İstəkli Kürəkən - Əsmər Yusifzadə (Üçüncü Bölüm)

0
2682
İstəkli Kürəkən - Əsmər Yusifzadə (Üçüncü Bölüm)

Bölüm iştirakçıları

Zərif – 21 yaşında, universitetdə oxuyur
Çimnaz – Zərifin anası, 45 yaşında, evdar qadındır
Vasif – Zərifin atası, 47 yaşında, nazirlikdə şöbə müdiridir
Şölə - Vasifin sevgilisidir, 40 yaşında, qarabənizdir
Jalə – Şölənin bacısıdır, 25 yaş
Maral – alverçidir, bankrot olub
Ağoppa – Maralın oğlu, 27 yaşında, heç bir işlə məşğul olmur
Nərgiz - 21 yaşında, Zərifin rəfiqəsidir
Fuad – 22 yaşında, hündür, yaraşıqlı oğlandır, Zərifi sevir
İlqar – Fuadın dostu, hündür, çox arıq oğlandır
Rəna xala – 75 yaşında, tənha qadındır
Fuadın ata və anası
 
ХХХ
 
1/  Çimnazın mənzili.
Çimnaz, Zərif
Söhbət ana ilə qızı arasında gedir.
 
Zərif – Mama, papa düz deyir də, bir hadisədi oldu, keçdi. Indi sən hər gün bunu onun başına vuracaqsan? Axı belə də olmaz!
Çimnaz – Mən o hadisəni yadımdan çıxartmaq istəyirəm. Mümkün olmur. Mən ona inanmıram.
Zərif – Axı papa bu boyda yalan danışmaz. O elə adam deyil. O çox düz adamdı.
Çimnaz – Düz adamdır? Əgər sənin dediyin kimi düz adamdırsa, nədən qorxur? Niyə bu işin dalınca düşmür?
Zərif – Neyləsin? O qadını necə tapsın? Görünür, o cazibəli xanım hər şeyi əvvəldən fikirləşib. İndi onu tapmaq olar?
Çimnaz –  Olar, olar! Əgər doğrudan da, atanın dediyi kimi, günün günorta çağı onu soyublarsa, tapmaq olar!
Zərif – Axı necə?
Çimnaz– Bəs polis nə üçündür? Niyə polisə xəbər vermir? Əgər atan, sənin dediyin kimi, düz adamdırsa, gərək elə oradan, yuvelirnidən, bir başa polisə zəng vuraydı. Zəng vurub? Yox. Hələ bu günə kimi polisə şikayət etməyib. Niyə? Nədən qorxur? Çünki bu oğurluq hadisəsini özü quraşdırıb! O xanımla birlikdə.
 
ХХХ
 
2/ Şölənin mənzili.
 
Şölə, Vasif.
Vasif divanda uzanıb. Şölə onun kürəyini ovxalayır.
 
Şölə - İndi necəsən?
Vasif -  Yaxşıyam. Sənin yanında mən həmişə yaxşı oluram.
Şölə - Səni qapıda görəndə mən qorxdum. Rəngin ağappaq idi. Bir limonlu çay da içsən olacaqsan cavan oğlan.
Vasif – Sən lap mənim ürəyimi oxuyursan.
(Şölə çay gətirməyə gedir). 
 
ХХХ
 
3/ Çimnazın mənzili.
 
Çimnaz, Zərif.
 
Zərif – Sən nə danışırsan? Papa belə şey eləməz.
Çimnaz – Atanı mənə tanıtma. Hər gün evə bilirsən neçədə gəlir?
Zərif – Neyləsin, işi belədi də.
Çimnaz – Sən bilirsən ki, bir aydan çoxdu ki, evdə çörək yemir? Haçan soruşuram, deyir ki, ac deyil, işdə yeyib. Sən buna inanırsan? Özü də gəlir əyin-başı tərtəmiz. Bir cür köynəknən gedir, gələndə görürəm əynində başqasıdı. Əl telefonu zəng vuran kimi götürüb qaçır balkona. Mənim yanımda danışmır. Niyə?
Zərif – Kimnən danışır? Sənə demir?
Çimnaz – Guya iş yoldaşıynan. Inanan daşa dönsün!
Zərif – Mama, bunu öyrənmək olar.
Çimnaz – Necə?
Zərif – Əl telefonuna baxmaq olar ki, ona zəng vuranlar kimdir? Bunu müəyyənləşdirərik. Mama, sən narahat olma. Papa gələndə dava-dalaş salma. O da yazıqdı. Bezib evdən gedər. Onda nə edərik?
Çimnaz – Bu gün guya bir az tez gəlmişdi.    Dava-dalaş salıb çıxdı aradan.
Zərif – Hara getdi?
Çimnaz – Brilyant kolyeli xanımın yanına!
(Zərif dinmir. Əl telefonunu götürür. Zəng edir).
 
XXX
 
4/ Şölənin mənzili.
 
Şölə, Vasif.
Vasifin əl telefonu zəng çalır. Zəng vuran Zərifdir.
 
Vasif – Hə, qızım, salam. Yaxşıyam. Hardayam? Işdə, harda olacam? Evə nə vaxt gələcəm? Nə olub ki? Narahat olma, gələrəm, həll edərik. Darıxma, yarım saata gəlirəm.
(Şölə əlində çay otağa daxil olur).
 
Şölə - A, hara hazırlaşırsan? 
(Vasif dinmir, pencəyini geyir).
Şölə - Kim idi zəng vuran?
Vasif – Zərif idi. Mənnən işi var.
Şölə - Bu Çimnazın qurmasıdı.
Vasif – Yaxşı, sən də başlama.
(Şölə tez özünü ələ alır).
Şölə - Heç olmasa çayını iç, sonra gedərsən.
Vasif – İstəmirəm.
Şölə - Yaxşı, özündən muğayat ol, hirslənmə.
(Vasif evdən çıxır). 
Şölə yerindən tərpənmədən öz-özünə:
Şölə -  – Qızı zəng vuran kimi getdi.
 
XXX
 
5/ Maralın mənzili.
 
Maral, Ağoppa.
Maral – Nə xəbər var?
Ağoppa – Sənə xəbər lazımdır?
Maral – Sən bilirsən, mən səndən nə soruşuram.
Ağoppa – Hələ bir xəbər yoxdur.
Maral – Kimdən?
Ağobba – Sən bilirsən mən kimi nəzərdə tuturam.
Maral – Tapmaca oyununu qurtar. Bir az diribaş ol. Bir də ayılacaqsan ki, qız çıxıb gedib ərə. Oturub səni gözləməyəcək ki? Gözəl-göyçək qızdır. Özü də gör kimin qızıdır.
Ağoppa–Məni onun gözəlliyi maraqlandırmır. Mənə onun atası lazımdır. Onu da əldə edəcəm. Narahat olma. Mən ki qabağıma bir məqsəd qoydum, gərək ona mütləq nail olam.
Maral – Get instituta, bir qızı gör, evlərinə yola sal.
Ağoppa – Mən daha orijinal metod tapmışam.
Maral – Necə? Nə metod? Biz görmüşük ki, oğlan istədiyi qızın dalınca düşər, evinə ötürər, kinoya aparar, ona xoş sözlər deyər...
Ağoppa – İndi bunlar modda deyil.
Maral – Buna nə mod? Bu paltardı, ayaqqabıdı bəyəm? Qızın dalınca düşməyin də modu var?
Ağoppa – Sən keçən əsrdən qalan dünya görüşünü dəyişmədin də. Bax, deyirsən ki, qıza xoş sözlər deməliyəm. O xoş sözləri mənim əməllərim deyəcək. Orijinallıq da elə bundadır. 
(Maral təəccüblə ona baxır).
Аğоppа – Bax, heç atam sənə zakaznoy gül göndərib?
Maral – Bəxtəvərlikdən danışırsan.
Ağoppa – Bax, gördün? Amma mən sevdiyim... qızın evinə hədiyyə, üstündə də gül göndərirəm. Mənim kimi kürəkəndən kim əl çəkər?
 
XXX
 
6/ Çimnazın mənzili.
 
Çimnaz, Zərif.
 
Zərif – Gördün, papa işdədi. Özü də yarım saata olacaq evdə.
Çimnaz – Ay qız, bu vaxt da iş olar? O dedi sən də inandın? Indi o, təzə sevgilisinin yanındadı. Brilyant kolyeyə baxıb, mənə gülürlər.
Zərif – O qədər belə deyəcəksən ki, axırda  elə belə də olacaq. Biz bunu yoxlayarıq. Amma sən gərək özünü ələ alasan. Dava-dalaş salsan çıxıb gedəcək. Bu gün dedim universitetdə problemlərim var. Sabah nə bəhanə gətirəcəm? Papa evə gələndə sən özünü elə apar ki, guya heç nə olmayıb.
Çimnaz – Demək asandı, özümlə bacarmıram. Onu görən kimi əlimnən verdiyim o qədər pulum, qızıllarım gəlir durur gözümün qabağında. Od tutub yanıram! Özü də bilirəm ki, bu oyunu o arvadla bir yerdə fikirləşiblər!
Zərif – Mam, yenə başladın? Bu ola bilməz! Niyə sən papaya inanmırsan? Niyə sən ona şər atırsan?
Çimnaz – Mən sənin atana şər atıram? Bu da mənim qızım. Bu qədər zəhmət çəkən də mən, aldanan da mən, axırda pis olan da mən!
Zərif – Biz gərək ehtiyatla hərəkət edək.
(Bu vaxt qapının zəngi çalınır).
Çimnaz – Odey gəldi. Get qapını aç.
(Zərif otaqdan çıxır).
 
ХХХ
 
7/ Çimnazın mənzili. Dəhliz.
 
Zərif. Poçtalyon (cavan oğlandır).
Zərif qaçıb qapını açır. Elə bilir ki atasıdı. Amma əvəzində başqa adamı görür. Ona gözəl gül dəstəsi və hədiyyə təqdim olunur. 
 
Zərif– Bu nədir?
Poçtalyon– Zərif xanım sizsiniz?
Zərif – Mənəm.
Poçtalyon– Bura qol çəkin.
(Kağız uzadır. Zərif qol çəkib, gülü və hədiyyəni götürür).
Zərif – Kim göndərib bunları?
(Oğlan gülün üstündəki kartı göstərir).
Poçtalyon – Burda qeyd olunub.
Zərif – Sağ olun.
(Zərif bayır qapısını örtüb, içəri keçir).
 
ХХХ
 
8/ Çimnazın mənzili.
 
Çimnaz, Zərif, Vasif.
Zərif əlindəki hədiyyələrlə otağa daxil olur.Təəccüblə əlindəkilərə, sonra anasına baxır. Bu əsnada Vasif də gəlib çıxır. Hər üçü həm təəccüb, həm də gizli sevinc içindədirlər. Bu hədiyyə onları bir növ yaxınlaşdırır, bir mövzu ətrafında söhbət etməyə məcbur edir. Əsəbilik, inamsızlıq arxa plana keçir. Vasif yaranan vəziyyətə bir az da yüngüllük gətirmək məqsədilə:
Vasif – Mənim baba olan vaxtım deyəsən gəlib çatıb.
 
XXX
 
9/ Çimnazın mənzili.
 
Çimnaz, Zərif, Vasif.
Vasif – Sizdə deyəsən təzə xəbər var. 
(Üzünü  qızına tərəf çevirir). 
Vasif -  Ay şeytan, məni bunun üçün evə çağırmısan? Yaxşı, danış görüm bu nə hədiyyədi, özü də çox bahalıdı. Kim göndərib bunları?
Zərif – Mən bilmirəm, mən onu tanımıram.
Vasif – Necə tanımırsan? Bu boyda hədiyyəni kim tanımadığı adama göndərər?
Zərif – Mamanın tanışlarıdı. Mən onu cəmi iki dəfə görmüşəm.
Çimnaz – İki dəfə? 2-ci dəfə nə vaxt gördün?
Zərif – Dünən universitetdə təsadüfən görüşdük, salamlaşdıq, vəssalam.
Vasif – (Çimnaza tərəf) Sən oğlanı tanıyırsan?
Çimnaz – Oğlanı yox, ailəsini tanıyıram. Maralın oğludur da. 
(Zərifin əl telefonu zəng çalır. Telefon görünən yerdə olmalıdır. Hər üçü telefona baxır. Zərif telefonu götürüb, otaqdan çıxır).
 
ХХХ
 
10/ Çimnazın mənzili. Dəhliz.
 
Zərif.
Zərif otaqdan dəhlizə çıxır. Telefon zəng çalır. Nömrəyə baxır. Fuadın adını görür. Bilmir, cavab versin, ya yox. İki hiss arasında qalıb.
 
ХХХ
 
11/ Çimnazın mənzili 
 
Çimnaz, Zərif, Vasif.
Vasif – Nə Maral? O alverçi?  
Çimnaz – Bəli, alverçi. Amma bil ki, o bəyənmədiyin alverçi bəzi məmurlardan çox qazanır.
Vasif – Yaxşı, yaxşı, yenə başlama. Anası alverçidi, olsun da. Oğlu nəçidi?
Çimnaz – Onu da sən öyrən! Hər işə vaxt tapa bilirsən, vaxtının bir hissəsini də buna ayır.  Nədi? Niyə təəccüblənirsən? Düz demirəm?
Vasif – Sənin ağlın başındadı? Mən düşüm qapı-qapı öyrənim ki, bu gül göndərən oğlan kimdi, nəçidi? Belə işlərnən ana məşğul olar da. Sən anasan, sən də öyrən!
Çimnaz – Sən də atasan!
(Səs-küyə Zərif gəlir. Hər ikisi özlərini ələ almağa çalışırlar).
 
XXX
 
12/ Fuadım mənzili.
 
Ata, ana.
Ana - Sənin xəbərin vardı? Niyə məndən gizlətmisən? Mən vaxtında bilsəydim, onu bu yodan döndərərdim.
Ata - Fuad belə istədi, hər şeyi özü sənə başa salacağına söz verdi.
Ana - Iş-işdən keçəndən sonra? Komendatlığa ərizə verəndən sonra? Indi mən nə edim?
Ata - Heç nə. Qoy getsin, vətənə borcunu versin, qayıtsın. Burda nə var ki?
 
ХХХ
 
13/ Çimnazın mənzili. 
 
Çimnaz, Zərif.
Zərif – Mam, axı biz sənnən danışmışdıq. Sən  gərək özünü ələ alasan. Yenə nə oldu?
Çimnaz – Görmürsən, hər işdən yaxasını kənara çəkir. Elə bilir ki, bu ailənin bütün yükünü mən çəkməliyəm!
Zərif – Axı bu evdə nə ağır iş var? Üç nəfər böyük adamıq. Hərəmiz öz yükümüzü  çəkə bilərik.
Çimnaz – Bilirsən qarşıda nə boyda iş var? Qız köçürmək asandı? Mən onu tanıyıram. Yaxasını çəkəcək kənara. Olacaq öz kefində-damağında. Mən meydanda qalacam tək-tənha.
Zərif – Mam, mən hələ ərə getməyə hazırlaşmıram. Qabaqda mənim imtahanlarım var.
Çimnaz – İmtahan qurtarmadı? Bir də demirəm ki, sabah sənin toyundu.
Zərif – Mən hələ oxumalıyam. Qabaqda magistraturam var. Mənim arzularım var. Mən Fransada oxumaq istəyirəm.
Çimnaz – Oxu da, kim deyir oxuma. Amma Fransanı yadından çıxart. Tək-tənha mən səni Parisə göndərə bilmərəm.
Zərif – Papa mənə söz verib. Bəs mən bu boyda əziyyəti niyə çəkirdim? Elə bilirsən fransız dilini öyrənmək asandı?
Çimnaz – Atan söz verib, get atannan danış. Gör o səni Parisdə oxuda biləcək, ya yox.
Zərif – Əgər o razı olsa?
Çimnaz – Baxarıq!
 
XXX
 
14/ Fuadın mənzili. 
 
Ata, ana.
Ana - O, uşaqdır, çətinlik görməyib. Ona indi asan gəlir.
Ata - Səhvin var. Mən onunla hərtərəfli danışmışam. Uşaq da deyil, əsgərlik barədə məlumatı da az deyil. Bilir ki, çətin olacaq. O, buna hazırdır. Açığı mən də narahat idim. Fuadla danışandan sonra başa düşdüm ki, biz əsl kişi böyütmüşük. Müdafiəçi böyütmüşük. Niyə ağlayırsan? Sən fəxr eləməlisən ki, belə oğlun var. Torpağını qorumayan, qədrini bilməyən ata-ana qədrini nə biləcək? Ailə qədrini nə biləcək? Bəyəm sən bunu istəmirdin?
 
ХХХ
 
15/ Köhnə mənzil. Otaq. 
 
Fuad, Rəna xala.
Fuad Rəna xalagildədir. Rəna xala çay gətirir, Fuadın qabağına qoyur.
Rəna xala – İndi danış görüm, imtahanların necə gedir? Neçəsi qalıb?
(Fuad çayı içə-içə)
Fuad – İmtahanları qurtardım, Rəna xala.
Rəna xala – Tamam?
Fuad – Tamam.
Rəna xala – Afərin. Təbrik edirəm. Oldun diplomlu mütəxəssis. Allah canını sağ eləsin.
(Şkafa tərəf gedir. Açır. Kiçik bir qutu çıxardır. Gətirib Fuadın qabağına qoyur).
Rəna xala – Bu mənim hədiyyəmdir.
(Fuad gülümsünür).
Fuad – Bu nədir?
Rəna xala – Aç bax. Sənindir. Sağlıqla işlət.
(Fuad qutunu açır. Qol saatıdır. Parıldayır. Diqqətlə baxır. Çevirib o biri tərəfinə baxır).
Fuad – Qızıldır?
Rəna xala – Hə, qızıldır. Əhd eləmişdim ki, Fuad balam institutu qurtaranda bu saatı ona hədiyyə edəcəm.
 
ХХХ
 
16/ Çimnazın mənzili. İş otağı.
 
Zərif, Vasif.
Zərif – Papa, yadındadı, sən mənə söz vermişdin ki, magistraturanı mən Fransada oxuyacam.
Vasif – Bilirsən, qızım, təəssüf ki, hər şey bizim istədiyimiz kimi olmur. Əlbəttə, mən də istərdim ki, mənim qızım xaricdə oxusun. Amma indi vəziyyət bir az dəyişib. Sənin indi evdə olmağın lazımdı. O hadisədən sonra ananın əsəbləri lap korlanıb. Mən tək bu vəziyyətdən çıxa bilmərəm. Sənin köməyin çox lazımdı. Sən mənimlə razılaşırsan? Öxumaq burada da olar.
Zərif – Pap, axı səndə də günah var. Hər gün evə gec gəlirsən. Axır vaxtlar mamaynan  heç yerə getmirsiniz. O, evdə tək qalıb darıxır. Bir yandan da bu son hadisə...
Vasif – Yaxşı, qurtar, o hadisəni mənim yadıma salma.
 
ХХХ
 
17/ Köhnə mənzil. Otaq.
 
Fuad, Rəna xala.
Fuad – Sağ ol, Rəna xala. Bu çox qiymətlidir. Mən bunu götürə bilmərəm.
(Saatı qutuya qoyur, qapağını örtür. Əli ilə kənara çəkir).
Rəna xala – Bu sənindir. Götürməsən xətrimə dəyər. Deməli, bəyənmədin.
Fuad – Yox, Rəna xala. Əksinə, çox bəyəndim. Amma bu çox bahalı hədiyyədir. Mən bunu götürə bilmərəm.
Rəna xala – Götürsən də, götürməsən də bu sənindir. Əgər mənim könlümü şad etmək istəyirsənsə, götür tax qoluna.
Fuad – Yaxşı, Rəna xala. Gəl belə danlşaq. Mən asgərlikdən qayıdanda, sən bunu mənə verərsən.Onsuz da indi taxa bilməyəcəyəm. 
Rəna xala – Əsgər gedirsən? Nə vaxt?
Fuad – Lap tezliklə. Gəlib səninlə görüşəcəm.
 
ХХХ
 
18/ Çimnazın mənzili. İş otağı.
 
Zərif, Vasif.
Zərif ehtiyatla:
Zərif – Niyə sən polisə müraciət etmirsən?
Vasif – Polisə? Nə üçün?
Zərif – Axı o arvadı, səni aldadan qadını tapmaq olar. Onu üzdən tanıyırsan. Maşınının nömrəsini gördün?
Vasif – Nömrəyə fikir vermədim.
Zərif – Rəngini, maşının markasını ki, bilirsən.
Vasif – Hə… Heç ağlıma gəlməyib. Qorxuram ki, artıq gecdir. O, xaricə getməyə hazırlaşırdı.
Zərif – Hər halda, polisə xəbər vermək lazımdır.
Vasif – Nə deyim? Necə deyim ki, mən boyda kişini günün günorta çağı bir arvad soyub? Adama nə deyərlər?
Zərif – Bu iş hər adamın başına gələ bilər. Bir də mama da rahat olar. Yoxsa ağlına cürbəcür fikirlər gəlir.
Vasif – Bilirəm... Bilirəm. Çimnaz elə bilir ki, hadisəni mən özüm uydurmuşam. Onun sözünü kəsmək üçün polisə gedəcəm.
Zərif –   Bu hadisə açılsa, siz yenə mehriban olacaqsız, əvvəllər olduğu kimi.
 
ХХХ
 
19/ Küçə. Gündüz.
 
Sakitlikdir. Fuad və İlqar gəzişirlər.
İlqar – Rəna xalaya dedin ki, əsgərliyə gedirsən?
Fuad – Hə dedim. İlqar, onu sənə tapşırıram. Arabir baş çək. Onu tək qoyma.
İlqar – Narahat olma. Rəna xalanı qoymaram darıxsın.
Fuad – Getməmişdən qabaq, bazarlığını edəcəm. Bir müddət bəs edəcək. Hava yaxşı olanda özü də gedib çörək, süd alır. Amma külək olanda, yağışda çətinlik çəkir. Pul verəndə götür, yoxsa səndən heç nə xahiş etməyəcək.
İlqar (zarafatla) – Təntənəli surətdə and içirəm, sən əsgərlikdən qayıdana kimi, Rəna xalanı göz bəbəyim kimi qoruyacam! Onu sənə sağ-salamat təhvil verəcəm!
(Fuad dostunun zarafatını tutur).
Fuad – Afərin! Azad!
(Gülüşürlər).
 
ХХХ
 
20/Çimnazın mənzili. İş otağı.
 
Zərif, Vasif.
Zərif – Mən məktəbdə oxuyanda siz necə də mehriban idiniz. Hər yerə bir yerdə gedərdiniz. Yadımdadır, mənim məktəbimə, valideyn iclaslarına da bir yerdə gələrdiniz. Indi nə olub sizə?
Vasif – Onda hər şey başqa cür idi. Onda cavan idik.
Zərif – Elə indi də cavansınız. Nə olub sizə? Mamaynan məni bir yerdə görənlər, elə bilirlər ki, biz rəfiqəyik.
Vasif – Amma sənlə məni qardaş-bacıya oxşadan olmayıb. 
(Vasif ayağa qalxıb güzgünün qabağına keçir).
Vasif - Görürsən bu ağ saçları? Başım tamam ağarıb ki? Uşaqlıqda elə bilirdim ki, 45 yaşında kişi dünya görmüş qocadır. Indi özüm bu yaşa çatmışam, amma elə bilirəm ki, dünyada hələ heç nə görməmişəm. Mən indiyə kimi özüm üçün yaşamamışam. İstəmişəm ki, anana yaxşı olsun. Özüm barədə heç fikirləşməmişəm.
Zərif – Elə mama da belə deyir. Deməli siz bir-biriniz üçün yaşamısınız. Bunun nəyi pisdi?
Vasif – Sən haqlısan, doğrudan da axır vaxtlar anana vaxt ayıra bilmirəm. Işim çox olur. Söz verirəm, bu gündən evə vaxtında gələcəyəm. Görürsən, sənin burada olmağın necə vacibdi. Mən bunları özüm hiss etməyəcəkdim.
 
ХХХ
 
21/ Küçə.
 
Fuad və İlqar gəzişirlər.
İlqar – Sənin başqa tapşırığın yoxdur?
(Fuad bir qədər susur).
Fuad – Zərifi başa düşmürəm.
İlqar – Bəlkə getməmişdən qabaq bir görüşüb danışasınız?
Fuad – Yox, lazım deyil. O heç mənim telefon zənglərimə də cavab vermir.
 
ХХХ
 
22/ Fuadın mənzili. Otaq. 
 
Ata, ana.
Ata – Bəs torpağı kim qorumalıdır?
Ana – Hərbçilər, əsgərlər, kim ki, oxumaq istəmir, oxuya bilmir, onlar. Hər kəsin öz işi olmalıdır.
Ata – Mən qulaqlarıma inanmıram! Sən necə belə fikirləşə bilərsən? Bu torpaq bizimdir – sənindir, mənimdir. Bu torpağın üstündə gəzən hər bir adam onu qorumalıdır. Özü də indi. Torpaqlarımızın bir hissəsi işğal altında olan vaxtda. Fuad düz eləyir. Sən onu yolundan döndərməyə çalışma.
Ana – Mənim onun zəhmətinə heyfim gəlir. Gecə-gündüz oxuyub. O, elm dalınca getməlidir. Bu qədər zəhməti hədər gedəcək.
Ata – Heç nə hədər getməyəcək. Narahat olma. Biliyi başdan silmək olmaz. Məgər sən bunu bilmirsən?
 
 
ХХХ
 
23/ Çimnazın mənzili. İş otağı.
 
Zərif, Vasif.
Zərif – Papa, dur ayağa, pencəyini çıxart. Bax belə, getdik mətbəxə.
Vasif – Qoy uzanım. Heç nə istəmirəm.
Zərif – Sənin üçün kəkotulu çay dəmləmişəm. Mama da mətbəxdədi. Əvvəllər olduğu kimi bir yerdə çay içəcəyik.
(Оtaqdan çıxırlar). 
 
ХХХ
 
24/ Fuadın mənzili. Otaq.
 
Ata, ana.
Ana – Bizim bircə oğlumuz var. O həmişə bizim yanımızda olub. Onu gözümdən uzağa qoymamışam. Indi birdən-birə onu necə buraxım? Harada yatacaq? Nə yeyəcək? Allah bilir. Kimdi orada onun qayğısına qalan?
Ata – Bəyəm Fuad sanatoriyaya gedir? Necə harda yatacaq, nə yeyəcək? Səndən bir söz soruşacam. Sən anasan, nə desən başa düşəcəm. Əgər Fuad əsgərlikdən yayınmağa çalışsaydı, qaçsaydı, sən buna necə baxardın?
Ana – (fikirləşir) Düz deyirsən... Mən onu qorxaq hesab edərdim. Ürəyimdə təəssüflənərdim ki, mənim oğlum qorxaqdır...
 
XXX
 
25/ Çimnazın mənzili. İş otağı.
 
Zərif geri qayıdıb, pencəyin cibindən atasının əl telefonunu çıxardır. Ona gələn nömrələrə baxır. Nömrələrdən biri onun diqqətini çəkir. Həmin nömrəyə zəng vurur.
Zərif – Gör gündə neçə dəfə zəng vurub? Görək bu kimdi?
(Хəttin o başında qadın səsi eşidilir.
Şölənin səsidir).
Şölənin telefonda səsi - Axır ki, zəng vurdun. Ürəyim az qala partlayacaqdı. Canım, niyə dinmirsən? Danışa bilmirsən? Zərif neyləyirdi səni?
(Zərif öz adını eşidəndə diksinir. Cəld telefonu söndürür).
Zərif – Deyəsən mama haqlıdı axı.
 
XXX
 
26/Universitetin həyəti.
 
Fuadla İlqar skamyada oturub söhbət edirlər.
İlqar – Açığını desəm, mən də əsgərliyə getmək istəyirəm. Mənim qabağımı yalnız bir şey kəsir.
Fuad -  Nə kəsir?
(İlqar üzünü Fuaddan gizlətməyə çalışır). Bilirəm, Leyla xanıma görə...
İlqar – Yox, Leyla məsələsi deyil. Qorxuram qayıdandan sonra magistraturada oxumağa həvəsim olmasın.
Fuad – Mən başqa cür fikirləşirəm. Bizim torpaq qorunmasa mənim biliyim kimə lazımdır? Mənim fikrim qətidir, onu dəyişməyəcəyəm.
İlqar – Deyəsən mən fikrimi dəyişməlи olacağam. Mən də hərbi komissarlığa gedəcəyəm. Elə bu gün, öz xahişimlə... Nə deyirsən?
Fuad – Əlbəttə, əsgərliyə gedəcəksən. Yoxsa mən səninlə dostluq etmərəm. Amma buna daxilən hazır olmalısan. Bunu ürəkdən istəməlisən. Bunu vəzifən, borcun hesab etməlisən. Yaxşısı budur, sən də əvvəlki qərarını hələlik dəyişməyəsən. Mən gedib sərhədlərimizi qoruyacam.  Сən burada rahat oxu. Sonra da mən qayıdıb oxuyanda, sən gedib bizim keşiyimizdə dayanarsan. Oldu?
İlqar – Danışdıq.
 
XXX
 
27/ Şölənin mənzili. Otaq.
 
Şölə, Jalə.
Şölə - Yenə də telefonunu söndürüb. Bir həftədi nə gəlir, nə də zəng vurur.
Jalə - Bəlkə başında bir iş var? Xəstələnib. Ya  qəzaya düşüb.
Şölə - Nə xəstələnməyib, nə də qəzaya düşməyib. Guya ezamiyyətə gedib.
Jalə - Nə bilirsən?
Şölə - Keçən həftə zəng vurmuşdu ki, onu təcili ezamiyyətə göndərirlər. Qayıdan kimi məni xəbərdar edəcək.
Jalə - Belə de də. Daha niyə narahat olursan?
Şölə - O, belə nağılları arvadına danışsın, mənə yox!
Jalə - Dedim də sənə, ailəli kişilərə bel bağlama. Gördün, mən haqlı idim. Belə məlum olur ki, o səndən qaçır.
Şölə - Qaçsın, qaçsın, çox uzağa qaça bilməyəcək. Nəfəsi çatmaz!
 
XXX
 
28/Fuadın mənzili. Otaq.
 
Fuad. 
Öz otağındadır. Var – gəl edir. Bir qədər fikirlidir (həzin musiqi səsi eşidilir).  Yazı stolunun üstündə əl telefonu görünür. Fuad telefona baxır. Götürür. Zəng vurmaq istəyir.
 
ХХХ
 
29/ Şölənin mənzili. Otaq.
 
Şölə, Jalə.
Şölə - Yox, bu lap ağ oldu. Vasif elə bilir ki, məndən belə asanlıqla qurtara biləcək.
Jalə - Nə etmək fikrindəsən?
Şölə - Planlarım çoxdur. Jalə, mənə yaxşı falçı lazımdır.
Jalə - Elə mənə də falçı lazımdı.
Şölə - Sən falçını neynirsən? Sənin ki, Teymurun başının altındadır.
Jalə - Dünyanın işini bilmək olmaz. Hər ehtimala qarşı.
Şölə - Yaxşı, falçını necı tapaq?
Jalə - Falçı tapmaq da problemdi? Bu saat sənə istədiyin qədər falçı tapacam. 
(Planşetini açır, Şöləyə göstərir. Şölə gözucu planşetə baxır).
Jalə - Al, seç.
( Hiss olunur ki, hövsələsi yoxdur).
Şölə - Mən də bilirəm ey falçı çoxdur. Amma mənə yaxşısı lazımdır.
Jalə - Bax bunu yaman tərifləyirlər.
(Jalə əlini planşetə uzadır).
Lalə– Görürsən, ünvanı da var.
Şölə - Dur getdik.
Jalə - Elə indi?
Şölə - Bu günün işini sabaha qoymaq olmaz.
 
XXX
 
30/ Çimnazın mənzili. Otaq.
 
Zərif.Öz otağındadır. Fikirlidir (həzin musiqi səsi eşidilir).
Qarşısındakı telefona baxır. Telefonu götürür. Taqqıltı səsi eşidir. Başını qaldırır. Qapıya baxır.
 
ХХХ
 
31/ Çimnazın mənzili. Otaq.
 
Zərif, Nərgiz. 
Zərif Nərgizi görüb, fikirdən ayılır.
Nərgiz – Gəlmək olar?
(Zərif telefonu stolun üstünə qoyur. Nərgizə yaxınlaşır).
Zərif  –  Gəl, gəl. Xoş gəlmisən.
(Bir-birini öpürlər. Çarpayıda otururlar).
Zərif – Sən hardasan? Haçan zəng edirəm, deyirsən ki, məşğulsan, danışa bilməzsən...
Nərgiz – Başım qarışıqdır.
Zərif – Olmaya, magistraturaya hazırlaşırsan?
Nərgiz – Nə? Bir bu qalmışdı. Universiteti qurtardım bəsimdir. ( gülüşürlər). Sən nə etmək fikrindəsən?
Zərif -  Bilmirəm...
Nərgiz - Nəyi bilmirsən? İşləyəcəksən, yoxsa təhsilini davam etdirəcəksən? 
(Zərif dinmir. Nərgiz təəccüblənir).
Nərgiz– Aa… Sən Fransada oxumaq istəyirdin. Nə oldu. Alınmadı?
Zərif – Fransa bitdi...
Nərgiz – Başa düşdüm. Ərə gedirsən.
 
ХХХ
 
32/ Şölənin mənzili. Otaq. Gündüz.
 
Şölə ilə Jalə otağa daxil olurlar.
Jalə - İndi de görək sən bu suyu Vasifə necə içirdəcəksən? Demək asandı, bunu südə qat içir, bunu onun ayaqqabısına tök. Necə? Gərək Vasif gəlsin ki, sən bunu edəsən də.
Şölə - O gəlməsə biz gedərik.
Jalə - Hara, Vasifgilə? 
(Şölə dinmir).
Jalə - Sən Vasifgilə getmək istəyirsən?
Şölə - Mən yox, sən. Bu suyu südə qataram, apararsan Vasifgilə.
Jalə - Başına hava gəlib? Sən bunu necə təsəvvür edirsən?
Şölə - Bunun mənə dəxli yoxdur. Necə isrəyirsən elə. Bu suyu ona içirtməliyəm. Fantaziyanı işə sal, Jalə.
Jalə - Əla, qapını döyürəm, qapını Vasifin arvadı açır. Adı nədir? Hə, Çimnaz xanım. Çimnaz xanıma deyirəm ki, bu südü Şölə xanım göndərib. Bunu qaynat, gündə 3 dəfə Vasifə içirt. O da südü alıb, mənə təşəkkür edir. Hələ üstəlik bir xahiş də edir ki, Şölə xanım bu süddən tez-tez göndərsin. Necədir?
Şölə - Əgər rolunu yaxşı oynasan, elə belə də olacaq.
Jalə - Nə rol? Sən nə danışırsan?
Şölə - Süd satan rolunu.
Jalə - Mən bacarmaram!
Şölə - Başqa yol yoxdur. Ora səndən başqa heç kimi göndərə bilmərəm. Bunda mənə kömək etməsən, daha nə bacısan? Sənin də mənə işin düşəcək.
Jalə - Yaxşı bəsdir, gedərəm. Ver südü. Evlərinin yerini bilirsən?
(Şölə diqqətlə bacısına baxır. Jalə dar şalvar, qısa köynəkdədir. Beli açıqdır. Sarı, buruq saçları çiyinlərinə tökülüb).
Şölə - Əvvəl əynini dəyiş. Bu geyimdə südsatan görmüsən? 
Jalə - Nə geyim?
Şölə - Get mənim paltarlarımdan seç, gey. 
Jalə - Dəli olmusan? Sənin paltarlarının içinə beş Jalə sığışar.
Şölə - Ora-burasını büz gey. Podiuma çıxmırsan ki?
(Jalə çaşqınlıqla bacısına baxır).
Qorxma, taksi çağıracam, düz binalarının qabağında düşərsən.
 
XXX
 
33/ Çimnazın mənzili. Otaq.
 
Zərif, Nərgiz.
Zərifin otağındadırlar.
Nərgiz – Yaxşı oğlandır?
Zərif – Bilmirəm..
Nərgiz – Nəyi bilmirsən? Oğlanı tanımırsam?
Zərif – Yox.
Nərgiz (israrla) – Ərə getmək istədiyin oğlanı tanımırsan?
Zərif – Mama tanıyır.
(Zərifin əl telefonu zəng çalır. Zərif cəld telefonu götürür. Fuadın adını görür. Telefonu söndürür).
Nərgiz – Niyə danışmadın? Çimnaz xalanın tanıdığı oğlan idi?
Zərif – Yox. Bu Fuad idi. 
Nərgiz – Bəs onda telefonu niyə söndürdün?
 
ХХХ
 
34/ Çimnazın mənzili. Dəhliz. Günorta.
 
Çimnaz, Jalə.
Qapının zəngi çalınır. Çimnaz qapını açır.
Jalə başını bağlayıb. Ayağında şap-şap, əynində uzun  yubka, qolu uzun güllü köynək var.
Südsatan – Xanım, təzə süd gətirmişəm. Bütün qonşular aldılar, təkcə bu qalıb, bunu da sən alsaydın gedərdim, yolum uzaqdır.
Çimnaz – Bəs qatığın yoxdur? Mənə qatıq lazımdır.
Südsatan – Gətirmişdim, xanım, qatıq qurtardı. Burda öz müştərilərim var. Hər gün olmasa da, həftədə 2-3 dəfə süd, qatıq gətirirəm. Istəsən sənə  də gətirərəm. Yol uzaqdı, çox gətirmək olmur. Bu südü götür, sabah qatıq da gətirərəm.
Çimnaz – Bizdə heç süd içən yoxdu. Alsam elə qalacaq.
Südsatan – Niyə qalır a xanım? Bəyəm ərin yoxdur?
Çimnaz – Niyə yoxdu? Ərimə nə gəlib?
Südsatan – Südü qızdır, ver ərin içsin də. Bu süd, o qutularda satılan süddən deyil ha. Əsl inək südüdür. Bunu içməmək olar?
Çimnaz – Yaxşı, ver. Gözlə pulu gətirim.
(Çimnaz gözdən itən kimi, Jalə dəhlizə girir, o yan, bu yana baxır, ehtiyatla kiçik şüşədəki torpağı kişi ayaqqabısına tökür. Çimnaz qayıdır. Jaləni bu vəziyyətdə görüb, təəccüblənir).
Çimnaz – Neynirsən? Nə axtarırsan?
Südsatan – Yorulmuşam, elə burda oturmaq istəyirdim.
(Elə döşəmədə oturur).
Çimnaz – Al pulunu.
Südsatan – Bəlkə bir stəkan suyun ola.
Çimnaz – Niyə olmur, istəyirsən gəl sənə çay verim.
Südsatan – Allah səndən razı olsun. Gətir elə burda içim.
Çimnaz – Burda niyə, gəl keç mətbəxə.
 
ХХХ
 
35/ Çimnazın mənzili. Zərifin otağı.
 
Zərif, Nərgiz.
Nərgiz – Deməli, sən Fuadı qoyub, başqasına ərə getmək istəyirsən. Düz başa düşdüm?
Zərif – Mən istəmirəm, anam istəyir.
Nərgiz – Çimnaz xala səni zorla ərə verir? Adamı da zorla ərə vermək olar? Nə olub? Hara tələsirsən?
Zərif – Mən tələsmirəm. Mənə qalsa, heç ərə getmərəm. Sən bilirsən ki, mən oxumaq istəyirəm. Evdə aləm qarışıb bir-birinə. Atamla anam yola getmir.
Nərgiz – Bunun sənə nə dəxli? Sən onların dərdini çəkmə, onlar özləri dil tapacaqlar.
 
ХХХ
 
36/ Çimnazın mənzili. Mətbəx. Günorta.
 
Çimnaz, Südsatan qız (Jalə).
Çimnaz çay tökür. Jalə diqqətlə hər tərəfə göz gəzdirir.
Südsatan – Əcəb evin var. Mətbəx çox böyükdü. Yəqin uşaqların çoxdu.
Çimnaz – Təkcə bir qızım var. Bu gün–sabah onu da verəcəm ərə. Qalacağıq ər-arvad tək.
Südsatan – Qızı yanında saxlayacaqsan? Yəqin kürəkənini gətirərsən bura. Yoxsa bu boyda evdə darıxarsınız.
Çimnaz – Qız ki ərə getdi, gərək ayrı yaşasınlar. Eşitməmisən, el-elə sığar, ev-evə yox. Dalaşarlar, barışarlar özləri bilərlər.
Südsatan – Onu da düz deyirsən. 
(Çayını tələsik içib, ayağa durur).
Südsayan - Mən gedim. Sabah sənə süd də gətirəcəm, qatıq da.
 
ХХХ
 
37/ Çimnazın mənzili. Zərifin otağı. Gündüz.
 
Zərif, Nərgiz.
Zərif – Yaxşı, sən danış. Sən nə etmək fikrindəsən. Hələ hazırlaşmırsan? 
Nərgiz – Hara, ərə getməyə? Yəni, sonra məni alan olmaz? (gülüşürlər). Başa düşürəm, ailə qurmaq lazımdır. Amma yenə də deyirəm: mən kimə gəldi ərə getmərəm.
Zərif – Mən sənin kimi bacarmaram. Sən çox iradəlisən. Bir də, mənim anam da Pərvanə xala kimi deyil.
Nərgiz – Mən deməzdim ki, sən iradəsizsən. Universiteti bitirmisən, əla qiymətlərlə. Bir neçə xarici dil bilirsən. İstəsən, bacararsan.
Zərif– Bizim evdə vəziyyət bir qədər gərgindir. Bilmirəm, xəbərin var, ya yox. Mən onlara əlavə problem yaratmaq istəmirəm. Qoy mama necə deyir, elə də olsun.
 
ХХХ
 
38/ Şölənin mənzili. Otaq. Gündüz.
 
Şölə, Jalə.
Jalə Çimnazgildən qayıdıb. 
Şölə - Bəs belə, Vasif qaynata olmağa hazırlaşır. Ona görə aradan çıxıb. Deyirsən evləri böyükdür?
Jalə - Otaqları görmədim. Prixojnu, mətbəx böyükdü, özü də yevroremont. Mətbəxdə bir mebel var, sən yuxuda da beləsini görməmisən.
Şölə - Onlar mənim olacaq. Qoy qızı ərə getsin.
Jalə - Qızı ərə gedəcək, arvadı yox ki?
Şölə - Arvadı da gedib qızıyla qalar.
Jalə - Fantaziyadan korluq çəkmirsən.
Şölə - Jalə, ya mən o evdə olmalıyam, ya da o evdə nə varsa məndə də olmalıdır.
Jalə - Hələ gözlə, qoy görək gəlib çıxır?
Şölə - Hər gün onlara süd aparacaqsan.
Jalə - Yenə də?
Şölə - Bu su qurtarana kimi.
(Bir balon suya işarə edir).
 
XXX
 
39/ Şölənin mənzili. Otaq. Səhəri gün.
 
Şölə, Jalə.
Şölə güzgünün qabağında özünə baxır. Jalə divanda uzanıb, jurnalı vərəqləyir. 
Şölə - Deyirsən ki, Vasifin evi qəşəngdir? Qəşəng evə qəşəng xanım lazımdır. Çimnaz, heç olmasa, o evə yaraşır?
Jalə – Yaxşısı budur gəl o barədə danışmayaq.
Şölə – Niyə?
Jalə – Çünki yalan danışmaq istəmirəm. Düzünü də desəm, sən hirslənəcəksən.
(Şölə durur, Jaləyə yaxınlaşır).
Şölə – Niyə hirslənəcəm? Yəni, Çimnaz məndən gözəldir?
(Yenə də güzgü qabağına keçir, özünə tamaşa edir. Jalə başını qaldırıb, diqqətlə Şöləyə baxır. Şölə kök, üz cizgiləri kobud, qarabuğdayı olmalıdır).
Jalə – Hər halda sənə oxçamır.
Şölə (hirslə) – Nə demək istəyirsən? Yəni məndən qəşəngdir?
Jalə – Bax, bunu mən demədim.
Şölə – Sənin məqsədin məni əsəbiləşdirməkdir?!
(Jalə vəziyyəti bir qədər yumşaltmağa çalışır).
Jalə – Sən, axı, nahaq yerə əsəbiləşirsən.
(Jalə jurnalı kənara qoyur, divanda oturur).
Jalə – Adi qadındır da... Hamı bir-birinə oxşamaz ki… Yəqin qəşəng geyinmişdi. Ona görə yaxşı görünürdü.
Şölə – Nə geymişdi?
Jalə – Ev paltarında idi. Görünür, onun zövqü yaxşıdır.
Şölə – Demək istəyirsən ki, mənim zövqüm pisdir?
(Jalə bir də diqqətlə bacısına baxır).
Jalə – Bax, bunu da mən demədim.
Şölə – Eybi yox. Cücəni payızda sayarlar. Sən hələ mənim zövqümü görəcəksən. Dur, bəsdir savadını artırdın. Apar südй. Vaxtdır.
 
ХХХ
 
40/ Fuadın mənzili. Fuadın otağı.
 
Fuad bir qədər narahatdır. Diqqətlə ətrafa baxır. Gözü yazı stolunun üstsndəki əl telefonuna sataşır. Cibinə qoyur. Otaqdan çıxır.
 
ХХХ
 
41/ Çimnazın mənzili. Dəhliz. Gündüz.
 
Çimnaz, Südsatan gız (Jalə).
Çimnaz – Südün dadı heç yox idi. Elə bil süd əvəzinə su içirsən.
Südsatan – Neyləyim ay xanım, günah havadadır.
Çimnaz – Havanın südə nə dəxli var?
Südsatan – Necə dəxli yoxdur? Hava isti olduğuna görə, inək suyu çox içir. Ona görə də süd su dadı verir.
Çimnaz – Boy, belə də olur? Daha süd gətirmə. Lazım olsa gedib mağazadan alarıq.
 
XXX
 
42/ Fuadın mənzili. Otaq. Səhər çağı.
 
Fuad , İlqar, ata, ana.
Fuadın yola salınma mərasimi. 
İlqar – Vaxtdır. Gör heç nəyi yaddan çıxartmamısan ki?
Fuad – Məni İlqar ötürəcək. 
Fuad ata-anasına tərəf:
Fuad - Siz evdə qalın.
Ata – Hə, Azərbaycan əsgəri! Necə istəyirsən, elə də olsun. Sənə yaxşı yol. Özündən muğayat ol.
Fuad – Narahat olmayın. Hara gedirəm ki? Öz torpağımızdır da. Qabaqlar Komçatkaya gedirdilər. Siz bir-birinizdən muğayat olun. Gələndə sizi elə belə də görüm – cavan, şən, sağlam. Mən sizi çox sevirəm.
Ana – Mən də səni çox sevirəm. Mən səninlə fəxr edirəm. 
Аtа - Sən düz yol tutmusan. Get. Allah amanında...
 
XXX
 
43/ Həyət. Səhər çağı.
 
Binanın qabağında taksi dayanıb. Fuad, İlqar, ata və ana həyətə çıxırlar. Fuad anasını öpür, atasının əlini sıxır. İlqar da onlarla sağollaşıb, maşına oturur. Fuad maşının qabaq hissəsində oturur. Taksi yola düşür. Ana maşının dalınca su atır.
 
ХХХ
 
44/ Şölənin mənzili. Otaq. Gündüz.
 
Çölə, Jalə.
Jalə - Sənə dedim axı, suyu az qat südə. Bu qədər zəhmət çəkdik, axırı da heç nə.
Şölə - Neyləyim, istədim tez təsir etsin. Qoy bir falçı Məsməyə zəng vurum. 
(Şəhər telefonunu götürüb, nömrəni yığır). 
Şölə - Məsmə xala, mənəm, Şölə. Nə tez yaddan çıxdım? Bacımnan gəlmişdim. Bir balon su, bir ovuc torpaq vermişdin, hə, yadına düşdüm? Sənin dediklərini elədim, hələ ki, bir xəbər yoxdu. Gözləyirəm. 
(Şölə bacısına tərəf dönür).
Şölə -  Fala baxır.
Jalə - Telefonla fala baxır?
Şölə - Hə, deyir gözlə, indi baxıb deyərəm. 
(Şölə telefona cavab verir):
Şölə - Eşidirəm, doğrudan? Məsmə xanım, dediklərin düz çıxsa, borclu qalmaram. 
(Dəstəyi qoyur, razı halda gülümsəyir).
Jalə - Nə dedi? Deyəsən xoş xəbər var?
Şölə - Deyir gözlə, gələcək. Lap qapının astanasındadı.
Jalə (ironiya ilə) - Qapını aç, bəlkə orda dayanıb. Zəngi basmağa ürək eləmir.
Şölə - Sən zarafat elə. O, belə rahatlıqla məndən yaxasını qurtara bilməyəcək. Eybi yox, özü xoşluqla gəlməsə, zorla da olsa mən onu gətirəcəm.
(Jalə təəcüblə bacısına baxır).
 
XXX
 
45/ Hərbi komissarlıq binasının həyəti. Gündüz.
 
Fuadla  İlqar taksidən düşürlər. Taksi gedir.
Fuad – Hə, səninlə də ayrılmaq vaxtı çatdı. Sağlıqla qal. Arabir bizimkilərin yanına get. Qoy darıxmasınlar.
İlqar – Narahat olma, tez-tez onlara baş çəkəcəm. Nə kömək lazım olsa edəcəm. Sən özündən muğayat ol. Vətən torpağını yaxşı qoru!
Fuad – Buna əmin ola bilərsən. Sən rahat dərslərini oxu. Elm-bilik topla. Bu da bizə çox lazımdır.
İlqar – Oldu əsgər! Yaxşı yol! 
(Fuad gülümsünür. Görüşüb ayrılırlar.
İlqar  öz-özünə): 
İlqar - Zərif belə oğlanın qədrini bilmədi.
 
XXX
 
46/ İdarə binası. Gündüz
 
Vasif, Şölə.
Vasifin iş otağı. Vasif iş stolunun arxasında oturub. Qarşısında kağızlar var. Diqqətlə kağıza baxır. Qapı açılır. Vasif başını qaldırıb, qapıya baxır. Gözləri bərəlir. Qapıda Şölə dayanıb. Vasif ayağa qalxır, Şöləyə tərəf gedir. Çaşqınlıqla:
Vasif – Şölə? Sən bura necə gəldin? Yəni, niyə bura gəlmisən?
 
 
ХХХ
 
 
3-cü bölümün sonu
 
ARDI  VAR
 

ŞƏRH YAZIN