Sözümüz kişilərədir!

0
1622
Sözümüz kişilərədir!

 Hər zaman xoşbəxtlik axtaran xanımlara mütəxəssis məsləhətlərini təqdim edirdik. İndi isə, sözümüz kişilərədir. Əgər siz də xoşbəxtlik axtarışındasınızsa, o zaman əməl etməniz gərəkən qaydalar var. 


Evdən çıxanda həyat yoldaşınla mehriban görüş, “səni Allaha əmanət verdim” söylə.İşdən çıxandan sonra çox yubanma. Dostlarınla əylənməkdənsə, təkbaşına şəhərdə gəzişməkdənsə, evinə gəl. Razı olma ki, yoldaşın nigarançılıq çəksin, pəncərənin qabağında durub gözünü yollara diksin.

Evdən kənarda yeyib-içdiklərindən al, evə də gətir.

Həyat yoldaşının səhvlərini başqalarına demə, yad adamlarla onun nöqsanlarını müzakirə etmə. Yoldaşının yaxşı cəhətlərindən danış.

Evinin təminatı üçün çalış, ailəni pulsuz qoyma. Razı olma ki, ailə üzvlərin başqasına möhtac olsunlar, başqasının əlinə baxsınlar.

İşdəki çətinlikləri evə gətirmə. İş problemlərini işdə qoy, çıx. Qanın qara isə, onun heyfini ailəndən çıxmaqla sakitləşəcəyini düşünmə. Yoldaşının ümid axtaran gözünə, uşaqlarının məsum çöhrəsinə bax, bütün yorğunluğun, ağrı-acın yaddan çıxacaq. Evdə mehribanlıq, sevinc yaratmağa çalış.

Toya, ad gününə, ya da gəzintiyə gedəndə, imkan varsa, həyat yoldaşını da özünlə apar.

Evə girəndə salam ver, üzünü təbəssümlə bəzə. Evə elə gəl ki, ailən sənin gəlişinə sevinsin. Bəzi ailələrdəki kimi, səni görəndə həyat yoldaşının üzündə kədər və peşmanlıq, uşaqlarının gözündə qorxu dolaşmasın.

Evi Quransız və namazsız qoyma. Halalı və haramı uşaqlara anlat. Sübh namazına qalxanda həyat yoldaşını da yuxudan oyat ki, gün ərzində Allahın mərhəməti və xeyir-bərəkəti sizinlə olsun.

Evdə təmkinli və səbrli ol. Xırdaçılıq etmə, nöqsanları qurdalama. Xanımının hərəkətlərində yaxşı cəhətləri tapmağa çalış.

İnsaflı ol. Həyat yoldaşının bacarmadığı işləri ondan tələb etmə. Ailə daxilində vəzifə bölgüsünü öz xeyrinə dəyişmə, öz işlərini xanımın öhdəsinə atma.

Xanımını sevdiyini ona tez-tez söylə. Unutma ki, kişinin öz arvadına dediyi “mən səni sevirəm” sözü qadının qəlbinə möhkəm daxil olub orada özünə yer qazanar.

Qərar qəbul edərkən həyat yoldaşınla məsləhətləşməyi unutma. Hətta onun məsləhətinə əməl etməsən belə, fikrini soruşmaqla onun könlünü şad et, ona dəyər verdiyini göstər.

Xanımın və uşaqların gözləmədiyi hallarda onlar üçün sürprizlər et, hədiyyələrlə sevindir. Bayram günlərində evə kiçik də olsa, hədiyyə almağı unutma. Yaddan çıxarma ki, onlar sənin əlinə baxırlar.

Xanımının könlünü qıranda tez barış. Hətta küsülülüyün səbəbi o olsa belə, ilk addımı sən at. Ailədə qaşqabağın, incikliyin kökünü kəs.

Haram loxma yemə, xanımına və uşaqlarına da yedizdirmə. Bil ki, az olan halal qazanc çox olan haram gəlirdən daha xeyirlidir. Xanımını və uşaqlarını da buna inandır.

Ailənin qədrini bil, onu qoru. Evin problemlərini tez həll et. Amma unutma ki, ailə və oğul-uşaq da Allahın imtahanıdır. Unutma ki, sənin əsil əbədi evin axirətdədir. Elə et ki, cənnətdə də xanımınla və uşaqlarınla birlikdə ola biləsən.

ŞƏRH YAZIN