Camaat Nə Deyər ?

0
2035
Camaat Nə Deyər ?

Camaat nə deyər? 

 Fərqli insanlar hər zaman qısqanılarlar. Bəs cəmiyyətə görə  fərqli insan nədir? Xoşbəxt insandır əlbəttə! Xoşbəxt insan, öz qaydasını özü qoyar, xoşbəxt insan həm özüylə, həm başqalarıyla barışıqdır. Hadisələrə hamı kimi eyni reaksiyanı vermir. Xoşbəxt insan üçün ağrı-acı lazımsız bir anlayışdır. Əksinə, \"normal\" deyə xarakterizə etdiyimiz \"klassik cəmiyyət insanı\" üçün isə, ağrı-acı müqəddəs, xoşbəxtliksə ayıbdır. Hər kəs fikir çəkir, sən necə xoşbəxt ola bilərsən? Yaxşı, bəs adama heç deməzlərmi , qardaşım sənə dərdi-qüssəni mənmi çəkdirirəm? Öz seçimləri qüssə çəkməkdirsə, mənim günahım nədir? Heç nə. 

 Təəssüf ki, özünü normal hesab edən insan, əslində ideal insan təsəvvüründən çox uzaqdır. Guya həssasdır, guya dərd çəkənlərin qayğısına qalır. Buna görə özü də dərd çəkməyi seçmişdir. Necə də böyük axmaqlıqdır?!

 "Camaat"ı  da tanıdığımız üçün, indi bu "3-cü şəxs təzyiqi" qarşısında nə etmək lazım olduğu barədə fikirlərimi açıqlamaq istəyərəm.

 "Camaat nə deyər" qorxusunu dəf edin, YOXSA…

 Mən olduqca uzun müddət, saç modelimdən makiyajıma, paltarımdan danışmağıma qədər "camaat nə deyər" deyə stress içində yaşadım. Xüsusilə işə başladıqdan sonra, özümdən çox uzaqlaşdığımı illər sonra anladım. İnsanın özündən uzaqlaşması həqiqətən böyük  böhrana, daha sonra isə fiziki narahatlıqlara səbəb olur. İşi buraxdıqdan bir müddət sonra,oturub etdiyim səhvləri qeyd etdim. Sizlərlə bunları, tövsiyələr şəklində paylaşacağam:

 - Əvvəla, lütfən öz qaydalarınız olsun. Ardına düşəcəyiniz fikirlər də, göstərəcəyiniz reaksiyalar da sizə aid olsun. Başqalarının qaydalarına görə oynamağa başladıqda xilas olmanız çox çətin olur.

 - Həyatınızla əlaqədar hər hansı bir məsələ barədə ətrafdan fikir istəməyin. Bu bir müddət sonra vərdiş və hətta əngəl olur. Bu dəfə öz istədiyinizdən çox başqalarının münasib hesab etdiyi həyatı yaşayırsınız.

 - Həqiqətən ürəkdən istədiyiniz bir şey olanda onu edin. Əgər küçədə mahnı oxumaq istəyirsinizsə, oxuyun. Əgər gülmək istəyirsinizsə, gülün. Qırmızı "alabəzək bir rəngdir" deyə, bəyəndiyiniz o paltardan imtina etməyin. O gözəl qızla danışmaq istəyirsinizsə, danışın.  Lütfən qaydaları unudun! Qaydaları özünüz qoyun. Qandalları isə, qırıb atın! Yoxsa, həmişə ən sadə məişət mövzularında belə,  "camaat nə deyər" deyirsiniz.

 - Mərhələ-mərhələ irəliləyin. Əgər, mən birdən dəyişə bilmərəm deyirsinizsə, o da olar. Ən sadədən başlayın! Düşünün, həyatınızda insanlar  gülər, lağ edər, ayıbdır deyə təxirə saldığınız, etmədiyiniz amma etməyi çox istədiyiniz ən sadə şey nədir? Onu edin!

 - Vacib məsələlərdə  öz fikrinizi, öz qərarlarınızı tətbiq edin. Məsələn, cəmiyyət bir qızı kimə ərə getməyə məcbur edir? Mühəndis olsun, bankir olsun, səhər 9:00-dan, axşam 18:00-a qədər işləsin deyərlər. Ən gec 30 yaşına qədər ərə getməlisən deyərlər. Deyərlər, deyərlər...

 Amma mənim fikirim tamamilə fərqlidir. Birincisi nə vaxt ərə gedəcəyimi bilmirəm, ikincisi məmur zehniyyətli bir insanla evlənəcəyimi heç sanmıram. Tam tərsinə, həyatımdakı insanın klassik saatlarda işləməsini istəyərəm . Ənənəvi bir əlaqə mənə çox darıxdırıcı gəlir. Amma bunu söyləsəm nə deyərlər? Aaaa, bu qız havalanıb, nə danışdığını bilmir. Həyat çətindir, gələcəyi zəmanət altına almaq lazımdır, onu etməlisən, bunu etməlisən və s. Bu kimin fikridir? Onların. Yaxşı bəs niyə belə deyirlər? Çünki özləri qaydaları aşa bilməyiblər. Bəlkə mən  bir rəssama ərə gedəcəyəm? Bəlkə sığortamız belə olmayacaq. Kimə nə dəxli var? Mənim gələcəyim və qərarlarımdan kimə nə?

Biz bu mərhələni keçə bilmirik. "Sizə nə" deyə bilmirik. Amma aşmaq məcburiyyətindəyik sevimli dostlarım. Artıq qarşımızdakılara "sizə nə", deməyi öyrənməliyik . Öz qaydalarımızı özümüz yazmağa başlamalıyıq. Başqalarının düşüncələri bizim düşüncəmizdən vacib deyil. Axı biz beynə və mühakimə gücünə sahibik. Əgər bunlar olmasa, bizim güdülən qoyunlardan nə fərqimiz olardı?

 Son olaraq bunu demək istəyirəm;

 Camaat nə deyər? Nə deyərsə, desin. Hərə öz yolu ilə gedər, nə edərsə özünə edər və bu yazı burada bitər.

 "Cazibə Qüvvəsi" Fərdi İnkişaf Jurnalı

ŞƏRH YAZIN