatmayacaq. Təzə çayla aran necədir?
Fuad – Yaxşı, gələrəm, bir azdan.
Ata – Gözləyirik.
Ata otaqdan çıxır.
 
XXX
 
35/ Fuadın mənzili. Otaq. Axşam.
 
Ata-ana.
Ata – Təzə çay dəmlə. Fuad söz verdi ki, indi gələcək çay içməyə.
Ana – Nə məsələdir? Bir söz dedi?
Ata – Görünür qız məsələsidir.
Ana – Özü dedi?
Ata – Yox, bunu demək lazım deyil ki. Elə baxanda görmək olur.
Ana – Ona evlənmək hələ tezdir. Fuad gərək karyerası barədə düşünsün.
Ata – Hər şey yaxşı olacaq. Fuad hələ indiyə kimi bizə problem yaratmayıb, bundan sonra da yaratmaz.
 
XXX
 
36/  Şölənin mənzili. Otaq. Axşam.
 
Şölə - Jalə
 
Jalə - Bu ad günü məsələsi nə idi ortaya atmışdın? Ürəyindən restoran keçirdi, elə belə deyəydin də. Bəs iki aydan sonra ad günün olduğunu necə elan edəcəksən?
Şölə - İndi o, restoranlıq deyil. Başqa yolla onu restorana apara bilməzdim. Sənə danışmamışam? Keçən həftə onu axırıncı qəpiyinə kimi soyublar.İndi mən gərək onun qayğısına qalam. (xüsusi əda ilə)
Jalə - Kim soyub? Arvadı?
Şölə - Yox ey. Arvadında o fərasət hardandı? Yoldan keçənin biri. Bizimki də naivnidi axı. Bir arvad Vasifi oturdub maşınına, 
aparıb qızıl mağazasına. İstədiyini alıb, aradan çıxıb.
Jalə - Nə alıb?
Şölə - Brilyant kolye.
Jalə - Pulunu kim verib?
Şölə - Bizim bu gic.
Jalə - Arvaddakı məharətə bax.
Şölə - Sən də başlamısan ki, iki aydan sonra ad günüm olduğunu necə elan edəcəm. Çox sadə. Deyəcəm, əzizim, sən onda çox pərişan idin, istəyirdim səni depressiyadan çıxaram. (səsini dəyişir).  Əminəm ki, o da bunu layiqincə qiymətləndirəcək. 
 
ХХХ 
 
37/ Çimnazın mənzili. Otaq. Axşam.
 
Vasif otağa daxil olur. Əlindəki köynəyi Çimnaza verir.
 
Vasif – Al bu da köynək. Buna görə narahat idin.
Çimnaz – Bu nədi? Bunu kim yuyub?
Vasif – Camal verib camaşırxanada yuduzdurub.
Çimnaz – Köynəkdən ətir iyi gəlir. Nə vaxtdan camaşırxanada köynəyə ətir vurmağa başlayıblar?
Vasif – Nə ətir? O ətir deyil. Yəqin ətirli paraşokla yuyublar.Bilmirsən, indi rəqabətdi? Sənin fikrin əvvəlki vaxtlara getməsin.Indi müştərini cəlb etmək üçün min cür yol axtarırlar.
Çimnaz – Məni ələ salmısan? Yəni məni bu qədər avam bilirsən?Sənin bütün köynəklərindən, pencəklərindən bu cür iy gəlir!
 
(Vasif çaşqınlıqla arvadına baxır. Bir söz deyə bilmir).
 
Çimnaz - Utanmırsan? Kişi də arvadının boyun-boğazındakı qızılları satıb küçə arvadlarına xərcləyər? Elə bilirsən, sənin qurduğun oyunu başa düşmədim? 
Vasif – Yenə də başlandı. Əgər mən o arvadı tanıyıramsa, atama lənət! Biz 20 ildir bir yerdə yaşayırıq. Yəni sən məni tanımırsan? Sənin ağlına belə şeylər necə gələ bilər?
Çimnaz – Bəs mənim ağlıma nə gəlməlidir? Evdən bir köynəknən çıxıb, o birini geyib gəlirsən!
Vasif – Axı sənə izah etdim ki, hadisə necə olub?
Çimnaz – Bəs corablarına da şərbət tökülmüşdü?Onu niyə dəyişmişdin? Bu gizli telefon danışıqları nədi? Məni gic hesab edirsən? Gecə yarı evə gəlmələr...
Vasif – Yaxşı, yaxşı, qurtar! Deyirsən ki, niyə evə gec gəlirəm? Bu dava-dalaşlara görə. Evdə mənim rahatlığım yoxdu. Ona görə də evə gəlmək istəmirəm! Bir hadisədi başıma gəlib. Bunu nə qədər adamın başına vurmaq olar?
Çimnaz – Hələ məni bir borclu da çıxarırsan?!
Vasif qapını çırpıb evdən gedir.
 
XXX
 
38/ Köhnə mənzil. Gündüz. Otaq.
 
Fuad otaqdadır. Rəna xala içəri girir.
Rəna xala – Ay pir olmuş, nə çox meyvə almısan? Onları kim yeyəcək?
Fuad – Yavaş-yavaş yeyərsən. Birdən başım qarışar, gələ bilmərəm. Sən meyvə daşıya bilməzsən ki...
Rəna xala – Xeyirdir?
Fuad – İmtahanlarım başlayıb. Universiteti qurtarmağıma bir şey qalmayıb.
Rəna xala – Allah köməyin olsun. Universiteti qurtar, sonra evlən. Sənə özüm elçi gedəcəm. Zəriflə bir-birinizə çox yaraşırsınız.
Fuad – Hələ tələsmə. Mənim əsgərliyim var.
Rəna xala – Hə, əlbəttə, əsgərliyini keçərsən, sonra evlənərsən. Kişi gərək əsgərliyə mütləq getsin. O hərbi geyimli kişilərdən elə xoşum gəlir ki...
Fuad (zarafatyana) – Soruşmaq ayıb olmasın, o hərbi geyimli kişiləri harada görürsən?
Rəna xala – Necə harada? Televizorda. Onları göstərəndə oturub baxıram. Rahatlanıram. Heç nədən qorxmuram. İnanıram ki, düşmənləri torpağımızdan qovacaqlar.
Fuad – Əlbəttə, qovacağıq.
Rəna xala – Allah sizi var eləsin. Oğul yaxşı övladdır. Ananın da dayağıdır, ailənin də dayağıdır, ölkənin də dayağıdır. Mənim oğlumu müharibə əlimdən aldı. Qismət belə imiş. Əvəzində Allah səni mənə yetirdi. Allah səni mənə çox görməsin.
Fuad – Sağ ol, Rəna xala, məni oğul hesab etdiyinə görə. Sənin oğlun igid olub, əsil kişi olub. Canını qurban verib. Onun hesabına biz evimizdə rahat yatırıq. Allah ona rəhmət eləsin.
Rəna xala – Allah bütün şəhid balalarımıza rəhmət eləsin.
 
ХХХ
 
39/ Şölənin mənzili. Otaq. Axşam.
 
Şölə-Jalə.
 
Şölə - Sən mənə de görüm, Vasifdən xoşun gəldi?
Jalə - Mənə nə dəxli? Sənin xoşuna gəlsin. Amma bilmirəm sən onun nəyinə vurulmusan?. Heç bir əməlli vid-fasonu da yoxdur.
Şölə - Onun vid-fasonu mənim nəyimə lazımdı? Mənə onun cibi lazımdı.
Jalə - Onun bir çatışmayan cəhəti də var.
Şölə - O nədi?
Jalə - Ailəlidir. Özü də arvadından qorxur.
Şölə - Onu ailəsindən ayırmaq sahəsində işlər aparılır, xanım qız.
Jalə - Tədbirlərə nə daxildir?
Şölə - Gündə ailəsində dava-dalaş salmaq.
Jalə - Bəs qorxmursan ki, o dava-dalaşdan bezib, səni atar? Kişilər sakit həyat istəyirlər.
Şölə - Xanım qız, onun sakit ailə həyatı (sakit ailə sözlərini xüsusi vurğulayır) mənə lazım deyil. Kişilər evdən niyə qaçırlar? Qalmaqal, dava-dalaş ara verməyəndə. Rahat həyatını kim qoyub qaçar? Mən də bunu edirəm.
 
Qapının zəngi çalınır. 
 
Otaqdan dəhliz aydın görünür. Şölə qapını açır. Qapıda Vasif görünür. Şölə bacısına tərəf mənalı-mənalı baxır. Yəni gördün, mən haqlıyam.
 
XXX
 
İKİNCİ BÖLÜMÜN SONU ...
 
Ardı var

ŞƏRH YAZIN