Həyatını Elə Yaşaya Bilərsən Ki...

0
3090
Həyatını Elə Yaşaya Bilərsən Ki...

Kimə baxırsan həyatından və ya kimdənsə gileylənir. Həyat mənasızdır, insanlar vəfasız, işlər gərgin. Hamı öz tənbəlliyinə, uğursuzluğuna, həmişə pis əhval-ruhiyyədə olmasına, ya da burnunun həmişə sallanmasına bir səbəbkar axtarır.

Qızlar “köhnə” kişilərin  qıtlığından, oğlanlar “əvvəlki” qızların yoxluğundan şikayətlənir.

Hava həmişə günahkardır, qışda çox soyuqdur, yayda çox istidir. Təəssüf ki, havaya cavabdeh olan bir adam yoxdur ki, ürəkdən söyə bilsinlər.

Pulun yoxluğu həmişə problemdir. Əlində iPhone-6, ağzında qızıldan düzəlmiş diş, gözündə Ray Ban, maşınında DVD-pleyer, “Nu poqodi” siqnalı, “svetomuzıka”, çaytökən, dişyuyan, qulaqtəmizləyən, dişqurddalayan “nastroyka”ları qoydura-qoydura kasıbdır.

Əllərinin altında dünyanın istənilən nöqtəsi ilə (!!!) 5 saniyə içində əlaqə saxlaya biləcək, mənim Nyu Yorkda, yanğınsöndürən maşınların səsindən qulağım tutula-tutula yazdığım bu yazını çap eləyən kimi Soğanverdilər kəndindən belə açıb oxuya biləcək şəraiti yaradan telefon adında möcüzə ola-ola hansısa gələn zəngin kəsilməsindən, ya telefon yazığın 2 ayda bir dəfə “Mən istefa verirəm!” fəryadı ilə sönməsindən şikayət eləyirlər.

İçinə minib cəzbetmə qanunu kimi bir qanunu dəf edərək babalarımızın atla aylarla gedib çatdığı (dinozavrlara yem olma ehtimalının getdikləri yerə çatma ehtimalından yüksək olsa belə) yerə bir neçə saat içində gedə bildikləri təyyarənin 1 saat gecikməsindən hay-küy qaldırıb sanki bütün Facebook dostları bundan xəbər tutmasa gecə yata bilməyəcəklərmiş kimi hamının baş səhifəsini bu ‘faciəvi’ xəbərlə doldururlar.

Özlərini özlərinin yaratdıqları problem bataqlığında batırırlar, sonra da ağ atlı şahzadənin gəlib onları xilas etməsini, ya da pəri nənənin onların balqabağını karetaya çevirib kristal ayaqqabıda bala göndərəcəyini gözləyirlər. Kristal ayaqqabıda gəzməyin çətinliyi başqa bir yazının mövzusudur. Şüşədən ayaqqabı. Iıııqqq!!!

Amerikada yaşayandan insanların nə qədər naşükür ola biləcəklərini görürəm. Bu məni dəhşətə gətirir. Azərbaycandan gəlib Nyu Yorkda hər küncdə dünyanın dörd bir yanından olan restoran seçimi (suşi, burrito bir qırağa, sizə Cənubi Afrika, Şri Lanka restoranlarından danışıram!), hər millətdən, mədəniyyətdən, dindən və irqdən olan adamların rəngarəngliyi, adicə isti suyun 24 saat gəlməsi, binamızda Olimpiya ölçülü üzgüçülük hovuzunun olması, restorana oturan kimi müştərilərə pulsuz su gətirilməsi, ya elə adicə dadlı pop korn seçimləri, hamısı məni heyrətləndirir. Yəqin ki, “wow!” ən çox işlətdiyim sözdür, qaşlarımı heyrətdən qaldırmaqdan 2-3 balaca qırış belə yaranıb. Amma nyu yorklulardan soruşsanız? “Bura həddən artıq səs-küylüdür, həddən artıq pis iy gəlir, çox gəlmə var, tıxaclar çoxdur…”

Hansı yaşda bizə o 2-3 yaşındakı uşağın hər şeyə heyrətlənib sevinməsini tərgitməyi öyrədirlər?

Nə vaxtdan əlimizdə olanlara göydəndüşmə kimi baxırıq?

Nəyə görə minnətdarlıq etmək heç vaxt dəbdə deyil, amma şikayət edənlərə hamı bir ağızdan qoşulur?

Niyə çox vaxt Allah şükür eləmək üçün yox, nəsə istəmək üçün yada düşür?

Mən demirəm istəksiz, məqsədsiz yaşayın. Mən demirəm həyatınızı yaxşıya doğru dəyişməyə çalışmayın. Mən demirəm əlinizdə olanlara şükür edə-edə yeni bir şeyə can atmayın. Yox! Amma mızmız heç kimi varlı etməyib, mızmız heç kimi uğurlu etməyib, mızmız ən qeyri-cazibədar insani xüsusiyyətdir.

Şikayətləndikcə daha çox şikayətlənməli hadisələri, insanları həyatına cəlb edəcəksən. Dırnağını çeynəməyi, ya saat 7-dən sonra yemək yeməyi tərgitməzdən qabaq mızmız eləməyi tərgit. Şikayət eləmək əvəzinə vəziyyəti dəyişmək üçün bir şey elə. Heç bir şey eləməyəcək qədər tənbəlsənsə, onda şikayət eləməyə də haqqın yoxdur!

1 dəfə şikayət eləyəndə 5 dəfə minnətdar ol.

Və nəhayət, həyatını elə yaşaya bilərsən ki, sanki heç nə möcüzə deyil və ya elə yaşaya bilərsən ki, sanki hər şey möcüzədir. İkincini seç.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN