Uolt Disneyin Uğur Sirləri

0
2877
Uolt Disneyin Uğur Sirləri

Çoxuşaqlı, kasıb Disney ailəsi amerikalı ailələrin əksəriyyəti kimi tez-tez qazanc ümidiylə bir şəhərdən o birisinə köçməli olurdu. Uolt üçün qələm, kağız, boya almağa ailənin imkanı yox idi. Ona görə 4 yaşlı uşaq öz evlərinin divarını kömürlə çəkdiyi şəkillərlə bəzəyərdi.Təsəvvür edə bilməzdi ki, 3 il sonra şəkilləri qonşulara sata biləcəkdi. İlk dəfə bir at şəklini 25 dollara satır. Düz 40 il sonra həmin cızma-qaralar hərracda ağlagəlməz qiymətə satılmışdı.

8 yaşından etibarən 6 il ərzində bu uşaq hər gün səhər 4-ün yarısında durub poçtalyonluq edirdi. Çünki atasının qəzetpaylayan firmasında cəmi iki işçi — Uolt və ondan 8 yaş böyük olan qardaşı Roy işləyirdi. Onlar qəzeti otluğa tullayan başqa qəzetpaylayanlardan fərqli olaraq poçtu qapının arasına qoymaqla fərqlənməyə çalışırdılar. Oxucuların səhər yeməyində qəzet oxuması üçün Uolt hər gün saat dördün yarısı iş başında olmalıydı. Gözünün acısını o, məktəbdə parta arxasında oturandan sonra ala bilirdi. Amma insafsız atası uşaqlarını möhkəm döyür, bütün qazandığı pulları əlindən alırdı. Öz zirəkliyi ilə seçilən Disney «şef»indən gizlin ikiqat artıq iş götürür və əlavə qazandığını cibinə qoyurdu. Müharibə dövründə 17 yaşlı Uolt əlinə keçən kaskaları əzib, rəngləyib müharibə trofeyi, suviner kimi sata bilirdi.

Köhnə qarajdakı möcüzələr dünyası

Dostları, eləcə də Uolt nədənsə əmin idi ki, o, mütləq aktyor olmalıdı. Bu arzusunun ardınca Hollivuda yollandı. Orda kütləvi səhnələrdə kiçicik rollar oynadı. Amma cizgi filmi yaratmaq həvəsi onu rahat yaşamağa qoymurdu.
Nəhayət, Roberto əminin qarajını icarəyə götürüb lazımi avadanlığı – rənglər, fırçalar, projektorlar və s. borca alıb qardaşı Royu özünə ortaq götürüb «Disney Brothers» studiyasını yaratdı. 3200 dollar ilkin kapitaldan 200 dollarını Roy, 500 dollarını Robert əmi vermişdi. Qalan 2500 dolları isə valideynləri evi girov qoyaraq bankdan götürmüşdülər. Qarajın yaxınlığındakı bir otaqda yaşayırdılar. 
İlk cizgi filmi — «Alisa möcüzələr adasında» satılandan sonra o, studiyanın adını «Uolt Disney prodakşn» qoyur. 
Studiya yaranandan sonra ilk 30 ildə Disney qardaşları hər il müflis olurdu. Hər yeni ideya naminə Disney bütün varidatını ortaya qoyurdu. Əvəzində 8 əsəb tutması, 19 həyat krizisi. 
İşçilərin yaradıcılıq ideyasının işə düşməsiyçün Disney mükafatlar sistemi tətbiq edirdi. Qəhrəmanın uğurlu bir zarafatı 5 dollar, filmi zənginləşdirəcək ideya isə 100 dollar məbləğində qiymətləndirilirdi.

Hər şey siçandan başladı

Uşaqlıqda Uolt və Roy «Piter Pen» tamaşasına baxmaqçün daxılı qırıb bütün pullarını biletə xərcləmişdilər. Böyümək istəməyən oğlan haqqında əhvalat Disneyin o qədər xoşuna gəlirdi ki, özü böyüyəndən sonra da nağıllar aləmindən əl çəkə bilmədi. 

İlk yaratdığı obrazı dovşan Osvaldı əlindən almasaydılar ola bilər ki, acığa düşüb Mikki-Mausu yaratmazdı da. «Mütəxəssis rəyini öyrənib əksini edin» deyən Disneyin işlərini tənqidçilər heç vaxt bəyənməzdi. Peşəkarlar onun ideyalarını dəlisovluq sayardı. Çəkilmiş qəhrəmanlarla canlı aktyorları səhnəyə birgə necə çıxarmaq olardı axı? Heç saat yarımlıq da cizgi filmi olar!? 

Onun bioqrafiyasında dönüş nöqtəsini siçan Mikki –Mausu yaratdığı gündən saymaq olar. Disney əvvəl onu Mortimer adlandırmaq istəyirdi. Sonra xanımının xahişiylə adını Mikki qoydu. Ekranda «Şən melodiyalar», qaqqıldayan Donald Dak, ulayan it Pluto, göldən aşsüzəndə su götürən axmaq Qufi yaranmağa başladı. Əsl məşhurluq isə «Ağca və 7 qnom»dan sonra gəldi. O vaxt üçün astronomik xərci 2 milyon dollar olan studiya artıq bir ildən sonra iki-üç qatına çıxarmışdı. Disney studiyasında parlaq filmlər hələ çox olacaqdı: «Pinokkio», «Bembi», «Dambo»…. Simfonik əsərləri tərpənən şəkillərlə müşayiət etmək də Disney fantaziyasının məhsuludu. 
«101 dalmatin» filmi üzərində işləyən 300 rəssam 3 il ərzində 1 218 750 qələm, 800 qallon (Bu, təxminən 5 tona bərabərdir. Bu qədər rəng 135 evin rənglənməsinə kifayət edə bilərdi) boya sərf etmişdilər. Cizgi filmlərinin uğuru Disney studiyasının iri Hollivud qədər genişlənməsinə imkan verdi. Nəticə isə çox yüksəkdir: Disney düz 29 «Oskar» mükafatı alıb.

«İçində məhəbbət yoxdusa, onu heç kimə verə bilməzsən»

Hərdənbir başı işdən ayılan Uolt evlənmək haqqında düşünürdü. Lillian Baunds adlı bir qız studiyada həftəyə 15 dollar əməkhaqqı ilə işə düzəlmişdi. Bu qız tez-tez studiyanın ehtiyaclarını bağlamaq adıyla qazancından imtina da edirdi. Artıq evlənəndən və məşhurlaşandan sonra Disney deyərdi ki, xanımına həddən artıq çox borclu olduğu üçün evlənməkdən başqa yolu qalmayıb. Özünə söz vermişdi ki, 25 yaşı və bankda 10 min dolları olmamış evlənməyəcək. Əlbəttə ki, sözünün üstündə dura bilmədi. Evlənəndə 24 yaşı vardı, cibində isə bir qəpiyi də yoxuydu. Disney bu sözləri deməyi çox sevərdi: «Mənimlə razılaşarsınız ki, məhəbbət də ətrafdakı əşyalara çox bənzəyir. Səndə bu yoxdursa ,onu heç kimə verə bilməzsən».

Böyümək istəməyən oğlanın ölkəsində

Disneyin uşaqlıq xatirələrində Kanzas-Sitidə yerləşən böyük bir imarətin təsvirləri var. Bu imarət o qədər böyük və gözəl idi ki, məhəllənin bütün uşaqları mühafizəçilərin gözündən qaçıb içəri keçərək qədim əşyalara, heykəllərə tamaşa etmək istəyirdi. Bir neçə dəfə uğursuzluğa düçar olandan sonra Disney özünə söz verir ki, böyüyən kimi uşaqların oynaya biləcəyi, böyük bağçası və oyun meydançası olan iri bir imarət tikdirəcək. Bu arzusunu reallaşdırıb Disneylendi tikməkçün ona düz 40 il gözləmək lazım gələcəkdi.
Hər dəfə qızlarıyla gəzməyə çıxanda Disney daim düşünürdü ki, Amerikada ailəvi istirahət üçün yaxşı bir yer yoxdu. Valideynlərin bəyəndiyi yerdə uşaqlar darıxır, uşaqların şənləndiyi yeri valideynlər bəyənmir. Ailənin nağıla düşüb orda birlikdə istirahət etməsi ideyası 40-cı illərin əvvəlində artıq onun beynində möhkəm yer etmişdi. 17 milyon dollar dəyərində olan Disneylendin tikilməsiyçün şərik axtarmağın özü 10 il çəkdi. Disneylendi yaratmaq ümidiylə kreditorlarına müraciət edib rədd cavabı alanda Disney əsas düşməninə — televiziyaya üz tutdu. Həftəlik proqramda o, öz filmotekasında olan şedevrləri arşınmalçı kimi ortaya töküb informasiya yayan aləti ailəvi əyləncəyə çevirməklə inqilab etmiş oldu. Bu proqram Disneylendin tikilməsi haqda hər həftə bütün Amerikaya hesabat verirdi. Disney dünyasının — içində əyləncələri, kurortları, mehmanxanaları, aeroportu olan «sabah»ın planlaşdırılmasına 7 il, reallaşmasına 52 ay sərf edildi.

Parkın açılışına 28 min insan toplaşmışdı. 90 min tamaşaçı isə bu mənzərəni evdə televizorda izləyirdi. 
53 yaşında Disney milyoner oldu. İlk Disneylend isə onun nəslini milyarderə çevirdi. Disneyin 100 illik yubileyində onun «arzular şəhərində» işçiləri aşpaz papaqları geyərək 100 parça tortu əllərində aparırdı. Bu parçaları birləşdirəndə Uolt Disneyin 9 metrlik portreti alınırdı. Başındakı papağı isə atlas, ipək və 20 karatlıq brilyantla bəzədilmişdi. Bütün bunlar 2 milyona başa gəlmişdi. Buna bənzər şənliklər bütün Disneylendlərdə reallaşdırılmışdı.

20-ci əsrin canlı mifi
Əli pula çatandan sonra o, valideynlərinə malikanə alıb bağışlayır. Amma evin qaz boruları çox pis vəziyyətdə olduğundan evdəkilər dəm qazından zəhərlənirlər. Atasını xilas etmək mümkün olsa da, anası vəfat edir. Sonralar uzun müddət o, özünü anasının ölümündə günahkar sayırdı. Axı o, niyə simiclik edib boruları təmir etdirməmişdi?!
Uolt Disney heç vaxt demokratik baxışlarıyla seçilməyib. Bütün ciddi rejissorlar faşizmi pisləyəndə Disney yəhudilərə açıq-aydın nifrətini bildirməkdən çəkinməzdi. Deyilənə görə, «3 donuz balası» cizgi filmi yəhudilərin abırsız karikaturasıdır. Yəhudilərçün onun studiyasında yer yoxuydu. Disney onlarla ünsiyyətdən də qaçırdı. İkinci Dünya müharibəsindən sonra o, antisemitliyini sübut edən bütün sübutları, məktubları, ssenariləri məhv etməyə çalışmışdı. Artıq «İlin adamı» adını alanda antisemit damğasından tamam qurtulmuşdu, yoxsa bu titulu ala bilməzdi. Uolt Disney FTB ilə əməklaşlıq haqqında, casusları tutmaqda onlara kömək etmək barədə sənəd imzalamışdı. Arxivdə Disneyin əliylə yazılmış 500 səhifəlik donos materialları da saxlanılır.

Analıq, alma piroqu və Disney

Bu dünyanın qanunu belədir — xeyir sonda şərə qalib gəlməlidir. Xoşbəxt sonluğu çox sevən Disney öz dünyasını filmlərə çevirdikcə avtomatik olaraq mənəvi cəhətdən təmiz insan reputasiyası qazanırdı. Əyyaşlığı, günə üç qutu siqaret çəkməsi, aktrisalarla romanları onu gözdən salmırdı. Çünki Disney amerikalılar üçün müqəddəs olan üçlük «Analıq, alma piroqu və Disney» kimi ifadə olunan müqəddəsliyin bir parçasıydı. 
O, hətta 55 yaşında da kiçik dəmir yoluyla oynayardı. Bu, onun əyləncə imperiyasının modeli idi. Bütün filmlərindən zamana və tarixə aid olan rəqəmlərin hamısını çıxarmışdı. Amma 10 ildən bir unudulmaqdan ehtiyat edərək yeni nəsil üçün cizgi filmləri çəkirdi. Vaxtilə uğursuz olan filmlər də sonradan böyük qazanc gətirərdi. 

Siçanlar kralı

65 illik yubileyindən iki həftə sonra Uolt Disney ağciyər xərçəngi xəstəliyindən vəfat etdi. «Mən pis əhvalın nə olduğunu bilmirəm. Mən çox xoşbəxt adamam» deyirdi. Hər dəfə Amerikada prezident seçkiləri olanda seçki qutularından bütün namizədlərin adı silinib Mikki–Mausun adı yazılmış minlərlə vərəqə çıxır. Deməli, hər dəfə seçicilərin 1 faizi ona səs verir. Reyqanın prezident, Şvartsneggerin qubernator seçilməsindən xeyli əvvəl Disneyə Los-Anjelesin meri olmaq təklif edilir. O isə «Nəyə görə? Mən artıq kralam» deyir.


ŞƏRH YAZIN