Bədən Duyğuların Lideridir!

0
3738
Bədən Duyğuların Lideridir!

 Həyatımız boyunca fərq etməsək də, ətrafımızda bir çox şeylər baş verir. Daxilimizdə, xaricimizdə birbaşa bizimlə bağlı olan nələrsə baş verir. Bəzən bunları görürük, bəzən görə bilmirik, bəzən də görməzdən gəlirik. Onlardan biri də, hərəkətlərin duyğuları yaratması gerçəyidir. Nə hiss ediriksə, bu, vücudumuzu necə istifadə etdiyimizin nəticəsidir. Üz ifadəmizdə və hərəkətlərimizdəki ən xırda bir dəyişiklik belə, o anda necə hiss etdiyimizi dəyişdirir. Bu səbəblə, üz ifadəmizdə və hərəkətlərimizdəki dəyişiklik həyatlarımızı necə dəyərləndirdiyimizə, düşüncə və davranışlarımıza da təsir edə bilir. 


Bir anlıq gülməli bir təcrübə üçün bizə qoşulmağa nə deyirsiniz? Özünüzü olduqca sıxıcı və kefsiz bir simfoniya orkestrasının rəhbəri olaraq düşünün. Bu anda qollarınızı içəri və çölə doğru sallayın. Bunu çox asta edin. Heç həyəcanlanmayın. Normal, sıradan bir iş kimi edin və üzünüzdə kefsiz bir ifadə yaradın. İndi iki əlinizi bir araya gətirib, ovuclarınızı bir birinə "sanki nəyisə, partladırmış kimi" möhkəmcə vurun. Sonra, əllərinizi bir birindən ayırarkən üzünüzə böyük, axmaqca bir gülümsəmə yerləşdirin! Bunu daha güclü etmək üçün də, səs faktoru da əlavə edib, yüksək səslə, sinənizdən hava verərək bir səs çıxarın. Hava axını sinədən boğaza, oradan da ağıza gəlsin. Bu hava axını sizin özünüzü necə hiss etməyinizi də təəccüblü şəkildə təsir edəcək. Bədəninizdə və səs tellərinizdə yaratdığınız hərəkət və sürət sizin duyğusal vəziyyətinizi bir anda dəyişdirəcək.

Hiss etdiyiniz hər duyğunun özünəxas bir fiziologiyası vardır. Bədənin duruşu, nəfəs alması, hərəkət şəkli, üz ifadələri. 

Məsələn, mənəvi sarsılan bir insan sizə necə baxar? Bəs siz mənəvi sarsıntı yaşasanız, bədəniniz necə görünərdi? Sarsılma hiss etmək üçün, bədəninizi müəyyən bir şəkildə istifadə etmək məcburiyyətindəsiniz, elə deyil? Çiyinləriniz aşağı çökərək onları önə ya da geriyə çəkmək kimi, hansı hərəkətləri etmək məcburiyyətindəsiniz? Cavabı bilirsiniz, elə deyil? Başınız haradadır? Aşağıda yoxsa yuxarıda? Gözləriniz bəs? Nəfəsiniz daralırmı? Sarsıntı vəziyyətinə daxil olmaq üçün müəyyən bir səy göstərməlisiniz. O vəziyyətə daxil olduğunuz zaman nəyə bənzədiyini bilirsiniz, çünki keçmişdə bunu yaşamısınız, elə deyil? Hər birimiz yaşadıq.

Müəyyən bir duyğusal vəziyyətdə ikən bədəninizi necə tutduğunuzu öyrəndikdən sonra, yalnız fiziologiyanızı dəyişdirərək belə o duyğu vəziyyətinə yenidən dönə bilərsiniz. 

Hər birimizin üzündə 80-dən çox əzələ mövcuddur. Əgər bu əzələlər depresiyanı, kefsizliyi ya da çarəsizliyi ifadə etməyə vərdiş edərlərsə, o zaman bu vərdiş etdiyimiz əzələ modeli bizim də vəziyyətimizi diktə edər - fiziki xarakterimizi belə. İnsanlardan son bir həftə ərzində hansı duyğuları yaşadıqları soruşulduğu zaman, cavablar adətən standart olar. Niyə? Çünki əksəriyyət insanlar fizioloji modellərini məhdudlaşdırdığından ifadə modelləri də məhdud olur.

İnsanın bir həftə ərzində yaşaya biləcəyi duyğular:

Gərginlik        Qorxunc
Çarəsizlik       Xoşbəxt
Hirsli              Rahatlamış
Etibarsızlıq     Sevilən
Yalnızlıq         Həyəcanlı
Pis əhval         Şən

Mümkün olan minlərlə maraqlı durumu düşünsəniz, bu menyu sizə o qədər qısa görünər ki! Özünüzü bu qədər qısa bir menyu ilə məhdudlaşdırmamağa diqqət edin! Çalışın, bütün mümkün ola biləcək durumlardan yararlanın. Hər gün yeni nələrsə sınayıb, özünüzə nəfis bir damaq zövqü yaradın. Daha çox həvəs, heyranlıq, sevinc, aktyorluq, maraq, həssaslıq, arzu, minnət, coşqu, maraq, yaradıcılıq, bacarıq, güvən, mərhəmət, anlayış, yumor - kimi şeylər hiss etməyə nə deyərsiniz? Niyə özünüzə daha uzun bir siyahı hazırlamırsınız???

Bunların hamısını, sırf bədəninizin istifadə şəklini dəyişdirərək yaşaya bilərsiniz! Özünüzü güclü hiss edə bilər, gülümsəyə bilər, bir gülüşlə hər şeyi bir dəqiqədə dəyişdirə bilərsiniz. Nə deyiblər, bilirsiniz. "Bir gün bunu xatırlayınca güləcəksən." Əgər bu doğrudursa, niyə indi baxıb gülmürsünüz? Niyə gözləyirsiniz? Bədəninizi oyandırın. Onu zövqlü vəziyyətlərə salın. Nə olursa olsun. Necə? Bir şeyi təkrar təkrar düşünərək özünüzə enerji yaradın, o zaman irəlidə bu vəziyyətlə bağlayacağınız duyğuları dəyişdirmiş olarsınız.

Əgər bədəninizi davamlı olaraq zəif şəkildə istifadə etsəniz, həmişə çiyinləriniz aşağı əyilmiş kimi durar, yorğunmuş kimi gəzsəniz həqiqətən özünüzü yorğun hiss etməyə başlayarsınız. Başqa necə ola bilər ki? Duyğularınızın lideri bədəninizdir. 

Hal-hazırda belə necə oturduğunuza baxın. Dərhal dik oturun, oxumağı davam edərkən və bu qanunları öyrənərkən bədəninizə daha çox enerji ötürün.

Durumunuzu və bu səbəbdən də hiss etdiyiniz duyğunu dəyişdirmək üçün dərhal nələr edə bilərsiniz? Burnunuzla dərin nəfəslər alıb, ağzınızdan qüvvətlə verin. Üzünüzdə böyük bir gülümsəmə ifadəsi yaradın, ətrafınıza gülümsəyin. Həyatınızı dəyişdirməyi həqiqətən istəyirsinizsə, bu yeddi gün içində, hər gün beş dəfə aynada özünüzə gülümsəyin. Bu sizə çox axmaq görünə bilər. Amma unutmayın ki, bir fiziki hərəkətlə davamlı olaraq, beyninizdə zövqə gedən bir nevroloji yol yaradacaqsınız və bu vərdiş halına gələcək. Edin və bunu əyləncəli bir hala gətirin!

Daha da yaxşısı, məşq üçün çölə çıxdığınız zaman qaçmaq yerinə sıçrayın. İp atlamaq kimi. Sıçramaq vəziyyətinizi dəyişdirməyin daha güclü bir yoludur, çünki dörd şeyi birdən edər: 

1) Möcüzəvi bir məşqdir. 
2) Bədəninizdə qaçdığınız zamandan daha az stress yaradır. 
3) Üzünüzdə ciddi bir ifadəylə bu işi edə bilməzsiniz. 
4) Avtomobil ilə yanınızdan keçənləri də əyləndirmiş olacaqsınız! Demək ki, başqa insanlara da təsir edə bilərsiniz, çünki onları güldürə bilirsiniz!

Gülmək necə də güclü şeydir! Daha yaxşı həyat istəyirsinizsə, gülməyi öyrənin. Hər gün beş dəfə gülümsəyin, heç bir səbəb yoxkən də özünüzü güldürməyə çalışın. Gündə üç dəfə və yeddi gün boyunca bunu edin.

Gülən birini tapıb onu təqlid edin! Bir az əylənin. Qarşınızdakına, "Möhtəşəm bir gülüşünüz var, mən də eynisini etmək istəyirəm. Mənə də öyrədin." deyin. İnanın mənə, bu müddət ərzində ikiniz də gülməkdən uğunacaqsınız! Onun kimi nəfəs alıb verin, onun kimi durun, oturun, bir sözlə, onun bədən mövqeyini özünüzə köçürün, eyni üz ifadələrinə bürünün, eyni səsləri çıxarın. Başlanğıcda özünüzü axmaq kimi hiss edəcəksiniz. Lakin bir müddət sonra, işin havasına girəcək, qarşılıqlı güləcəksiniz, çünki halınız çox gülməli olacaq. Bunu təkrar təkrar etdiyiniz zaman artıq gülmək sizə çox asan görünəcək, çox da əylənəcəksiniz.

Şəxs özünü yaxşı hiss edirsə, onun yaxşı hiss etməyə davam etməsi çox asandır. Amma həyatda əsas kilid - insan özünü yaxşı hiss etmədiyi zaman yaxşı hiss etməyə başlamaq, hətta yaxşı hiss etmək istəmədiyi zaman, yaxşı hiss etməyə başlamaqdır.

Bədəninizi vəziyyəti dəyişdirmə vasitəsi olaraq istifadə etməklə bunu edə biləcəyinizi bilin. Müəyyən bir vəziyyətlə əlaqədar fiziologiyanı bildikdən sonra, ürəyiniz istədiyi zaman istədiyiniz vəziyyəti yarada bilərsiniz.

Siz də, mən də, ümumiyyətlə hər birimiz belə bir dəyişikliyi etmə bacarığına hər zaman sahibik. Sırf fiziologiyamızı dəyişdirməklə, performans səviyyəmizi də dəyişdirə bilərik. Qabiliyyətimiz həmişə var. 

Müvəffəqiyyətin açarı güvən, güclülük duyğusu, fərdi güc və əyləncə modeli yaradacaq hərəkətlərdir. Unutmayın ki, sabitliyiniz hərəkət etməməkdən irəli gəlir. Yaşlanmış, çox da bir yerlərə getməyən birini düşünə bilirsinizmi? Yaşlanmağın yaşla əlaqəsi yoxdur. Yaşlanmaq hərəkətsizlikdir. Ən son hərəkətsizlik də ölümdür.

Uşaqların yağış sonrası küçədə qaçışlarına, gəzişlərinə baxın. Qarşılarına su yığını çıxdığı zaman ona çatmaq üçün nə edərlər? İçinə sıçrayarlar. Gülərlər, suları sıçradarlar, yaxşı vaxt keçirərlər. Yaşlı birisi nə edər? Kənarından keçər? Bəli, yalnız kənarından keçməklə qalmaz, bu haldan şikayət edər!

Fərqli yaşamaq istəyirsiniz. Addımlarınızda bir sıçrama ilə, üzünüzdə bir gülümsəmə ilə yaşamaq istəyirsiniz. Elə isə, niyə sevinci, aktyorluğu özünüzə yeni bir prioritet halına gətirmirsiniz? Özünüzü yaxşı hiss etmək sizin gözləntiniz olsun. Yaxşı hiss etmək üçün bir səbəbə ehtiyac yoxdur - həyatdasınız, yaşayırsınız, özünüzü heç səbəbsiz yerə də yaxşı hiss edə bilərsiniz!

ŞƏRH YAZIN