İstəkli Kürəkən - Əsmər Yusifzadə (Dördüncü Bölüm)

0
889
İstəkli Kürəkən - Əsmər Yusifzadə (Dördüncü Bölüm)

Bölüm iştirakçıları

Zərif – 21 yaş
Çimnaz – anası
Vasif – atası
Şölə - Vasifin sevgilisi
Jalə - Şölənin bacısı
Maral – alverçidir
Ağoppa – Maralın oğlu
Qumru – Çimnazın qonşusu
Reyhan – Çimnazın qonşusu
Ləman – Çimnazın bacısı
Nərgiz – Zərifin rəfiqəsi
Nazlı – qulluqçu
Maralın qohumları
 
ХХХ
 
1/Vasifin iş otağı.
İçəri Şölə daxil olur.
Vasif – Şölə? Sən bura necə gəldin? Yəni, niyə bura gəlmisən?
Şölə – Gör neçə gündür yoxsan. Nə zəng vurursan, nə gəlirsən, əl telefonun da bağlıdır. İstəyirsən ürəyim partlasın? Az qalmışdı ki, evinizə gedəm.
Vasif – Sən nə danışırsan? Axı mən sənə demişdim ki, ezamiyyətə gedirəm. Bir müddət burada olmayacağam. Bu gün səhər qayıtmışam. Burda da işlər tökülüb qalıb. Başımı qaşımağa da vaxtım yoxdur. Özüm sənə zəng vuracaqdım. 
Şölə – Səndən ötrü elə darıxmışam ki.. İstəyirsən sənə kömək edim. İşi tez qurtaraq, bir yerdə gedək. (Vasifə yaxınlaşır. Onu sığallamaq istəyir.)
Vasif – Yox! Bu sən bacaran iş deyil. Qoy Camala deyim, səni aparsın evə. Axşam gələcəm. Hələ sənə hədiyyə də almışam.
Şölə – Nə hədiyyə? Ver baxım.
Vasif – Gətirərəm, evdə baxarsan. (zəng vurur). Camal, Şölə xanımı apar evlərinə. Burdadır, mənim yanımda, kabinetdə. (dəstəyi qoyur. Şöləyə) Camal səni gözləyir. Mən səni ötürmürəm. Burada bizi bir yerdə görsələr yaxşı olmaz.
XXX
 
2/ Çimnazın mənzili. 
Çimnaz-Vasif. 
Çimnaz xanım telefonla danışır. Vasif divanda uzanıb, əl telefonunda nəyə isə baxır.
Çimnaz – A... nə danışırsan? Necə gələ bilməz? Mən biabır olaram ki. Bəs keçən həftə söz vermişdi ki, ayın 10-da səhər tezdən bizdə olacaq. Bir onun telefonunu ver, özüm onunla danışım. (nömrəni yazır, sağollaşıb telefonu qoyur, başlayır deyinməyə) Buna bir bax, elə bil müftə gəlir, özünü dartmağına bax...
Vasif – Nə olub yenə? Kimin dalınca deyinirsən?
Çimnaz – Kimin olacaq? Qulluqçu Nazlı xanımın. (ironiya ilə)
Vasif – İndi qulluqçulara da xanım deyirlər?
Çimnaz – Çox qulluqçular var ki, indi özlərini xanım hesab edirlər (Vasif özünü o yerə qoymur)
Vasif – Bir də qulluqçunu neynirsən? Sənin nə işin var ki? Ən çətin işin knopka basmaqdır. Bir qab yuyurdun, indi Allaha şükür, onu da maşının öhdəsinə buraxmısan. Knopka basmaq üçün də qulluqçu lazımdır? 
Çimnaz – Söhbət iş görməkdən getmir. Sabah Zərifə elçi gələcək. Onlar görməlidirlər ki, mənim də qulluqçum var. Mən Maraldan əskiyəm bəyəm? Aynur, Şahnaz, Sevilə də demişəm, hamısı gələcəklər. Hamısının da qulluqçusu var. Əllərini ağdan-qaraya vurmurlar. Onların yanında biabır olum? (Telefonun nömrəsini yığır, nömrə məşğul göstərir.) Buna bax ey, gör mobilni ilə nə qədər danışır. (bir də yığır). Salam Nazlı, az, necəsən? Bilirsən də, sabah tezdən bizdə olmalısan. Zəng vurdum ki, yadına salam. Boy-boy, nə danışırsan? Mən sənə arxayın olub bir başqasını çağırmamışam. Yaxşı, heç olmasa axşama yaxın özünü çatdır. (dəstəyi qoyur)
Vasif – Ay arvad, qulluqçu Nazlı xanım qonaqlarla bir vaxtda gələcək?
Çimnaz – Eybi yoxdur. Hər işi özüm görərəm. Amma padruqalarım gərək görsünlər ki, mənim də qulluqçum var. Mənim onlardan nəyim əskikdi?
 
XXX
 
3/ Şölənin mənzili.
Şölə evdə təkdir. Öz-özünə danışır: (hirsli görünür)
– Gör heç mənlə maraqlanır? Mesajlarıma da cavab vermir. Yox... belə davam edə bilməz. Mən Çimnazı ağılsız hesab edirdim. Sən bundakı bicliyə bax. Qızını nişanlayır, sonra toy məsələsini ortaya atacaq. Elə bilir ki, Vasifin başını bu yollarla qata biləcək. Sən sən ol, mən də mən! (əl telefonunu götürür).
 
XXX
 
4/ Vasifə mesaj gəlir.
Şölədəndir.
“Səndən nigaranam, heç nəyə görə əsəbləşmə. Soyuqqanlı ol”.
Vasif – Yaxşısı budur, mən gedim öz otağıma. Burada işləyə bilməyəcəyəm.
 
XXX
 
5/ Qumrunun mənzili.
Qumru Çimnazgilin binasında yaşayır. Bütün sakinlərlə maraqlanır. Qonşularda nə baş verdiyini hamıdan əvvəl bilir.
Qumru evdə təkdir. Stolun üstündə çörək və başqa ərzaq malları var. Tərəzidə özünü çəkir.
Qumru – Bu nədir? 200 qram arıqlamışam? Ola bilməz! Bəs mənim yediklərim hara gedir? Bir buxanka çörək yemişəm. (çörəyi əlinə götürür, sanki çörəyin ağırlığını yoxlayır). Bu heç yarım kilo deyil? 300 qram olar, ya yox. Çörəyin çəkisi hər gün azalır. Neyləyim? İndi bir oturuma iki buxanka yeyim? Yaxşı, kökəlmirəm-kökəlmirəm, bəs niyə arıqlamışam? (yenə tərəzinin üstünə çıxır. Bütün ağırlığını salır, çəkisindən razı qalmır). Hə, keçən dəfə əynimdə jaket vardı (tez jaketi əyninə geyinir). Hə, deyirəm axı, 200 qram doldu (rahat nəfəs alır).
 
 
XXX
 
6/ Çimnazın mənzili.
Çimnazla bacısı Ləman hazırlıq görürlər.
Ləman – Biz işləri qurtardıq, sənin qulluqçun gəlib çıxmadı.
Çimnaz – Gələcək, söz verib.
Ləman – Neynirdin qulluqçunu? İşin hamısını görüb qurtardıq. Burda nə iş qalıb ki?
Çimnaz – Necə nə iş qalıb? Qapını açar, qonaqları içəri dəvət edər, əllərində olanları yerbəyer etməlidir. Bunları mən etməyəcəyəm ki?
Ləman – (Söhbəti dəyişir). Ay Çimnaz, gəl Zərifin hərisini verməyə tələsməyək. Bir baxaq, gözləyək, öyrənək, görək bunlar necə adamlardı?
Çimnaz – Nəyi öyrənəcəyik? Gündə gedib-gəldiyim, görüşdüyüm adamlardı da. Vallah, bir ev-eşiyi var ki, gəl görəsən. Qabağında da qullluqçusu fır-fır fırlanır. Görən mənə bəxtəvərlik verir. Daha bilmirlər ki, (söhbəti dəyişir).... Hələ Vasifə tapşırmışam ki, heç olmasa bu gün evə vaxtında gəlsin. Saata bax, indi elçilər gələcək, evin kişisi isə hələ gəlib çıxmayıb.
Ləman – Neyləsin, işi elədir də.
Çimnaz – İşi? Mən də elə bilirdim (ağlamsınır).
Ləman – Nə olub yenə?
Çimnaz – Dərdim böyükdür. Açıb-ağarda bilmirəm. Deyirəm qızı bir yerbəyer edim, sonra...
Ləman – Sən qarışqadan fil düzəltməyə adət etmisən.
Çimnaz – Yox, məsələ çox ciddidir. İndi yeri deyil, özümü əsəbiləşdirmək istəmirəm.
Ləman – Bəsdir, sən Allah! İndi heç şikayətin vaxtıdır? Qızı ərə verməyə hazırlaşırsan, gül kimi uşaq böyütmüsən. Gəl tələsməyək. Allah eləməsin, gedib bir nadürüstün əlinə düşər.
Çimnaz – İnşallah ki, yaxşı olar. Mənim də çalışdığım budur.
Ləman – Ay Çimnaz, bəs Zərif özü razıdır?
Çimnaz – Zərif bir söz demir. Narazı olub nə deyəcək?
Ləman – Heç oğlanla bir görüşüb, danışıb?
Çimnaz – Yox a, hərisini verməmiş nə görüş, nə söhbət?
 
XXX
 
7/ O biri otaqda rəfiqələr söhbət edirlər.
Zərifin kefi yoxdur.
Nərgiz – Deyirsən ki, oğlandan heç xoşun gəlmir?
Zərif – Mən onu cəmi iki dəfə görmüşəm. Obşi vidi pis deyil. Anam istəyir ki, mən ona ərə gedəm. Əslində atam razı deyil.
Nərgiz – Zərif, sən narahat olma. Atan ağıllı adamdı, o səni zorla xoşlamadığın adama ərə verməz.
(Çimnaz xanım otağa daxil olur)
Çimnaz – Ay qız, qonaqların gələn vaxtıdır, dur əyin-başını səliqəyə sal.
Zərif – Qonaqlar mənim yanıma gəlmirlər ki.
Çimnaz – Bəs elçilər mənim üçün gəlir? (Çimnaz zarafata keçir) Zərifnən qurtarım, sonra sənin üstünə düşəcəm, Nərgiz.
Nərgiz – Yox, mən bu tezliklə ərə getməyəcəm.
Çimnaz – Nəyi gözləyirsən? Qızın da bir vaxtı var. Yaxşı yer düşəndə, gərək əldən verməyəsən. Bir də mən hələ Zərifin hərisini verməmişəm ki. Qoy gəlsinlər, baxaq, danışaq, görək atası nə deyir, qohum-qardaş nə fikirləşir? Əgər bizə münasib adamlar olsalar, onda baxarıq.
(Bu sözlər qızları bir qədər ürəkləndirir).
 
XXX
 
8/ Maralın mənzili.
Qonşu qız Xədicə əlində böyük bir tortla içəri girir.
Xədicə - Maral xala, tortu gətirdim.
Maral – Bir baxım necədir, bər-bəzəyi yaxşıdır?
Xədicə - Xüsusi zakazdır, narahat olma.
(Elə bu arada qonaqlar – Maralın bacıları, onların qızları gəlirlər).
Maral – Xoş gəlmisiniz, gəlin, keçin içəri. Qapıda dayanmayın.
Qonaqlar – Gözün aydın olsun, ay Maral. Axır ki, Ağoppa tərpəndi. Qız kimlərdəndi, heç olmasa tanıyırsan?
Maral – Mən tanımadığım adamın qapısına elçi gedərəm? (Bu arada Maral bacılarının paltarlarına irad tutur) Bu nədir? Bu nə paltardı? Az, məni biabır etmək istəyirsən? Bilirsən mən kimin qapısına elçi gedirəm? Gəl keç bu biri otağa, əynini dəyiş (sonra bacısı qızına irad tutur). Cavan qızsan, bu nədir geyinmisən? İndi belə şeylər modda deyil. Boyun-boğazınıza qızıldan, brilyantdan taxa bilmirdiniz?
(Onların əyin-başlarını dəyişdirir. Nəhayət, Ağoppa da gəlib çıxır. Əlində bir dəstə gül də var).
Maral – Maşını gətirdin?
Ağobba – Yox, Əli gəlib çıxmadı.
Maral -  Vaay, biabır olarıq. Bəs niyə onu əvvəldən xəbərdar etməmisən?
Bacısı – Ay Maral, sən də hər şeyi problem edirsən. Küçədə maşından çox maşın var. Oturub gedəcəyik də.
Maral – Mən elçiliyə taksiynən gedə bilmərəm. Sənin belə şeylərdən başın çıxmaz. (Telefon zəng çalır. Ağoppa cəld onu götürür. Sevinir).
Agobba – Hə, gözləyirəm, tez gətir. (anasına tərəf) Fikir eləmə. Sən əgər bu gün qızı mənim üçün ala bilsən, hər işimiz olacaq okey!
Maral - Güllər hanı?. Bu nə güllərdi? 
Ağobba – Bu elə-belə əldə tutmaq üçündü, əsas gül aşağıda, avtobusdadı. Onu bura necə qaldırım?
Maral – Yox, qaldırmaq lazım deyil. Ay qız, Xədicə, xonçaları say, gör neçə dənədir? Biz qız evinə girəndə hamının əlində bir xonça olmalıdır.
Bacı – Ay Maral, sən həriyə gedirsən, yoxsa nişan aparırsan?
Maral – Həm ondandı, həm bundan.
Bacı – Bəlkə qızı heç vermədilər? 
Maral – Necə vermədilər? Mən uşaq-zadam bəyəm? Heç əmin olmadığım evin qapısını döyərəm? Yaxşı, vaxtdı, durun gedək.
(Maral qapıdan çıxa-çıxa bacılarına göstəriş verir).
Maral – Paltarları əzməyin, ləkə salma ha! Müştərisi sabah gəlib aparacaq.
 
XXX
 
9/ Çimnazın mənzili.
Elçiləri qarşılamağa hazırlıq gedir. Qulluqçu nəhayət gəlir.
Çimnaz – Axır ki, gəlib çıxdın. Tez elə, qonaqların gələn vaxtıdır.
Qulluqçu – Qoy bir nəfəsimi dərim. Narahat olma, hər işi yoluna qoyacam. Çayın hazırdı? O Allahın suyundan bir stəkan tök içim. Səhər tezdən Gülnazgildəyəm. Zalımın qızı bir həftəlik işini bir gündə gördürür. Heç bir stəkan çay da təklif eləmir. İşin birini qurtarmamış, o birini calayır. Bu gün məni yaman yordu.
Çimnaz – Bu da çay, al iç, nəynən içirsən?
Qulluqçu – Hansı mürəbbədən varındı? Yox, əncir mürəbbəsi çox şirin olur, çiyələk yaxşıdı. Əcəb dadlıdı. Sən yaxşı xazaykasan. Yoxsa Gülnaz kimi? Mürəbbəsinin biri xarlayıb, biri qaxsıyıb. Gör var-dövləti Allah kimə verir də.
Çimnaz – Bu hansı Gülnazdı?
Qulluqçu – Quru Səlmanın arvadı.
Çimnaz – Ola bilməz! Dünyanın işinə bax ey. Dünənki qulluqçular bu gün xanım olublar.
Qulluqçu – Sən onun cah-cəlalına bax, onun özünü dartmağına bax. Bir paltarı iki dəfə geymir. Min dollardan aşağı olan sumkanı əlinə götürməz. (sözü dəyişir). Nə bişirmisən? Əcəb iy gəlir. Ondan bir az qoy yeyim, başlayım işə.
Çimnaz – Quru Səlmanın arvadı da xanım oldu. Sən onun evinə nə vaxtdan gedirsən?
Qulluqçu – Bir ay olar. Həftədə 3 dəfə gedirəm, bundan əvvəlki köməkçisini qovub, nə var, nə var, uşağı ilə kobud rəftar edib.
Çimnaz – Uşağı vurub?
Qulluqçu – Yox ey, onun oğluna barmaq vurmaq olar? Uşaq nə isə soruşub, o da deyib ki, mən bunu hardan bilim? Bunu Gülnazın oğluna demək olar? Gülnaz elə o dəqiqə qapını açıb onu qovub.
(Qapının zəngi)
Çimnaz – Qonaqlar gəldi, tez elə, get qapını aç, onları otağa dəvət elə, nəzakətlə...
 
XXX
 
10/ Nişan günüdür.
Çimnazgilin həyəti. Maşınlar gəlir. Qırmızı lentlə bəzədilib.
Qonşular boylanırlar. Qonşu Qumru nişan maşınlarını görüb təəccüblənir.
Qumru – Buy?..Nişan gəlir? Kimə? Bəs niyə mənim xəbərim yoxdur? (bu vaxt onun yanından bir kişi keçir. Əlində yük var. Yəqin dükandan gəlir).
Qonşu kişi – Yaxşı işləmirsən ha, Qumru bacı. Bu boyda haqq-hesabdan sənin xəbərin yoxdu?
Qumru – Çəkil. Çəkil qabağımdan. (qonaqların əllərindəki xonçaları sayır). Bir, iki, üç,... səkkiz...
Qonşu kişi – Düz saymadın.
Qumru – Lap düz saymışam. Səkkiz xonça idi. Bir dənə tort idi. Bir ağac gül vardı, hə, bir dənə də kosmetiçeski nabor, vəssalam!
Qonşu kişi – Bəs kəllə qənd? Deyirəm də axır vaxtlar  yaxşı işləmirsən.
Qumru – Qoyursan ki? Gəlib dayanmısan, düz gözümün qabağında. Çəkil də! Görüm hara gedirlər... (qonaqların dalınca binaya tərəf qaçır).
 
XXX
 
11/ Çimnazın mənzili.
Dəhliz. Elçilər gəlib. Vasif qonaqlardan sonra evə gəlir.
Çimnaz – Harda qalmısan? Heç olmasa bu gün evə vaxtında gələydin.
Vasif – İmkan olmadı. İclasdan yarımçıq çıxa bilməzdim ki.
Çimnaz – Bazar günü də iclas olar? Belə də iş olar? Yaxşı, tez elə, qonaqlar gəlib, səni gözləyirik.
(Vasif qonaq otağına keçır).
Mətbəx. Zəriflə Nərgiz çay tədarükü görürlər.
Çimnaz – Atan axır ki, gəlib çıxdı. Çay hazırdı?
Zərif – Mən onların qabağına çıxmaq istəmirəm. Çayı Nərgiz aparacaq.
 
XXX
 
12/ Çimnazın mənzili.
Qonaq otağı.
Vasif – Bəs, o cavanın özü hardadır?
Maral – Bizi maşınla gətirdi, amma yuxarı qalxmağa ürək eləmədi. Bir də bizim nəslin kişiləri də inşallah gələcəklər. Sizin icazənizdən sonra. Mən fikirləşdim ki, hələ biz arvadlar gələk, ailəvi tanış olaq...
Vasif – Elə cavanla da tanış olmaq pis olmazdı. Mən, sözün düzü, qızımı belə tezliklə ərə vermək istəməzdim. Çimnaz xanım mənə qızımız üçün elçi gələcəyini deyəndə, təəccübləndim. Dedim, axı bizim ərə getməli qızımız olmamalıdı (gülüşürlər)
Qonaqlardan biri – Vaxt tez keçir.
- Uşaqlar, maşallah, tez böyüyürlər.
- Ələlxüsus da qızlar.
- Qızın da bir vaxtı var. Gərək onu vaxtında ərə verəsən.
Bu arada Maral oğluna əl telefonu ilə zəng edir – Tez ol, gəl, qaynatan səni görmək istəyir.
 
XXX
 
13/ Çimnazın mənzili.
Qonaq otağı. Ağoppa gəlir. Özünü çox ədəbli aparır. Çimnaz xanım hər dəfə içəri girəndə ayağa qalxır.
Vasif – Adın nədir?
(Ağoppa qızarır. Dəsmalını çıxarıb alnının tərini silir. Onun yerinə anası cavab verir).
Maral – Ağadı adı, Vasif müəllim. Kiçik olanda Ağoppa demişik, indi də bəzən onu belə çağırıram.
Qonaqlardan kimsə - Ana üçün evladı elə uşaq olaraq qalır. Mənim də oğlum yekə kişidir. Hələ də onu öz adıyla çağırmıram.
Maral – Atası rəhmətə gedəndə Ağoppanın üç yaşı vardı. Özüm də işləmirdim. Zülm qalmadı ki, çəkməyim. Daha sizdən nə gizlədim. Qohum olacağıq. Gərək aramızda gizli bir məsələ qalmasın. Hər əziyyətə qatılmışam, amma Ağoppanı korluq çəkməyə qoymamışam. Heç nəyə ehtiyacı olmayıb. Böyütmüşəm, oxutmuşam, indi də borcum onu evləndirməkdi. Allahın qismətindən, sizin bir qızınız var, mənim də tək oğlum. Zərif mənə qız olar. Ağanı da sizə oğul kimi verəcəm.
(Bu sözlər Vasifi təsirləndirir).
Vasif – Əgər o bizim oğlumuz olmaq istəyirsə, biz də ona ata olarıq.
Ağoppa (sevinir) – İcazə verin, mən gedim.
Maral (cəld) – Get, get, qoyun getsin. Utanır.
Kimsə - Heç indiki cavanlara oxşamır. Çox utancaqdır.
Çimnaz – Nə vaxt istəsən gələ bilərsən, elə bil ki, bura sənin öz evindi.
 
XXX
 
14/ Çimnazın mənzili.
Qonaq otağı. Məclis davam edir. Süfrəyə şirin çay gəlir. Qonaq otağına Zərifi də çağırırlar. Qonaqlar çay içirlər. Zəriflə Maral astadan söhbət edirlər.
Qonaqlardan biri – Allah sizi həmişə mehriban eləsin.
Yerdən – Amin, amin!
Maral – İnşallah ki, hələ bundan da mehriban olacağıq. Mənim bunlardan başqa kimim var ki? Özüm bu dünyada bir gün görməmişəm, barı balalarım xoşbəxt olsunlar.
Kimsə - Maral xanım, Zərif hələ tələbədir. Magistraturada oxuyur. Sənə qulluq edə bilməyəcək. Gərək bunu indidən nəzərə alasan.
Maral – Heç razı olaram ki, mənim gəlinim əyilib yerdən bir yaylıq qaldırsın? Mən onu ovcumun içində saxlayacağam.
Qonaqlardan biri – Ay Maral xanım, siz də iş adamısınız. Sən eləmə, gəlin eləməsin, bəs sizin işinizi kim görəcək?
Maral – Necə kim? Qulluqçu, lap elə mən özüm. Bir də mən əhd eləmişəm, gün olsun ki, mən oğlumu evləndirim, qabağımda bir gözəl-göyçək gəlin olsun, mən də ona qulluq edim.
Kimsə - Maral xanım, özünüzə götürməyin, amma elçi gedəndə bütün qaynanalar belə deyirlər! Allah sonrasından saxlasın.
Bir başqası – Qaynana ilə gəlinin bir evdə yola getməsi mümkün olan iş deyil. Yaxşı olardı ki, elə söz-bez olmamış gəlini ayrıca evə aparaydın.
Maral – Buy, nə danışırsan? O boyda evdə mən tək-tənha qalım? Mənim arzumdu ki, gəlinimi gətirim, ona anasından da artıq qulluq edəcəyəm, gəlinimə elə nişan hazırlamışam ki, handa bir kişinin gəlinindən artıq.
(Söhbətə Çimnaz qarışır).
Çimnaz – Mən qızımı naz-nemət içində böyütmüşəm, heç nəyə ehtiyacı olmayıb. Cehizi də hazırdı. Zərif dünyaya gələndən əlimə keçəni atmışam qırağa ki, bir gün lazım olanda daha ora-bura qaçmayım. Hər şeyi hazırdı.
Kimsə - Hər bir ata-ana istəyir ki, evladı rahat yaşasın, xoşbəxt olsun.
Çimnaz – İnşallah, xoşbəxt olarlar. Bizim bir qızımız var, sənin də tək bir oğlun. Nəyimiz var, onlarındı da.
Kimsə - Xoşbəxtlik var-dövlətdə deyil. Görə-görə gəlmişik bu dünyanı. Bir də görürsən ki, hər şeyləri var, amma yola getmirlər, ya da əksinə, kirayədə yaşayırlar, heç nələri yoxdur, amma ər-arvad çox mehribandırlar.
Maral – Bu kommunistlərin vaxtında idi. İndi zəmanə dəyişib. O dövran qurtardı. İndi  pis yaşayanın günahı özündədir. Bir də harada görünüb ki, var-dövlət mehribançılığı azaltsın?
Yaşlı qadın – Vaxtı ilə bizdə belə bir adət varmış. Toy gününün səhəri təzə bəy məscidə gedib ibadət edərmiş. Bəzi bölgələrdə bu adət indi də qalıb. Hə, təzə bəylərdən biri ağsaqqallarla, dünyagörmüş adamlarla məsləhətləşir ki, ibadət zamanı Allahdan nə istəsin? Biri deyir ki, var-dövlət istə.
Maral – Hə, gördünüz?
Yaşlı qadın davam edir – Biri deyir ki, ad-san istə.
Maral – Bu quru bəylərdə nə görmüsüz ey...
Yaşlı qadın – Bir dünyagörmüş kişi təzə bəyə məsləhət görür ki, Tanrıdan məhəbbət istəsin.
Maral – Mən onu bilirəm ki, varın, pulun yoxdursa, sevgi, məhəbbət boş şeydir. Eşitməmisiniz, ac bir-birini dalayar, tox bir-birini yalayar? (Gülüşürlər).
Yaşlı qadın – Mən hələ sözümü qurtarmamışam. Həmin o dünyagörmüş qoca deyir ki, məhəbbət olan evdə var-dövlət də olacaq, şan-şöhrət də. Məhəbbət olmayan evdə nə dövlət, nə də ad-san insanı xoşbəxt edə bilməz.
 
XXX
 
15/ Reyhanın mənzili.
Reyhan Çimnazın qonşusudur. Baxımlı xanımdır.
Reyhan-Qumru
Qumru qapını döyür. Qapını Reyhan açır, üzündə qara maska var. Qumru onu görüb diksinir.
Qumru – Bismillah... Az bu nədi? Üzünə nə çəkmisən?
Reyhan – (zorla danışır) keç içəri.
(mətbəxə keçirlər) Otur, üzümü yuyub gəlirəm.
Qumru – Tez elə, vaxtım yoxdu.
(Reyhan üzünü yuyub gəlir)
Qumru – Az, o nə idi elə üzünə sürtmüşdün?
Reyhan – Xına.
Qumru – Nə, xına? Səndən də çıxmayan qalmadı. Az xınanı da üzə çəkərlər?
Reyhan – Hə, sən də çəksən yaxşı olar. Üzdəki ləkələri təmizləyir.
Qumru – Mənim üzümdə ləkə-zad yoxdur.
Reyhan – Mənim üzümdə də yoxdur.
Qumru – Bəs niyə çəkirsən?
Reyhan – Profilaktika üçün.
(Reyhan danışa-danışa göyərti, limon götürür, blenderdə qarışdırır).
Qumru – Bu nədi? Bunu da üzünə çəkəcəksən? 
Reyhan – Bu, içmək üçündür.
Qumru – Bunu niyə içirsən ki?
Reyhan – Qanda olan duzu, yağı neytrallaşdırır. Çox xeyirlidir, sən də iç.
Qumru – Az, mənim qanımda yağ var ki, neytrallaşdırım?
Reyhan – Özün bil (göyərti suyunu stəkana süzüb içir). Qumru, de görüm nə xəbər var? Sən elə-belə gəlməzsən.
(Qumru cavab vermək əvəzinə masanın üstündəki şüşə qaba baxır, qabı açıb iyləyir, üz-gözünü turşudur).
Qumru – Spirt iyi verir. Bu nədi?
Reyhan – Qozun arakəsmələridir spirtin içində.
Qumru – Bunu da içirsən?
(Reyhan başını tərpədir).
Bu nə üçündür?
Reyhan – Boğazdakı zobu əridir.
Qumru – (diqqətlə Reyhana baxır) Sənin zobun var?
Reyhan – Yox.
Qumru – Bəs niyə içirsən?
Reyhan – Profilaktika üçün.
Qumru – (masanın üstündəki dərmanlara baxır) Bunlar da zob üçündür?
Reyhan – Yox. Bu, kalsiumdur. Sümüyü möhkəmləndirir.
Qumru – (diqqətlə Reyhana baxır) Sümüyünə nə olub?
Reyhan – Heç nə. Profilaktika üçün.
Qumru – Sənin başın qarışıb profilaktikaya, dünyadan xəbərin yoxdur.
Reyhan – Nə olub ki?
Qumru – Qonşu Çimnaz qızına nişan götürdü. Xəbərin var?
Reyhan – Səndən eşidirəm. Allah mübarək eləsin.
Qumru – Gedək təbrik edək də. Qonşuluqda yaxşı deyil.
Reyhan – Bayramda gedərik. Həm gözaydınlığı verərik, həm də bayramlaşarıq.
 
XXX
 
16/ Çimnazın mənzili.
Zərif-Çimnaz.
Zərif güzgünün qabağında saçlarını səliqəyə salır. Anası içəri girir.
Çimnaz – Hara hazırlaşırsan?
Zərif – Ağa zəng eləmişdi. İndi dalımca gələcək.
Çimnaz – Hara  gedəcəksiz?
Zərif – (çiyinlərini çəkir) Bilmirəm.
Çimnaz – A... bu gün bayramdı axı. Nişanlı olmaq belədi də. Səni təbrik edirlər, nazını çəkirlər. Evlənəndən sonra heç yadlarına da düşmürük.
Zərif – Niyə belə deyirsən? Yadındadı, mən məktəbdə oxuyanda biz nana ilə sənə necə sürprizlər hazırlayardıq?
Çimnaz – Məktəb illərində (gülür). Bilirsən o vaxtdan neçə illər keçib. Mənim balam, daha böyümüsən. O dünənki balaca qızcığaz deyilsən. Nişanlı qızsan. İlahi, vaxt necə tez keçir.
(Zərifin əl telefonuna mesaj gəlir). Ağadır?
 
XXX
 
17/ Qonşu Qumrunun  mənzili.
Qumru öz-özünə danışır. Mən də deyirəm axı, bu Reyhan niyə belə çıraq kimi yanır? Necə olub ki, onun gözəllik sirlərindən mənim xəbərim olmayıb? Gör bu nə işlər fırladır? Bizim kişi də Reyhanı mənə nümunə göstərir: (yamsılayırmış kimi) gör necə baxımlı xanımdır, necə gülərüzdü...
Heç demir ki, onun əri yaxşı adamdır. Reyhan bazar tanımır, dükan tanımır. Gülərüz olar da...
Güzgünün qabağına keçir.
-Mən Reyhandan əskiyəm? (diqqətlə özünə baxır). Arığam da. Adamlar var ki, arıqlamaq üçün mədəsini kəsdirir, yenə də arıqlaya bilmir. Mən axmaq öz qədrimi bilməmişəm. Üzlərinə maska qoyurlar, saçlarını bururlar, ərləri də elə bilir ki, bunların arvadları dünya gözəlidir. Necə olub ki, mən bunu indiyəcən bilməmişəm? 
Öz-özünə danışa-danışa meyvə qabından nar götürür, hissələrə bölür, qabığı ilə birlikdə blenderdə əzir, üzünə maska qoyur.
 
XXX
 
18/ Lift...
Qumrunun əri ilə Reyhanın əri liftdə görüşürlər. Reyhanın ərinin əlində gül dəstəsi var.
Qumrunun əri – Qonşu, salam.
Reyhanın əri – Ay əleyküləssəlam.
Qumrunun əri – (güllərə işarə ilə) Deyəsən xeyir iş var?
Reyhanın əri – Bayramdı da. Heç olmasa ildə bir dəfə xanıma gül bağışlamaq lazımdır. Düzdür, gül tez solur, amma xatirə həmişə qalır.
(Liftdən çıxırlar. Reyhanın əri öz qapılarının qabağındadır. Qapı açılır. Reyhan ərini görüb gülümsəyir, gülləri nazla götürür. Həmişəki kimi səliqəli və baxımlıdır.
Qumrunun əri bu mənzərəni görür. Liftə oturub aşağı düşür).
 
XXX
 
19/ Qumrunun mənzili.
Qumrunun əri qapını öz açarı ilə açır. Əlində gül dəstəsi var. Dəhlizdə gülləri əli ilə sığallayır. Qumrunun gülü ondan necə alacağını, necə sevinəcəyini xəyalında canlandırıb otağa keçir. Gözləri ilə arvadını axtarır.
Qumru divanda uzanıb. Səsə başını qaldırır. Ərini görüb divanda oturur. Ərinin əlindəki gül dəstəsini görür. Gözləri bərəlir. Yuxulu səslə:
Qumru: - Uzanmışdım. Yuxuya getmişəm.
Qumru saçlarını biqudi ilə burub. Üzündə blenderdə əzdiyi nar maskası var. Narın suyu yaxasına, çiyinlərinə yayılıb.
Qumrunun əri arvadını bu vəziyyətdə görüb qorxur. Gülləri sinəsinə sıxıb dal-dalı geri çəkilir.
Qumru – Bu nə güllərdi? (maska üzündə bərkidiyindən zorla danışır) Kimə almısan? (yanağından maskanın bir parçası qopub Qumrunun yaxasına düşür).
Əri – Əzrailə! (hirslə gülləri yerə çırpır).
 
 
XXX
 
20/ Zərif-Çimnaz. Mənzil.
Zərif nişanlısı ilə görüşdən qayıdır. Kefsizdir.
Çimnaz – Nə tez qayıtdın? Nə olub? Danış görüm hara getdiniz?
Zərif – Restorana. (qolunu qabağa uzadır)
Çimnaz – Bu nədir? Nə gözəldir? Qızıldır? Ağa bağışladı? Bəs niyə kefsizsən?
Zərif – Nə bilim. Məni heç nə sevindirmir.
Çimnaz – Sevindirməz də. Əgər bulvarda soyuqdan dona-dona gəzsəydin, sonra da avtobusda, basırıqda evə gəlsəydin, onda sevinərdin. Belədə maşın dayanır qapının ağzında, oturub gedirsən restorana, hələ üstəlik qızıl qolbaq da bağışlayırlar. Bunun nəyinə sevinəsən?
Zərif – Deməli, xoşbəxtlik budur? (qolunu qabağa uzadıb qolbağa baxır)
 
XXX
 
21/ Çimnazın mənzili.
Qonşu Qumru onlardadır. Qapı döyülür. Reyhan da gəlir.
Reyhan – Çimnaz, təzə xəbər eşitmişəm, Allah mübarək eləsin. (gülür) Qumrudan eşitdim. (gülür) Bir danış görək, kimdilər, nəçidilər?
Çimnaz – Bu məsələ çoxdan var idi. Amma Zərif  uzadırdı. Oxuyur da. Deyirdi ki, universiteti qurtarmamış ərə gedən deyiləm.
Qumru – Necə çoxdan? Bəs mənim niyə xəbərim olmayıb?
Reyhan - (şaqqanaq çəkib gülür) Bu boyda hadisədən xəbərin olmayıb? Səndən gözləməzdim.
Qumru – Reyhan canı bilməmişəm.  Zərifi bir dəfə də olsun oğlanla görməmişəm. 
(Zərif əlində padnos içəri girir).
Reyhan – Bu da gəlin xanım. Bir yaxın gəl görüm. (gülür. Ona görə yox ki, gülməli bir hadisə var. Yaxşı əhval-ruhiyyədə olduğu üçün). Niyə arıqlamısan,  qız? (gülür) Eybi yoxdur. Ərə gedəndən sonra kökələcəksən. (gülür) Kökəlməyə nə var? Arıqlamaq çətindir. Bax, mən 5 ildir çalışıram, heç 500 qram arıqlamamışam.
Qumru – Kim desə ki, kökəlmək asandı, yalan deyir, inanmayın. Çox demirəm, bir 10 kilo kökəlmək istəyirəm. Nə yeyirəm xeyri yoxdur. Gör hələ neyləmişəm, Çimnaz bacı. Bu Reyhan bazara gedəndə düşmüşəm dalına. O nə alıbsa, ondan almışam, gətirib bişirmişəm, heç 100 qram da artmamışam. Reyhan bacı amma şişə-şişə gedir.
Reyhan – Az, maşallah,  de. Xəstələnib eliyərəm. (Gülür).
Qumru – Gözüm yoxdur, bacı canı. Kökəlmək istəyirəm də.
Çimnaz – Elə Reyhanın özündən soruşaydın da, nə yeyir ki, belə kökəlir.
Qumru – Soruşmuşam. Bəs onun resepti məni bu günə qoydu da.
Reyhan – (gülür) Buy, bu adamlara heç yaxşılıq yoxdu da. Sən məndən soruşdun ki, nə yeyib belə kökəlirəm...
Qumru – Hə, sən nə dedin?
Reyhan – (gülür) Mən də dedim ki, dovğa. Daha demədim ki, sən də get gündə dovğa ye. (şaqqanaq çəkib gülür) Mən neyləyim, su da içsəm, kökəlirəm.
 
XXX
 
22/ Zərif-Nərgiz.
Nərgiz – Niyə o sənin xoşuna gəlmir? Axı o sənə nə edib?
Zərif – Məsələ də ondadır ki, heç nə etmir. Zahirən hər şey yaxşıdır. Restoranda əvvəlcədən masa sifariş edir, gül, hədiyyə... Amma bunlar məni sevindirmir. Mən ona isnişə bilmirəm, bizim danışmağa sözümüz yoxdur. Hər şey quru, soyuq... Fuadla tamam başqa cür idi, heç bilmirəm o qədər sözü hardan tapırdıq? Hər şeyə gülürdük. Mən onunla olanda uçmaq istəyirdim.
Nərgiz – Başa düşdüm. Sən Ağanı yaxşı tanımırsan. Heç o da səni tanımır. Sizin ümumi sözünüz yoxdur. Gəl belə edək. Bu şənbə günü gedək akvaparka.
Zərif – Gedək? Kimnən?
Nərgiz – Mən Turalnan akvaparka gedəcəm. Elə yaxşı oldu. Turalla da tanış olarsan. Siz də bizə qoşulun. Bir yerdə getsək, daha maraqlı olar. Danışdıq? 
Zərif – O burda yoxdur. Ezamiyyətdədir.
Nərgiz – Bu həftə olmasın, gələn həftə olsun. Görərsən, münasibətləriniz necə dəyişəcək.
Zərif – Səndə deyəsən təzə xəbər var. Danış görüm.
Nərgiz – Tural barədə sənə demişdim də. Anam istəyir ki, mən ona ərə gedim.
Zərif – Bəs sən istəmirsən?
Nərgiz – Bilirsən, Tural yaxşı oğlandır. Amma bir az köhnə fikirlidir. Mənimki onunla tutmaz. Mənim geyimimə bax! Mən nə vaxt belə geyinmişəm? Anam məcbur edir. Çünki Turalın müasir dəbnən geyinən qızlardan xoşu gəlmir. Ya gərək mən xasiyyətimi dəyişim, ya da o. Mən hələ ki, çalışıram. Amma nə vaxta kimi? Ona görə də ona “hə” deməkdən qorxuram.
 
XXX
 
23/ Maralın evi.
Maral-Ağoppa.
(Telefon zəng çalır)
Ağoppa – Əgər Zərifgildən olsa, de ki, ezamiyyətdəyəm, hələ qayıtmamışam. Məlum deyil nə vaxt qayıdacam.
(Maral dəstəyi götürür. Danışan Çimnazdır. Salamlaşırlar.)
Maral – İşi belədir də. Yazıq uşağın bir ayağı xaricdədir. Heç rahatlığı yoxdur. Neçə dəfə demişəm ki, işini dəyiş. Ailə qurandan sonra sənə belə iş əl verməz. İndiki zamanda adamsız adamın üzünə baxan kimdir? Allah Vasif müəllimin canını sağ eləsin, Ağoppa da onun balasıdır da. Kömək edər, onu yaxşı bir işə qoyar.
Çimnaz – İndiki cavanlar, maşallah, özləri çox bacarıqlıdırlar. Savadlı, bilikli adama hər yerdə iş var.
Maral – Bəs necə? Ağoppa çox bacarıqlı oğlandır. Hara qoysan orada işləyəcək. Təki ona layiq iş olsun.
 
XXX
 
24/ Maralın mənzili.
Maral-Ağoppa.
Maral – Sən nişanlından niyə qaçırsan? Bir qızla çıx gəz, bir-birinizə isnişin. İndi gəzməyib, nə vaxt gəzəcəksiniz?
Ağoppa – Mən öz işimi bilirəm, belə lazımdır. Mənim işimə qarışma.
Maral – Qız xoşuna gəlmir? Yoxsa... bir mənə bax görüm! Birdən qıraqda arvad-zad saxlayarsan ha...
Ağoppa – Sən də söz danışdın...
Maral – Ağlını başına yığ. Gör kimnən qohum olursan! Sənin bütün taleyin onlardan asılıdır.
Ağoppa – Elə buna görə də mən Zəriflə görüşmək istəmirəm. Zərif elə bilir ki, mən xarici şirkətdə işləyirəm. Bir neçə xarici dildə bülbül kimi ötürəm. Görsə ki, heç ingilis dilini də bilmirəm, nişanı bu gün qaytarar.
Maral – Qaytarmaz, qorxma. Sənin kimi oğlanı hardan tapacaq? Minnəti olsun.
Ağoppa – Doğru deyirsən? Mən qəşəng oğlanam? (Güzgünün qabağında özünə baxır. Razı halda gülümsünür). Yaxşı, mən getdim.
Maral – Hara? Zərifgilə?
Ağoppa – Gəzməyə, dostlarımla.
 
XXX
 
25/ Qonşu Reyhanın  mənzili.
Reyhan idman geyimindədir. Trenajorda qaçır. Televizorun səsini qaldırıb. Musiqinin təsiri altında hərəkət edir, bəzən özü də oxuyur.
Qapıda Qumru görünür.
Qumru – (ucadan) Eşitmirsən?
(Qonşusunu görüb televizorun səsini azaldır).
Reyhan – Gəl, gəl. Çoxdan buradasan?
Qumru – Qapın açıqdır. Evini gəlib aparsalar, xəbərin olmayacaq.
Reyhan – Burada oğru nə gəzir? Gör nə qədər nəzarət kamerası var. Gəl otur. İndi qurtarıram.
Qumru – İndi də buna keçmisən? (trenajora işarə edir) Daha stadionda qaçmırsan?
Reyhan – A, xəbərin yoxdu? Bir ildən çoxdu. 
Qumru – Bəs niyə mənim xəbərim yoxdu?
(Reyhan dəsmalla üzünü silir. Masanın üstündəki stəkanı götürür.
Reyhan – Qumru, beş dəqiqə gözlə. Duş qəbul edib gəlirəm.
Qumru – O stəkandakı nədir? O suyun rəngi niyə elədir? 
Reyhan – Nar qabığının suyudur. Narın qabıqlarını qurut, vaxtaşırı onları qaynat, dişlərini yaxala. Damaqlara çox xeyirlidir.
Qumru – Damaqların ağrıyır?
Reyhan – Bu prafilaktika üçündür (otaqdan çıxır).
(Qumru öz-özünə: Nə istəyirsən elə! Daha məni tora sala bilməzsən).
 
XXX
 
26/ Zərif-Nərgiz
Nərgiz – Zərif, dünən elə yaxşı istirahət etdik ki, kaş sən də orda olaydın. Gördün, mən sənə dedim ki, Ağa indiyə kimi ezamiyyətdən qayıtmış olar. Sən inanmırdın.
Zərif – Yox, hələ qayıtmayıb. Mən tək siznən getsəydim, yaxşı düşməzdi axı.
Nərgiz – Bir dayan görüm. Deyirsən nişanlın hələ ezamiyyətdədir? Dünən o, akvaparkda idi. 
Zərif – Ola bilməz. Sən onu kiminləsə səhv salıbsan.
Nərgiz – Mən onu səhv sala bilməzdim. Düzdür, onunla salamlaşmaq istədim, o mənə baxmadı. Elə bil diksindi. Tez gözlərini çəkdi.
Zərif – Yəqin başqa adam olub. Dünən Ağa Hollandiyadan zəng vurmuşdu.
Nərgiz – Mən səhv eləmirəm. Hətta mənə elə gəldi ki, o da məni tanıdı. Amma özünü görməzliyə vurdu.
 
XXX
 
27/ Çimnazın mənzili.
Çimnaz-Zərif.
Çimnaz – Niyə kefin yoxdur? Hə, başa düşdüm. Darıxırsan. Nişanlı qızlar sevgililəri üçün darıxırlar. İstəyirlər ki, həmişə bir yerdə olsunlar. Gözəl hisslərdir.
Zərif – Mən ondan ötrü darıxmıram.  Heç onu görmək də istəmirəm.
Çimnaz – Yaxşı, yaxşı, naz eləmə. Qoy ezamiyyətdən qayıtsın, onda görəcəksən ki, necə...
Zərif -  O qayıdıb. O burdadır.
Çimnaz – Nə vaxt qayıdıb? Zəng eləmişdi? 
Zərif – Nərgiz onu akvaparkda görüb. Dostlarıyla kefdəymiş.
Çimnaz – Bir dayan görüm, başa düşmədim. Nərgiz onu akvaparkda görüb? Nə vaxt? Ezamiyyətdən qayıdıb? Bəs bundan sənin xəbərin yoxdu?
 
XXX
 
28/ Çimnazın mənzili.
Zərif-Çimnaz.
Zərif – Mən onu sevmirəm. İstəyir yalan danışsın, istəyir düz. Mənim üçün fərqi yoxdur! Mən ona ərə getməyəcəm!
Çimnaz – Sən nə danışırsan? Sən nişanlı qızsan! Sən bizi biabır etmək istəyirsən? Qohum-qonşu adama nə deyər? Lap elə tutaq ki, ezamiyyətdən qayıdıb, sənə zəng vurmayıb. Cavan oğlandır, gedib dostlarıyla dincəlməyə. Bundan ötrü nişanı qaytararlar? Bir soruş, öyrən, bəlkə bir səbəb var. Hər şeydən ötrü də nişanı qaytararlar? Gərək bəzi şeylərlə barışasan. Bəzilərini görməzliyə vurasan. Bəs atanın mənim başıma açdıqlarını görmürsən? Mən dözmürəm? Mən adam deyiləm?
Zərif – Sən məni başa düşmürsən. Sən atamı sevirsən. Ona görə də ona keçirsən, onu itirmək istəmirsən. Mən isə onu sevmirəm!
Çimnaz – Sevərsən! İstəsən sevərsən! Siz hələ bir-birinizi yaxşı tanımırsınız. Çoxları ailə qurandan sonra bir-birilərini sevirlər, çünki bir-birilərini tanımağa başlayırlar.
Zərif – Mən nişanı qaytaracam!
 
XXX
 
4-cü bölümün sonu
 
ARDI  VAR
 

ŞƏRH YAZIN