Çilingər Oğlunun Neft Maqnatlığına Gedən Yolu

0
2572
Çilingər Oğlunun Neft Maqnatlığına Gedən Yolu

O, Qərbin sanksiyaları səbəbindən bir sıra investisiya layihələrini təxirə salıb. Rusiya kimi böyük dövlətdə “Qazprom”dan sonra ikinci böyük neft şirkətinin əsas səhmdarı sayılır. Azərbaycanda kasıb bir ailədə dünyaya göz açıb. Atası azərbaycanlı, anası isə rus olub. Hazırda atasının adını verdiyi oğlu Rusiyanın ən varlı varislərinin siyahısına rəhbərlik edir. Söhbət Vahid Ələkbərovdan gedir.

Uşaq evinin bir addımlığında 

Vahid Ələkbərov 1950-ci ildə Bakı şəhərinin Stepan Razin qəsəbəsində (hazırkı Bakıxanov qəsəbəsi) Yusif Ələkbərov və Tatyana Fyodrovana cütlüyünün ailəsində dünyaya göz açıb. Özündən başqa böyük 3 bacısı və Vaqif adlı qardaşı olub. Atası - II Dünya Müharibəsi veteranı Yusif Ələkbərov neft daşlarında çilingər işləyib. Anası isə ali təhsil almadığı üçün evdar xanım olub. Ailə yalnız fəhlə maaşı ilə dolanıb. Hazırda dünyanın ən böyük şirkətlərindən birinin sahibi olan V.Ələkbərovun uşaqlığı ehtiyac içində, kasıb şəraitdə keçib. Xüsusilə Vahid 3 yaşında ikən atasının vəfat etməsi ailənin maddi vəziyyətini bir qədər də çətinləşdirib. Həmin günə qədər heç yerdə işləməyən Tatyana Fyodrova beş uşağını əvvəlcə 34 rubl pensiya ilə saxlamağa cəhd edib. Qonşular, dostlar ona övladlarını uşaq evinə verməsini məsləhət görsələr də, razılaşmayıb. Müxtəlif yerlərdə işləyib. Müəyyən müddətdən sonra ailənin vəziyyəti düzəlməyə başlayıb. Belə ki, əvvəl V.Ələkbərovun böyük bacısı Züleyxa neft sahəsində işlə düzəlib. Digər bacısı  Nailə isə musiqi məktəbini bitirərək skripkadan özəl dərslər verib. Yeri gəlmişkən, Nailə Vahidin də skripkada ifa etməyi öyrənməsinə israr edib. Lakin gələcəyin iş adamının marağı tamamilə fərqli sahəyə yönəlib. Bununla belə, o həmişə ailəyə hər hansı şəkildə dəstək olmağa çalışırmış.

Ölümdən dönüş  

V.Ələkbərov orta məktəbi əla qiymətlərlə oxuyub. Hətta bəzən bacısı həyətə düşməsi üçün onu evdən qovurmuş. Məktəbi  bitirdikdən dərhal sonra işləməyə başlayıb. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olunub. Təhsili ilə bərabər "Kaspmorneft" neft-qaz hasilatı birliyində operator işləyib. 1974-cü ildə quyulardan birində baş verən partlayış zamanı təsadüf nəticəsində sağ qalıb. Bir qədər sonra isə fırtına səbəbindən sutkalarla neft platformasında qalmalı olub. Elə həmin ildə "Mədən mühəndis texnikası, neft və qaz yataqlarının kompleks mexanikləşdirilməsi" fakültəsinin məzunu olub. 1979-cu ilə qədər "Kaspromneft" müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator vəzifəsində işləyib. 1979-cu ildə neft yataqlarının axtarışı məqsədilə Qərbi Sibirə göndərilib.

Orada neft emalı və hasilatı sahəsində “Başneft” və “Surqutnefteqaz”da yüksək vəzifələrdə işləyib. 1984-cü ildə Koqalım şəhərində “Koqalımneftqaz” İstehsalat Birliyində baş direktor kimi çalışıb. V.Ələkbərov orada elə dərin iz buraxıb ki,  şəhər onun adı ilə bağlı olub. Belə ki, V.Ələkbərov vaqonlarda yaşayan İstehsalat Birliyinin işçilərinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb. Nəticədə, Koqalımda əhali  digər neft şəhərlərdən daha zəngin və rahat yaşamağa başlayıb. Bütün bu addımlar Rəsmi Kremlin diqqətini çəkib. 

Nazir müavini  

1991-ci ildə SSRİ Neft və Qaz Sənayesi nazirinin müavini vəzifəsinə dəvət alıb. “Razində” kasıb ailədə böyüyən V. Ələkbərov nazirin birinci müavini olub. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski (Litva) zavodları ilə “Lanqenpasneftqaz”, “Urayneftqaz” və “Koqalımneftqaz” arasında müqavilənin imzalanmasına nail olaraq Rusiyada ilk neft konsernini yaradıb. Gələcəkdə üç zavodun baş həriflərindən “LUKoyl” kimi neft nəhəngi ərsəyə gəlir. V.Ələkbərovsa   şirkətin prezidenti seçikib. Bu arada "LUKoyl"u yaratmaqda iş adamına hazırki milyonçular Leonid Fedun və Nikolay Tsvetkovun kömək etdiyi deyilir.

Çilingər oğlu və neft maqnatı

Çilingər oğlu, adi operator vəzifəsi ilə iş həyatına başlayan V.Ələkbərov məhz 1990-cı ildə Rusiyanın neft maqnatına çevrilmək qərarı verir. BP-nin menecerlərindən olan Rondo Fellberg adlı şəxsin xatirələrinə görə, SSSR-nin dağılmasından sonra "British Petroleum" sovet neftçilərinin Britaniyaya səfərini təşkil edir. V.Ələkbərova nümayəndə heyətini toplamaq tapşırılır. Və o, bu heyətin rəhbəri seçilir. Rondo Fellberg deyir ki, tədbirdə müzakirələrin gedişatını  dərhal ələ alan Ələkbərov BP rəhbərliyinə müasir neft şirkətini necə yaratmaq haqqında suallar ünvanlayır: “Sovet İttifaqının çöküşündən cəmi 1 il keçməsinə  baxmayaraq Ələkbərov hələ o zaman ölkənin dağılan neft obyektlərinə nəzarət etməyi planlaşdırırdı. Halbuki həmin ərəfədə onun aylıq əmək haqqı biznes naharını belə ödəməyə yetərli deyildi”.

V.Ələkbərov niyyətinə çatır. 1991-ci ilin noyabrında Sovet İttifaqının süqutundan bir neçə həftə əvvəl Nazirlər Şurası tərəfindən "LUKoyl" yaradılır. "LUKoyl" 3 neft yatağını işlədən müəssisəni "Lanqepas", "Urai" və "Koqalım"ı özündə birləşdirir. Ələkbərov SSRİ Neft və Qaz Sənayesi nazirinin birinci müavini vəzifəsindən istefa verərək şirkətin prezidenti və baş icraçı direktoru olur. Əslində “LUKoyl”ın yaradılması o zaman neft sektorundakı xaosdan doğur. Belə ki, Sovet İttifaqında neft hasilatı, emalı və istehlakçılara çatdırılmasına üç müxtəlif nazirlik nəzarət edirdi. Hər bir təşkilat öz mənafeyini güddüyündən, bu istehsalçıların maraqları ilə üst-üstə düşmürdu. Bütün bu məsələlər də nəticə etibarilə neft sənayesinin süqutuna gətirib çıxarırdı. Prezidentin imzaladığı sərəncama uyğun olaraq Ələkbərov “LUKoyl”u yaradaraq neft  şirkətlərinin vertikal inteqrasiyası sxemini reallaşdırır. Həmin sxemə əsasən neft hasilatı, emalı, nəqli və satışı bir şirkətin tavanı altında birləşirir. Əslində, Ələkbərov “nefq quyusundan yanacaqdoldurma məntəqəsinədək” ideyasını gerçəkləşdirməklə yeni heç nə kəşf etmir. Çünki həmin vaxt analoji praktikadan İtaliyanın neft şirkəti ENİ də istifadə edirdi.

Sovet sənayesi əsasında yaradılmış digər şirkətlər kimi, "LUKoyl" da Rusiyanın  dövlət əmlakı idi. Dağılmaqda olan Sovet İttifaqının dövlət aktivlərinin özəlləşdirilməsini tənzimləyən qanunlar isə  son dərəcə sadə idi. Daha doğrusu onlar yox səviyyəsində sayılırdı. 1993-cü ildə “LUKoyl” Səhmdar Cəmiyyət elan edilir və səhmləri şirkətin işçiləri arasında paylanır. V.Əhmədovun bəxti onda gətirir ki, “LUKoyl”a daxil olan müəssisələrin işçilərinin böyük hissəsi səhmləri kağız parçası hesab edərək satışa çıxardılar. Adı, özü bazara  bəlli olmayan şirkətlər “LUKoyl”un qiymətli kağızlarını almağa başlayırlar. Və bir gün bu şirkətlərin arxasında V.Ələkbərovun dayandığı ortaya çıxır. Qiymətli kağızlar bazarı üzrə analitiklər hələ də Vahid Ələkbərovun şirkətin səhmlərinin böyük hissəsini necə əldə etməsi üzərində baş sındırırlar.

13 günə batan bank

V.Ələkbərov 1995-ci  direktorlar şurasının sədri, 1998-ci ildə müşahidə şurasının üzvü olduğu “İmperial" bankı batırmaqda günahlandırılır. Qeyd edək ki,  o vaxt  “LUKoyl” “İmperial” bankın səhmlərinin 26 faizinə sahib idi. Eyni zamanda, paralel olaraq “Qazprom”dan 7 faiz səhm almışdı. O ki qaldı “İmperial”ın necə batırılmasına, “LUKoyl” əvvəlcə bankdan 33 milyon dollar kredit götürür. 1998-ci ildə isə krediti yeniləyir. 13 avqustda 3 illiyinə 161 milyon rubl, 15 illiyinə 379 milyon rubl  borclanır. Bu kreditlər qısa müddətdə bankı çökdürür. 26 avqustda bankın lisenziyası əlindən alınır.  

“LUKoyl”səhm paketi: ilk dəfə 2002-ci il

Yeri gəlmişkən, “LUKoyl” öz menecerlərinə məxsus səhmləri açıqlamaqda maraqlı deyil. Düzdür, bəzən cənab Ələkbərov jurnalistlərə təxmini rəqəmlər deyir. Amma şirkətdə kimin payının nə qədər olduğu açıqlanmır. “LUKoyl”un səhm paketinin strukturu ilk dəfə 2002-ci ildə açıqlanıb. Belə ki, göstərilən ildə “LUKoyl”un səhmləri London birjasında satışa çıxarıldığı zaman Ələkbərov özünə məxsus qiymətli kağızların həcmini rəsmi açıqlayıb. O zaman səhmlərin 10,38 faizinin Vahid Ələkbərova, 4,62 faizinin Leonid Feduna məxsus olduğu ortaya çıxıb. Ələkbərova məxsus səhmlərin həcminin azlığı hər kəsi heyrətləndirdi.

Hazırda Qazaxıstan, Misir, Azərbaycan, Özbəkistan, Səudiyyə Ərəbistanı, İran, Kolumbiya, Venesuela, İraqda kəşfiyyat və bir sıra istehsal  layihələri həyata keçirən şirkətin səhmlərinin 20% -nin iş adamına məxsus olduğu deyilir. Ələkbərovun səhmlərinin dəyəri 12,361 milyard dollar səviyyəsində qiymətləndirilir.

Varidatı

“Forbes”in qiymətləndirməsinə görə, hazırda V.Ələkbərovun sərvətinin həcmi 12,2 milyard dollardır. Ötən bir ildə milyarderin sərvətinin həcmi 1,4 milyard dollar azalıb. Görünür, Qərbin sanksiyaları, neftin ucuzlaşması onun da biznesinə mənfi təsir göstərib. Yeri gəlmişkən, Rusiya milyonçularının əksəriyyətinin adı “Forbes”in siyahısına son illərdə düşsə də, jurnal V.Ələkbərovun pulunu 1996-cı ildən sayır.  Həmin ildə sərvətinin həcmi 1,4 milyard dollar dəyərləndirilib. Ümumilikdə isə siyahıya nəzər saldıqda V.Ələkbərovun pulunun 2013-cü ildə daha çox olduğu ortaya çıxır. Həmin ildə milyarderin 14,8 milyard dolları varmış.

Ələkbərovun 2,2 milyonluq maaşı

V.Ələkbərovun maaşının həcmi ilk dəfə 2002-ci ildə ictimailəşdirilib. Həmin vaxtdan 5 illik müqaviləyə əsasən “LUKoyl” prezidentinin əməkhaqqısı 1,5 milyon dollar təşkil edir. Bura illik bonus da əlavə  edildikdə V.Ələkbərovun rəsmi maaşı 2,225 milyon manata çatır.

Kapitalı

V.Ələkbərov “LUKoyl”ın səhmlərinin 22,7 faizinə sahibdir. Amma o və ortağı  Leonid Fedun təkcə neft sektorunda pul qazanmağa maraqlı deyillər. Onlar  "Rusiya Media Group"a da nəzarət edirlər. Qeyd edək ki, Media Groupa  "Rusiya Radiosu", "Hit-FM», “Maksimum”, DFM, “Monte Carlo” və RU.TV  musiqi kanalı daxildir.

Vahid Ələkbərov insan kimi

İşgüzar dairələr iş adamını hörmət əlaməti kimi “don” adlandırırlar. O, hətta salamlaşarkən, əlini öpdürürmüş kimi uzadır. Ələkbərov sakit və aramla danışır. Sözləri tələffüz edərkən səs tonunu azaldaraq sanki həmsöhbətlərinə “siz məni dinləyin” mesajını verir. Özünün dediyinə görə, həyatdakı idealı İtaliyanın neft şirkəti ENİ-nin rəhbəri Enriko Matteinidir.

Milyarderin personasından xəbər verən digər  amil “LUKoyl” ın Moskvanın mərkəzindəki şüşə və poladdan tikilmiş ofisidir. Ələkbərovun titan və şüşədən düzəldilən iş stolunun üzərində isə səliqə-sahman hökm sürür. Çünki  maqnat səliqəsizliyi heç sevmir. Maraqlı məqamlardan biri də onun otağındakı yeganə portretdir. Bu da Rusiya baş nazirinin ağ-qara fotosudur.

Ələkbərov bahalı saat taxır. Komfortlu sakit həyat keçirir. Özünü reklam etməyi sevmir. Milyarderlərə xas olan zirehli “Mercedes”də gəzir. Onun avtomobili daim mühafizə tərəfindən müşayiət olunur. Şəxsi təyyarəsi yoxdur. Düzdür, bütün rusiyalı milyarderləri kimi o da “YAK 142” sifariş verib. Amma təyyarənin üzərinə “LUKoyl” yazdırıb. Bir sözlə, V.Ələkbərov özünü elə aparmağa çalışır ki, sanki göz önündə olmağı istəmir.

Şəxsi həyatı

İş adamı Larisa Ələkbərova ilə evlidir. Onların bir övladları var. 40 yaşında ata olan V.Ələkbərov övladına uşaq yaşlarında itirdiyi atasının adını – Yusif adını verib. Yusif Ələkbərov hazırda milyarderin yeganə varisi sayılır. O, 2012-ci ildə  Dövlət Neft və Qaz Universitetinin "neft yataqlarının işlənməsi və istismarı" ixtisası üzrə məzunu olub. İş adamının hobbisi səyahətdir. Dincəlməklə bağlı məkan seçimində isə Krıma üstünlük verir. Vahid Ələkbərov  iqtisadiyyat elmləri doktoru, Rusiya Təbii Elmlər Akademiyasının həqiqi üzvüdür.

 

Leyla Əliyeva  

ŞƏRH YAZIN