İlk Qadın Xarici İşlər Naziri

0
1990
 İlk Qadın Xarici İşlər Naziri

Tahirə Əkbər qızı Tahirova 1913-cü il noyabrın 7-də Türkmənistanın Bayraməli şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1920-ci ildə ailəsi ilə Bakıya köçmüş, məktəbi yaxşı qiymətlərlə Bakıda bitirmişdir.

1929-cu ildə Azərbaycan Sənaye İnstitutuna (AzSİ) daxil olmuş, 1935-ci ildə İnstitutun  dağ-mədən  fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Elmi-Tədqiqat İnstitutuna elmi işçi kimi göndərilmişdir. T.Tahirova neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis olmuşdur.
 
Bakıya qayıtdıqdan sonra Tahirə bir sıra neft mədənlərində çalışır. İlk vaxtlar ona çox çətin idi, çünki mədənlərdə, buruqlarda qadınlar yox səviyyəsində olduğundan kişilər onu öz kollektivlərinə qəbul etmək istəmirdilər. Lakin fərqli bacarığı nəticəsində o, kişilərlə çiyin-çiyinə çalışmağı bacarır. 1937-1940-cı illərdə Azərbaycan Sənaye İnstitutunun Neft yataqlarının istismarı kafedrasının aspirantı və asistenti olmuşdur. Tələbə vaxtı geologiya-miteorologiya elmləri namizədi Abdulla Bayramovla tanış olur və İnstitutu bitirdikdən sonra ailə həyatı qururlar. Cəmi bir ildən sonra müharibə başlayır və hamı kimi Tahirənin yoldaşı da cəbhəyə göndərilir. Həmin ildə Tahirə xanım Mərkəzi Komitənin neft sənayesi şöbəsinin müdiri kimi ordunun yanacaq və sürtkü materialları ilə fasiləsiz təmin olunmasına birbaşa cavabdeh şəxs idi.
 
1950-ci ildən başlayaraq Tahirə xanım fəal ictimai-siyasi fəaliyyətlə məşğul olmağa başlayır. Müxtəlif təşkilatların nümayəndə heyətinin tərkibində bir çox xarici ölkələrə səfər edir. 1954-1957-ci illərdə T.Tahirova Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri seçilir. Məsuliyyət, yüksək diplomat səriştəsi, gərgin zəhməti və yuxusuz gecələri nəticəsində o, 1957-ci ildə Xarici İşlər Naziri vəzifəsinə təyin olunur. Lakin vəzifəsinin praktiki icrasına o, yalnız 1959-cu ildə öz təşəbbüsü ilə SSRİ XİN-nin Diplomatik Akademiyasını bitirdikdən sonra başlayır. Tahirə xanımın iki övladı: bir oğlu, bir qızı vardı. Xalqa və dövlətinə göstərdiyi xidmətə görə Lenin ordeni, beş dəfə Qırmızı Əmək bayrağı, Şərəf nişanı, Xalqlar dostluğu ordeni  və s.  medallarla təltif olunmuşdu. Türk, ingilis, rus və ərəb dillərini bilirdi. 1984-cü ilə qədər Xarici işlər naziri kimi fəaliyyət göstərən Tahirə xanım sonra təqaüdə çıxır. 1991-ci il oktyabrın 26-da 78 yaşında Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur. 
 
“Mən yaşadığım ömür payından narazı deyiləm. Çünki bütün bu etdiklərim sadəcə, xalqımın və millətimin rifahı, xoş gələcəyinə xidmət edirdi”.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN